Məlumdur ki, 1992-ci ilin əvvəllərində rəsmi olaraq formalaşan Bərdə batalyonu qısa təlim-məşq toplanışından sonra erməni silahlı birləşmələri ilə döyüşə atılmışdır. Bu, həmin o günlər idi ki, erməni silahlı dəstələri artıq Tərtərə daxil olmaq üzrə idilər. Tərtərin müdafiəsini öz öhdəsinə götürən kiçik könüllü dəstələr isə bu güclü hücumun qarşısını almaq iqtidarında deyildilər. Belə bir şəraitdə Bərdə batalyonu Tərtərin müdafiəsinə qoşulmuş, düşməni ilk həmlədən geri oturtmuş və etibarlı müdafiə xətti yaratmışdır. Sonra isə Ağdərə bölgəsinin düşmənlərdən təmizlənməsi əməliyyatına qoşulan Bərdə batalyonu bu döyüşlərin, demək olar ki, həlledici qüvvəsinə çevrilmişdi.
   Tərtərin müdafiəsindən və Çaylı əməliyyatından başlanan bu döyüşlər bir-birinin ardınca Marquşavan, Marağa, Qırmızıkənd, Ağdərə, Kaaped, Metaşen, Dambon və Vaqaaz kimi iri yaşayış məntəqələrinin düşmədən təmizlənməsi ilə nəticələndi.
   Bərdə batalyon komandirinin müavinləri - Aidə Şirinova, Mayıl Xəlilov, qərargah rəisi Sərhəd Zöhrabbəyov, döyüşçülərdən Fuyruz Sadıqov, Müsfiq Musayev, Yusif Kərimov və başqaları erməni yaraqlılarına qarşı ölüm-dirim savaşında qəhrəmanlıqlar göstərmiş, düşmənə ağır zərbələr vurmuşlar.
   Bütün bunlar barədə yazıçı-jurnalist Canalı Mirzəliyevin bu, günlərdə «MBM» nəşriyyatında çapdan çıxmış «Müqəddəs hissin təzahürü» adlı sənədli hekayəsində ətraflı məlumat verilir.
   …Müharibə şəraitində öz qəhrəmanlıqları ilə ad çıxaran əsgər və zabitlərimiz çox olub. Müharibənin ağır anlarında parlaq şəkildə təzahür etmiş kütləvi vətənpərvərliyin gözəl ənənələri bu gün də yaşayır, davam edir. Azərbaycan övladları vətənə məhəbbəti öz əməlləri ilə sübut etmək üçün tələb olunan yerlərdə ön cərgədə olurlar. Belə övladlardan biri də Qarabağ uğrunda gedən döyüşlərdə batalyon komandirinin müavini olmuş, hazırda mayor rütbəsinə yüksəlmiş Nəsimi Polis Şöbəsinin əməkdaşı Aidə Rəcəb qızı Şirinovadır. Vətənin bu cəsur qızının adı Milli Ordumuzun tarixində batalyon komandirinin müavini vəzifəsinə ucalan ilk qadınlar sırasında çəkilir.
   Yeni nəşr olunan «Müqəddəs hissin təzahürü» adlı sənədli hekayə doğma torpaqlarımız uğrunda gedən döyüşlərdə cəsurluq nümayişi göstərən Aidə Rəcəb qızı Şirinovaya həsr olunmuşdur.
   Şübhə yoxdur ki, kitab geniş oxucu dairəsinin marağına səbəb olacaqdır.