Qloballaşmanın vüsət aldığı, informasiya cəmiyyətinin sürətlə formalaşdığı dövrdə ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında, tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ən aktual məsələlərdəndir.
Təsadüfi deyil ki, bu məsələ “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında da başlıca müddəalardan biri kimi əksini tapıb. Sənəddə elm, təhsil, mədəniyyət və digər sahələrdə yaradıcı gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onların təcrübə, bilik və bacarıqlarının artırılması müvafiq təşkilatlar qarşısında mühüm vəzifələr qoyulub. Bəs region gəncləri mədəni layihələrdə nə dərəcədə aktivdir?
Gənclər mədəniyyət layihələrində fəal iştirak edirlər
Mədəniyyət və Turizm Nazirliyinin ötən illərdə keçirdiyi silsilə tədbirlərə nəzər salsaq, bu layihələrin bir çoxunda gənclərin aktiv iştirakını görərik. Nazirliyin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovun sözlərinə görə, bölgələrdə aparılan islahatlar, yeni mədəniyyət müəssisələrini istifadəyə verilməsi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların bölgənin mədəni həyatında aktiv iştirakına imkan verir: “Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı əsasında biz hər il bölgələrdə müxtəlif layihələr, tədbirlər keçiririk. Ötən ilin mayında Masallıda uşaq-gənclər muğam ifaçılarının VI respublika müsabiqəsi keçirildi. Oktyabrda Ağstafa rayonunda gənc aşıqların Aşıq Şəmşir adına VI respublika müsabiqəsi təşkil olundu. Bakıdakı “LN” İncəsənət Mərkəzində “Mədəniyyət abidələrimiz” adlı fotomüsabiqənin iştirakçılarının da əksəriyyəti gənclər idi. Bu və digər qeyd etmədiyim mədəni tədbirlərdə gənclərin fəal iştirakı müsbət haldır. Bu il də gənclər nazirliyin bir sıra mədəni layihələrinə cəlb olunacaq”.
Həmsöhbətim nazirliyin xətti ilə hər il regionlarda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin də təşkil olunduğunu nəzərə çatdırdı. Məqsəd gənc nəslin yaradıcı şəxslərlə yaxından tanış olmasını, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsini təmin etməkdir. Ötən il Siyəzən və Qusar rayonlarında Milli Qurtuluş Günü, Hacıqabul, Ucar, Göyçay və Kürdəmirdə Dövlət Müstəqilliyi Günü, Ağdam və Bərdə rayonlarında Silahlı Qüvvələr Günü ilə bağlı təşkil olunan tədbirlərdə gənc sənətçilər də çıxış edib.
* * *
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov gənclərin mədəni layihələrdəki aktivliyindən razılıq etdi. 2012-ci il muxtar respublikada “Milli dəyərlər ili” elan olunmuşdu: “Bu çərçivədə “Milli dəyərlərimiz - milli sərvətimiz” folklor və muğam festivalı, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, müxtəlif seminarlar, kurslar təşkil olundu və bu tədbirlərdə gənclər fəal iştirak etdi”.
Nazir müavini bildirdi ki, regionda yaradıcı gənclərə dəstək göstərilir, məşğuliyyətləri təmin edilir. Muxtar respublika Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzi tərəfindən yaradılan “Ozan” yaradıcılıq studiyasına 15 gənc cəlb olunub. Naxçıvan Dövlət Filarmoniyasında yaradılan estrada orkestrində gənclər də təmsil olunurlar.
Gənc rəssamlara qayğı
Mədəniyyət və Turizm Nazirliyi, habelə rayon və şəhər mədəniyyət və turizm şöbələri tərəfindən təşkil olunan rəsm sərgilərinə gənclər böyük maraq göstərirlər. Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov deyir ki, bölgələrdə gənc istedadlar çoxdur, onlar rəssamların yaradıcılıq emalatxanalarına xüsusilə böyük maraq göstərirlər: “İl ərzində regionlarda silsilə mədəni tədbirlər, müsabiqələr təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi yaradıcılıq emalatxanalarına da gənclərin marağı böyükdür. Tanınmış rəssamlar gənclərə ustad dərsləri keçirlər. Onların çəkdiyi ən yaxşı əsərlər nazirlik tərəfindən alınaraq bölgələrdə olan qalereyaların fondlarına təhvil verilir. Ötən il Ağdaşda, Mingəçevirdə rəssamların yaradıcılıq emalatxanası keçirildi, 30-dan artıq əsər qalereyaların fonduna verildi”.
E.Hüseynov qalereyalarda yaradıcılıq studiyalarının fəaliyyət göstərdiyini, yeniyetmə və gənc istedadlara rəssamlığın sirlərinin öyrədildiyini bildirdi. Bu, gənclərin böyük sənətə doğru ilk addımlarıdır.
Ceyhun Zərbəliyev