Səhnə arxasında qalanlar
   
   “Səhnə arxasında qalanlar” rubrikasından növbəti material hazırlamaq üçün bu dəfə yolumuzu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tikiş sexindən saldıq. Tikiş sexində məni gülərüzlü, xoşsimalı üç xanım qarşıladı. Sexin rəisi İradə Mirişli ilə söhbətə başlamazdan əvvəl asılqanlardan asılmış gözəl, al-əlvan geyimlər diqqətimi cəlb etdi.
   
   Onların sırasında milli üslubda olanları daha çox nəzərə çarpırdı. Bu geyimlərin hansı tamaşalar və aktyorlar üçün tikildiyi ilə maraqlandım. İradə xanım böyük həvəslə sexdəki iş prosesi və sənətə gəlişi haqqında danışmağa başladı:
   - 35 ildir ki, dərzi kimi fəaliyyət göstərirəm. Uşaqlıqdan bu sənətə böyük marağım olub. Məktəb vaxtı dərslərimi yaxşı oxumuşam, valideynlərim də istəyirdilər ki, ali təhsil alım. Amma bu sənətə marağım o qədər güclü idi ki, düşünürdüm, ali təhsil alsam məni bu işlə məşğul olmağa qoymazlar. Hələ məktəb yaşlarımdan məni balaca dərzi kimi televiziya və radioya uşaq verilişlərinə dəvət edirdilər. O vaxtlar tikiş dərnəyinə gedirdim, bundan əlavə, əmək təlimi dərslərində sərgilər keçirilən zaman əl işlərim nümayiş olunurdu. Demək olar ki, 15 yaşımdan bu sahə üzrə sərbəst işləməyə başlamışam. 20 ildir teatrda dərzi kimi çalışıram. Bir müddət Ukraynada yaşadıqdan sonra 1992-ci ildə Bakıya qayıtdım və həmin ildən teatrdayam. Bu sehrli aləm elə ilk gündən məni özünə valeh etdi. Bu günə kimi yüzlərlə tamaşaya geyim hazırlamışam. İş yoldaşlarım da uzun illərdir bu sahədə çalışırlar. Bəhmən Rzayev 40 ildir dərziliklə məşğuldur, 4 ildir ki, bizimlədir, Tamilla Əliyeva 22, Esmira Mirzəyeva isə 21 ildir ki, bu teatrda işləyir. Lətifə Ağahüseynova təzə gələn kadrlarımızdandır.
   Teatra gələndə çoxları mənə deyirdi ki, buranın işi çox çətindir. Amma buna əmin idim ki, sənəti sevirsənsə, onun çətinliyi səni qorxutmamalıdır. Məndən əvvəl burada çalışan sex rəisimizlə işləyirdim və onun məsləhətləri ilə teatr dərziliyinin incəliklərinə yiyələndim. Həmin vaxta qədər milli geyimlər hazırlamamışdım. Kitablarda, filmlərdə bu geyimləri görsək də, bilavasitə bu işlə məşğul olmamışdım. Sonradan eskizlərlə işləyərək bu geyimləri də tikməyə başladım. Bu gün mürəkkəb tamaşa geyimini belə gözümü qırpmadan işləyirəm. Digər teatrlara da dəvətlər alıram, eyni zamanda kino sahəsində də işlərim olur. Şuşa Teatrı bizim binadan köçənə kimi onların bütün geyimlərini özüm işləmişəm. Bəzən teatrlar özləri məni axtarıb tapırlar. Mən də məmnuniyyətlə öz köməyimi əsirgəmirəm. Son işim “Sübhün səfiri” filminin geyimləri olub.
   Bu gün seximizdə öz işinin öhdəsindən layiqincə gələn əməkdaşlarımız çalışırlar. Premyeralar zamanı tamaşanın kostyumları barədə deyilən hər xoş söz bizi sevindirir. Ötən il əvvəl teatrımızda “Viktoriya” tamaşası hazırlandı. Moskvadan dəvət almış rejissor bizim kostyumların şəkillərini çəkib özü ilə apardı. Bizim işlərimiz hər obraza və hər aktyora uyğun ölçülür, bəzən aktyorlar bu geyimlər üzərində müəyyən dəyişiklik etmək istəyirlər. Bu zaman, əlbəttə ki, eskizdən kənara çıxmaq mümkün deyil. Elə buna görə də rejissor və rəssama müraciət edib kostyum üzərində yenidən işləyirik.
   Bu günə kimi hazırladığımız geyimlər arasında milli üslubda olanları daha çox sevirəm. Xalq artisti, rəqqasə Təranə Muradova üçün bir neçə rəqs paltarı hazırlamışam. Bəzən olub ki, 30 rəqs kostyumunu ölçüsüz tikmişəm və tam uyğun gəlib. Geyimlər üçün parçaları teatrın direktoru və rəssamla birlikdə gedib seçirik. Köhnə geyimlərimizdən, demək olar ki, istifadə etmirik. Bu gün tamaşaçı daha müasirdir və baxışları da fərqlidir. Buna görə də hər tamaşaya uyğun gözəl geyimlər hazırlayırıq ki, tamaşaçıların zövqünü oxşaya bilək.
   Valideynlərimin istəklərini yerinə yetirməyib dərziliyi seçdiyimə görə heç vaxt peşmançılıq hissi keçirməmişəm. Tanrıdan istəyim budur ki, mənə ömür versin, arzuladığım geyimləri də hazırlaya bilim. Hərdən istəyirəm yenidən gənclik illərimə qayıdım və o dövrdə yarada bilmədiklərimi yenidən işləyim.
   
   Lalə Azəri 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar