Xalçanın interyer dizaynında rolu
   
   Xalça insanların zövqlə yaratdığı interyerin ən ecazkar detalıdır desək, yanılmarıq. Min illərdir, bu zərif incəsənət nümunəsi məkanın bəzədilməsində, rahatlığın təminatında önəmli rol oynamaqdadır.
   
   Tarixə nəzər
   
   Hələ qədim insanlar rahatlıq, istilik yaratmaq üçün yaşadıqları yeri heyvan dərisi ilə döşəyirdilər. Bu həm də məkana xoş ab-hava gətirirdi. Dövrlər, zamanlar dəyişdi, əsrlər sıralandı. Amma insanların bu istəyi həmişə dəyişməz olaraq qaldı. Və nəhayət, toxuculuğun yaranmasından sonra insanın ayaq basdığı məkanlar xalça, palaz, kilimlərlə döşənməyə başlandı. Sultan saraylarından sadə kəndli daxmalarınadək interyerin bəzədilməsində xalçadan istifadə olunub.
   İnteryer tərtibatına dair məlumatlar bizə əsasən İntibah dövründən (XIV-XVI əsrlər) gəlib çatıb. Tədricən interyer tərtibatı incəsənətin bir növünə çevrildi. “Viktorian” və “Rokoko” üslublarının geniş yayıldığı XVIII əsrdə Şərqdən Avropaya müxtəlif sənət nümunələri, bər-bəzək əşyaları, ipək parça və xalçaların güclü bir axını başladı. O gündən bu günədək Avropanın baxışları xüsusi bir maraqla Şərqə dikilib.
   Müasir zamanın sürətlə dəyişən dəb tendensiyalarında Şərq motivlərini, zəngin ornament və rəng çalarlarını həmişə görmək mümkündür. Bu mənada ənənəvi Şərq xalçalarının rolu əvəzsizdir. Əllə toxunan xalçalar dünyanın ən dəyərli sənət nümunələrindəndir. Azərbaycan, türk, fars sənətkarlarının toxuduqları zərif xalçalar milli naxışları, rəng çalarlarının üstünlüyü ilə Avropa interyerinə də daxil oldu.
   Tarixən Şərqdə xalça qüdrət və zənginlik rəmzlərindən hesab edilib. Əl işi olan xalçalar isə ev sahibinin incə zövqündən xəbər verib. Ornamentin dəqiq təsviri, naxışların zərifliyi və gözəlliyi, təbii rənglərin harmonik qovşağı, uzunömürlülüyü və davamlılığı ilə də şöhrət qazanıb. Ona görə də onun interyerdə istifadəsi hər zaman tələbat kimi ortaya çıxıb.
   
   Xalçanın interyer dizaynında rolu
   
   İnteryerdə müxtəlif əşyaların - mebel, aksesuarlar, şəkillər, xalçalar, qab-qacaq, bir sözlə, vizullıq yaradan dekorativ detalların hər birinin öz rolu var. Xalçalar Şərq, xüsusilə müsəlman dünyasının məişətində, həyat tərzində vacib elementlərdən sayılır. İstənilən interyerə əldə toxunmuş xalça döşənilərsə, həmin məkan misilsiz və olduqca zərif görkəm alacaq. Bu təkrarsızlığı həm də zənginlik tamamlayacaq.
   Zamanla müxtəlif üslubların dəbə minməsi interyerdə də öz əksini tapırdı. Lakin peşəkar nöqteyi-nəzərdən dəblə müqayisədə milli köklərə, ənənələrə sadiqlik daha qabarıq şəkildə özünü ifadə etməlidir. Çünki hər bir xalqın özünəməxsus bir “komfort” anlayışı var. “Kim özünü hansı şəraitdə daha rahat hiss edir?” - dizaynerin qələbəsini məhz bu sualın cavabı müəyyən edir. İnteryerin qurulmasında incə zövq və peşəkarlıq artıq Azərbaycanda da geniş yayılmaqda və inkişaf etməkdədir.
   Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin dizayn kafedrasının baş müəllimi, interyer dizayneri Nərgiz Ağayevanın sözlərinə görə, müasir zamanda cəmiyyətdə gedən proseslər, həyatın bütün sahələrində olduğu kimi, memarlıqda, xüsusilə də interyerdə öz əksini tapır: “İndi dünyada üslublaşma prosesi gedir. Yəni, hər hansı üslubun tarixi dövrə görə deyil, müasir zamana müvafiq uyğunlaşdırılması daha məqsədəuyğundur. Həmçinin üslublarda remikslərin meydana çıxması - bir-birinə uyğunlaşmayan üslubların sintezi - interyeri qurarkən daha geniş fantaziya tələb edir. Hazırda “Müasir şəhər mənzilinin estetikası” və ya “Müasir interyerin dəbdəbəsi” adlı interyer formalarından geniş istifadə olunur”.
   Həmsöhbətim deyir ki, azərbaycanlılar dəbdəbə elementlərinə daha çox meyl göstərirlər. Bu isə artıq aludəçilik formasını alıb. Əslində, bu, təbii prosesdir. 1890-cı ilə qədər dünyada eklektika dövrü idi. Cəmiyyətdə bir qarmaqarışıqlıq hökm sürürdü. Eklektika üslubu geri çəkildikdən sonra insanlar dəbdəbəyə, gözəlliyə can atmağa başladılar, beləcə, modern üslub dəbə mindi. İndi Azərbaycan həmin mərhələni yaşayır. İnsanların gözəlliyə, dəbdəbəyə meyli günbəgün artır. Bu da birbaşa onların həyat tərzi ilə izah olunur. İnsanlar zənginləşdikcə, dünyanı gördükcə bu prosesi daha yaxına - evlərinə gətirmək, həyat tərzlərinə çevirmək istəyirlər.
   Nərgiz Ağayeva dəbdəbə elementləri arasında xalçanın interyerdəki önəmi barədə də danışdı: “Xalçanın maraqlı və spesifik cəhəti ondadır ki, o, istənilən interyerə uyğunlaşır. Elə əşya var ki, onu müəyyən göstəricilərinə görə interyerə yaraşdırmaq çətindir. Çünki o, özü ilə bir stilistika, üslub gətirir. Bir elementə görə bütün interyeri ona tabe etmək lazım gəlir. Lakin xalça “xameleon” xüsusiyyətə malikdir. Onu istənilən interyerə uyğunlaşdırmaq, yaraşdırmaq mümkündür. Çünki xalçada olan zəngin rəng çalarları məkana yeni ab-hava gətirir”.
   Xalçanın aparıcı xüsusiyyəti onun müxtəlif rəng çalarlarında əks olunun naxışlarındadır. Xalçadakı naxışların ölçüləri interyerdə vacib məqamlardan sayılır. Belə ki, iri naxışlı xalçaları böyük otaqlara, iri masaların altına döşəmək daha məqsədəuyğundur. İri rəsmlər məkanı yığır, xırda rəsmlər isə məkanı böyüdür. Buna görə də xırda naxışlı xalçalar yığcam otaqlarda istifadə olunur. Təkrəngli palazlar da məkanı böyük göstərir. Həmçinin xalçaların növündən, təmsil etdiyi məktəbdən asılı olaraq fərqli naxışlar, rəng çalarları meydana çıxır. Parlaq rənglər interyeri işıqlandırır, bir qədər canlandırır, nisbətən soyuq rənglər isə interyerdəki işığı udur. Bu qaydaların interyerdə düzgün istifadəsi həm xalçanın gözəlliyini qabardır, həm də interyerə fərqlilik gətirir. Bakıda müasir interyerlərdə ipək xalçalara daha çox üstünlük verilir. Təbii iplərdən toxunmuş əl xalçaları bu mənada qiymətli bəzək növü sayılır.
   Dizaynerin qərarından asılı olaraq, xalça həm əsas, həm də məkanın əlavə elementi kimi verilə bilər. Kiçik xalçaların bir üstün cəhəti də ondan ibarətdir ki, onlar daha çox diqqət cəlb edir və interyerdə müəyyən yerləri təyinetmə xüsusiyyətinə malik olurlar: istirahət məkanı, iş otağı, əyləncə yeri və s. Divanın qarşısına və ya çarpayının önünə xalça döşənməsi otağa rahatlıqla bərabər cazibə də qatır. Böyük xalçalar isə bütünlüklə otağın üslubunu, ab-havasını dəyişmək gücünə malikdir.
   Dəbdə olan maraqlı tendensiyalardan biri də vanna otağında xalçadan istifadədir. Xüsusilə ipək xalçaların vanna otaqlarına döşənməsi dəbdəbə elementi kimi qəbul olunur.
   Xovlu, xovsuz xalçaların, palazların istifadəsinə gəlincə, bu da üslubdan asılıdır. Burada regional göstərici də öz sözünü deyir. Hansı regionda nə toxunursa, nəyə daha çox tələbat varsa, interyerə də onu tətbiq etmək məqsədəuyğundur.
   Azərbaycanda müasir zamanda divardan xalça asmaq ənənəsi artıq dəbdən düşmüş sayılır. Buna baxmayaq, miniatür xalçalardan divarda element şəklində istifadə olunması bir növ milliliyə dəlalət edən tərtibat kimi geniş yayılıb. Ümumiyyətlə, Şərq üslublu interyerdə xalçalara, xalça elementlərini özündə əks etdirən pərdə və digər detallara hər zaman üstünlük verilir.
   
   Zəriflik və sağlamlıq bir arada
   
   Xalçalar dekorativ effektdən başqa, həm də müalicəvi, ortopedik, rahatlığın təminatçısı kimi xüsusiyyətlərə malikdir. Divardan asılan xalça havanı təmizləyir, tozu özündə saxlayır.
   Təbii materiallardan - yun və ipək iplərdən toxunmuş xalçalar allergik reaksiya yaratmır, otaqdakı nəmi hopduraraq özünə çəkməyi bacardığından evdəki mikroiqlimi yaxşılaşdırır. Eyni zamanda səs izolyasiya funksiyasını yerinə yetirir, otağı isidir.
   Bundan başqa, ipək xalça üzərində ayaqyalın gəzmək faydalıdır və insanda xoş əhval-ruhiyyə yaradır, yun xalça isə pəncələri masaj edir.
   
   Xalça milliliyimizdir
   
   Əsrlər boyu Şərqdə olduğu kimi, Azərbaycanda da xalça yalnız evin bəzəyi və rahatlığı deyil, həm də nəsildən-nəslə ötürülən sərvət sayılıb. Ən gözəl xalçaçılıq nümunələri gəlin köçən qızların cehizinin sanbalı hesab edilirdi.
   Zamanın çərxi fırlandıqca özünə sadiqliyi yalnız ənənəvi dəyərlər qoruyub saxlayır. Sirr deyil ki, bu gün şəxsi mənzillərin, villa və ofislərin, ictimai məkanların interyerində eksklüziv xalça nümunələrinin tətbiqi çoxalıb. Xalçanın dizaynda istifadəsi gözəldir, lakin nəzərdə saxlamaq lazımdır ki, bu gözəlliyi yalnız qədərində, yerində istifadə etməklə ecazkar məkan yaratmaq mümkündür. Xalça milliliyimizdir, xalça gözəlliyimizdir. Üzərimizə düşən vəzifə isə onu evimiz kimi qorumaqdır.
   
   Reyhan İsayeva