və ya kitabxanalar oxucu axtarışında
   
   Bu gün heç kəs üçün sirr deyil ki, rəqəmsal texnologiyaların gündəlik həyatımıza çox sürətlə nüfuz etməsi mütaliəyə və bunun nəticəsi kimi kitabxanalara marağı azaldır. İnternetdə hər şeyi olmasa da, çox şeyi tapmaq imkanı oxucuları kitabxanaya getmək stimulundan məhrum edir. Əvvəllər çətin tapılan ədəbi əsərləri indi kitabxana rəflərində toz basır, qiraət zalları boşalır, kitabxanaçılar isə rəqəmsal kommunikasiyalar erasında kitabxanaların yenidən cəlbedici olması üçün istifadəçilərə hansı xidmətləri təklif etmək məsələsi üstündə baş sındırırlar.
   
   Oxucuların kitabxanalara cəlb edilməsi problemi həqiqətən beynəlmiləl xarakter daşıyır. Adətən, bütün ölkələrin kitabxanaçıları kitabxanalara diqqəti cəlb etmək üçün ilk növbədə oxuculara bunu xatırlatmaqdan başlayırlar ki, kitabxanalar mövcuddur, onlar maraqlı və faydalı ola bilər. Bu məqsədə nail olmağın forma və metodları hədsiz dərəcədə çoxdur, ancaq onların heç də hamısı istər kitabxanaçı həmkarlar, istərsə də potensial oxucular tərəfindən birmənalı olaraq müsbət qəbul edilmir.
   * * *
   Çox vaxt kitabxanalara diqqəti cəlb etmək üçün fləşmoblardan - müəyyən ssenarini yerinə yetirən insanlar qrupunun qabaqcadan planlaşdırılmış hərəkətlərindən istifadə olunur. Fləşmobların ən sadə formaları dəqiq ilkin hazırlıq tələb etmir və bilavasitə kitabxanaçılar tərəfindən reallaşdırılır. Məsələn, Çelyabinsk vilayətindəki Kopeysk şəhərinin Mərkəzi Kitabxanasının əməkdaşları bir həftə ərzində kifayət qədər qeyri-adi paltarlar geyinərək, ən gözlənilməz görkəm almış və hər gün nahar fasiləsinin əvvəlindən axırına qədər əllərində kitablar tutaraq kitabxananın şüşə vitrinində dayanmışlar. Yoldan keçənlər kitabxananın şüşə vitrininin arxasındakı “fiqurları” (canlı manekenlər) görəndə hədsiz təəccüblənmişdilər, çünki bu fiqurlar arasında qəlyan çəkən Şərq gözəli də vardı, biznesmen xanım da, körpəsini uşaq arabasında gəzdirən gənc ana da, gözəllik müsabiqəsinin qalibi də. Təbii ki, bu məzhəkəli təqdimatdan sonra şəhər sakinləri kitabxanaya gəlməsələr də, ən azı, onun mövcudluğunu xatırlamağa məcbur oldular.
   Nyu-York Kütləvi Kitabxanasında fləşmobun təşkilatçıları isə belə bir aksiyanın keçirilməsinə daha yaradıcı şəkildə yanaşmışlar. Burada iş gününün ən gərgin vaxtında əvvəlcə ağ döşəkağılara bürünmüş kabuslar, sonra isə əyinlərində xüsusi təchiz edilmiş kombinezonlar, əllərində əcinnələri məhv etmək üçün qəribə qurğular olan silahlı kabus ovçuları oxucularla dolu qiraət zalında peyda olmuşlar. Ovçular vəziyyəti tez qiymətləndirib, kabusları qovmağa başlayanda, kabuslar onlardan yaxa qurtarmaq üçün qiraət zalında sıra ilə düzülmüş masaların arasında və soraq ədəbiyyatı rəflərinin arxasında gizlənirdilər. Oxucular bütün bu hərəkətləri təbəssüm və gülüşlə qarşılamış, kabusların elm məbədindən qovulub çıxarılması isə ümumi alqışlarla müşayiət olunmuşdur.
   Yeri gəlmişkən, İndiana ştatındakı kiçik Villard şəhərində oxucuları kitabxanaya cəlb etmək üçün artıq xeyli vaxtdır ki, “kitabxanada kabuslar” mövzusundan istifadə olunur. XIX əsrdə inşa edilmiş binada yerləşən bu kitabxana elan etmişdi ki, onun divarları arasında vaxtaşırı “Boz ledi” adlandırılan kabus peyda olur. Bunu təsdiqləmək üçün bir neçə fotoşəkil göstərilir. Arzu edən hər kəsin kabuslar axtarışına qoşula bilməsi üçün kitabxana xüsusi sayt (libraryghost.com) yaratmış və onu kitabxananın müxtəlif yerlərinə yönəldilmiş, gecə-gündüz işləyən veb-kameralarla təchiz etmişdir.
   * * *
   Kitabxanalarda xüsusi tədbirlər keçirilməsi oxucuların cəlb edilməsinin daha geniş yayılmış formasıdır. Belə hallarda kitabxanalar çox vaxt ictimai meydança rolunda çıxış edərək, yalnız tədbirin keçirilməsi üçün yer verir, ancaq keçirilən tədbirləri həmişə, dolayı şəkildə də olsa, kitab mövzusu ilə əlaqələndirməyə çalışırlar.
   Belə formalardan biri “kitabxanada tanışlıq” xidmətidir. Bu halda yeganə fərq ondan ibarətdir ki, tanış olmağı arzu edənlərin ünsiyyəti onların sevimli kitabları haqqında söhbətdən başlamalı və görüş vaxtı həmin kitablar bu şəxslərin əlində olmalıdır. Belə xidmət, məsələn, San-Fransiskonun Mərkəzi Şəhər Kitabxanasında təqdim edilir. Bu halda kitabxanaçılar iştirakçıların hansı ədəbi janrları üstün tutmalarını nəzərə alır və ədəbi zövqləri oxşar olan potensial cütlüklərin xüsusi siyahısını tərtib edirlər.
   İnkişaf etmiş ölkələrin çoxunun kitabxanalarında “canlı kitablar” verilməsi təcrübəsi geniş yayılmışdır. Bu termin elə insanlar barəsində işlədilir ki, onların tərcümeyi-halı və ya baxışları oxucu auditoriyası üçün maraqlı görünə bilər. “Ədəbiyyat” seçimi üzrə təşkilati iş “Canlı kitabxana” (humanlibrary.org) beynəlxalq layihəsinin gücü ilə aparılır. Kitabxanalar bu tədbirlərin keçirilməsi üçün yer verirlər, arzu edən hər bir şəxs qabaqcadan oradakı kataloqla tanış olub, xoşuna gəlmiş “nəşr”lərdən hansını istəsə, mütaliə-söhbət üçün onu seçə bilər. Bu halda kataloqda veqan (vegetarian), feminist və ya buddist rahib də ola bilər. Belə “kitablar” bu şərtlə “verilir” ki, oxucular həmin “kitablar”ı təhqir etməməyi və onları özü ilə aparmamağı öhdəyə götürsünlər.
   Oxucuların cəlb edilməsi üzrə keçirilən müxtəlif növ tədbirlər sırasında “Kitabxanada gecə” və ya “Bibliogecə” adını almış xüsusi aksiyalar daha rəngarəngdir. Bu aksiyalar “açıq qapı” günlərinin spesifik formasıdır, lakin onlar axşam və ya hətta gecə vaxtı keçirilir. “Bibliogecə” çərçivəsində hər bir kitabxana öz mövzusunu seçmək və ona uyğun olaraq, potensial oxucuların diqqətini maksimum cəlb etməyə çalışaraq bir sıra tədbirlər keçirmək hüququna malikdir. Təbii ki, tədbirlərin əhatə dairəsi kitabxananın ölçüsü ilə təyin edilir. Belə ki, iri şəhər kitabxanalarında bir axşam ərzində paralel olaraq bir neçə tədbir, o cümlədən keçmiş dövrlərin avtomobillərinin sərgisi, mükafat kimi turist putyovkaları oynanılan viktorina, yazıçılarla görüşlər keçirilə, hətta istifadəçilərə Kalaşnikov avtomatını sərbəst söküb-yığmaq imkanı verilə bilər. Nisbətən kiçik miqyaslı kitabxanalar məşhur ədəbi əsərlər üzrə kvestlər (macəralı oyunlar), populyar oyunlar, həvəskar artistlərin çıxışları və ya Çin hava fənərləri buraxmaqla kifayətlənməli olurlar. “Bibliogecə”nin gedişatında kitabxanaçılar təvazökar formada tədbirin iştirakçılarını burada istifadəçilərə təqdim olunan xidmətlərlə tanış edir, həmçinin onları kitabxanaya oxucu kimi üzv yazırlar. Bir qayda olaraq, belə tədbirlər yerli mətbuatda geniş işıqlandırılır və bu da kitabxanalara marağı bir qədər canlandırmağa imkan verir.
   * * *
   Lakin bəzən kitabxanaçıların mümkün qədər maksimum sayda istifadəçilər kontingentini cəlb etmək arzusu elə hərəkətlər şəklində təzahür edir ki, onları nəinki əbədi dəyərləri təlqin edən, hətta yaradıcı əhval doğuran hərəkətlərə aid etmək çətindir. Məsələn, Şotlandiyadakı kiçik Dalkeyt şəhərində hər il fevral ayının 2-si “Kitabxanaya sevgi günü” kimi qeyd edilir. 2013-cü ildə 2 fevral tarixi bu şəhərdə iki hadisə ilə əlamətdar olmuşdur: həmin gün bu kitabxananın istifadəçilərinə şüvül üzərində rəqs etməyi (strip-dens) öyrənmək, həmçinin kitablarla stolüstü tennis oynamaq təklif edilmişdir. 2012-ci ilin noyabr ayında Kanzas ştatındakı kiçik Overlend Park şəhərinin kitabxanasında keçirilmiş tədbir də öz ekzotikliyinə görə yuxarıda misal gətirilən tədbirlərdən geri qalmır: burada istifadəçilərə ... bütöv bir donuz cəmdəyinin təmizlənib doğranmasını nümayiş etdirmişlər.
   Bu məzhəkələrlə müqayisədə bəzi kitabxanalar tərəfindən təşkil edilən sabunbişirmə və ya tilova aldadıcı yem kimi milçək taxaraq balıq tutmaq üzrə məşğələlər tamamilə zərərsiz görünür.
   Bəzi kitabxanalar, birdəfəlik aksiyalar keçirməklə yanaşı, onların ənənəvi xidmətlərindən çox uzaq olan yeni xidmətlər təsis edirlər. Belə kitabxanaların istifadəçilərini, nə qədər istəsəniz də, oxucu adlandırmaq artıq çətindir. Bu şəxslər kitabxanalardan evə kitab əvəzinə ... inşaat alətləri, teleskoplar, gitaralar və ya elektromaqnit şüalanmasını ölçmək üçün cihazlar aparırlar. Yel Universitetinin hüquq məktəbinin kitabxanası bu baxımdan hamını geridə qoyaraq, oxuculara canlı it verir. Kitabxanaçıların fikrincə, bu tədbir sessiya vaxtı tələbələrdə yaranan stressi aradan qaldırmağa kömək edir. İt “oxucu”ya 30 dəqiqəlik gəzinti üçün verilir, 30 dəqiqədən sonra kitabxanaya qayıdır və orada növbəti “oxucu”nu gözləyir.
   Əgər kitabxanaçıların bütün “hiylələrinə” baxmayaraq, oxucular yenə də kitabxanaya getməsələr, kitabxana özü onların yanına gəlir. Daha doğrusu, miniklə gəlir. Rusiyanın Penza vilayətində vaxtaşırı işləyən xüsusi kitabxana avtobusu buna misal ola bilər. Vilayətin Nijnelomovski rayonunun Mərkəzi Qəsəbələrarası Kitabxanası “mütaliə edən avtobus” təşəbbüsünü irəli sürərək, öz sərəncamında olan nəqliyyat vasitəsini yaşayış məntəqələri arasında marşrutlar üzrə reyslər üçün göndərir. Həmin nəqliyyat vasitəsilə gediş sərnişinlər üçün pulsuzdur, bu şərtlə ki, onlar kitabxanaya üzv yazılacaqlar və avtobusda təklif edilən kitablardan və ya jurnallardan bəzilərini bir müddət götürəcəklər. Beləliklə, kitabxana bu cür sadə bir üsulla oxucuların sayını daim genişləndirir və oxuculara kitab verilməsi göstəricisini hiss olunacaq dərəcədə artırır.
   Kitabxanaçıların yaradıcılıq potensialı və fantaziyası fövqəladə dərəcədə yüksəkdir, buna görə belə güman etməyə hər cür əsas var ki, yaxın gələcəkdə kitabxanaların oxucularına xidmətin başqa innovasiyalı formaları da təklif ediləcək, bu xidmət formaları kitabxanaların imicini dəyişdirməyə, onları kifayət qədər darıxdırıcı müəssisələrdən fəal işləyən mədəni asudə vaxt və maariflənmə mərkəzlərinə çevirməyə imkan verəcəkdir.
   
   V.K.Stepanov,
   Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru
   
   L.A. Məmmədova,
   Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar