Yuxudan oyanıram. Saat 8-i göstərir. Telefonu götürüb gecədən gələn sms və zənglərə baxıram. Tarix 04.02.2013. Bu gün onun ad günüdür...
   
   Elə bu an telefonuma sms gəlir. Radioda çalışan rejissor dostlarımdan biri yazır: “Səhər efirində verilişlərin fonuna mütləq onun mahnılarından istifadə edirəm”. Mətbəxə keçib çaydanı qazın üstünə qoyuram. Televizoru açıram. Bütün telekanalların “Səhər xəbərləri”ndə onun ad günü ilə bağlı reportajlar verilir. Aparıcı deyir: “Məşhur bəstəkar və müğənni, Xalq artisti, professor Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də Bakıda anadan olub. Böyük müğənni, SSRİ Xalq artisti Bülbülün ailəsindəki musiqi aurası, yüksək sənət mühiti kiçik yaşlarından onu ağuşuna alır, gələcək həyat yolunu müəyyənləşdirir”.
   Bu, sənət uğurları ilə zəngin, zirvələrlə dolu ömür yolu olub. Bu ömrün 18 ilini o həm sənət adamı, həm də dövlət xadimi kimi yaşayıb, respublikanın Mədəniyyət Nazirliyinə rəhbərlik edib. Artıq yeddi ildir ki, ölkəmizin Rusiyadakı böyükelçisidir, amma yaradıcılığı da unutmur və yenə bu iki statusu (rəsmiyyət və sənət) üzərində daşıyır.
   Bu illər ərzində onun telekanallarda, qəzetlərdə çıxışlarını xatırlayıram. “Rəsmilər qeyri-rəsmi” verilişinin ona həsr olunan buraxılışında dediyi nisgil dolu sözlər yadıma düşür: “Şuşa, gecələr də məni yatmağa qoymur”.
   Kompyuterin qarşısına keçib sənətkara təbrik məktubu yazıram. Yazdıqca 18 il əvvəl Bakıda qeyd edilən 50 illik yubileyini xatırlayıram. Həmin yubiley konsertində keçmiş SSRİ-nin bütün tanınmış, say-seçmə sənətçiləri iştirak edirdilər. 1988-1993-cü illər arası ölkədə baş verən siyasi çəkişmələr və mədəniyyət sahəsindəki süstlükdən sonra bu yubileylərin qeyd edilməsi mədəni həyatımızda bir canlanma yaratmışdı.
   Hazırlaşıb işə gedirəm. Yol boyu onunla bağlı verilişləri xatırlayıram. Rusiyanın “Ostankino” telestudiyasında bəstəkar Aleksandra Paxmutovanın yubiley gecəsindən çıxarkən televiziyanın yaşlı xanım əməkdaşlarından birinin Polad Bülbüloğludan gənc nəvəsi üçün avtoqraf istəməsi səhnəsi yadıma düşür. Axı, o yalnız ötən əsrin nəsillərinin deyil, gənc nəslin də sevimli bəstəkarı və müğənnisidir.
   Biz onun mahnıları ilə böyüdük. 20-yə yaxın filmə yazdığı musiqilər hamının dilində zümzümə edilir. “Mən mahnı qoşuram”, “Uşaqlığın son gecəsi”, “İstintaq davam edir”, “Qorxma mən səninləyəm” (baş rolda sənətkarın özü çəkilib) və digər filmlərdəki mahnılar illər ötsə də, tamaşaçı yaddaşına əbədi həkk olub. Sənətkarın 2000-ci ildə Moskvanın “Ulduzlar meydanı”na gəlişi gözlərim önündə canlanır. Əsl Azərbaycan övladı kimi at belində, milli geyimdə, başında da SSRİ-nin Xalq artisti, rəqqas Mahmud Esambayevin 50 illik yubileyində ona hədiyyə etdiyi papaq.
   2013-cü ilin ilk günlərində yenə də Rusiya telekanallarının birinə dəvət edilmişdi. Həmişə necə sadə, gülərüz, nikbindirsə, yenə həmin əhva-ruhiyyədədir. Veriliş keçmiş sovet məkanında ötən əsrin ən populyar mahnı və ifaçılarına həsr edilib. Polad Bülbüloğlu verilişə bu gün də gündəmdə qalan, lakin mədəniyyətdən əlavə həm də siyasətlə, diplomatik fəaliyyətlə məşğul olan sənətkar qismində dəvət olunmuşdu. Çıxışı böyük alqışlarla qarşılandı.
   Bu düşüncələrlə redaksiyaya çatıram. Tanınmış sənətkar haqqında yazı hazırlamalıyam...
   O, uzun illərdir, müğənni və bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətini layiqincə təmsil edir. Respublikamızın estrada kollektivlərinə rəhbərlik edərək dünyanın 70-dən çox ölkəsində vətənimizi layiqincə tanıdıb. Estrada sənətimizdə yeni istiqamətin əsasını qoyub, müasir ritm və harmoniyaları yaddaqalan milli melodiyalarla birləşdirərək inkişaf etdirib. Onun bu yaradıcılıq eksperimenti hazırkı nəsil musiqiçilər üçün bir örnəkdir. Vaxtilə dahi Bülbülün ifa etdiyi xalq mahnılarını yeni formada tamaşaçıya təqdim edən Polad Bülbüloğlu bu əməyi ilə həmin əsərlərə ikinci həyat bəxş edib.
   Bəstəkar kimi rəngarəng yaradıcılığında simfonik əsərlər, kamera-instrumental musiqilər, vokal silsilələr, dram tamaşaları və kinofilmlərə yazılmış musiqilərlə yanaşı, ona xüsusi uğur qazandıran mahnılar üstünlük təşkil edir. Həm ölkənin tanınmış ifaçıları, həm də özü tərəfindən səslənən bu mahnılar sevilir, sevilir və yenə də sevilir. Polad Bülbüloğlunun yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiyada, Türkiyədə tamaşaya qoyulması, böyük mədəniyyətimizə verdiyi sanballı töhfə və ölkəmizin imici üçün göstərdiyi səylərdən biridir.
   Sənətkar elə hər sahədə sənətkar olurmuş demə. Polad Bülbüloğlu 2006-cı ildən, Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunduğu gündən ikitərəfli mədəni əlaqələrin güclənməsinə çalışır. 2007-ci ildə Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olundu. Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən “Müqəddəs Knyaz Nevski” mükafatına layiq görüldü. Azərbaycanda və bütövlükdə keçmiş sovet məkanında kifayət qədər populyar olan sənətkarın digər titullarını da sadalamaq istərdim. Amma Polad Bülbüloğlunun pərəstişkarlarına bunları xatırlatmağa sadəcə, gərək yoxdur. Sevimli sənətkarımıza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzusu ilə
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar