Sevin, ey xəstə könül, mahi Ramazan gəldi,
Bu mübarək Ramazan dərdlərə dərman gəldi.
Ramazan hicri-qəməri təqvimində ayların doqquzuncusudur. Müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan eyni zamanda “on bir ayın sultanı” kimi mübarək bir adla dəyərləndirilir. Bu, müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizdə uca və müqəddəs qəbul edilən bir aydır.
Sovet hakimiyyəti dövründə İslamın başqa ayin və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar, gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə münasibət də dəyişdi. Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanununa əsasən, Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur. Xalqın milli-mənəvi dəyərlərində, mənəviyyat yaddaşında isə bu bayram əsrlərdir yaşayır.
Ramazan ayı ilə bağlı sənət və ədəbiyyat nümunələri də az deyil. Bu mövzuya aydınlıq gətirmək üçün öncə Azərbaycan Dövlət Televiziyasının “Məclisi-üns” verilişinin aparıcısı, şair, tədqiqatçı alim Ələmdar Mahirə müraciət etdik. Tədqiqatçı bildirdi ki, klassik ədəbiyyatımızda Ramazanla bağlı nümunələrə Məhəmməd Füzuli yaradıcılığında daha çox rast gəlirik: “Hamımız bilirik ki, Füzuli dindar şair olmuşdur və 22 il Kərbəlada Həzrəti İmam Hüseyn məscidində təmənnasız xidmət göstərmişdir. Ramazan ayının irfani mənası yaradılışla (xilqətlə) əlaqəni kəsib yaradanla (xaliqlə) əlaqəyə girməkdir. Bu ayda olan fəzilət heç bir ayda yoxdur. Allah-təala bu ayda rəhmət qapılarını bəndələrinə açır. Cabir Novruzun sözü ilə desək, “Azərbaycan şeirinin polad özülü, polad təməli” olan Füzulinin 295 qəzəli içərisində Ramazana həsr edilmiş iki qəzələ rast gəlmək olur”.
Həmsöhbətim deyir ki, bu qəzəllər irfani olsalar da, çox böyük mənaları əks etdirir. Qəzəlin biri belə başlayır:
Ramazan oldu, çəkib şahidi-mey pərdəyə ru,
Mey üçün cəng tutub təziyə açdı geysu.
Digər qəzəl isə xüsusi qafiyələrlə yazılıb. Həmin qəzəldə də Ramazan ayının bütün özəllikləri öz əksini tapıb. Azərbaycan ədəbiyyatında Ramazana həsr edilən şeir nümunələri içərisində bəlkə də ən böyük örnək həmin qəzəllərdir. Bu iki qəzəlində Füzuli Ramazanı rəmzləşdirib desək, yanılmarıq.
Ramazan ayını tərənnüm edən ədəbi nümunələrə klassiklərimizdən Xaqaninin, Nizaminin əsərlərində də rast gəlmək mümkündür. XII əsrdə Nizami deyirdi:
Yenə tövbə evimi eşq xərab etmədədir,
Aşıq iftarını sevda meyi-nab etmədədir.
Sözsüz ki, bu sətirdə şair Ramazan ayına işarə edərək bir növ fikri əlaqələndirmişdir. Xətai, Qazi Bürhanəddin və digərlərinin yaradıcılığında da Ramazan ayı ilə bağlı nümunələrə rast gəlmək mümkündür. Adlarını qeyd etdiyimiz şairlərin yaradıcılıqlarında ramazanla bağlı rast gəldiyimiz fikirlərdən biri də budur ki, Ramazan ayında bir illət var. Yəni bu ayda iki növ oruc tutanlara rast gəlmək olur. Bunların bir qismi oruc tutaraq hal sahibi olanlar (yəni bundan zövq alanlar), digər qismi isə hal tapmayanlardır. Birinci qisim orucluğun uzanmasını istəyər, ikinci qisim isə tez bitməsini. Orucluğun hikməti də bundadır ki, 30 günü sayırsan, amma ay sona çatanda bitdiyinə heyfsilənirsən. Bu mənada rast gəldiyimiz beytlərdən birində Ramazanın bitməməsini arzulayan müəllif belə yazır:
Tuta bilsəydim, su içməzdim, qılardım dəfini
Ruzənin ki, anbaan xurşidimə eylər rəva.
Tədiqiatçı alim qeyd edir ki, müasir dövrdə əruzda yazan şairlər arasında bu mövzuya müraciət edənlər çoxdur. Ədəbiyyatımızda əlinə qələm alan, əruzda yazan şairlərin yaradıcılığında bütöv qəzəllə yanaşı, beytlərə də rast gəlinir.
Onu da qeyd edək ki, Hacı Ələmdar Mahirin özünün yazdığı əsərlər sırasında Ramazana həsr edilmiş və dilinin səlisliyi, sadəliyi ilə seçilən “Ramazan gəldi” adlı qəzəl də geniş oxucu kütləsi tərəfindən rəğbətlə qəbul edilib:
Sevin, ey xəstə könül, mahi Ramazan gəldi,
Bu mübarək Ramazan dərdlərə dərman gəldi.
Yenə öz süfrəsin açmış bu mübarək gündə,
Yenə həllaqi cahandan yerə ehsan gəldi.
Filologiya elmləri doktoru Vüqar Əhməd də mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə, klassik ədəbiyyatda Makulu Pənahinin, Xiyabaninin yaradıcılığında, H.Sarabskinin “Köhnə Bakı” əsərində, Mövlud Süleymanlının əsərlərində Ramazanla bağlı səhifələrə rast gəlmək mümkündür. Mirzə Ələkbər Sabirin:
Tutdum orucu irəmazanda.
Qaldı iki gözlərim qazanda.
Mollam da döyür yazı yazanda,
- misralarıdır ki, satirik formada deyilsə də, xalqın dilində əzbər olan nümunədir.
Onu da qeyd edək ki, Vüqar Əhməd “Mübarək Ramazan” şeirinin müəllifidir və bu şeirə Yaşar Cahid tərəfindən mahnı da bəstələnib.
Muğamlarımız üzərində Ramazan bayramını tərənnüm edən qəzəllərin söylənməsi də diqqətdən kənarda qalmamalıdır. Milli Konservatoriyanın muğam şöbəsinin müəllimi, xanəndə Aqil Məlikov bu barədə söhbətimiz zamanı bildirdi ki, İslamda musiqinin xüsusi yeri var: “Əlbəttə ki, əgər yazılan əsər mənəviyyata xidmət edirsə, ədəb-ərkan aşılayırsa, niyə də səslənməsin. Dini-ruhani musiqilərdə hədəf insanın kamilləşməsi və mənəvi saflaşmasına xidmətdən ibarətdir. Bir neçə il əvvəl Yaşar Cahidin Vüqar Əhmədin sözlərinə bəstələdiyi “Mübarək Ramazan” adlı mahnını ifa etdik. Sözlər heca vəznində, nəsihətamiz ruhda yazılmışdı. Məncə, burada əsas məqsəd zəmanənin, mühitin nəbzini tutmaq və Ramazanın fəlsəfəsini insanlara çatdıra bilməkdir. Musiqini bəstələyəndə də bu fəlsəfəni qoruyub saxlamağı bacarmaq lazımdır. Mənəvi keyfiyyətləri yaratmaqdan ötrü min illər tələb olunur, onları dağıtmağa isə üç-beş gün yetərlidir. Buna görə də Ramazanla bağlı musiqiləri dinləyəndə də, bəstələyəndə də çalışmaq lazımdır ki, dinləyici onu qavraya bilsin. Həzrət Əli buyurmuşdur ki, “Hər kəs öz zəmanəsinin övladıdır”. Zəmanənin nəbzini tuta bilən, eyni zamanda, Ramazanın özəlliyini çatdıra bilən əsərlər ərsəyə gəlməlidir. Müəyyən musiqi janrları var ki, bunlar insanı Allah məqamına yetişdirmək üçündür. Məncə, Ramazan bayramına həsr edilən musiqilər də buna xidmət etməlidir”.
Aşıq yaradıcılığında da Ramazanın tərənnümünə yer ayrılıb. Tanınmış folklorşünas alim, professor Məhərrəm Qasımlı bizimlə söhbətində bildirdi ki, sovet dövründə həmin nümunələr sandıqda saxlandığı üçün geniş ictimaiyyət onlarla yaxından tanış deyil. Alim onu bildirdi ki, bu mövzu ilə əlaqədar geniş araşdırma aparacaq və gəldiyi qənaəti, əldə etdiyi məlumatları bizlərlə bölüşəcək.
Filologiya üzrə fəlsəfə doktoru, sufi aşıq Fəxrəddin Salimin sözlərinə görə, müasir aşıq yaradıcılığında bu mövzuya müraciət edənlər azlıq təşkil edir. Uzun müddət kommunist rejimində yaşayan insanlar bu mövzudan kənarda qalmışlar. Aşıq Ələsgər yaradıcılığında Ramazanla bağlı sətirlərə rast gəlmək mümkündür. Onun “Dünyada” adlı şeirində bu cümlələrə rast gəlirik:
Sirat, sual qabaqdadı, nədamətdi dünyada!
Kəlməyi-şəhadət lazımdı, ölən vaxtı dünyada.
Tut orucun, qıl namazın, şükür eylə Allaha.
Qul olma dünya malına, qalacaqdı dünyada.
Ədəbiyyatdan fərqli olaraq, təsviri sənətdə Ramazan mövzusuna az rast gəlinir. Ötən əsrin əvvəllərinə nəzər salsaq, təkcə Əzim Əzimzadə yaradıcılığında bu mövzuda bir nümunəni qeyd etmək olar. Rəssam tərəfindən çəkilmiş “Varlı evində Ramazan bayramı” (kağız, akvarel, tuş) adlı əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamlıq sənətində Ramazanın tərənnümü haqqında danışarkən 2006-cı ildə keçirilən “Bayramdan bayrama” adlı sərgisində ilk dəfə bu mövzuya müraciət edildiyini söylədi: “Ramazan bayramına həsr edilən bu sərgidə rəngkarlıq və qrafika əsərləri nümayiş etdirilirdi. Uzun illərin fasiləsindən sonra Asim Səmədovun “Ayla danışan qız”, Məmməd Səfəroğlunun “Axşam”, “Zülfiqar”, Nağdəli Xəlilovun “İslam işığı”, Faiq Əkbərovun “Niyyət ağacı ilə avtoportret”, Eldar Mikayılzadənin “On dörd məsum”, “12 imam”, “Namaz”, Rafael Muradovun “Sirri xuda” əsərləri geniş ictimaiyyətə təqdim olundu. Hazırda müstəqilliyimizin 22-ci ilini yaşayırıq, ölkəmizdə vicdan və din azadlığı bərqərar olub. İnanıram ki, sənət adamlarımız bu mövzuda yeni əsərlər yaradacaqlar”.
Uzun illər dinin qadağan edildiyi cəmiyyətdə az da olsa Ramazanla bağlı nümunələr yaradılaraq yaşadılmışdır. Mövzu çərçivəsində əldə edə bildiyimiz məlumatlarla sizləri də tanış etmək istədik. Nəsillər bir-birini əvəz edəcək, bəlkə də nə vaxtsa Ramazan bayramına həsr edilmiş ən möhtəşəm bəstə, şeir və rəsm əsəri Azərbaycan bədii sənət ustalarına məxsus olacaq...
Lalə Azəri