Deməli, tək elə “ağına lənət” (?)

 

    Fağır bəşərin işinə bax; bütün üç yüz altmış altı günü “Əjdaha” ilə əlləş-vuruş, kontra-kompromislərə get, hər təhər yola verməyə çalışıb, birtəhər yola sal, uzaq siyasi “mənəm-mənəm”lik cahillərinin hoqqalarını, yaxın-uzaq “İordan çayının sol-sağ sahilləri”nin haqq-nahaqlarını izləməkdə ol, doğma Vətən Qarabağının həsrətində, neçə-neçə polito-kulturoloji “ariya”ların hicrində, Suriyaların ölüm-itim əcrində, dördəm atlı sosial-bioloji problemlərin tərkində qal, düjün-düyün, haça-puça, filan-beşməkan əngəlliklər xəyalına dal və bir də ayıl ki, cəngəlliklər kralı - Qara ilan!..
   
   “Qara” -
   
tək elə rənglik çaları deyil, həm də nəhənglik sifət-surətidir.
   İşin burası da maraqlıdır ki, Çin təqviminə görə, “Əjdaha ili” ağ kişi simvolu “Yan”ı, “Qara ilan ili” isə incə-mincə qadın olan “İn”i ehtiva edir. O “ağ” çox şeydə ağ edən, bu “qara” isə - nə qədər məkrli və zəhərli olsa da, müdrikdir, səbrlidir, zərifdir. Nə qədər ki sakitcə qıvrılıb, sükutca yatıb, - sən də samitcə yaşaya bilərsən. Amma elə ki bir söz çöpü uzatdın, həkət köpü yaratdın - xatircəm olmağa dəyməz...
   Astroloqların fikrincə (kolleqalarımın təbirincə) “üzümüzə” (əslində, ayağımıza) gələn bu ildən qorxub-çəkinmək gərək deyil. “Nə qədər sürüngən sürpizlər baş versə də, 2013 - ümumilikdə, xüsusən 2012-yə nisbətdə sabit keçəcək”. “Qara ilan” - qaydalara əməl edən bütün “dilsiz-ağızsızlar” təyinli təvəllüdlülərə, xüsusən öz mənsublarına hamilik edəcək. Amma kimlər ki başqalarına qarşı onun əsas statusu ilə davranacaq, - öz işinin xatirinə dişini işə salıb, həmsöhbətini sancacaq, hal-əhvalları naqolay olacaq.
   Astroloqların konspirasiyasevərləri “ulduz görməyincə ölməyən” bu varlıqların adı ilə adlanan il barədə başqa dil də çalırlar. Deyirlər, guya, sirlərinə daha möhkəm sahib çıxmayanların işi 2013-də nəhs gətirə və bu “alt yapı”nın yadlar tərəfindən “tap”ısı hər şeyi alt-üst edə bilər. Bununla yanaşı, aqressiyapərəstlərin də vəziyyətləri mütəqəlqəl ola bilər; cızığından çıxıb hərzə-hərzə danışdınsa, sakitlik-sabitlik sevən “ilan” fağırlar da gürzələşər.
   Münəccimlər içərisində başqa mətləblərə him-cim edənlər də var. Söyləyirlər ki, “Qara ilan”ı tünd rəngli geyimdə, hərarət saçan qaş-gözdə, hirssiz-sirsiz sifətdə qarşılamaq daha yaxşı, daha yapışıqlı olar. Ərz edirlər ki, guya, uzun hörüklü qızların baxtı bu il daha açılımlı, ərə-yaragedimli olacaq...
   Bu qəribə vədə qarşı çıxmayın a, ay qısatellilər. Salınız yadınıza nakam şairimizin bu dilqəm misralarını: “Xayır, hörüklərin deyildir ilan, Bunu - əski şair söyləmiş yalan!..”
   Astroloqlar nə qədər real, elmi, yetik sözlər desələr də, şairlərin poetik söyləmələrindən olmaz: “İlandan-əqrəbdən yar ola bilməz!” Bu qış günündə - özü kimi soyuq olanın adı çəkilməsə də, daha iki misranı çəkək poeziya abzasına: “Qış gecəsi uzun olur, çox uzun, Lakin onu utandırdı - hörükləri bu qızın”.
   Qayıdaq astrolojiliyə və filoloji dastan açaraq söyləyək ki, ilan ili həm də gözəllik, şirmayi-sürməyilik, incəsənətlik, duyğusallıq ilidir. Kinli olduğu qədər də nikbindir, ağıllı, təmkin-tədbirli, səbirlidir. “Heç nədən”, “havayı”dan heç kimə zərər verməz. Bu ildə anadan olmuşlar bir çox xüsusiyyətdə elə onun özü kimidirlər. Bəxtləri çox şeydə gətirir, istədikləri çox işə nail olurlar. Şıq-yaraşıq geyinməyi sevirlər. Amma... eqolarından aman! Əl tutmaları - yalnız rəğbət bəslədiklərinə yönəlik. “Zəhləmgetmiş”lərə isə, lap təndirə düşsələr belə əl yetirməzlər! Başqalarının fikirlərinə nə inanar, nə “amin” deyərlər. Yalnız öz intuisiyalarına güvənib, bəzən ya arxada qalar, ya kiminsə axırına çıxarlar. Öz məqsədlərinə çatmaq üçün ya çox şeyi dürüst edər, ya hər şeyi alt-üst! Şərq müdriklərinin qənaətinə görə, İlan illilərin ailə həyatı öküz, xoruz, əjdaha ilə gözəl, sabitqədəm olur. Siçan, it və dovşanla “dinc-yanaşı” quruluşda, meymunla uğursuz, pələng və donuzlasa vuruşda keçir. İşə bax ki, çinlilərin bu “İn”i - qadın simvollu ilan ili öz xeyrinə ayrı-seçkiliyə də yol verib. Belə ki, ilan ilində doğulan qadınlar zərif, mərd, asılı olmayan olurlar, kişilər isə çox mürəkkəb xarakterli. Amma bu ayrı-seçki bölgüsündə bir “əmma” da var ki, qadınların zərərinə, kişilərin xeyrinədir; “ilan” qadınlar adətən qarşısıalınmaz və düzəldiləbilinməz səhvlər edir, kişilər isə... onların bu tip səhvləri yolunda “geniş üfüqlər” açsa da, özləri eyb-qeyb sularından quru çıxa bilirlər. Amma bu qüvvət və qüdrətli qisim uğursuzluqlara düşəndə çox məyus olur, bir daha uğur dağına dırmana bilmirlər.
   Deyirəm, yaxşı ki, bu “heyvancild” illərin hər biri on iki ildən bir gəlir, - yoxsa, insan nə qədər “donuz”luqda, “öküz”lükdə, “dovşan”lıqda qala bilərdi?!
   Bu bir zarafat.
   Bu isə ciddiyyət: deyirəm, yaxşı ki, illər heyvanlar üstdə təhvil-təslim olur. Yoxsa, Allah eləməmiş, insanlar-etnoslar üstdə olsaydı, aləm bir-birinə dəyərdi. “Buğa”lıq, “əjdaha”lıq, “pələng”lik, “xoruz”luq nominasiyaları uğrunda qırğınlar düşər, rüşvət-korrupsiyalar baş alıb gedər, sədaqətlilik (“it”) əbədiyyət zəncirində, xoşovqatlılıq (“meymun”) ağaclar başında, gəmirici (“siçan”) və sürünənlər (“ilan”) dəlmə-deşik yuvalarda qalardı. Hələ ermənilər! Zəif görəndə “pələng”ə, güclü görəndə “dovşan”a, yalverən qarşısında “it”ə, yerverənlə tapışanda “donuz”a çevrilmə buqələmunluğu eraları yaşayardılar!
   
   Dua
   
   Belə-belə işlər, cənab illər! Ən üzüsoyuğunuz gəldi.
   Xoş gəldin, İlan! Sənə zəhər verən kərtənkələlər tələyə düşsün. İki ilan ili bundan əvvəl ilim-ilim itən dincliyimiz - ərazi bütövlüyümüzlə birgə - bərpa olunsun. Qoy bütün aclar da doysunlar ki, sənin çaldıqların kimi də olsa, bir az yata bilsinlər...
   Beləliklə, ey müdrik, zoo-tolerant və bu dünyada yalnız yuvası ağzında bitən yarpızdan zəhləsi gedən! Bil və agah ol ki, bizim də yeganə zəhləmiz gedən bir xırsız toplum da var ki, neçə illərdir doğma yurd-yuvamız ağzında bitib!
   Deməli, əziz İlim, bir illik hakimiyyətin ərzində bu kürreyi-ərzdə nə edirsən-et, haracan gedirsən-get, zümrələrinin mələdiyi çöllərdə qalanları sancma, yamanları qoyub yaxşıları çalma. Ən əsası isə, artıq düz iki “ilan ili” - iyirmi dörd ildir çürünən Qarabağ məsələsində sürünən olma!..
   
   Tahir Abbaslı