Azərbaycan xalqı çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Mədəni irsimizin mühüm inkişaf yolu keçmiş sahələrindən biri dekorativ-tətbiqi sənətdir. Bu sənətin yaşadılmasında, günümüzə gəlib çıxmasında fədakar, peşəsinin vurğunu olan ustalar böyük əmək sərf ediblər. Onlardan biri də qədim tarixə malik bədii tikmə sənətimizin mahir ustası Arifə Məmmədova olub.
Qədim ipəkçi nəslinin tanınmış nümayəndəsi Arifə Məmmədova 1955-ci ildə Şəkidə doğulub. O, hələ orta məktəbdə oxuyarkən ipəkçilik üzrə toxuculuq peşəsinə yiyələnir. 1972-ci ildə məktəbi bitirdikdən sonra atasının yanında, Şəki İpək Kombinatında işləməyə başlayır. Lakin daxilindəki coşub-çağlayan yeniliklər həvəsini gerçəkləşdirməyin yolunun təhsildə olduğunu yaxşı başa düşürdü. O dövrdə respublikaya rəhbərlik edən böyük öndər Heydər Əliyevin istedadlı gənclərə diqqət və qayğısı, onların Sovet İttifaqının aparıcı ali məktəblərində təhsil alması üçün yaradılan şərait Arifənin də həyatında dönüş nöqtəsi olur.
Gənc qız Moskvaya oxumağa göndərilir. Bir il dil kurslarında oxuyub, rus dilini mükəmməl öyrənir, 1975-ci ildə Moskva Texnologiya Universitetinə daxil olur. Ancaq qız xeylağının uzaq şəhərə təhsil dalınca getməsi qohumları tərəfindən birmənalı qarşılanmır, yaxınlarının təkid və israrı ilə təhsili yarımçıq qoyaraq geri qayıtmalı olur. Amma Moskvadakı universitetdən yarımçıq ayrılsa da, təhsil almaq həvəsi onu tərk etmir.
Sənət aləminin əbədi sakini
Sonrakı illərdə Şəki İpək Kombinatında mühəndis-texnoloq işləyən Arifə Məmmədova yeni parça boyaqları, rəngləmə üsullarının təkmilləşdirilməsinə aid səmərələşdirici təkliflər verir. Bu sahəyə olan həvəsi onu parçaların eskizlərinin işlənməsi ilə də məşğul olmağa sövq edir. Şəhər rəhbərliyi onun fəaliyyətini yüksək qiymətləndirir, gənc ustanın iştirakı ilə müntəzəm ipək bayramları keçirilir. Hətta fədakar zəhmətinə görə ona partiyaya keçmək təklif olunsa da, uzun müddət ipəkçiliklə məşğul olan babası Kərim ağanın haqsız yerə sürgünə göndərilməsini unutmayan nəvə bu təklifi qəbul etmir.
Sənət təhsili almaq arzusu ilə o, 1982-ci ildə Şəki Şəhər Texniki Peşə Məktəbinə daxil olur. Burada tikmə və toxuculuğa aid nəzəri biliklər əldə edir. Müəllimlərdən çox şey öyrənsə də, bu biliklərin daha çox nəzəri səviyyədə olması onu qane etmir. Beləcə, özü axtarışlar aparmaq qərarına gəlir. Muzey-muzey, ev-ev gəzib tikmələrin sehrli dünyasından məlumatlar toplamağa çalışır.
İtməkdə olan bədii tikmə növləri onu daha çox cəlb edirdi. Tikmənin müxtəlif növlərində - təkəlduz, oturtma tikmə, sanama tikmə (xanduz), muncuq və piləklə tikmə, doldurma tikmə, şəbəkə tikmə, güləbətin tikməsi ilə maraqlı əl işləri yaradır. Kəlağayı üzərində batika üsulu ilə işləyir, gildən (keramika) müxtəlif fiqurlar, məişət əşyaları, mozaikalar düzəldir, qabların üzərində naxışlar salır və hətta yağlı boya ilə tablolar çəkirdi. Bu sənətin müxtəlif sahələrinə yiyələnsə də, tikmələr onu daha çox cəlb edirdi. Tikmə sənətini yaşatmaq üçün 1980-ci ildən işlədiyi Pionerlər evində dərnəklərə uşaq və yeniyetmələri cəlb edir, hətta öz vəsaitindən parça materialları alaraq uşaqlara dərs keçir. Sonrakı dövrlərdə də o, xalq tətbiqi sənəti ilə maraqlanan qız və qadınları ətrafına toplayaraq onlara bədii tikmələrin sirlərini öyrədir. Ən ucqar kəndlərə gedərək qız-gəlinlərdə qədim xalq sənətimizə maraq yaradır.
Unutmadığı tikmə pulqabı
1987-ci ildə Bakıda görkəmli xalçaçı-rəssam Lətif Kərimovun fərdi sərgisinə baxmağa gələn Arifə Məmmədova sənətkarla şəxsən görüşüb söhbət edir. Gördüyü işlərdən, məqsəd və planlarından danışır, Lətif müəllimin məsləhətlərini dinləyir. Geri qayıdandan sonra yeni bir həvəslə işə başlayır. 1988-ci ildə Şəkiyə qonaq gələn almaniyalı mütəxəssislər məktəbdə təşkil olunan sərgidə Arifə xanımın əl işləri ilə maraqla tanış olurlar. Onun tikmələrindən biri - pulqabı şəhər rəhbərliyinin təşəbbüsü ilə qonaqlara hədiyyə edilir. Sonralar çox ölkələrdə sərgilərdə iştirak edən Arifə xanım bu tikməsini heç vaxt unutmur. Daima yeniliklər axtarışında olaraq böyük həcmli əsl sənət əsərləri yaradır.
Müstəqillik dövründə Şəkidə sənətkarlığın inkişafı ona öz fəaliyyətini genişləndirməyə imkan verir.
1994-cü ildə UNESCO-nun Pakistanda keçirdiyi İslam ölkələrinin incəsənəti festivalında iştirak edən Arifə Məmmədova diplomla mükafatlandırılır. Bir sıra dövlət xadimlərinin portretlərini hazırlayaraq şəxsən onlara təqdim edir. Müxtəlif ölkələrə, beynəlxalq tədbirlərə dəvətlər alır, Azərbaycanı xalq tətbiqi və bədii tikmə sənətini uğurla təmsil edir.
Şəkidə turizmi daha da inkişaf etdirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə sənətkarların fəaliyyətinə xüsusi diqqət göstərilir. Artıq bu sənəti yaşadanlar arasında Arifə xanımın tələbələri də var. Onlar ustad sənətkarın yolunu davam etdirirlər.
“Gələcək naminə sənəti yaşatmaq hamımızın borcudur”
“Əl işlərində istifadə olunan milli naxışlardan müxtəlif geyimlərdə istifadə edilsə, geyimlərimiz xüsusilə fərqlənər, özünəməxsus olar. İnkişaf etməkdə olan xalq sənətinə dayaq olmaq, tikmə ustalarının ruhunu şad etmək, yeni və əvəzolunmaz əsərlər yaratmaq işində əlimdən gələni edirəm. Gələcək naminə sənəti yaşatmaq hamının müqəddəs borcu olduğu üçün bu sənəti inkişaf etdirməyi özümə yol seçdim”.
Bu, Arifə Məmmədovanın sağlığında dedikləri sözlərdir. Yarımçıq qaldığı işləri yekunlaşdırmağa ömrü vəfa etməyən Arifə Məmmədovanın qızı Mehriban Xəlilzadə bu gün anasının sənətini yaşadır. Onun irsini qoruyub saxlamaq üçün əlyazmalarını kitab halında çap etdirmək niyyətindədir. Mehriban xanım inanır ki, gələcəkdə Azərbaycanın tikmə sənəti də xalçalarımız kimi dünya miqyasında tanınacaq, qəbul ediləcək. Qədim xalq sənətlərini yaşadanların irsi, onların əməyi isə heç zaman unudulmayacaq.
Ceyhun Zərbəliyev