XX əsrin ən böyük şəxsiyyətlərindən biri, xalqımızın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti tariximizin möhtəşəm səhifəsini təşkil edir. Ulu öndərimizin SSRİ dövründə və müstəqillik illərində Azərbaycana rəhbərliyi hər şeydən əvvəl xalqımızın, dövlətçiliyimizin uğurudur. Onun respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə Azərbaycan hərtərəfli inkişaf səviyyəsinə görə keçmiş SSRİ-də ön sıralara çıxmışdı. 1993-cü ildə hakimiyyətə qayıdan böyük siyasətçi Azərbaycanı vətəndaş müharibəsindən, bir xalq kimi məhv olmaq təhlükəsindən xilas etdi, ölkəmiz müstəqilliyini möhkəmləndirərək dünya birliyində layiqli yer tutdu.
   Zəngin milli-mənəvi dəyərlərimizdən bəhrələnən qədim Azərbaycan mədəniyyəti 20-ci əsrdə misilsiz inkişaf yolu keçib. Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, təbliğində, dünya miqyasında tanıdılmasında ulu öndərimizin tarixi xidmətlərini hər zaman minnətdarlıqla yad edirik. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar.
   Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə bağlılıq ulu öndərin fitri istedadından, yaradıcı təbiətindən qaynaqlanırdı. Uşaqlıqdan mehrini incəsənətə salan, qurub-yaratmaq eşqilə ali təhsilini memarlıq fakültəsində davam etdirən Heydər Əliyev Allah vergisi, gözəllik duyumu və fəhmi ilə əsl sənəti qiymətləndirməyi bacarır, hər hansı sənət əsərinə bir sənətkar kimi yanaşırdı.
   Onun mədəniyyət işçiləri ilə hər görüşü əlamətdar hadisə idi. Belə görüşlərdən hədsiz mənəvi zövq alan Heydər Əliyev deyirdi: “Xalqımızın incəsənət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”.
   Ulu öndər xalqımızın görkəmli şəxsiyyətlərindən Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Niyazinin və başqalarının ev-muzeylərinin yaradılmasının təşəbbüskarıdır. Onun təşəbbüsü ilə bölgələrimizdə yaradılan tarix-diyarşünaslıq muzeyləri zəngin keçmişimizin, mədəniyyətimizin bugünkü nəslə, ölkəmizə ayaq basan qonaqlara, bütövlükdə dünyaya daha geniş tanıdılmasına müstəsna töhfə oldu. Bu gün bu muzey ocaqları tarixi irsimizin qorunmasında, böyüməkdə olan nəsillərin milli-mənəvi ənənələrimiz ruhunda tərbiyə almasında böyük rol oynayır.
   
   Brilyand Məlikova,
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar