Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Dünya xalqlarının böyük tarixə malik zəngin, rəngarəng kitab mədəniyyəti xəzinəsində Azərbaycanın kitab sərvəti özünəməxsus yer tutur.
   
   Bu bir həqiqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabxananın necə mühüm rol oynadığını hamımız yaxşı bilirik.
   Son dövrlərdə dünya miqyasında yaşanan bir problem mütaliəyə marağın azalmasıdır. Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi kitab, kitabxana və mütaliə anlayışlarına yeni bir yanaşmanı zəruri etsə də, kitabın əhəmiyyəti heç də azalmayıb. Gənc oxucuların sayı get-gedə artmaqdadır. Bu gün Azərbaycan məktəbli və tələbələrinin oxuduğu ədəbiyyatın çox hissəsi tədris proqramları ilə bağlıdır. Kitabxana xidmətini daha da yaxşılaşdırmaq, kitaba, mütaliəyə marağı artırmaq, gənc nəslin dünyagörüşünün formalaşmasında iştirak etmək kitabxanaçıların əsas vəzifələrindən biri olaraq qalmaqdadır.
   Kitabxana fondlarının zənginliyi oxucuların mütaliəsinə təsir göstərən mühüm amillərdəndir. Fondun zənginliyi gənc oxucuların tələbatı, sorğusu ilə müəyyənləşir. Kitabxanaya müraciət edən hər bir oxucunun lazımi ədəbiyyatla təmin olunmasında xidmət işinin tənzimlənməsi və idarə edilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir.
   Ölkədə fəaliyyət göstərən 12 mindən artıq kitabxananın kitab fondlarının zənginləşməsində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamın xüsusi əhəmiyyəti vardır. Sərəncama əsasən 450 adda kitab hər biri 25 min nüsxə tirajla və ümumilikdə 10 milyon nüsxədən artıq olmaqla, çap edilərək ölkə başçısının hədiyyəsi kimi təmənnasız olaraq kitabxanalara göndərilmişdir. Bu kitablar, eləcə də Prezidentin sonrakı sərəncamları ilə nəşri başlanılan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun formalaşmasına mühüm töhfədir.
   2008-2013-cü illərdə Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafına dair Dövlət Proqramı kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli şəkildə həllinə yönəldilmişdir. Dövlət Proqramının icrası ilə əlaqədar kitabxana şəbəkəsinin informasiyalaşdırılması, elektron kataloq və elektron kitabxanaların, veb-saytların yaradılması istiqamətində səmərəli işlər görülmüşdür.
   Müasir kitabxanalarda elektron resursların yaradılmasına böyük tələbat var. İstifadəçi əsasən öz maraq dairəsinə uyğun müxtəlif elm sahələrinə dair nəşrlər və elektron resurslarla işləməyə üstünlük verir. Ona görə də müxtəlif sahələr üzrə mükəmməl, zəngin elektron resursların yaradılması, onların yeni məlumatlarla zənginləşdirilməsi zəruridir. Təbii ki, belə bir işi müxtəlif elm sahələri üzrə populyar hesab edilən dövri və elektron nəşrlərə abunə olmadan etmək mümkün deyildir. Bu işdə əsas rol təcrübəli, səriştəli mütəxəssislər-kitabxanaçı-biblioqraflara məxsusdur.
   Müasir dövrdə oxucularla iş aparmaq böyük məsuliyyət və qayğı tələb edir. Oxucuların sorğuları rəngarəngdir. Mütaliəyə marağın formalaşdırılması zaman və zəhmət tələb edən bir prosesdir. Oxucularla iş prosesində onların mütaliəsinə fərdi rəhbərlik kitabxanaların fəaliyyətinin əsas cəhətlərindən biridir. Bu iş onlarda mütaliə mədəniyyətinin tərbiyə edilməsi ilə əlaqədardır. Bu məqsədlə kitabxana işçiləri mütaliə prosesini istiqamətləndirir, gənclərə mütaliəyə yaradıcı və fəal münasibət hisləri aşılamağa çalışırlar.
   Böyüməkdə olan nəslin mütaliəyə marağının artırılmasında kütləvi tədbirlərin mühüm rolu vardır. Müxtəlif tədbirlər gənc oxucuların kitaba və kitabxanalara cəlb olunmasında ən yaxşı vasitədir.
   Son illər respublikamızda artıq bir ənənəyə çevrilən kitab sərgilərinin, kitab bayramlarının keçirilməsi, yazıçı və şairlərin, mədəniyyət xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirlərin respublikamızda gerçəkləşməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
   2009-cu ildə “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” layihəsi çərçivəsində gerçəkləşən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası yaddaqalan hadisə oldu. Sərgi-yarmarkada iştirak etmək üçün şəhərimizə dünyanın 20-dən çox ölkəsindən qonaqlar gəlmişdi. Tədbirə ölkəmizdə çap işi ilə məşğul olan 60-dək qurumun nümayəndəsi qatılmışdı. İl ərzində müxtəlif beynəlxalq kitab sərgilərinin iştirakçısı olan Azərbaycan ilk dəfə belə böyük kitab bayramına ev sahibliyi edirdi. Sərgi göstərdi ki, Azərbaycanda dünya standartlarına uyğun kitablar çap olunur. Bizim naşirlərin, xüsusilə “Nağıl evi”, “E.L.”, “Şərq-Qərb”. “Çinar-çap”, “Təhsil”, “Altun kitab”, “Beşik” və digər nəşriyyatların məhsulları heç də inkişaf etmiş ölkələrin nəşrlərindən geri qalmır. Heydər Əliyev Fondunun nümayiş etdirdiyi çap məhsulları isə bütün tamaşaçıları və oxucuları, sözün yaxşı mənasında, heyrətləndirdi. Xüsusən, muğam və Qarabağ gerçəkləri ilə bağlı nümayiş olunan çap məhsulları həm poliqrafik, həm də dizayn, məzmun etibarı ilə yüksək səviyyədə idi. İlk beynəlxalq sərginin uğurla keçməsi göstərdi ki, bizim dünya naşirlərinə ürəklə nümayiş etdirmək üçün çap məhsullarımız var. Eyni zamanda, bu tədbir naşirlərimizə fəal olmağa, kitabın çapı və təbliği işinə daha məsuliyyətlə yanaşmağa sövq etdi.
   2011-ci ildə Azərbaycanda daha bir genişmiqyaslı beynəlxalq tədbir reallaşdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan kitabının beynəlxalq aləmdə təbliği və tanıdılmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə nəşriyyat və poliqrafiya sahəsinin uğurlu inkişafının göstəricisinə çevrildi. Sərgi-yarmarkada 100-dən çox yerli, 20-dən çox xarici çap-poliqrafiya müəssisəsi və kitabxana iştirak etdi. Oxucular sərgi-yarmarkada respublikamızda və digər ölkələrdə kitab nəşri sahəsində baş verən yeniliklərlə tanış olmaq, dəyərli kitabları əldə etməklə yanaşı, müxtəlif təqdimatların, “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda konfransın, yaşlı və gənc nəsildən olan müəlliflərlə görüşlərin və imza mərasimlərinin iştirakçısı oldular.
   Müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtın 11 rayonunda təşkil edilən “20 il müstəqillik yollarında” adlı kitab sərgiləri də müvəffəqiyyətlə həyata keçirildi.
   Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi ümumrespublika kitab bayramı çərçivəsində Mədəniyyət və Turizm İdarəsinin reallaşdırdığı “Kitabla dünyanı fəth et!”, “Kitabla dost ol, ən fəal oxucu ol!” adlı mərasimlərin, uşaqlar arasında təşkil edilən müsabiqələrin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
   Bu tədbirlərə Bakı şəhər mərkəzləşdirilmiş kitabxana sistemləri, muzeylər, musiqi məktəbləri, nəşriyyatlar, kitab nəşri və satışı ilə məşğul olan müəssisələr qatılır. Yazıçı və şairlərin də həvəslə qatıldığı belə tədbirlərdə kitabsevərlər yaradıcı insanlarla görüşür, əsərlər haqda fikirlərini bildirirlər.
   Səbail rayon MKS-nin əməkdaşları da öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qururlar. MKS-də bayramlar və yubileylərlə bağlı maraqlı tədbirlər: görüşlər, kitab sərgiləri, ədəbi-bədii gecələr, oxucu konfransları, kitab təqdimatları təşkil olunur, mühazirələr, söhbətlər keçirilir, kitabxanaçıların hazırladıqları müxtəlif slaydlar nümayiş olunur. Yazıçılardan R.Əlizadənin, N.Rəsulzadənin, E.Elatlının, Ş.Nəzirlinin yeni kitablarının təqdimatları, yaradıcılıqlarını əks etdirən kitab sərgiləri və başqa tədbirlər bu qəbildəndir.
   Azərbaycan Prezidentinin imzaladığı sərəncamlara əsasən 2012-ci ildə türk dünyasının mütəfəkkir şairi N.Gəncəvinin 870 illiyi, milli mədəniyyətimizə böyük töhfələr vermiş ədəbiyyat xadimlərinin - M.F.Axundzadənin 200 və M.Ə.Sabirin 150 illik yubileyləri təntənə ilə qeyd olunur. Bu il mayın 31-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Kitab bayramı” M.Ə.Sabirin yubileyinə həsr olunmuşdu. Tədbirə mərkəzləşdirilmiş kitabxana sistemləri, muzeylər, həmçinin, nəşriyyatlar, kitab nəşri və satışı ilə məşğul olan bir çox müəssisələr qatılmışdı. “Kitab bayramı”nda Səbail MKS-nin əməkdaşları tərəfindən hazırlanan “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” sərgisi də maraqla qarşılandı. Sərgidə Sabirin müxtəlif illərdə nəşr olunmuş seçilmiş əsərləri, şair haqqında tədqiqatlar və “Molla Nəsrəddin” jurnalından illüstrasiyalar nümayiş olundu. MKS-nin 2 saylı filialının (M.Seyidzadə adına mərkəzi şəhər uşaq kitabxanası) kiçik yaşlı oxucularının ifasında teatrlaşdırılmış səhnəciklər, şeirlər təqdim olundu. “Kitab bayramı” böyük şairin xatirəsinə və onun sənətinə dəyər verən ədəbiyyatsevərlərə bir töhfə oldu.
   Bu tədbirlər kitabxanaların ictimaiyyətlə əlaqələrinin möhkəmlənməsində, gənc nəslin kitaba marağının artırılmasında, Azərbaycanda poliqrafiya, kitab nəşri işinə kömək göstərilməsində mühüm rol oynayır. Kitabxana işi sahəsində görülən işlər əsas məqsədə - mütaliəyə marağın artırılmasına və ölkəmizdə kitabxana işinin müasir tələblər səviyyəsinə qaldırılmasına xidmət edir. Kitabxana işçilərinin vəzifəsi isə dünya ədəbiyyatı nümunələrini gənc nəslə çatdırmaqla, müstəqil və yaradıcı düşünən vətəndaşların formalaşmasına fəal yardım etməkdən ibarətdir.
   
   Nüşabə Ələkbərova,
   Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar