Müasir zamanda elm və texnikanın sürətli inkişafı özünü hər bir sahədə büruzə verir. Elmdə ən kiçik inkişaf qısa zamanda məişətdə də yerini tapır. Əlbəttə, bütün bunlar insanların rahatlığı, yaşayış səviyyəsini yüksəltmək üçün nəzərdə tutulub.
   
   Bu gün həyatımızı kompyutersiz təsəvvür etmək mümkün deyil. Kompyuter yaradıcı insanların da sevimlisinə çevrilib. Musiqi, kinematoqrafiya, foto, memarlıq və hətta rəngkarlıq kimi sahələrdə çalışanlar bu vasitə ilə öz yaradıcılıqlarını inkişaf etdirir və daha böyük uğurlar əldə edirlər.
   Kompyuter proqramları vasitəsilə heç bir musiqi alətindən istifadə etmədən etüd, sonata, hətta orkestr üçün konsert də bəstələmək mümkündür. Tamamən səsini itirmiş insan bu vasitələrdən istifadə edərək hətta mahnı oxuya bilər. Məşhur fizik Stiven Xokinq hələ gənc yaşlarında keçirdiyi cərrahiyyə əməliyyatından sonra danışıq qabiliyyətini itirmişdi. Daha sonra “nitq sintezatoru” vasitəsilə o, danışmağa başlamış və hətta məşhur “Simpsonlar” animasiya çoxseriyalı filmində öz rolunu səsləndirmişdi.
   Hazırda müasir cizgi filmləri xüsusi imkanları olan kompyuterlərdə çəkilir. Kompyuter animasiyası - ayrıca bir sənətdir və bu sahədə dünyada liderlərdən biri “PİXAR” şirkətidir. Şirkət özünün animasiya filmlərinə görə dəfələrlə “Oskar” mükafatına layiq görülüb. Ceyms Kameronun “Avatar” filminin ideyası hələ 90-cı illərdə yaranmışdı, lakin rejissor filmi görmək istədiyi səviyyədə çəkmək üçün o zamanlar texnologiyaların kifayət qədər inkişaf etmədiyini bildirərək çəkilişi daha sonraya saxlamışdı. Filmin çəkilişində personajların animasiyalaşdırılması üçün yaradılmış “hərəkətin tutulması” (motion capture) texnologiyasından istifadə olunub.
   Müasir memarlıq layihələrinin hazırlanmasını isə, ümumiyyətlə, kompyutersiz düşünmək mümkün deyil. Bu günün ən böyük memarlarından olan Frenk Qerinin müəllifi olduğu Bilbaodakı Quqqenxaym Muzeyinin inşasında avtomatlaşdırılmış layihələndirmə sistemi olan CATİA-nın bütün imkanlarından istifadə olunmuşdur.
   Məsələ sadəcə müasir texnoloji vasitələrin insan həyatına və iş fəaliyyətinə bilavasitə təsirindən getmir. Povest və yaxud roman üzərində çalışan yazıçının xəyal düşüncəsinin inkişafına heç bir kompyuter kömək edə bilməz, amma onun informasiya almaq, istədiyi zaman kitabxanaya getmədən hər hansı məlumatı, bədii əsəri əldə etməsi üçün kompyuter, internet əvəzedilməz vasitədir.
   Təsəvvür edin ki, rəngkarlıq tarixini araşdıran bir sənətşünas internetin imkanlarından istifadə etməklə Tokio şəhərinə virtual səyahət edib, oradakı Qərb İncəsənəti Muzeyində saxlanılan əsərlərlə yaxından tanış ola bilər. Təsviri və tətbiqi sənətdə də yeni texnologiyaların yerini xüsusi vurğulamaq lazımdır. Misal üçün, hazırda kompyuterlə idarə olunan elə dəzgah və avadanlıqlar var ki, istənilən çətinlikdə ornament və naxışları daş, taxta və ya digər material üzərində oyma üsulu ilə köçürə bilir. Müasir çap aparatları iri ölçülü fotoları yüksək keyfiyyətlə çap edir. Rəssam öz əsərini yaradarkən seçib istifadə etdiyi rəngləri müasir printerlər 4 rəngin istifadəsi ilə kağıza köçürür.
   Kompyuter texnologiyalarının inkişafı ilə bərabər yeni sənət sahələri də yaranmağa başladı. Qrafik dizayn da bunlardan biridir. Bir çox qrafik dizayn və foto redaktəsi proqramları var. Onların ən məşhuru olan “Photoshop” proqramının əsasını 80-ci illərdə amerikalı Con və Tomas Noll qardaşları qoyublar. Daha sonra ADOBE şirkəti bu proqrama yiyələnib. Hazırda “Adobe Photoshop” dünyada ən məşhur qrafik dizayn proqramıdır. Bəzi kompyuter proqramları əvvəlcədən seçilmiş fotonu məşhur rəssamların işlədiyi texnikada redaktə edir. Yeni texnologiyalardan istifadə etməklə rəssamlar maraqlı videoart, installyasiya kimi əsərlər də yaradırlar.
   Yeni texnologiyalar sənət əsərlərinin bərpasında da əvəzolunmaz rol oynayır. Müasir lazer və nanotexnologiyaların tətbiqi ilə bir çox sənət əsərləri haqqında uzun illər bilinməyən maraqlı faktlar ortaya çıxıb. Çikaqo İncəsənət İnstitutunun alimi Françeska Kasadio bu texnologiyalardan istifadə etməklə Uinslou Xomerin və Van Qoqun rəsm əsərlərinin yarandığı dövrdəki görüntülərini əldə etməyə nail olub.
   Yaradıcılıq prosesi zamanı hər bir yaradıcı şəxs vaxtaşırı yeni informasiya əldə etməli olur. Yaratdığın əsərin daha zəngin və maraqlı olması üçün müxtəlif mənbələrdən müxtəlif informasiyaları araşdırmalı və seçməli olursan. Tarixi bir rəsm əsəri üzərində işləyən rəssam çox rahatlıqla internet vasitəsilə həmin dövrə aid geyimlərin rəsmlərini əldə edə bilər.
   Əlbəttə, bütün bu imkanlar yaradıcı şəxsin düşüncəsini və xəyal gücünü əvəz edə bilməz. Lakin yaradıcılıq prosesi zamanı bu texnologiyalardan istifadə etməklə daha səmərəli nəticələr əldə etmək mümkündür.
   
   Elşad Əliyev (Vüqarlı),
   Azərbaycan Milli Elmlər Akademiyası İncəsənət və Memarlıq İnstitutunun doktorantı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar