İkinci Bakı Beynəlxalq Humanitar Forumuna sözardı
   
   
   Aslan Aslanov,
  
 AzərTAc-ın Baş direktoru
  
 
   Bu il oktyabrın 4-5-də Bakıda İkinci Beynəlxalq Humanitar Forum keçirildi. Gündəliyində humanitariyanın daha aktual mövzularının yer alması, həm formatı, həm də iştirakçılarının sayının çoxluğu bu forumu fərqləndirən əsas amillər oldu. Bu forum paytaxt Bakının humanitar statusuna da yenilik gətirdi.
   
   Keçənilki forumun iştirakçılarının “Humanitar Davos” dedikləri Bakını builki forumun qonaqları “Dünyanın humanitar paytaxtı” adlandırdılar. Beynəlxalq aləmdə Bakı Forumuna marağın coğrafiyası və dinamikası da artıb. Bu dəfə Bakıya dünyanın 70 ölkəsini təmsil edən 700-dən çox nümayəndə - görkəmli siyasətçilər, ictimai xadimlər, alimlər, o cümlədən 11 Nobel mükafatı laureatı və 10 sabiq dövlət başçısı gəlmişdi. Bu, yalnız bir fakta dəlalət edir: Bakı Beynəlxalq Humanitar Forumu dünya ictimaiyyətinin diqqətini getdikcə daha çox cəlb edir və dünyanın qlobal problemlərinin müzakirə edilməsi, planetar miqyaslı humanitar gündəliyin işlənib hazırlanması üçün çox nüfuzlu məkana çevrilir.
   Dünyada tüğyan edən iqtisadi böhran fonunda Azərbaycan dövlətinin böyük uğurları beynəlxalq birliyin diqqətini bu gənc dövlətə yönəldib. İndi nüfuzlu siyasi xadimlərdən bu sözləri tez-tez eşidirik: cəmi iyirmi il bundan əvvəl özü iqtisadi və siyasi hərc-mərclik vəziyyətində olan, dünya dövlətləri ailəsində öz yerini tapmağa çalışan Azərbaycan artıq tam suveren siyasət yeridən müstəqil oyunçudur, dünyada ona hörmət edir, onunla hesablaşır, hətta məsləhətləşirlər. Bu gün Azərbaycan bazar iqtisadiyyatının arxitekturasında öz modelini yaradan, başqa ölkələrin iqtisadiyyatına sərmayə yatıran dövlətdir. Bu gün Azərbaycan beynəlxalq siyasətdə təcrübəsiz ölkə deyil, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarda çoxlu qərar və qətnamələrin təşəbbüskarıdır. Bu gün Azərbaycan beynəlxalq müstəvidə sıravi debütant deyil, dünya səviyyəli tədbirlərə ev sahibliyi edən ölkədir. “Eurovision” mahnı müsabiqəsi, Beynəlxalq Humanitar Forum, 17 yaşa qədər qadınlar arasında futbol üzrə dünya çempionatı, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı, gələcək şahmat olimpiadası və s.
   Gənc dövlətimizin müstəqil mövcudluğunun əvvəllərində skeptiklərin bədbin proqnozlarına, düşmən qüvvələrin fəal müqavimətinə rəğmən Azərbaycan bütün çətinlikləri dəf etdi, yeni cəmiyyət quruculuğuna transformasiya prosesindəki uğurları ilə beynəlxalq arenada etibarlı aktora çevrildi. Ona görə də iki il bundan əvvəl Azərbaycan və Rusiya prezidentlərinin himayədarlığı ilə yeni nüfuzlu beynəlxalq tədbirin - Bakı Humanitar Forumunun burada keçirilməsi elan ediləndə tanınmış şəxsiyyətlərin çoxu həmin forumda iştirak etmək arzusunda olduqlarını bildirdi. Foruma dəvət edilmiş dünya şöhrətli insanlar isə bu tədbirdə iştirak edib-etməyəcəklərini uzun-uzadı götür-qoy etmədilər. Bu, dövlətimizin sürətli inkişafının, dünyada onun nüfuzunun artmasının və ona böyük hörmətin nəticəsi idi. Bakıda keçirilən növbəti humanitar forumda çoxlu sayda məşhur insanın, o cümlədən keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, məşhur alimlərin və mədəniyyət xadimlərinin, Nobel mükafatı və digər nüfuzlu mükafatların laureatlarının, aparıcı KİV rəhbərlərinin iştirak etməsi faktı forumun gündəliyinin, eləcə də iştirakçıların təqdim etdiyi, ətraflı müzakirəyə ehtiyacı olan məsələlərin aktuallığına dəlalət edirdi.
   Yaşadığımız dünyada müxtəlif mədəniyyətlər arasında münasibətlərin tamamilə yeni formaları yaranır. Bəşəriyyətin dəyərlər sistemində struktur dəyişiklikləri baş verir. Sivilizasiyalar arasında dialoqun yeni mexanizmi formalaşır. Bu proseslər qloballaşmaqda olan dünya nizamının humanitar əsasını təşkil edir. Ümumbəşəri miqyaslı dəyərlərin təkamülü şəraitində elə yeni humanitar platforma yaranması zərurəti qarşıya çıxır ki, bu platforma üzərində sivilizasiyalar təmas nöqtələri tapsınlar, tamdəyərli, səmərəli dialoqa və qarşılıqlı anlaşmaya mane olan fərqləri aradan qaldırsınlar. Azərbaycan bu dəyişikliklərin diktə etdiyi mədəniyyətlərarası mübadiləyə ehtiyac olmasını vaxtında hiss edərək humanitar əməkdaşlığın yeni gündəliyinin işlənib hazırlanması təşəbbüsü ilə çıxış etdi.
   Bu baxımdan İkinci Bakı Beynəlxalq Humanitar Forumu xüsusi əhəmiyyət kəsb etmiş və himayədarlar tərəfindən bu foruma həvalə edilmiş missiyanı - XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara cavablar axtarışı ilə məşğul olmaq, qarşıdakı onilliklər üçün strategiyanı müəyyən etmək vəzifəsinin öhdəsindən çox uğurla gəldi.
   Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış mərasimində proqram məzmunlu nitqi diskussiyalara istiqamət və fon verdi. Dövlətimizin başçısı son illərdə Qərbin çox etinasızlıqla üz döndərdiyi multikulturalizmin əhəmiyyətini vurğulayaraq demişdir: “Multikulturalizmlə bağlı son illər ərzində dünyada müxtəlif fikirlər vardır. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıbdır, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun bu günü və gələcəyi vardır. Hamımız çalışmalıyıq ki, multikulturalizm meyillərini gücləndirmək üçün öz səylərimizi qoyaq”. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, multikulturalizmin alternativi yoxdur. Prezident demişdir: “Multikulturalizm gələcək inkişaf üçün ən məqbul variantdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir. XXI əsrdə qloballaşan dünyada hesab etmirəm ki, hər hansı bir dövlət öz gələcəyini özünütəcrid prinsipləri əsasında qurmağa cəhd etsin”. Dövlətimizin başçısının bu fikirlərinin ünvanlandığı auditoriyanı nəzərə alsaq deyə bilərik ki, bu sözlər əsrimizin humanitar manifesti kimi qəbul edilə bilər. Çünki multikulturalizm ideyası sayəsində bəşəriyyət anlamalıdır ki, biz hamımız vahid dünyada yaşayırıq və vahid bəşəriyyəti təmsil edirik. Dünyanın müxtəlifliyini dərk etmək və bərabərlik mədəniyyəti formalaşdırmaq lazımdır, çünki bu mədəniyyət sivil birgəyaşayışın əsasıdır. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun haqlı olaraq qeyd etdiyi kimi, “biz özümüzün müxtəlif və bu müxtəlifliklərdə yekdil olmağımızı bəyan edən ümumi humanist prinsiplərə qayıtmağa borcluyuq”.
   Prezident İlham Əliyev nitqində müasir dövrün ən mühüm humanitar problemləri sırasında cəmiyyətlərdə təhsilin səviyyəsini vurğulamışdır. Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir. Bu gün və xüsusən gələcəkdə intellektual potensialın istənilən ölkənin inkişafını müəyyən edəcəyini bildirən dövlətimizin başçısı belə bir məqama diqqəti cəlb etdi ki, təhsilin yüksək səviyyədə olduğu ölkələr mənfi proseslərlə az-az üzləşir və həmin ölkələrdə belə hallara qarşı mübarizə sivil şəkildə aparılır, problemlər müharibələrə, münaqişələrə və qan tökülməsinə gətirib çıxarmır. Azərbaycan dövlətinin başçısı milli-mədəni dəyərlərin qorunub saxlanmasının vacibliyi, onların ümumbəşəri dəyərlərə, başqa xalqların mədəniyyətinə, tarixinə və dininə hörmətin əsası olduğunu vurğulayaraq demişdir: “Başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır”. Bu sözlər bəşəriyyətin inkişafının indiki mərhələsində milli ideologiyanı özlərinin müstəsnalığı və üstünlüyü postulatları üzərində qurmağa çalışanlara ciddi xəbərdarlıqdır. Nəticə etibarilə bu cür yanaşma tamamilə səmərəsizdir və özünütəcridə gətirib çıxarır.
   İkinci forumun əlamətdar xüsusiyyəti ondan ibarət idi ki, bu platformanın adına baxmayaraq, o, sırf humanitar müzakirələr çərçivəsindən çıxaraq bəşəriyyəti narahat edən problemlərin bütün spektrinin nəzərdən keçirildiyi bir məkana çevrildi. Bu baxımdan siyasətçilərin məsuliyyəti mövzusu xüsusi diqqətə layiqdir. Azərbaycan Prezidentinin nitqində də, plenar və “dəyirmi masa” iclaslarında da bu məsələyə toxunuldu. “Dünyada gedən ağrılı, yəni, narahatlıq doğuran proseslərin təməlində siyasətçilərin məsuliyyətsizliyi dayanır”, - deyən Azərbaycan dövlətinin başçısı vurğuladı ki, bu məsuliyyətsizlik müxtəlif formalarda özünü büruzə verir. Bəzi siyasətçilərin təxribat xarakterli bəyanatları o qədər də yüksək savadı olmayan insanları hansısa aqressiv hərəkətlərə sövq edir, onların qeyri-real vədləri, populist çıxışları isə cəmiyyətlərdə haqlı narazılıqlara səbəb olur. Siyasi kateqoriyaya aid olan “siyasətçilərin məsuliyyəti” anlayışı, şübhəsiz, həm də humanitar məna kəsb edir. Hələ Platon deyirdi ki, hökmdarlar əsl filosoflar olmayınca, bəşəriyyət şərdən yaxa qurtara bilməyəcəkdir. Müasir dövrdə, internet əsrində dünyanın bir nöqtəsində deyilmiş hər hansı ehtiyatsız, məsuliyyətsiz söz və ya bu cür hərəkətlər tamamilə başqa nöqtədə rezonansa və əks-təsirə səbəb ola bilər.
   Təsadüfi deyil ki, bir qədər bundan əvvəl öz ölkələrində və regionlarında siyasətin vektorunu müəyyən edən və fikirləri ilə dünyada çoxlarının hələ də hesablaşdığı 10 sabiq dövlət başçısının iştirakı ilə keçirilən forumun plenar iclasında siyasətçilərin məsuliyyəti məsələləri qızğın diskussiyalara səbəb olan mövzulardan biri idi. Litvanın sabiq Prezidenti Valdas Adamkusun vurğuladığı kimi, siyasətçilər yeni humanitar aspektlərin məsuliyyətini öz üzərinə götürməli, bu məsələləri təhsilin, elmin, mədəniyyətin, kütləvi informasiya vasitələrinin köməyi ilə cəmiyyətin həyatına uyğunlaşdırmalıdırlar. O demişdir: “Biz zamanın üzərimizə qoyduğu məsuliyyətə etinasız yanaşa bilmərik”. Tamamilə aşkardır ki, müasir dünyada, xüsusən maliyyə-iqtisadi böhran nəticəsində lokal və qlobal münaqişələrin dərinləşdiyi bir dövrdə humanitariyanın yeni ideyalarının inkişaf etdirilməsi həyati zərurətə çevrilir. Bakı Beynəlxalq Humanitar Forumu bu aktual məsələnin öhdəsindən çox uğurla gəlir.
   Dəyişməkdə olan beynəlxalq şəraitdə əməkdaşlığa və qarşılıqlı anlaşmaya rəvac verən müasir proseslər dünyanın müxtəlif regionlarında geniş miqyas alan qarşıdurma meyilləri ilə yanaşı, universitetlərin, elmlər akademiyalarının və müvafiq fondların elmi fəallığının episentrinə keçir. Bu halda elmin sürətli inkişafı yeni fənlərarası elmi paradiqmanın formalaşmasına gətirib çıxarır və bu proseslərin təhsildə öz əksini tapmasını zərurətə çevirir, yeni nəsillərdə dünyanın vahid, bütöv mənzərəsinin formalaşmasını tələb edir. Beləliklə, Bakı Forumunun bir məqsədi də onun iştirakçıları tərəfindən bu yeni proseslərin ilkin mərhələdə öyrənilməsinə yekun vurmaq idi.
   Bu il növbəti forum çərçivəsində təşkil edilmiş tematik “dəyirmi masa”larda müxtəlif problemlər üzrə diskussiyalar aparıldı: “İqtisadi inkişafın humanitar aspektləri”, “Konvergensiya edən texnologiyalar və gələcəyin konturları”, “Müasir kütləvi informasiya vasitələri və yeni çağırışlar”, “Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi”, “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, “Müasir səhiyyəyə baxışları dəyişən texnologiyalar və molekulyar biologiya”, “Multikulturalizm və mədəni özünüdərk”. Müzakirələrin gedişində fəlsəfi və humanitar mövzulara toxunuldu, inkişafın müasir mərhələsində bəşəriyyətin üzləşdiyi suallar cavablandırıldı.
   Keçən il olduğu kimi, bu dəfə də AzərTAc və İTAR-TASS agentlikləri forumun informasiya dəstəyini və kütləvi informasiya vasitələrində onun işıqlandırılmasını uğurla təmin etdilər. Bu iki məşhur agentlik “Müasir KİV-lər və yeni çağırışlar” mövzusunda “dəyirmi masa” keçirdi. Həmin “dəyirmi masa” çərçivəsində qloballaşma dövründə dünya siyasəti və sosial şəbəkələr, yeni minillikdə jurnalistikanın humanitar aspektləri, habelə sivilizasiyaların dialoqunda müasir KİV-lərin rolu məsələləri təhlil edildi.
   Forumda toplaşmış ekspertlər müasir cəmiyyətin transformasiyasında sosial şəbəkələrin rolunun artmasını və onun dünya miqyasında siyasi proseslərə təsirini etiraf etdilər. Alimlər razılaşdılar ki, hamı üçün əlyetərli sosial media tərəfindən sıxışdırılan ənənəvi media bir qayda olaraq, “rafinə edilmiş” informasiyanın geniş əhali təbəqələrinə çatdırılması məsələsində öz inhisarçı rolunu artıq itirməkdədir. Doğrudan da, müasir cəmiyyət artıq informasiyanın sırf passiv istehlakçısı deyildir və texnoloji innovasiyalar əsrində o, özü sosial şəbəkələr vasitəsilə informasiyanın istehsalçısına və yayıcısına çevrilir.
   Forumda çıxış edən alimlər belə bir fikir söylədilər ki, insanların məhdud qrupu tərəfindən nəzarət edilən ənənəvi KİV-lərin köməyi ilə ictimai rəyin formalaşması və onun gözəgörünməz şəkildə idarə edilməsi cəmiyyətin özünün siyasətə və siyasi strukturların mövqeyinin formalaşmasına təsirinin artması ilə əvəz olunur. Diskussiyaların gedişində Qərb modelli liberal-demokratik şəbəkələrin səfərbəredici potensialı xüsusi qeyd edildi.
   AzərTAc və İTAR-TASS tərəfindən təşkil edilmiş “dəyirmi masa”nın daha bir nəticəsi insanın mövcudluğu və salamatlığı ilə əlaqədar bütün bəşəriyyətin üzləşdiyi qlobal humanitar problemlərin aktuallaşması şəraitində müasir jurnalistikanın rolunun etiraf edilməsi oldu. İnsan həyatının, onun siyasi və qeyri-siyasi xarakterli əsas hüquqlarının qorunub saxlanması və yaxşılaşdırılması kimi geniş sahələrdə jurnalistikanın sosial məsuliyyətinin dərəcəsi barədə fikirlər söylənildi. Mədəniyyətlərarası kommunikasiyanın davamlı platforması və kanalı kimi müasir medianın xüsusi rolu dərk edildi. Yeni minillikdə dinlərarası və etnoslararası tolerantlıq, müxtəlif xalqlar, irqlər, mədəniyyətlər və sosial qruplar arasında qarşılıqlı anlaşma mövzusunun daha da aktuallaşdığı bir vaxtda məhz jurnalistika insanların daha yaxşı öyrənilməsi, onların bir-birini tanıması, aralarında yaxınlaşma və anlaşma yaranması, dözümlülüyün möhkəmlənməsi məsələlərində aparıcı rol oynayır. Bu məsələlər forum iştirakçılarının məruzələrində və müzakirələrdə öz əksini tapdı.
   Forumun ümumi nəticələrinə gəldikdə isə deməliyik ki, beynəlxalq tədbirin iştirakçıları qloballaşma şəraitində multikulturalizm konsepsiyasına yeni həyat verilməsinin zəruriliyini və müasir cəmiyyətdə onun rolunun artmasını vurğuladılar. Dövlət siyasətinin tərkib hissəsi kimi multikulturalizmin imkanlarından istifadənin vacibliyini və onun həm müxtəlif mədəniyyətlərin inkişafı, həm də bütün bəşəriyyətin əldə etdiyi mədəni nailiyyətlərin qorunması və zənginləşməsində əhəmiyyəti qeyd olundu. Forum iştirakçıları multikulturalizm problemlərinin fəlsəfi və etik aspektlərinin bundan sonra tədqiqinin ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısını almaq üçün kütləvi informasiya vasitələrində lazımınca işıqlandırılmasının vacibliyinə xüsusi diqqət yetirdi, dünya ictimaiyyətini, siyasətçiləri və alimləri beynəlxalq aləmdə multikulturalizm problemlərinin tədqiqi üzrə xüsusi mərkəzin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü hamılıqla müdafiə etməyə çağırdılar. Forumda nano-, bio-, info- və koqnitiv texnologiyaların inkişafına və onlardan tətbiqi elmlərdə lazımınca istifadə edilməsi məsələsinə xüsusi diqqət yetirildi.
   Forumda beynəlxalq qurumlara və müxtəlif humanitar təşkilatlara müraciətlə dövlətlər, vətəndaş cəmiyyətləri və konfessiyalar arasında tolerantlıq mühiti yaratmağa və sivilizasiyalararası münaqişələrin qarşısını almağa xidmət edən əsl mədəniyyətlərarası dialoqun gerçəkləşdirilməsi məqsədilə forumlar, konfranslar, müzakirələr və “dəyirmi masa”ların təşkilinə davamlı olaraq təşəbbüs göstərməyə çağırışlar səsləndi. Forumda qaldırılmış məsələlərin mütəmadi müzakirə edilməsinin zəruriliyinə əminlik beynəlxalq humanitar əməkdaşlığı təşviq etmək və bu istiqamətdə səylərin səmərəli əlaqələndirilməsi məqsədlərindən irəli gəlir.
   Bakı Beynəlxalq Humanitar Forumunun nadir sayılan daha bir xüsusiyyətini qeyd etmək istərdim. Bu xüsusiyyət ondan ibarətdir ki, bəşəriyyətin üzləşdiyi aktual iqtisadi, sosial, ekoloji və texnoloji problemlərin humanitar cəhətlərini müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan, lakin bir məqsədlə - dünyamızı daha yaxşı, daha mükəmməl etmək naminə birləşmiş insanlar müzakirə edirdi. Bu da onu göstərir ki, zəruri hallarda dinc və təhlükəsiz gələcək naminə qüvvə və imkanları birləşdirmək olar. Bu mənada forum Şərq ilə Qərbin dialoqu, Bakı isə bəşəriyyətin gələcəyi barədə diskussiyalar mərkəzinə çevrilir və tədricən dünyanın humanitar paytaxtı statusu qazanır.
   Forumun kuluarlarında dəfələrlə belə bir fikir səsləndi ki, bu nüfuzlu beynəlxalq tədbir artıq dünyanın təkcə mədəni-humanitar həyatında deyil, həm də siyasi həyatında əlamətdar hadisəyə çevrilir. Zənnimcə, forumda müzakirə edilən mövzuların aktuallığını və onlara ümumi marağı, habelə müasir mərhələdə siyasi və humanitar məsələlərin getdikcə daha çox çulğaşdığını nəzərə alsaq, bu fikir tamamilə təbiidir.
   İkinci Bakı Beynəlxalq Forumu haqqında qeydlərimi bu nüfuzlu tədbirin təşkilat komitəsinin sədri, Azərbaycan paytaxtının qloballaşan dünyada humanitariyanın yeni trendini müəyyənləşdirən məkana çevrilməsində çox böyük əməyi olan tanınmış dövlət xadimi, görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri ilə yekunlaşdırmaq istəyirəm: “Yeni dünya düzənində humanitar aspekt siyasətin ayrılmaz tərkib hissəsinə çevrilir, siyasət isə humanitar sahəyə təsir göstərir. Siyasəti ümumbəşəri maraq və dəyərlərin gerçəkləşməsinə doğru istiqamətləndirməklə onun humanistləşməsinə nail olmaq zəmanəmizin müasir çağırışlarından biridir. Bakı Beynəlxalq Humanitar Forumu da gələcəkdə bu qlobal məsələni həll etməlidir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar