Bu il yubileyləri qeyd olunan ədiblərimiz haqqında bir sıra kitablar “Təhsil” nəşriyyatında işıq üzü görüb

   2012-ci ildə xalqımızın bir neçə görkəmli mütəfəkkirinin, şair və yazıçısının yubileyləri dövlət səviyyəsində qeyd olunur. Bununla bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirilməkdədir. Yubileyləri qeyd olunan ədiblərin əsərlərinin, onlara həsr edilmiş kitabların nəşri də bu qəbildəndir. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə hazırlanan kitabların bir qismi “Təhsil” nəşriyyatında işıq üzü görüb.
   
   “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Bəhruz Axundovla söhbətimiz də bu barədə oldu. Həmsöhbətim yubileylərlə bağlı gözəl tərtibata, yüksək poliqrafik keyfiyyətlərə malik kitabların nəşr edildiyini bildirdi: «Nəşriyyat olaraq Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə çox sıx işbirliyimiz var. Nazirliyin layihələrinin gerçəkləşməsində yaxından iştirak edirik. Məsələn, böyük satirik şair Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ilə bağlı nazirliyin layihəsinə daxil olan kitabları biz nəşr etmişik. Ən gözəl nəşr məhsullarımızdan biri kimi Sabirin «Hophopnamə»sini qeyd edə bilərəm. Toplunu nəşr etmək mənim çoxdankı arzum idi. Həmişə düşünmüşəm ki, «Hophopnamə» bizim stolüstü kitabımız olmalıdır. Bu il həmçinin milli dramaturgiyamızın banisi, görkəmli ədib və mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi keçirilir və bu münasibətlə də kitablar “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyində hazırlanıb. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin dahi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı nəşr layihələrində də iştirak edirik”.
   Direktor bildirdi ki, “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyi bu il görkəmli şair-dramaturq Hüseyn Cavidin 130, istiqlal şairimiz Əhməd Cavadın 120 illik yubileyləri ilə də bağlı kitablar nəşr edib: “Xurşidbanu Natəvanın 180, Xəlil Rza Ulutürkün qarşıdan gələn 75 illik yubileyi ilə bağlı nəşr layihələrinin həyata keçirilməsində də iştirak edirik”.
   “Təhsil” nəşriyyatının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə həyata keçirdiyi layihələrdən biri də yeniləşən mədəniyyət məkanları ilə bağlı kitablardır. Bu sıraya Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Kukla Teatrı, Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Film Fondu və Gənc Tamaşaçılar Teatrı haqqında ətraflı məlumata və gözəl tərtibata malik nəşrlər daxildir.
   
   Azərbaycan kitabı dünyada

   
   Söhbət əsnasında müsahibim Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarına da toxundu: «Azərbaycanın dünyaya inteqrasiyası fonunda mədəniyyət sahəsi də sürətlə inkişaf edir ki, bunun da poliqrafiya və nəşriyyat sahəsinə böyük müsbət təsiri var: “2009-cu ildə «Bakı İslam Mədəniyyətinin Paytaxtı» ili çərçivəsində Azərbaycanda ilk dəfə kitab sərgi-satış yarmarkası keçirildi. 2011-ci ildə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ikinci sərgi-yarmarka daha möhtəşəm keçdi. Biz Azərbaycan kitabını yüksək səviyyədə təqdim etmək fürsəti qazandıq. Bu həm də əcnəbi qonaqlar üçün mədəniyyətimiz, ədəbiyyatımız haqqında daha çox məlumat əldə etmək imkanı demək idi. Tədbirə gələn qonaqlar Azərbaycanın bütün sahələrdə gördüyü işlərin, inkişafın şahidi oldular ki, bu da ölkəmizin dünyada tanınması üçün bir meyardır».
   Müasir dövrdə kitab həm də hər bir xalqı beynəlxalq arenada təbliğ edən bir vasitədir. Sevindirici haldır ki, bu gün həm dünyada tanınan müəlliflərimiz, həm də kitablarımızı beynəlxalq arenaya çıxara bilən nəşriyyatlarımız var. Bəhruz Axundovun sözlərinə görə, artıq Azərbaycan naşirləri dünyada öz sözlərini deməyə başlayıblar: «Bizim yaxşı nəşriyyatlarımız, yüksək texniki imkanlara malik mətbəələrimiz var. Bir vaxtlar kimlərsə kitablarını çap etmək üçün xarici ölkələrə üz tuturdular. Amma artıq Azərbaycanda öz iş keyfiyyətinə görə Avropa və dünya ölkələrindən geridə qalmayan nəşriyyatlar mövcuddur. Kitablarımız müxtəlif beynəlxalq sərgilərdə uğurla nümayiş olunur».
   “Təhsil” nəşriyyatı da bir neçə mükafata layiq görülüb. Məsələn, ötən il Madriddə Beynəlxalq “Ticarət Liderləri Klubu” tərəfindən keçirilmiş müsabiqədə nəşriyyat “Keyfiyyətə görə” qızıl medal, xüsusi mükafat və döş nişanı ilə təltif olunub. Bu il Almaniyada Beynəlxalq Menecment Assosiasiya Klubunun «Texnologiya, informasiya və keyfiyyət üzrə Yeni Era» beynəlxalq mükafatı və diplomuna layiq görülən nəşriyyat həmçinin Fransanın paytaxtı Parisdə Avropanın 75 ölkəsi arasında keçirilən müsabiqənin qalibi olub.
   Həmsöhbətimin sözlərinə görə, bütün bu uğurların əsasında dövlətin kitab nəşri sahəsinə diqqət və qayğısı dayanır: “Ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun və eləcə də Mədəniyyət və Turizm Nazirliyinin kitab, nəşriyyat sahəsinə göstərdiyi diqqət bizi fərəhləndirir. Biz də bunun müqabilində daha səylə çalışırıq. Artıq köksümüzü dolduran qədər danışa biləcəyimiz mövzularımız var. Rusiya kimi ölkənin Elmlər Akademiyasının 20 nəşriyyatı, 40-a yaxın mətbəəsi olsa da, bizimlə işbirliyi qurmağa çalışırlar. Belarus milli ensiklopediyasını bizim nəşriyyatda çap etdirmək istəyir. Ən böyük kitab müsabiqələrində kitablarımız mükafatlara layiq görülür. Bu, böyük zəhmətin nəticəsidir».
   
   Yeni dərs vəsaitləri şagirdlərə yaradıcı düşünməyi öyrədir
   
   “Təhsil” nəşriyyatının dərsliklər və tədris vəsaitlərinin hazırlanması və nəşri sahəsində böyük təcrübəsi var. Bu sahədə də bir sıra yeniliklər var. Artıq bir neçə ildir ki, Azərbaycanda ibtidai sinif dərslikləri milli kurrikulum əsasında, yeni proqramla hazırlanır. Bu dərs ilindən 5-ci sinif dərslikləri də bu sıraya əlavə olunub.
   Bəhruz Axundovun sözlərinə görə, nəşriyyat 1-ci siniflər üçün “Həyat bilgisi”, “İngilis dili”, 5-ci siniflər üçün “Həyat bilgisi”, “Təsviri sənət”, “Musiqi” və s. dərsliklər hazırlayıb: “Milli kurrikulum artıq Azərbaycan dövləti tərəfindən təsdiq olunub. 4-5 il əvvəl bu proqramda dərslik hazırlamaq çox çətin idi. Çünki heç kim onu tam mənimsəməmişdi. Amma artıq ortada beş illik təcrübə var. Biz əvvəllər dərslikləri daha çox elmi dildə yazırdıq. Məsələn, ədəbiyyat kitabında Səməd Vurğunun tərcümeyi-halı, həyat və yaradıcılığı yazılır, sonra “Muğan” poemasının təhlili verilirdi. Amma kurrikulum belə bir metodun tətbiqini deyil, şagirdlərdən lirik və yaxud bədii əsərləri öyrənməyi, təhlil etməyi və yeri gələndə hansısa esse yazmağı tələb edir. Beləliklə, yeni sistemdə şagirdlərin elmi yükü azalır. Dərs vəsaitləri də öz növbəsində şagirdlərə daha çox yaradıcı düşünməyi öyrədir. Nəşriyyat tərəfindən 5-ci siniflər üçün çap edilən «Azərbaycan tarixi» kitabı da məzmunca yenidir. Belə ki, əvvəllər 5-ci siniflərə «Ata yurdu» kimi tədris edilən tarix kitabı bu ildən «Azərbaycan tarixi» adlandırılmaqla yanaşı, onun dili, üslubu, mövzuları da yeniləşib və asanlaşıb. Kitabda şagird «Tarixi niyə öyrənirsən», «Bunu öyrənmək niyə sənə vacibdir» kimi suallara cavab tapır. Dərslik məktəblilərə Azərbaycanın keçmişini, milli mədəniyyətini daha maraqlı, yaddaqalan şəkildə çatdırır.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar