Bakı mədəniyyət Davosuna çevrilir
Fərqli sivilizasiyaların, mədəniyyətlərin, dinlərin arasında anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılması hazırda çağdaş dünyanın qarşısında duran ən mühüm problemlərdən biridir. Bu mövzuda son illər müxtəlif səviyyəli müzakirələrin aparılması, beynəlxalq toplantıların keçirilməsi, qurumların təsis olunması bir daha problemin nə qədər aktual olduğunu göstərir.
Mədəniyyətlərarası əməkdaşlıq məsələsi uzunmüddətli və mürəkkəb bir prosesdir. Qloballaşma prosesində müxtəlif irq, mədəniyyət, etnik qrup və dinlərin nümayəndələri bir-biri ilə tez-tez üzləşir. İnsanlar indi daha çox başa düşürlər ki, onların yaşam tərzi bir çox mədəniyyətlərin təsiri altında baş verir: eyni zamanda həm özünün, həm də başqasının mədəniyyətinə həssaslıq göstərmək zərurətə çevrilir. Hər kəs öz inamı, keçmişi və mədəniyyəti ilə fəxr edə bilər, lakin başqasına nifrət bəsləməməlidir. Mədəniyyətlərarası dialoqun əbədi humanist idealı, böyük siyasi və praktiki potensialı, qlobal gələcək üçün əhəmiyyəti də məhz buna əsaslanır.
İnsanın ağlı və əməyi nəticəsində yaranan mədəniyyət
Dünyada çox mürəkkəb proseslərin getdiyi, qloballaşmanın intişar tapdığı bir zamanda mədəniyyətlərarası dialoq müstəsna önəm kəsb edir. Mədəniyyətin də gücü, sözsüz ki, çoxtərəfli mədəni münasibətlərdən asılıdır. Mövcud şəraitdə mədəniyyətlərarası forumlar, təşəbbüslər həm insanlara, toplumlara, həm də dövlətlərə çox böyük təsir edir. Çünki qloballaşma dövründə belə bir yanlış fikir də yarana bilər ki, hər şey iqtisadiyyatdan, siyasətdən, informasiya texnologiyalarından asılıdır. Lakin mədəniyyətsiz iqtisadiyyat, siyasət və informasiya texnologiyaları heç bir rol oynaya bilməz.
Kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovun fikrincə, mədəniyyətlərarası dialoqda iştirak edən tərəflərin bir-birini anlaması üçün işlətdikləri əsas anlayışların, kateqoriyaların, müddəaların, sözlərin əsasında onların uyğun fikri olmalıdır: «Mədəniyyət deyəndə tərəflərdən biri bir şey, digəri başqa şey başa düşürsə, burada heç bir dialoqdan söhbət gedə bilməz. İnsanların mədəni səviyyəsi, bilikləri, etikası, mənəviyyatı, milli-mənəvi dəyərləri fərqlidir. Deməli, mədəni dialoq o deməkdir ki, insanlar bir-birini anlasınlar, başa düşsünlər, bir-birinin tələbatlarını, gözləntilərini, əsas ideyalarını, dünyaya baxışını müəyyənləşdirərək, ortaq məxrəcə gələ bilsinlər. Bu baxımdan müasir qloballaşma şəraitində mədəniyyətlərin dialoqu vacib amillərdəndir. Amma burada bir məqamı da nəzərə almaq lazımdır ki, bəzi ölkələrdə mədəniyyət dedikdə yalnız incəsənət, milli-mədəni irs, adət-ənənə və s. başa düşülür. Əslində, kulturoloji və elmi nöqteyi-nəzərdən, obyektivlik baxımından mədəniyyət tam sosial sistemdir. İnsanın ağlı, hissləri və fiziki əməyi nəticəsində yaranan hər şey mədəniyyətdir. Bu baxımdan mədəniyyət bir kürə kimi təsvir oluna bilər. Buraya təhsil və tərbiyə, elm və texnologiya, iqtisadiyyat və maliyyə, informasiya və mətbuat, həyat tərzi, din, etika, təşkiletmə və idarəetmə, daxili-xarici siyasət, beynəlxalq münasibətlər və s. daxildir. Deməli, mədəniyyətlərarası dialoqdan söhbət gedəndə bütün bu amillər nəzərə alınmalıdır».
Azərbaycan mədəniyyətlərarası dialoqun təşəbbüskarıdır
2001-ci ilin 11 sentyabrında Amerikada baş vermiş terror olaylarından sonra meydana gələn və bir sıra hallarda mədəniyyətlərin toqquşması, dinlərarası savaş kimi təqdim edilən proseslər dünyada geniş zəminli dialoq zərurətini aktuallaşdırdı. Həmin tarixdən sonra mədəniyyətlərarası anlaşma, qlobal ixtilafdan dialoqa yol arayışları xüsusilə aktivləşməyə başladı. 2005-ci ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Xose Luis Zapatero tərəfindən irəli sürülən, daha sonra BMT çərçivəsinə salınan «Mədəniyyətlər İttifaqı» (“Sivilizasiyalar Alyansı”) layihəsi (hazırda dünyanın 90-dək ölkəsi bu təşəbbüsə qoşulub), 2008-ci ilin Avropa Birliyi tərəfindən «Mədəniyyətlərarası dialoq ili» elan olunması, ayrı-ayrı ölkə başçılarının təşəbbüsü ilə beynəlxalq toplantıların (məsələn, 2010-cu ilin oktyabrında Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Qazaxıstanda keçirilən «Mənəvi mədəniyyət üzrə Dünya Forumu») təşkili bu qəbildəndir.
Dünyanın bir parçası olan Azərbaycan da bu prosesə öz töhfəsini verir. 2008-ci ildən etibarən ölkəmiz bu istiqamətdə beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. Həmin il Bakıda Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirildi. 2009-cu ildə Azərbaycan paytaxtında növbəti mötəbər tədbir - İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı baş tutdu. 2010-cu ildə isə böyük əhəmiyyətə malik olan Dünya Dini Liderlərinin Zirvə görüşü reallaşdı. 2011-ci ilin aprelində 1-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu, həmin ilin payızında və 2012-ci ilin oktyabrında Bakıda keçirilən 1-ci və 2-ci Beynəlxalq Humanitar Forumu, 2013-cü ildə Bakıda keçiriləcək 2-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha sübut edir ki, Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Təbii ki, bunun üçün ənənələr lazımdır. Eyni zamanda dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hazırda hər iki amil mövcuddur.
Zəngin mədəniyyət və tolerantlıq bizim sərvətimizdir
XX əsrin əvvəlində bir müsəlman ölkəsi olaraq dünyaya ilk cümhuriyyəti, demokratik respublikanı vermiş, müsəlman Şərqində ilk dəfə mütərəqqi Qərb dəyərlərini dövlət səviyyəsində əxz və tətbiq etmiş Azərbaycan üçün bugünkü dünyaya mədəni tolerantlıq örnəyi olmaq, mədəniyyətləri qovuşduran məkan rolunda çıxış etmək tarixin üzərimizə qoyduğu bir missiyadır. Bu gün qloballaşma prosesi dünyanın dörd yanını bir-birinə bağlayır. Belə bir vəziyyətdə Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri qabaqcıl dövlətlərlə ayaqlaşmaq, bu qlobal inteqrasiya prosesində Azərbaycan xalqının milli «mən»ini, milli zənginliyini dünyaya layiqincə təqdim etmək və eyni zamanda milli-mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərləri ilə üzvi sintezinə nail olmaqdır. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya zaman-zaman özünü göstərib.
XX əsrin əvvəllərində Şərq və Qərb dəyərlərinin birləşdirilməsi, milli və dini dəyərləri saxlamaqla modernləşmək mövqeyi Azərbaycan ziyalı fikrinin mühüm istiqamətini təşkil edib. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi buna bariz misaldır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik məfkurəsi məhz bu ideoloji əsasa söykənib.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımız Cümhuriyyətin tarixinə və dəyərlərinə sahib çıxdı. Zəngin mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin dünyaya layiqincə çatdırılması, eyni zamanda Azərbaycanın mütərəqqi bəşəri ideyalara, dialoqa, əməkdaşlığa açıq ölkə elan edilməsi dövlət siyasətinin əsasını təşkil etdi. Böyük öndər Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, zəngin mədəniyyətli, tolerant ölkə kimi tanınması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya layiqincə təbliğ etməliyik.
Bu siyasətin vacib məqamlarından biri Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği ilə yanaşı, dünya mədəniyyətinin də Azərbaycanda tanıdılması, bu xüsusda beynəlxalq forumlara, tədbirlərə ev sahibliyi etməkdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanovanın fikrincə, bu gün Azərbaycanın tolerantlıq mühiti, mədəniyyətlərarası dialoq məkanı kimi əhəmiyyəti bütün dünyada tanınır və qəbul olunur: «Təsadüfi deyil ki, dünyanın ən müxtəlif ölkələrinin nümayəndələri dialoq naminə forumlara məhz bizim ölkəmizdə toplaşır, burada dinlərin, mədəniyyətlərin əməkdaşlıq formatları, imkanları müzakirə olunur, sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində iş aparılır. Bakı 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Şərqlə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz «Şərq-Qərb» mövzusunda incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mühüm məkana çevrilib. Mənəvi sağlamlıq güclü və sarsılmaz dövlətçiliyin əsas sütunudur. Yalnız mənəvi təməl və oriyentasiyaya malik dövlət bütün problemləri həll etməyə, öz firavan gələcəyini qurmağa, müasir dünyanın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir. Bu gün Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin himayədarı olan dövlətimiz bu irsin dünyaya tanıdılması yönündə örnək sayılacaq fəaliyyət göstərir”.
Dialoq Azərbaycanın tarixi missiyasıdır
Hazırda Azərbaycanın hərtərəfli, o cümlədən elmi-mədəni inkişafı elə səviyyəyə çatıb ki, ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamaqla yetinmir. Bu gün Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır.
Məhz buna görədir ki, Azərbaycana dünyanın hər hansı məkanından gələn şəxs istər dünyagörüşü, dini baxışları, istərsə də digər fərqli cəhətləri ilə burada özünü yad hiss etmir. Azərbaycanın tolerant cəmiyyəti, sosiomədəni müstəvisi istənilən əcnəbiyə burada tamamilə komplekssiz, rahat olmağa imkan verir. Odur ki, ölkəmizə uzun müddətə işləməyə gələn xarici diplomat da, qısa müddətə təşrif buyuran hər hansı əcnəbi şəxs də burada özünü evindəki, vətənindəki kimi hiss etdiyini bildirir.
Bu gün Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Paytaxtımız Bakı dialoq mərkəzinə, mədəniyyət Davosuna çevrilir.
Biz qloballaşma prosesində beynəlxalq birliyə inteqrasiya yolunu seçmişik. Bu yol ikitərəflidir, çünki dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, «Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir».
Fəxriyyə Abdullayeva
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.