Azərbaycan kitabxanaçılarının II Ümumrespublika müşavirəsində əldə olunan nailiyyətlər, problemlər və onların həlli yolları müzakirə ediləcək
   
   "Kitabxanalar xalqın milli sərvətidir". Böyük öndər Heydər Əliyevin bu sözləri xalqın tarixi yaddaşını yaşadan, mədəni intibahında, dünyagörüşündə əvəzsiz rol oynayan kitaba və bu dəyəri əsrlərdən əsrlərə daşıyan mədəniyyət ocaqlarına - kitabxanalara verilən ən yüksək qiymətdir.
   
   Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.
   Bu mədəniyyət ocaqlarında çalışan, ömrünü kitaba həsr edən zəhmətsevər insanlar böyük hörmətə layiqdir. Təsadüfi deyil ki, dövlətimiz də kitabxana işinə, kitabxanaçıların fədakar əməyinə qayğı ilə yanaşır. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra ötən 20 ildə ölkə həyatının, o cümlədən mədəniyyətin bütün sahələri kimi, kitabxana işi də mühüm inkişaf dövrü keçib.
   Ümummilli lider Heydər Əliyev bu sahəni mədəni həyatın prioritet istiqaməti kimi hər zaman diqqət mərkəzində saxlayıb. Ulu öndər 1995-ci ildə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etmək barədə Nazirlər Kabinetinə tapşırıq verdi. Bu göstərişə əsasən 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin respublika müşavirəsi keçirildi, kitabxana işinin inkişafının yeni istiqamətləri və vəzifələri müəyyənləşdirildi. "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" 1996-cı il 27 iyul tarixli qərar qəbul edildi.
   1998-ci il dekabrın 29-da Milli Məclis "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Sənəd kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir. Qanunda kitabxana və kitabların milli sərvət olduğu, onların mühafizə olunub gələcək nəsillərə çatdırılması, iş proseslərinin avtomatlaşdırılması, qiymətli nəşrlərin elektron daşıyıcılarına köçürülməsi, informasiya sisteminə qoşulması ön plana çəkilib. Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanı kitabxana işi sahəsində yeni fəaliyyət istiqamətlərinə zəmin yaratdı.
   Qəbul olunan qərarlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan verdi. 2005-ci ildə kitabxanaçıların I Ümumrespublika müşavirəsində mövcud imkanlar müzakirə olundu, problemlər nəzərdən keçirildi.
   Prezident İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci il tarixli sərəncamı respublikada kitabxana işi sahəsində yeni səhifə açdı. Sərəncamda müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının mühüm yer tutduğu vurğulanır, bu sahədə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasir texnologiyaların tətbiqinin zəruriliyi vurğulanır. Ölkə Prezidentinin 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» sahənin uzunmüddətli inkişaf strategiyasını və geniş tədbirləri müəyyən etdi. Proqram Azərbaycan Respublikasında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsini ön görür. Artıq beş ildir icra olunan Dövlət Proqramı ölkədə kitabxana işində yeni mərhələ açıb.
   Dekabrın 20-də keçiriləcək Azərbaycan kitabxanaçılarının II Ümumrespublika müşavirəsi Dövlət Proqramından irəli gələn vəzifələrin və gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi baxımdan mühüm önəm kəsb edir.
   Müşavirədə rayon-şəhər icra başçılarının müavinləri, mədəniyyət və turizm şöbələrinin rəhbərləri, bütün rayon və şəhərlərin kitabxana rəhbərləri iştirak edəcək. Tədbirə millət vəkilləri, mədəniyyət xadimləri, alimlər dəvət olunublar. Toplantıda kitabxana işi sahəsində əldə olunan nailiyyətlər, problemlər diqqətə alınacaq. Müşavirə plenar iclasdan sonra işini seksiyalarda davam etdirəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar