Bu gün kitabxanaların qarşısında duran başlıca vəzifələrdən biri çağdaş zamanın tələbinə uyğun informasiya xidmətinin təşkilidir. Cəmiyyətin iqtisadi, sosial-siyasi və mədəni həyatına ciddi təsir göstərən informasiya xidməti oxucu tələbatının daha dolğun və operativ ödənilməsi baxımından ənənəvi kitabxana xidmətindən fərqlənir. Son illər bu sahədə paytaxtla yanaşı, bölgə kitabxanalarında da mühüm işlər görülür.
   
   Füzuli rayon MKS-nin direktoru Lətifə Xudaverdiyeva “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası, o cümlədən kitabxana işinə informasiya texnologiyalarının tətbiqi ilə bağlı görülən işlər haqqında qəzetimizə məlumat verdi: “Kitabxanaların informasiyalaşdırılması dedikdə, kitabxana işinə informasiya texnologiyalarının tətbiqi, elektron kataloqların yaradılması, ənənəvi kitabxana proseslərinin avtomatlaşdırılması nəzərdə tutulur. Cəbhə bölgəsində olan Füzuli rayonunda Mahmudlu-2 kəndində yerləşən rayon Mərkəzi Kitabxanası 1- Zobucuq qəsəbəsindəki Mədəniyyət evinə köçürülmüşdür. 2010-cu ildə Füzuli Rayon Mərkəzi Kitabxanasının veb-saytı oxucuların istifadəsinə verilmişdir. 2012-ci il rayonda “Kitabxanalar ili” elan edilmişdir. Bununla əlaqədar Mərkəzləşdirilmiş Kitabxana Sistemində xeyli işlər görülmüşdür. Mədəniyyət və Turizm Şöbəsi tərəfindən elektron kitablar, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən MKS-yə hədiyyə olaraq 500 ədəd multimedia nəşrləri verilmişdir. MKS-də iki yeni şöbə - informasiya-resurs və kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri yaradılmışdır”.
   MKS-nin direktorunun sözlərinə görə, oxucuları kitabxanaya cəlb etmək kitabxana işçilərinin qarşısında duran ən vacib məsələlərdən biridir: “Əhalinin mütaliəyə marağını artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə kitab bayramı, xalqımızın milli bayramları və görkəmli şəxsiyyətlərimizin yubileyləri ilə əlaqədar müxtəlif tədbirlər keçirilmişdir. Mərkəzi kitabxanada işçilərin informasiya texnologiyalarını yaxşı mənimsəməsi üçün kompyuter kursları təşkil edilmişdir”.
   Bundan əlavə, Mollaməhərrəmli, Babı, Aşağı Yağlıvənd, Əhmədalılar kənd kitabxanalarının təmiri başa çatdırılmışdır. Kitabxanası olmayan yeni salınmış “Qayıdış” və “Zobucuq” qəsəbələrində kitabxana filiallarının fəaliyyəti bərpa olunmuşdur. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xeyli işlər görülmüşdür. 2013-cü ildə Horadiz şəhərində Mərkəzi Kitabxananın inşası nəzərdə tutulmuşdur. Onu da qeyd edək ki, Füzuli rayon MKS Elektron Kitabxanaların Beynəlxalq Assosiasiyasına üzv seçilmişdir.
   
   * * *
   Dövlət Proqramının müddəalarına əsasən kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olması ən vacib məsələ kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də bir sıra işlər görülmüşdür. MKS-nin direktoru E.Kazımova görülən işlər və rayon kitabxanalarının hazırkı vəziyyətindən danışdı: “Tədbirlər planına əsasən Neftçala Mərkəzi Kitabxanasında “Uşaq hüququ” və “Hüquq” informasiya mərkəzləri yaradılmışdır. Hər iki mərkəz qısa müddətdə oxucuların diqqətini cəlb etmişdir. “Uşaq hüququ” informasiya mərkəzinin işçiləri məktəblərdə olmuş, uşaqların hüquq informasiya tələbatının həlli məqsədi ilə monitorinqlər keçirmiş, “Siz öz hüquqlarınızı bilirsinizmi” mövzusunda disputlar hazırlamışlar. 2009-cu ilin sentyabrından kitabxana sistemimiz www.neftcala-mks.az saytı ilə dünya informasiya məkanına daxil olmuşdur. Saytda rayonumuz və kitabxanamız haqqında ətraflı məlumatlarla yanaşı, MKS-nin fondu İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin vasitəsilə elektron formada hazırlanaraq elektron kataloq resursunda toplanır. “Elektron kitabxana” resursunda isə MKS-nin fondunda olan ədəbiyyatların elektron variantı yerləşdirilir. Həmçinin rayonumuzda olan kitab abidələri araşdırılaraq müəyyən edilmiş və saytımızın “Kitab abidələri” bölməsində toplanmışdır. Kitabxanamızda İnformasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması üçün rayonda nəşr edilən “Gündoğar” qəzetində diyarşünaslığa aid materiallar toplanır, onların biblioqrafik uçotu aparılır”.
   MKS-nin direktoru bildirdi ki, şəraitsiz binada yerləşən, oxucu sayı və kitab fondu az olan 10 kitabxana filialını 9 kitabxana filialına birləşdirmiş, 4 kitabxana filialının isə fəaliyyətini dayandırmış və boşalan ştatlar hesabına Mərkəzi Kitabxanada 2011-ci ilin martında kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya-resurs şöbələri yaradılmışdır. Rayonda ənənəvi olaraq kitab bayramları keçirilir. Kitabxanaçıların bilik və təhsillərini artırması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 30-dan artıq əməkdaş hazırlıq kursu keçmişdir. 2012-ci ildə MKS-yə 1400 nüsxədən çox yeni ədəbiyyat alınıb, bunlardan 520-si elektron nəşrlərdir. Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədilə Azərbaycan Korlar Cəmiyyətinin xətti ilə bədii ədəbiyyatların səsli oxunuşu olan 10 ədəd disk Mərkəzi Kitabxanaya verilmişdir. MKS-nin metodistləri mütəmadi olaraq filial kitabxanaların fəaliyyəti ilə bağlı monitorinqlər keçirir, onlara lazımi metodiki köməkliklər göstərir və nəticələr isə seminar-müşavirədə müzakirə olunur.
   
   Lalə