Ölkəmizdə yaşayan hər kəsin dini etiqad azadlığı var

Mürəkkəb coğrafi məkanda yerləşməsinə və regionda siyasi, dini və milli münasibətlər nöqteyi-nəzərindən kifayət qədər həssas məqamların olmasına baxmayaraq, Azərbaycan dini və milli tolerantlıq baxımından qonşu dövlətlər sırasında liderlik edir. Ölkəmizdə müxtəlif dinlərin daşıyıcısı olan millətlər yaşayır. Bununla belə, Azərbaycanda bütün dini və milli toplumlara tarixən tolerant münasibət bəslənilib. Tolerantlıq hər kəsin fərqli düşüncə və baxışlarına - bu, sənin baxışlarınla ziddiyyət təşkil etsə belə - dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir.

Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik və dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib desək, yanılmarıq. Ölkəmizdə heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub.
Azərbaycanda yaşayan hər kəsin dini etiqad azadlığı var. Təsadüfi deyil ki, ölkəmizdə indiyədək 321 islam, 31 qeyri-islami təmayüllü dini icma dövlət qeydiyyatından keçib. Qeyri-islami təmayüllü dini icmaların 20-si xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi, 1-i isə krişnalığı təmsil edir.

Dini tolerantlığın universal modeli

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun fikrincə, Azərbaycanda dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir: «Bu, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir. Müasir dünyada gedən proseslərin fonunda müxtəlif dinlərə mənsub insanların qarşılıqlı anlaşması və tolerantlıq mühitinin formalaşdırılmasının xüsusi rolu var. Azərbaycanda olan dinlərarası əlaqələr tolerantlığın ötəsindədir. Bu, əsrlərdən bəri formalaşan köklü bir ənənədir».
Azərbaycanı dini tolerantlığın universal modeli hesab edən komitə sədrinin sözlərinə görə, hazırkı dünyamızda tolerantlıq nadir tapıntıdır və biz onu sahib olduğumuz neft və qaz ehtiyatlarından daha zəngin sərvət hesab edirik: «Çünki neft digər yerlərdə mövcud olduğu halda tolerantlıq unikal bir dəyərdir. Hələ XVI əsrdə ölkəmizdə buraya ticarətə gələn hindlilərin dini ayinlərini icra etməsi üçün atəşpərəst məbədinin tikintisinə icazə verilib. İndi də bizdə bütün dinlərin ibadət evləri mövcuddur. Azərbaycan İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət nümunəsidir. Lakin dünyəvi dövlət olmasına baxmayaraq, ibadət yerlərinin tikintisinə dəstək verir. Ölkəmizdə Ramazan və Qurban kimi dini bayramlar rəsmi bayramlar olaraq qeyd edilir. Biz bununla dövlət və din arasında gerçək balansı reallaşdırmağa nail olmuşuq».

Başqa dinlərə dözümlülük İslam dəyərlərinin xüsusiyyətidir

İlahiyyatçı alim Vasim Məmmədəliyev dini tolerantlığın yaranmasının əsas səbəbini Azərbaycan xalqının dini siyasətə alət etmək istəyinin olmamasında görür: «Dünyada müsəlman dövləti kimi tanınan Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, yəhudilik və qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Həmçinin burada ənənəvi dini bağlılıqları olmayan toplumlar, məsələn, qaraçılar da yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət heç vaxt göstərilməyib. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir».
Millət vəkili, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva isə ölkəmizdə mövcud olan müxtəlif dini konfessiyaların liderlərinin dostluğunun hər şeyi sübut etdiyini düşünür. Onun sözlərinə görə, Azərbaycanda fərqli dinlərin daşıyıcıları tarixən dinc-yanaşı yaşayıblar və bu ənənə indi də davam edir: «Bunun üçün dövlət səviyyəsində də lazımi şərait yaradılır. Ölkəmizdə əsasən üç dini konfessiya fəaliyyət göstərir. Bu, müsəlman, xristian və yəhudi təşkilatlarıdır. Biz bütün tədbirlərdə bu üç konfessiyanın dini liderlərinin birgə fəaliyyətinin şahidi oluruq. Onlar öz dostluqları ilə də bir daha ölkəmizdə mövcud olan dini dözümlülüyü həm cəmiyyətə, həm də dünya ictimaiyyətinə çatdırırlar. Ümumiyyətlə, Azərbaycanda dini zəmində qarşıdurma, münaqişə heç vaxt müşahidə olunmayıb. Bu münasibət indi də davam edir».

Rus icması özünü Azərbaycan cəmiyyətindən ayıra bilməz

Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelinin sözlərinə görə, Azərbaycanda yaşayan digər xalqlar milliyyət baxımından fərqləndirilmir. Özlərinə qarşı hər zaman isti münasibətin şahidi olduğunu deyən icma rəhbəri qeyd etdi ki, bu gün ruslar Azərbaycandakı ən çoxsaylı milli azlıqlardan biridir: «Hazırda Azərbaycanda 150 min nəfərə yaxın rus yaşayır. Rus icması respublikanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında yaxından iştirak edir, dövlət qurumlarında, icra orqanlarında, parlamentdə təmsil olunur. Rus icmasının təşkilatlanması 1993-cü ildə başlanıb. Azərbaycan Rus İcmasını təşkilat olaraq yaratmaqda məqsədimiz buradakı rus əhalisinin müstəqil Azərbaycanın yeni həyatına uyğunlaşmasına kömək etmək idi. Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndən sonra ilk dəfə olaraq 1994-cü ilin yanvarında bizim keçirdiyimiz Milad bayramı konsertində iştirak etdi. O, insanların qarşısında çıxış edərək dedi: «Mən Azərbaycan Prezidenti kimi sizin hüquqlarınızın müdafiəsinin qarantıyam. Heç yerə getməyin və hesab edin ki, bura sizin vətəninizdir». Ruslar bu dəyərli sözlərə inandılar və Azərbaycanda qaldılar».
Mixail Zabelin deyir ki, indi Azərbaycan Rus İcması təşkilati cəhətdən möhkəmlənərək respublikada müəyyən nüfuz qazanıb. İcmanın fəaliyyətində Rusiya Mədəniyyət Mərkəzinin xüsusi yeri var: «Mərkəzdə mədəni fəaliyyət üçün hər cür şərait yaradılıb. Bunun üçün Azərbaycan dövlətinə minnətdarıq. Rus icması özünü Azərbaycan cəmiyyətindən ayıra bilməz. Biz bu xalqın bir hissəsiyik. Azərbaycan xalqı rus xalqına yaxındır. Qonaqpərvərlik, xoş rəftar, başqa xalqların nümayəndələrinə hörmətlə yanaşma - bunlar bizi birləşdirən ümumi oxşarlıqlardır. Azərbaycan xalqının gözəl bayramları burada doğulan, böyüyüb boya-başa çatan rusların qanına hopub. Bizim bayramlarımız heç vaxt milli mahnı və rəqs ifa edilmədən keçirilmir».

Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə yüksəlib

Azərbaycanı özlərinə ikinci vətən seçmiş, uzun illər ərzində bu torpaqda yerli əhali ilə dinc şəraitdə, anlaşma içində yaşamış xalqlardan biri də yəhudilərdir. Ölkəmizdə yəhudi icmasının tarixi eramızdan əvvələ gedib çıxır. Bu böyük tarix özlüyündə Azərbaycanda müxtəlif millətlərin, dinlərin təmsilçilərinə necə tolerant münasibət bəsləndiyinin göstəricisidir.
Bu gün Bakıda, eləcə də Qubada, Qusarda, Zaqatalada və başqa rayonlarda 20 mindən çox yəhudi yaşayır. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı Qəsəbə (Krasnaya Slobada) təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Üç əsrdir, yəhudilər bu qəsəbədə yaşayırlar. Onların yerli əhaliyə qaynayıb-qarışması qarşılıqlı isti münasibətdən irəli gəlib. Təsadüfi deyil ki, Azərbaycanda məskunlaşan yəhudilər yerli xalqın onlara xoşməramlı münasibətinə cavab olaraq öz növbələrində ölkəmizin mədəniyyətinə, incəsənətinə, səhiyyə və ictimai-siyasi həyatına öz töhfələrini verərək əhəmiyyətli xidmətlər göstəriblər. İsrail dövləti də Azərbaycanın müstəqilliyini birincilər sırasında (dekabr 1991) tanıyıb və beynəlxalq müstəvidə ölkəmizlə yaxın tərəfdaşdır.
Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Semyon İxiilovun sözlərinə görə, bu gün azərbaycanlılarla yəhudilər elə bir dostluq və mehribanlıq içində yaşayırlar ki, əslində bunu xalqlararası münasibət kimi təqdim etmək düzgün olmazdı: «Çünki biz özümüzü azərbaycanlı hesab edirik. Təsadüfi deyil ki, bizə Azərbaycan yəhudiləri deyirlər. Görün, Azərbaycanda nə qədər millətlərin nümayəndələri var. Onların hamısı bərabərhüquqlu vətəndaşlardır və çoxmillətli ailə kimi bir yerdə yaşayırlar. Tolerantlıq Azərbaycan xalqının daxilindən gəlir. Azərbaycan İslam ölkəsidir və əhalisinin çox hissəsini müsəlmanlar təşkil edir. Amma bizim sinaqoqa bütün millətlərin nümayəndələri gəlir. Azərbaycana səfər edən digər dövlətlərin nümayəndələri bunu görəndə çox təəccüblənirlər. Bir dəfə Almaniyanın Azərbaycanda olan səfirlərindən biri dedi ki, Azərbaycan bütün dünyaya təkcə neft yox, həm də tolerantlıq ixrac edir. Bu doğrudan da belədir».
Hazırda Azərbaycanda üç yəhudi icması fəaliyyət göstərir: dağ yəhudiləri, gürcü və aşkenazi, yəni Avropa yəhudiləri. Onların hər birinin öz sinaqoqları var. Ümumilikdə, Azərbaycanda fəaliyyətdə olan 5 sinaqoqdan 2-si Bakıda, 2-si Qırmızı Qəsəbədə, 1-i isə Oğuzda yerləşir. Respublikamızda iki yəhudi məktəbi, kollec, uşaq bağçaları və dini məktəb fəaliyyət göstərir. 1993-cü ildə Bakı Dövlət Universitetində ivrit dili fakültəsi açılıb, ivrit dilində qəzet və jurnal çap olunur.
S.İxiilov deyir ki, yəhudilər Azərbaycanda heç vaxt hər hansı təqibə məruz qalmayıblar. Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə yüksəlib: «Məhz buna görə yəhudi icması ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hörmətli dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu tam dəstəkləyir».

* * *
Qeyd edək ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramları münasibətilə təbrik edir.
Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsiplərinə əsaslanır. Ötən ilin dekabrında Bakıda keçirilən «Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi» I Beynəlxalq Bakı Forumu bir daha göstərdi ki, Azərbaycan nümunəvi tolerantlıq modeli olaraq nəinki yerləşdiyi regionda, eləcə də bütün dünyada tanınır.

Fəxriyyə Abdullayeva

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar