Azərbaycan Respublikasının qlobal informasiya mühitinə daxil olması, ölkəmizdə informasiya cəmiyyətinin formalaşması, informasiya resurslarını qoruyan və cəmiyyətin informasiya təminatını həyata keçirən kitabxanaların fəaliyyətində əsaslı islahatların aparılmasını zəruri etmişdir. Qlobal cəmiyyət mühitində kitabxanaların həm də informasiya məkanı funksiyası daşıması, bu mədəniyyət ocaqlarının üzərinə yeni vəzifələr qoyur. Heç şübhəsiz ki, kitabxanaların uğurlu fəaliyyəti hər bir kitabxanaçının fərdi qabiliyyəti, təhsil səviyyəsi və fədakar əməyi sayəsində mümkün ola bilər.
   
   Ölkəmizdə informasiya və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə mühüm vəzifələr düşür. Kitabxanalar əhalinin bütün təbəqələrinə ödənişsiz informasiya xidməti göstərən sosial institutdur. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir. Kitabxana-informasiya şəbəkəsinin inkişafı, əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradır.
   Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə 3500-ə yaxın kitabxana və filial daxildir. Onların inkişafına xüsusi önəm verilir. Dövlət Proqramı (2008-2013-cü illər) imzalandıqdan sonra kitabxana-informasiya sahəsinə dövlət büdcəsindən 2009-cu ildə 1 milyon 159,4 min manat, 2010-cu ildə 1 milyon 026,7 min manat və 2011-ci ildə isə 1 milyon 002,4 min manat vəsait ayrılmışdır.
   Bu gün ölkə kitabxanalarının fondlarında 35 milyon nüsxədən çox kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları saxlanılır və oxucuların istifadəsinə verilir. Əlifba islahatları aparıldıqdan sonra kitabxanaların qarşısında duran əsas problem kitabxana fondlarını yeni latın qrafikalı nəşrlərlə komplektləşdirmək olmuşdur. Bir sıra şəhər və rayonlarda - Gəncə və Sumqayıtda, Goranboy, Astara, Beyləqan, Füzuli, Masallı, Salyanda bu iş uğurla həyata keçirilir. Son 5-6 il ərzində dövlətin mədəniyyət siyasətinə uyğun olaraq nəşr edilən və ölkə kitabxanalarına əvəzsiz olaraq verilən latın qrafikalı kitabları xüsusi qeyd etmək istərdim. Nazirliyin nəşr layihəsi çərçivəsində son 5 ildə 250 addan çox kitab işıq üzü görmüşdür.
   Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, iqtisadi sahədə qazanılan uğurlar, əhalinin həyat səviyyəsinin yaxşılaşması mədəniyyətin bir hissəsi olan kitabxanaların da qarşısında yeni imkanlar açmışdır. İndiki şəraitdə kitabxanalar oxucuların cəlb edilməsi, əhalinin mütaliə marağının artırılması və itirilmiş oxucu auditoriyasının yenidən qazanılması istiqamətində ciddi işlər aparmalıdırlar. Nazirliyin təşəbbüsü ilə hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ilə bağlı respublikanın şəhər, rayon kitabxanaları tərəfindən “Kitab bayramları”nın keçirilməsi təqdirəlayiq haldır. Bu tədbirlər Quba, Qax, Neftçala, Qusar, Şabran, Ucar, Ağdaş rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində geniş şəkildə keçirilir.
   Kitabxana-informasiya şəbəkəsinin informasiyalaşdırılması, elektron kataloq və elektron kitabxanaların yaradılması, veb-saytların təşkili və resursların internetə çıxarılması istiqamətində də bir sıra işlər həyata keçirilmişdir. Nazirlik tərəfindən kitabxanaların avtomatlaşdırılması məsələlərinə xüsusi önəm verilmiş və bu məqsədlə 2009 və 2010-cu illər “Kitabxanaların avtomatlaşdırılması ili” elan edilmişdir. Artıq respublikanın bütün şəhər və rayon mərkəzi kitabxanalarının saytları yaradılmış və internet şəbəkəsinə çıxarılmışdır. Sumqayıt və Gəncə şəhərlərində nümunəvi elektron kataloqlar yaradılmışdır. Beyləqan, Bərdə, Şabran, Füzuli, Hacıqabul, Xaçmaz, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Masallı, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zaqatala və s. rayonlarda elektron kataloqlar surətlə yaradılır.
   Bu sahədə əsas problem kimi yerlərdə kitabxanaların kompyuterlə, internetlə təminatının zəif olmasıdır. Əksər şəhər, kənd və qəsəbə kitabxana filiallarında kompyuter, telefon xətti və internet yoxdur. Bundan başqa, respublikanın şəhər, rayon MKS-lərinin xərclər smetalarının təhlili zamanı məlum olmuşdur ki, əksər MKS-lərə internet xərcləri maddəsi üzrə vəsait ümumiyyətlə ayrılmamışdır. Bu isə XXI əsrdə Azərbaycan kitabxanalarının öz işlərini müasir səviyyədə qurmaq və öz resurslarını qlobal internet şəbəkəsinə çıxarmaq imkanlarını məhdudlaşdırır.
   Kitabxanaların maddi-texniki təminatının yaxşılaşdırılması, oxucuların informasiya tələbatının müasir səviyyədə təşkili nazirliyin qarşısında prioritet məsələ olaraq qalmışdır. Xaçmaz rayon Uşaq və Gənclər Kitabxanası, Şabran rayon Kitabxana-Multimedia Mərkəzi, Abşeron rayon MKS-nin Fatmayi kənd kitabxana filialı üçün yeni binalar inşa olunmuş və oxucuların istifadəsinə verilmişdir. Masallı rayonunda gəncər üçün multimedia mərkəzi yaradılmışdır.
   İşğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının bərpasını təmin etmək məqsədilə Füzuli rayonunda Mahmudlu-1 kəndində yerləşən rayon Mərkəzi Kitabxanası şəraiti daha yaxşı və müasir səviyyədə inşa edilən I Zobucuq kəndinə, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon Mərkəzi Kitabxanası daha geniş və şəraiti yaxşı olan yeni binaya köçürülmüşdür.
   Xocavənd rayon Mərkəzi Kitabxanasının müvəqqəti olaraq xocavəndlilərin kompakt yerləşdiyi Beyləqan rayonunda, Cəbrayıl rayon Mərkəzi Kitabxanasının isə Biləsuvar rayonunda fəaliyyətləri bərpa edilmiş, şuşalılar, xocalılılar, ağdamlıların, füzulililər üçün yeni salınmış qəsəbələrdə kitabxana filialları üçün sahələr ayrılmış və onlar öz oxucularına xidmət etməyə başlamışlar.
   Bundan başqa, Yevlax, Şəki, Sumqayıt şəhər mərkəzi kitabxanaları əsaslı təmir edilmiş, modernləşdirilmiş, müasir inventar və avadanlıqla təchiz edilmişdir. Lakin bununla belə respublikanın əksər şəhər, qəsəbə, kənd kitabxana filialları üçün yeni binaların inşa olunmasına, mövcud binaların əsaslı təmirinə ciddi ehtiyac vardır. Bununla əlaqədar Abşeron, Ağdaş, Şabran, Ağstafa rayon mərkəzi kitabxanalarını, habelə Balakən, Qax, Şəki, Samux, Sabirabad, Tərtər, Tovuz, Saatlı, Daşkəsən, Gədəbəy, Göygöl kənd kitabxana filiallarını qeyd etmək lazımdır. Aparılmış təhlil göstərir ki, respublikanın şəhər, qəsəbə, kənd kitabxana filiallalarının 70 faizi müasir tələblərə cavab vermir, Siyəzən, Şəmkir, Ağcabədi rayon mərkəzi kitabxanalarının yerləşdiyi binalar isə qəza vəziyyətindədir.
   Qeyd etməliyik ki, şəhər, rayon MKS-lərinə xarici ezamiyyələr üzrə maliyyə vəsaiti ayrılmaması səbəbindən kitabxanaçılar yalnız nazirliyin maliyyə vəsaiti ilə xarici ezamiyyələrə göndərilir. Hesab edirik ki, gələcəkdə bu məsələyə bir daha baxılmalı, ilkin olaraq respublika əhəmiyyətli böyük şəhərlərin MKS-lərinə xarici ezamiyyələr üçün vəsait ayrılmalıdır.
   İslahatlar aparılana qədər nazirliyin kitabxana-informasiya şəbəkəsində 4300-ə yaxın kitabxana filialı mövcud olmuşdursa, islahatlardan sonra bu göstərici 3500-ə enmişdir. Lakin onu da qeyd etmək istərdim ki, respublikanın bir sıra şəhər və rayonlarında bu islahatlar aparılmamışdır. İndiyədək Sabirabad, Samux, Gədəbəy, Daşkəsən, Goranboy, Saatlı, Qax, Zaqatala rayonlarında və Yevlax şəhərində kitabxana filiallarının birləşdirilməsi layihəsinin icrası ləngiyir.
   Bu gün Gəncə, Sumqayıt, Ağstafa, Quba, Masallı, Astara, Ağdaş, Kürdəmir, Bərdə, Qazax, Xaçmaz, Ucar, Şamaxı, Qusar, Füzuli, Ağsu kitabxanaları fəaliyyət növləri və metodlarına görə fərqlənirlər. Buna baxmayaraq, bir sıra kitabxanaların işində problemlər mövcuddur. Onların arasında Mingəçevir, Naftalan, Şuşa, Yardımlı, Gədəbəy, Abşeron, Biləsuvar kitabxanalarını qeyd etmək olar. Kitabxanaların fəaliyyətini yaxşılaşdırmaq üçün Beyləqan, Füzuli, Neftçala, Ucar, İsmayıllı, Quba, Xaçmaz, Salyan və başqa rayonlarda 2012-ci il “Kitabxanalar ili” elan edilmiş, sözügedən rayon kitabxanalarında kitabxana-informasiya sahəsinə dair təşəbbüslər, layihələr həyata keçirilmişdir.
   Azərbaycan kitabxanaları müasir oxucunun tələbatına cavab vermək üçün öz fəaliyyələrini köklü surətdə dəyişdirməli, əhalinin informasiya tələbatını tam ödəmək imkanında olmalı, informasiya cəmiyyətinin qurulması işində dövlətimizin ən yaxşı köməkçisinə çevrilməlidir.
   
   Lətifə Məmmədova,
   Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar