Oxucular üçün yeni xidmət növləri
   
   Bu gün kitabxanalarda xidmətlərin yeni növlərinin tətbiqinə kəskin ehtiyac yaranmışdır. Bu, hər şeydən əvvəl, informasiya sahəsində vəziyyətin dəyişməsi ilə bağlıdır. Rəqəmsal texnologiyaların tətbiqi nəticəsində kitabxanalar əhali üçün əvvəlki cazibədarlığını itirmişdir. Bundan başqa, kitabxanalar cəmiyyətə informasiya xidmətində aparıcı mövqeyini əldən vermişdir. Qeyd etmək lazımdır ki, bu proses tamamilə qanunauyğundur. Bəs kitabxanaların keçmiş statusunun itirilməsinin obyektiv səbəbləri nədən ibarətdir?
   
   İnternet şəbəkələrində planetin əhalisinin əksəriyyətinin gündəlik həyatda istifadə etdiyi külli miqdarda informasiya toplanmışdır. Gündəlik xəbərlər və kulinariya reseptləri, futbol matçlarının nəticələri və klassik bədii ədəbiyyat, soraq kitabçaları və lüğətlər, təsviri incəsənət əsərlərinin reproduksiyaları, musiqi əsərləri və kinofilmlər gecə-gündüz pulsuz istifadə üçün təqdim edilmişdir. Bütün bunların nəticəsi kimi - kitabxanalar informasiya xidmətində əvvəlki mövqeyini itirmişdir.
   İnternetin geniş yayılması peşəkar informasiya xidməti üçün yeni imkanlar yaratmışdır (24/7 istifadə rejimi, məsafə məhdudiyyətinin olmaması, məlumat massivinin daim yenilənməsi). Kitabxanaların rəqibləri arasında pulsuz internet-kolleksiyaları, kommersiya tipli tammətnli məlumat bazalarını, elmi repozitariləri (arxivləri) göstərmək olar. Obyektiv yaranmış neqativ amillər kitabxanaların təqdim etdiyi yeni xidmət növləri hesabına aradan qaldırıla bilər və qaldırılmalıdır.
   Bu gün kitabxanalarda yeni xidmət növlərinin inkişafının əsas istiqamətlərini aşağıdakı kimi müəyyən etmək olar:
   • Rəqəmsal əlavələr əsasında maksimal geniş xidmətlər kompleksinin təqdim edilməsi.
   • İnformasiya savadı (informasiya mədəniyyəti) üzrə təhsil proqramlarının inkişafı.
   • Kitabxanalar əsasında intellektual asudə vaxt mərkəzlərinin formalaşması.
   
   Kitabxana daxilində xidmətlərin hansı növlərini təşkil etmək olar?
   • Ən azı, güzəştli kateqoriyalara aid oxucular üçün (Bakıda isə artıq yaxın gələcəkdə bütün oxucular üçün) internetdən pulsuz istifadə.
   • Kommersiya tipli universal profilli tammətnli məlumat bazalarına abunə və onlardan istifadə edilməsi.
   • Oxuculara təklif edilən xidmətlərin çeşidinin genişlənməsi (IP-telefoniya, şəbəkə oyunları və s.).
   Distans istifadəçilərə xidmət məsələsi aktual olaraq qalır. Bunun üçün virtual soraq xidmətləri təşkil edilməli, kitabxanaların saytlarında oxucular üçün fərdi iş yerləri yaradılmalı (kitabxanalar üçün proqram təminatının yeni nəslinin hazırlanması ilə əlaqədar), elektron formatda nəşrlər kitabxanadan kənarda istifadə edilmək üçün verilməli, oxucuların Şəbəkədən alınmış mənbələrin şəxsi istifadə üçün saxlamaq imkanı olmalıdır.
   İnformasiya cəmiyyətində əsas məsələlərdən biri informasiya savadı (informasiya mədəniyyəti) problemidir. Bu, potensial baxımdan, kitabxanaların fəaliyyətinin ən çox tələbat olan istiqamətlərindən biridir. Hədəf - oxuculara məlumatların bütün növləri ilə işləməyin, müxtəlif mənbələrdən alınan məlumatları düzgün müqayisə etməyin səmərəli üsullarını, alınan informasiyaya tənqidi münasibət bildirməyi, informasiya təhlükəsizliyinin əsaslarını öyrətməkdir.
   Bunun üçün kitabxana praktik olaraq hər gün informasiya savadı üzrə iş aparmalı, o cümlədən:
   • Rəqəmsal informasiya massivləri ilə işləyən istifadəçilərə məsləhətlər verməli;
   • İnformasiya mənbələri ilə işin bütün spektrini əhatə edən kompleks öyrədici proqramları reallaşdırmalıdır.
   İstifadəçilərə məsləhət verilməsi bu gün kitabxanaların fəaliyyətinin aktual istiqamətidir. Bunu aşağıdakı səbəblərlə izah etmək olar:
   • Məlumatların həcminin artması konkret oxucu üçün münasib informasiyanın axtarışı və onun qiymətləndirilməsi məsələsini çətinləşdirir.
   • Bu gün əsas məsələ informasiyanın tapılması deyil, onun adekvat qiymətləndirilməsidir.
   • Kitabxana hər bir oxucu üçün məlumatların fərdi seçimi və qiymətləndirilməsi əsasında peşəkar informasiya dəstəyi təklif edə bilər.
   Bundan başqa, “Elektron hökumət”in ciddi səviyyəyə çatdırılması və ölkənin gündəlik həyatında tətbiq edilməsi vətəndaşların bu resurslarla işləməsinə kömək edən müəssisələrin mövcud olmasını nəzərdə tutur. Kitabxanalar “Elektron hökumət”in xidmətlərindən istifadə üçün dayaq mərkəzləri kimi çıxış etmək baxımından hər hansı başqa müəssisə ilə müqayisədə daha geniş imkanlara malikdir. Kitabxanaların vəzifəsi - elektron dövlət xidmətlərindən bütün vətəndaşların istifadə edə bilməsinə zəmanət vermək, vətəndaşlar dövlət xidmətləri və sosial xidmət resursları ilə işləyərkən onlara ixtisaslaşdırılmış məsləhət dəstəyi təmin etməkdir.
   Kitabxana informasiya savadı üzrə maarifləndirici proqramlar təşkil edə bilər və bunu etməlidir. Kitabxanaların gələcəyi onların maarifləndirici proqramlarına cəmiyyətin tələbat dərəcəsindən asılıdır.
   Maarifləndirici proqramlar təkamül etməli, yaşlı şəxslər üçün ümumi kompyuter savadı kurslarından oxucuların bütün kateqoriyaları üçün maraq doğuran proqramlara çevrilməlidir. Bundan başqa, informasiya resurslarından istifadə edilməsi ilə bağlı bütün sahələri əhatə edən ixtisas kursları lazımdır. Bu istiqamət kitabxanaların fəaliyyətinin mühüm tərkib hissəsi kimi rəsmiləşdirilməlidir.
   Maarifləndirici proqramların məzmunu da mühüm məsələdir. Bu proqramlara informasiya təhlükəsizliyi (informasiya təhlükəsizliyinin əhəmiyyəti, informasiya təhdidlərinin növləri, informasiyanın qorunması metodları, şəxsi məlumatların Şəbəkədə yerləşdirilməsi xüsusiyyətləri), şəxsi informasiya resurslarının (Veb 2.0 əlavələri, biblioqrafik təsvirin əsasları, annotasiyanın əsasları) formalaşması, elektron dövlət xidmətlərindən və sosial xidmətlərdən istifadə (Şəbəkədə təklif edilən dövlət xidmətlərinin növləri, hüquq və azadlıqların müdafiəsi, səhiyyə, mənzil-kommunal xidmətlər, sığorta, tikinti və daşınmaz əmlakla bağlı əməliyyatlar, vergilər və yığımlar) kimi aktual məsələlər daxil edilməlidir.
   Unutmamalıyıq ki, kitabxana asudə vaxtı səmərəli keçirmək üçün intellektual mərkəzdir. Rəqəmsal cəmiyyətdə canlı ünsiyyətin defisiti daha kəskin hiss olunur. Kitabxanaların vəzifəsi daim axtarışda olan aktiv insanları öz ətrafında birləşdirmək, maraqlı tədbirlər üçün cəlbedici məkana çevrilməkdir. Əyləncəli tədbirlər keçiriləndə oxucular özləri kitabxanaya gələcəklər. Kitabxanalar öz “müştəri bazası”nı formalaşdıraraq insanların təhsilə, biliyə və nəticə etibarilə mütaliəyə marağını hər vasitə ilə stimullaşdırmalıdır.
   Oxucuları kitabxanaya istənilən üsulla (müxtəlif fleş-moblar da daxil olmaqla) cəlb etmək olar. Bu halda bir nömrəli alqoritm - kitabxanaların mövcud olmasını oxuculara xatırlatmaqdır. Potensial oxucular kitabxanaya gələrkən bu insanları onlarda maraq oyada biləcək xidmətlərlə maksimal mümkün olan dərəcədə tanış etmək məsləhətdir. Kitabxanada oxucuları gülərüzlə qarşılamaq, orada xoş atmosfer yaratmaq, həmçinin iş rejimini oxucuların xeyrinə dəyişdirmək lazımdır (iş günlərində və istirahət günlərindən birində saat 20.00-a qədər).
   Qeyri-rəqəmsal xidmətlərin siyahısının genişlənməsi də istifadəçilərin sayını artırmağa imkan verəcəkdir. Kitabxananın fəaliyyətinin strukturunda ənənəvi kitabxanalar üçün səciyyəvi sayılmayan funksiyalar: konsertlər, ekskursiyalar, sərgilər təşkil edilməsi, müxtəlif profilli klublar və sair tədbirlər getdikcə böyük yer tutacaqlar. Kitabxanaların intellektual asudə vaxt mərkəzlərinə çevrilməsi üçün bu rol uğrunda muzeylər, mühazirə zalları və digər mövcud asudə vaxt mərkəzləri ilə ciddi rəqabət aparmaq lazımdır.
   Ekzotik kitabxana xidmətlərinin kiçik siyahısını həm oxuculara, həm də kitabxanaçılara xatırlatmaq istərdik:
   • London şəhər kitabxanasında “canlı kitablar”ın verilməsi.
   • Yel Hüquq Məktəbinin kitabxanasında stress çıxarmaq üçün oxuculara itlərin verilməsi (belə itlər yalnız bu məktəbdə təhsil alanlara 30 dəqiqəliyə verilir).
   • Kitabxanada tanışlıq xidməti (tanışlıq sevimli kitablar haqqında söhbətdən başlanır).
   • “Şüşə arxasında” kitabxana (Çelyabinsk vilayəti, Kopeysk şəhərinin Mərkəzi kitabxanası).
   
   Rəqəmsal kommunikasiyalar dövründə kitabxanaların əsas rəqibləri
   
   Müasir rəqəmsal kommunikasiyalar dövründə kitabxanalar güclü rəqabətlə üzləşmişdir. İnternet informasiya xidməti üçün keyfiyyətcə fərqli imkanlar yaratmışdır: məsafə məhdudiyyətinin olmaması, 24/7 (gündə 24 saat, həftədə 7 gün əlyetərlilik) rejimi, informasiya massivlərinin fasiləsiz doldurulması və s. Müxtəlif biznes-strukturlar və hətta ayrı-ayrı vətəndaşlar dərhal bu yeni imkanlardan istifadə etməyə başlamışlar.
   Rəqəmsal kommunikasiyalar sistemində kitabxanalar ayrı-ayrı şəxslər tərəfindən yaradılan elektron kolleksiyalardan başlamış, nəhəng millətlərarası korporasiyalar tərəfindən reallaşdırılan qlobal layihələrə qədər ən müxtəlif informasiya layihələri ilə rəqabət aparmalı olacaqlar. Kitabxanaların əsas rəqibləri:
   • Pulsuz şəbəkə kitabxanaları.
   • Kommersiya tipli tammətnli məlumat bazaları.
   • Şəbəkə kitab mağazaları.
   • Qlobal kitab satışı layihələri. Pulsuz şəbəkə kitabxanaları.
   • Fərdi mülahizələrə əsasən üstün tutulan dəyərlərin irəliləyişində marağı olan ayrı-ayrı vətəndaşlar və ya cəmiyyətlər tərəfindən formalaşdırılan açıq (pulsuz) külliyyatlar. Onlar çox vaxt istifadəçiləri cəlb etmək üçün reklam meydançaları kimi yaradılır. Bir qayda olaraq, belə meydançaların “komplektləşdirilmə” mənbələri təsadüfi, mətnlərin keyfiyyəti aşağı olur, orada hüquq normalarının pozulması halları müşahidə olunur. Amma bütün bunlar həmin meydançaların istifadəçilərinin çoxalmasına mane olmur.
   • Librusek elektron kitabxanasının (http://lib.rus.ec) məlumatları - 1 gün ərzində (orta hesabla):
   • Unikal istifadəçilər - 205,701;
   • Baxışlar - 1031,925 səhifə.
   • Aldebaran elektron kitabxanasının (http://lib.aldebaran.ru) məlumatları - 1 gün ərzində (orta hesabla):
   • Unikal istifadəçilər - 73,383;
   • Baxışlar - 469,755 səhifə.
   Kommersiya tipli tammətnli məlumat bazaları da kitabxanaların ciddi rəqibidir. Bu məlumat bazalarının əsas xüsusiyyətləri:
   • Əsasən dövri nəşrlərdə dərc edilmiş məqalələrdən və informasiya agentliklərinin xəbərlərindən ibarət kommersiya tipli informasiya məhsulları.
   • Biznes-modelin əsası - abunənin qüvvədə olduğu müddətdə müştərilərə tammətnli massivdən istifadə etmək imkanı verilir.
   • Tammətnli məlumat bazalarında olan bütün sənədlərdən istifadə hüquqları onların sahibləri ilə razılaşdırılmışdır.
   Tammətnli məlumat bazalarının servis funksiyaları:
   • Sazlanan interfeys.
   • Müəyyən məzmunlu sənədlər haqqında bildiriş.
   • Bazadakı sənədlərlə işi davam etdirmək üçün onları şəxsi kabinetdə saxlamaq imkanı.
   • Məlumat bazasındakı sənədlər əsasında bülletenlər formalaşdırılması.
   • Mətnin müxtəlif formatlarda saxlanması.
   • Mətnin audio rejimdə səsləndirilməsi.
   Şəbəkə kitab mağazaları kitabxanalarla rəqabət aparmaq üçün aşağıdakı xidmətləri təqdim edirlər:
   • Real kitab mağazaları ilə analogiya üzrə, şəbəkələrdə də birdəfəlik alış-veriş etmək - ayrı-ayrı nəşrləri əldə etmək mümkündür.
   • Çeşid - əsasən kitablar. Son illərdə şəbəkə kitab mağazalarında dövri nəşrlər, o cümlədən “parlaq” nəşr nömrələri də yerləşdirməyə başlamışlar.
   Bu mağazaların servis funksiyaları:
   • Nəşrlə tanış olmaq üçün maksimal geniş imkanlar, o cümlədən bəzi fraqmentləri vərəqləmək imkanı.
   • Maksimal sayda formatların dəstəklənməsi.
   • İctimai sərvət sayılan əsərləri, kitabxanalardakı kimi, bir qayda olaraq, pulsuz əldə etmək mümkündür.
   • Bir sıra mağazalar özlərinin bütün çeşidini və ya onun bir hissəsini müəyyən müddət ərzində abunəyə təqdim edir.
   Fikrimizcə, bəzi məşhur şəbəkə kitab mağazalarının ünvanları oxucular üçün maraqlı olar:
   • Amazon (www.amazon.com)
   • LitRes (www.litres.ru)
   • Ozon (www.ozon.ru)
   • Bookland (bookland.net.ua)
   • BookMate (www.bookmate.ru)
   • Bolero (www.bolero.ru)
   • Biblion (www.biblion.ru)
   
   Lətifə Məmmədova,
   Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar