Bədii ədəbiyyatda “Qaçaq Kərəm” izi
   
   Əsərlərində xalq yaradıcılığı ənənələrinə söykənən və ictimaiyyət tərəfindən maraqla qarşılanan yazıçılarımız çox olub. Belə sənətkarlarımızdan biri də adı şöhrət zirvəsində tez parlayan, lakin ömrü vəfa etməyən Fərman Eyvazlıdır.
   
   Yaradıcılığının çiçəkləndiyi vaxtda dünyasını dəyişən yazıçı ədəbiyyatımızda “Qaçaq Kərəm” əsəri ilə qalıb.
   XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayan Qaçaq Kərəm xalq qəhrəmanı kimi tanınıb. Dövrün yazarları onun şəxsiyyətinə böyük maraq göstəriblər. Gürcü yazıçısı Vano Mçedlişvili “Qaçaq Kərəm” adlı pyes yazıb. Əsər 1912-ci ildə Tiflisdə tamaşaya qoyulub. 1928-ci ildə əsəri Hüseyn bəy Mirzəcamalov Azərbaycan dilinə tərcümə edib. Nəcəf bəy Vəzirov “Keçmişdə qaçaqlar” pyesini yazıb. Qaçaq Kərəm haqqında aşıqlarımız tərəfindən rəvayət və dastanlar yaradılıb.
   Bütün bunlarla yaxından tanış olan Fərman Eyvazlı el qəhrəmanının həyatını geniş təsvir edən “Qaçaq Kərəm” adlı roman yazmaq qənaətinə gəlir. Müəllif el qəhrəmanının dolğun obrazını yaratmağa müvəffəq olur...
   Yazıçı bu əsəri yazarkən Kərəm haqqında olan tarixi sənədləri, pristav və qubernatorların gizli məktublarını, xalq rəvayətlərini dərindən oxuyub və öyrənib. Romanda hər fəslin müstəqil süjet xətti var. Hər fəsildə qəhrəmanın yeni cəhətləri və xarakterinin bütövlüyü açılır. Yazıçı Kərəmin timsalında ümumiləşdirmə aparır. Onu cəsur, qorxmaz kimi göstərməklə bərabər, həm də mərdliyin simvolu kimi oxucuya təqdim edir. Əsərdə, o heç kəsə arxadan güllə atmır. Alicənablıq, kişilik onun fitrəti kimi verilir. Bu insani keyfiyyətlərinə görə xalq onu əfsanələşdirir. Hətta düşmənləri də Kərəmin mərdanəliyinə heyran olurlar. Görkəmli rus yazıçısı Maksim Qorki “Qafqazda qaçaqlar” əsərində yazır: “Kərəm haqqında eşitdiklərim o qədər əfsanələşib ki, o, hazırda sağ olsaydı, onun həqiqətən yaşamasına heç cür inanmazdım”.
   Əsərdə oxuyuruq ki, Kərəmin əsl düşməni İsrafil ağadır. Onların düşmənçiliyi əsərin əvvəlində şəxsi münasibətlərdən irəli gəlib. Müəllif çox ustalıqla bildirir ki, Kərəm cəngavərdir. Lakin onlar düşmən olsalar da əsl azərbaycanlılara xas olan mərdlik, kişilik qaydaları ilə vuruşurlar. Mərdliklə bir-birlərini məğlub etmək istəyirlər. “Zamanın iki rəngi” fəslində bütün rəislər, pristavlar və bəylər Kərəmi tutmaq üçün tədbir tökürlər. Əsas qayə də budur ki, Kərəmi xəyanətlə ələ keçirsinlər. Ancaq İsrafil ağa onlarla razılaşmır. “Kişi düşmənini pulla öldürməz. Qanı qanla yuyarlar, pulla yox” - deyir. İsrafil ağa Kərəmə qarşı düzəldilən xəyanətdə iştirak etmir.
   Fərman Eyvazlı romanda folklorumuzun təhkiyə qaydalarına həssaslıqla yanaşır, bir sıra canlı səhnələr yaradır. Kərəmin atası Molla Zal oğlu İsgəndər dəfn olunarkən atı baş götürüb meşəyə qaçır. Hərlənib sahibinin qəbrinin üstünə gəlir. Bu səhnə çox poetik şəkildə təsvir edilir. Kərəmin bacısı Gülnazın bayatısı bu səhnəni daha canlı edir.
   
   Boz at, səni öyən hanı?
   Başındakı yüyən hanı?
   Bu dünyada gün görməmiş,
   Söylə, yiyən hanı?
   
   Yazıçı Gülnazı əsər boyu izləyir. Qəlbimizdə sinəsi bayatı və ağılarla dolu mərd bir qadın canlanır. Onun yerində, vədəsində dediyi sözlər çox kəsərli və təsirli olur.
   
   Boz atım niyə getdi?
   Nə dedim, niyə getdi?
   Evdən bir arxa gedər,
   İkisi niyə getdi?
   
   Bu səhnə gözlərimiz qarşısında “Dədə Qorqud”u, Burla xatunları, mərd analarımızı, yaraqlanıb at belinə qalxan və düşmənə qılınc çəkən cəngavər gəlinlərimizi xatırladır...
   Bilirik ki, xalq həmişə mərdləri sevib. Namus üçün, el üçün çöllərə düşən igidləri qoruyub. Kərəm hara ayaq bassa, ona ehtiram göstərilir. Bu xüsusiyyətlər təkcə Kərəmə aid deyil. Əsərdə canlı şəkildə təsvir edilən Binnət koxa, Abbas bəy, İsrafil ağa mərdanə insanlardır. Əgər onlar namərd olsaydılar, Kərəmi hiylə ilə ələ keçirər, çar divanxanasına təhvil verərdilər. Onlar Kərəmlə açıq döyüşdə qarşılaşmaq istəyirlər.
   Kərəm kazakların təqibindən xilas olmaq üçün pristav Abbas bəyin darvazasını döyür. Qapını açan bəy dərin psixi sarsıntı keçirir. Ancaq dədə-babalarımızın adətinə sadiq qalır və Kərəmi ələ vermir. Qapısına pənah gətirən “qonağı” ev sahibi kimi qoruyur...
   Deyirlər, bir güllə bahar olmur. Ancaq bir gül yazın gəlişindən xəbər verir. Fərman Eyvazlı “Qaçaq Kərəm” əsəri ilə ədəbiyyatımızda dərin iz qoydu. Ömür vəfa etsəydi, daha neçə belə əsər yarada bilərdi...
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar