Yeni il ən çox şəhər uşaqlarının sevdiyi bayramdır. Yolka, fişənglər, zərlər, Şaxta baba və Qar qız... Bu bayramın uşaqlar üçün daha bir özəlliyini canım sizə desin. Uşaqlar bitib-tükənməyən xırda-xuruş arzularını xəyallarında canlandırdıqları böyük, qadir varlığın kiçik prototipinə - Şaxta babaya ünvanlayırlar. Şaxta babaya məktub yazıb, bəzəkli yolkanın altına qoyub sonra səbirsizliklə onun hədiyyəsini gözləməkdən gözəl nə var? Birinin yazdığınız məktubu oxuyacağına, arzularınızı yerinə yetirəcəyinə əmin olmaqdan yaxşı nə ola bilər? Bizlərdən - sovet dövrünün son cocuqlarından fərqli olaraq, indiki balaların Şimaldan gələn Şaxta baba, Qar qızdan savayı, Qərbdən gələn Santa Klausları da var...
Yeni il arzular, ümidlər, sevinclər bayramıdır. İl sonu arzularımızın ələndiyi bir məqamdır. Arzularımız nə qədər çoxdur, nə qədər böyükdür? Bu bizim nə qədər olduğumuzdan xəbər verir. Ruhumuzun ölçüsündən, həyatımızdan danışır. İş Şaxta babanın həqiqi olub olmadığına inanmaqda deyil, iş arzuları qorumaqdadır. Yeni ilə arzularsız qədəm qoymaq yaşamamaq deməkdir. Qoy atılan hər fişəng bizim arzularımızın parıltısını yaysın!..
Çoxlarını bayramdan həmən sonra bir sual düşündürür. Nə etməli? Ən yaxşısı uşaqları sevindirməkdir. Onlar bunu bacarırlar. Onlara qarşı səxavətli olun. Pulunuzu və vaxtınızı onlar üçün xərcləyin. Onlar bu günləri ömrü boyu xatırlayacaqlar.
Aliyə