Bu yanlışlıq naxış deyil
   
   Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli dramaturq, nasir və mətbuat xadimi Cəlil Məmmədquluzadənin doğum tarixi ilə bağlı hələ də saytlarda müxtəlif rəqəmlər göstərilir.
   
   Bu unudulmaz ədəbi sima ilə əlaqədar qələmə alınan yazılarda və nəşr edilən bəzi kitablarda yenə də dolaşıqlığa yol verilir. Mirzə Cəlilin internetdə yerləşdirilmiş vikipediyasında doğum tarixi yanlış göstərilib. Qəzetlərdə təvəllüdü ilə bağlı uyğunsuzluq diqqət çəkir.
   Halbuki akademik İsa Həbibbəyli həm mətbuat səhifələrində, həm də «Cəlil Məmmədquluzadə» adlı tanıtma kitabında sənədlər əsasında unudulmaz ədibin dəqiq doğum tarixini göstərib. Bu diqqətli araşdırmadan sonra orta və ali məktəb dərsliklərində Mirzə Cəlilin bioqrafiyası ilə əlaqədar məlumatlarda da yeniləşmə aparılıb. Belə ki, əvvəllər onun doğum tarixi 1866-cı il göstərilirdisə, indi 1869-cu il yazılır. Sayt və müxtəlif qəzet səhifələrində yanlışlıqlar isə qalmaqdadır. Məsələn, bir məlumatda Mirzə Cəlilin 10 fevral 1869-cu ildə, digərində isə 22 fevral 1869-cu ildə göstərilir. Eləcə də doğulduğu yer haqqında da məlumat düzgün verilmir. Bəziləri Mirzə Cəlilin Nehrəm kəndində, bəziləri Noraşendə doğulduğunu yazırlar. İsa Həbibbəyli adıçəkilən kitabda göstərir: «Mirzə Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Azərbaycanın qədim mərkəzlərindən sayılan Naxçıvan şəhərində anadan olmuşdur». Məlumdur ki, o dövrdə ədibin atası Məmmədqulu kişi Naxçıvandakı duz mədənində gözətçi işləyirdi. Bu səbəbdən də ailə qədim şəhərin Şahab məhəlləsində yaşayırdı. Elə ədib də dünyaya gözünü bu məhəllədə açıb, ilk təhsilini də mollaxanada alıb, ərəb və fars dillərini öyrənib, Şərq tarixi və ədəbiyyatı haqqında müəyyən məlumatlara malik olub.
   Cəlil Məmmədquluzadənin doğum tarixində yanlışlığa səbəb isə onun təhsili ilə əlaqədardır. Belə ki, atası Məmmədqulu kişi oğlunu Qori Müəllimlər Seminariyasında oxutmaq arzusu ilə 1880-ci ildə həmin məktəbin direktorunun adına ərizə yazaraq oğlunun 11 yaşında olduğunu qeyd edib. Amma Cəlil Məmmədquluzadənin yaşı çatmadığından atası sonradan yazdığı ərizədə oğlunun yaşını üç il artırmağa məcbur olub. Maraqlıdır ki, hər iki ərizə Gürcüstan Dövlət Xalq Maarifi Muzeyinin Fondunda saxlanılır. Bu ərizələrdən xəbəri olmayan Əziz Şərif isə Mirzə Cəlillə bağlı yazdığı yazılarda 1866-cı il tarixinə istinad edib. Elə ədəbiyyatşünaslar da uzun müddət yalnız bu rəqəmi təkrar ediblər. Aparılan araşdırmalar isə göstərib ki, bu tarix ədibin özünün tərcümeyi-hal qeydlərinə və arxiv sənədlərinə uyğun gəlmir. Bu şübhələrə görə də yenidən tədqiqatlar aparıldı. Nəhayət, sənədlər tapıldıqdan sonra ədibin doğum tarixi 1869-cu il kimi dəqiqləşdirildi.
   İsa Həbibbəyli göstərir ki, Cəlil Məmmədquluzadənin Tiflisdə aldığı pasportda da, hətta öz əli ilə tərtib etdiyi şəxsi anket vərəqəsində, habelə vəfatı ilə əlaqədar verilən nekroloqda da 1869-cu il öz əksini tapıb. Bütün bunlardan sonra mətbuat işçilərinin - istər yazılı, istərsə də elektron KİV-lərdə çalışanların səhvə yol verməsi bağışlanmazdır.
   Bir məsələni də oxucuların diqqətinə çatdıraq ki, Prezident İlham Əliyev 2009-cu ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar sərəncam imzalamışdır. Bu sərəncama əsasən görkəmli ədibin yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Bütün bunlardan sonra da bu unudulmaz şəxsiyyətlə bağlı yazı qələmə alanların, kitab hazırlayanların, saytlarda material yerləşdirənlərin səhvə yol vermələrini anlamaq olmur.
   Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixinə milli yazıçı, böyük demokrat ədib, ustad kimi daxil olub. Ömrü boyu dilimizi korlayanlara qarşı mübarizə aparıb. Mücadiləsinin bir məqsədi olub: «Vətən, Vətən, Vətən! Dil, dil, dil! Millət, millət, millət!» Bütün bəlalardan nicat yolunu da bu üç müqəddəs kəlmənin varlığında, vəhdətində görüb. Ona görə də Mirzə Cəlildən yazanda diqqətli olmalıyıq. Yerinə düşməyən sözümüz, düzgün işlədilməyən kəlməmiz olmasın. Üstəlik də, belə bir parlaq qələm sahibinin doğum tarixində - günündə, ayında, ilində səhvə yol vermək bizlər üçün bağışlanmazdır! Adətən deyirlər, yanlışlıq da bir naxışdır, amma bu yanlışlıq heç də naxış deyil!
   
   Flora Xəlilzadə,
   Əməkdar jurnalist