Tanınmış türk yazarı və rejissoru Yılmaz Erdoğanın ərsəyə gətirdiyi “Kəpənəyin yuxusu” (“Kelebeğin rüyası”) filmi bir çox xarici ölkələrdə, o cümlədən Bakıda böyük uğurla nümayiş olundu. Vaxtsız dünyasını dəyişən gənc şairlər - Rüşdü Onur (1920-1942) və Müzəffər Teyyub Uslunun (1922-1946) həyat və yaradıcılığından bəhs edən filmdə cərəyan edən hadisələr real həyat qədər təsirlidir. 
   
   Yılmaz Erdoğan müsahibələrində bu filmin bir yuxu olduğunu qeyd etmiş və 7 il davam edən uzun bir vaxtdan sonra “yuxu” reallaşmışdır. O deyir ki, şairlər öldükdən sonra onlar haqda danışmaq yuxu yozmağa bənzəyir. Hər iki şairin hamisi, dostu şair Behcət Necatın dolğun obrazını yaradan rejissor zamanı sanki geri çevirmiş, həm filmdə, həm də həyatda şairlərin adının yaşamasında, Rüşdü Onurun və həyat yoldaşının baxımsız qalan məzarlarının bərpasında böyük qeyrət hissi ilə iştirak etmişdir. Şair Behcət Necatın xatirələri əsasında yaranan film onun şeirində öz təsdiqini tapır:
   
   Bir şair yaşamışdı Zonqulakda,
   Adı Rüşdü Onurdu.
   Bilseydi hatırlanacağın
   Ölümündən sonra
   Memnun olurdu.
   
   Dünyasını dəyişən, bəzən unudulmuş istedadlı insanların ruhunu şad etməkdən gözəl, xeyirxah iş varmı? Arzuların hərəkətə gəlməsi üçün əllərimizin, ayaqlarımızın, gözlərimizin öz vəzifəsi, yolu və qibləsi var, təki maneələr olmasın. Şairlərin taleyi isə sərt zamanın gözəgörünməz daşlı-kəsəkli yollarından, kəşməkəşlərindən min əzabla keçir, qəlbi yer kürəsinin sanki vuran nəbzidir. Belə saf, duyğusal insanların qəlbini duyub yaşadıqlarını hiss etmək, onların həsrətdən saralmış yarımçıq arzularının tabutunu çiynində daşımaq məsuliyyətini hər kəs öz üzərinə götürməyə cəsarətlənməz. Bu səbəbdən Yılmaz Erdoğan səmimi etiraf edir ki, uzun müddət iki şairin keçmiş həyatına, taleyinə aktyor, rejissor, ilk növbədə həssas bir insan kimi film vasitəsilə daxil olmağa ürəklənmir.
   Aynadan qabaq gözəllərə gözəlliyini xatırlatmaq istəyən, “Heç sıkılmadan söyleye bilirim, sarışın kızlara bayıldığımı” yazan Müzəffər dostu kimi qısa ömründə məhəbbətinin vüsalını deyil, həsrət ağrısını yaşamaq öyrənir. Heyhat, Zonqulak şəhərinin kömür mədəninin zəhərli havası, ovqatı insanlara vaxtsız ölməyin acı dadını yaşadır. Şairlərin yaşıdı olan, 1923-cü ildə doğulmuş şair Özdemir Asafın bu fikirləri yadıma düşdü: “Bütün rənglər eyni surətdə çirklənirdi. Birinciliyi isə ağ rəngə verdilər”. Ağ təmizliyin, məsumluğun rəmzidir. Gənc şairlərin təmiz ciyərləri, qəlbi, ağ günləri kömür rənginə boyanır. Qara rəngin dumanında yaşıl pöhrəli arzular saralıb-solur. Təhlükə içində kömür mədənlərində çalışan adamların acı taleyi fonunda iki şairin kəpənək kimi zərif, gözəl hissləri sonda gerçək həyatın amansız həqiqətinə məğlub olur. Şair Rüşdü yazır:
   
   Ölüm talihsiz aşımda
   Ölüm kuru başımda
   Teselli benim göz yaşımda.
   
   Rüşdünü aktyor Mert Firat, Müzəffəri isə Kıvanc Tatlıtuğ məharətlə yaratmışlar. Vərəm xəstəsi olan zəif, arıq Müzəffər rolunu oynamazdan əvvəl Kıvanc Tatlıtuğ 20 kq arıqlamışdı. Filmdə qabırğaları sayılırdı, çox üzgün görünürdü. Film keçmişə açılan pəncərə idi. İki gənc şairin xoşbəxt arzularının sanki “edam” səhnələrini izləyirsən. Filmdə şair qəlbinin yaşadığı, can atdığı ünvan - ağ vərəqlər və yazı makinası ilə bağlı macəralar o dövrün maddi durumunu, mənəvi böhranlarını bir daha üzə çıxarır. Müzəffər işdən sonra gizlicə yazı makinasını əskiyə bürüyüb kirayədə qaldığı evinə aparır. Rüşdü ilə gecə yarısı qonşuları oyatmamaq üçün yazı makinasını eyvana çıxarıb çöldə şeirlərini yazırlar. Təsadüfən makina əllərindən sürüşüb yerə çırpılır. Şairlik həvəsi Müzəffərə ağır başa gəlir, yazı makinasını sındırdığı üçün işdən kənarlaşdırılır. Kasıb həyatı daha da çətinləşir. Gələn dəfə onlar şair dostları Behcətin birotaqlı mənzilində bütün gecəni şam işığında şeirlərini yazırlar. Vərəm xəstəsi olan şairlərdən təkcə Behcət və ilham pərisi yoluxmağa qorxmurdu. Onlar şairlərlə əlbir çalışır, sanki vaxtın azlığını hiss edirdilər.
   Filmdə təsirli epizodlardan biri Rüşdü Onurun vərəm xəstəsi kimi müalicə aldığı sanatoriyada baş verən hadisələrdir. Orda gələcək həyat yoldaşını, ömrünün yeganə sirdaşını tapır. İlk dəfə üzünə xoşbəxtlik qapısının açıldığını zənn edir. Fələyin işlərindən baş açmaq çətindir. Rüşdü gənclik məhəbbətinin gücünə arxalansa da, acı qismət torundan yaxa qurtara bilmir.
   Gənclər xəstəliyə, kasıblığa baxmayaraq şeir yazmaq həvəsindən uzaqlaşmır, mətbuatda çap olunan yazıları ilə özlərini göyün yeddinci qatında hiss edirlər. Bir gün onu yoluxmağa gələn Müzəffəri sevindirmək üçün Rüşdü onunla otağa daxil olur. Səliqəli, bəyaz rənglər içində gözoxşayan otaqda ağ vərəqlərlə yanaşı stolların üstünə qoyulmuş bir neçə makinanı görən Müzəffər həsrətində olduğu bu şəraitə, gözlərinə inanmır. Dərhal masa arxasına keçir, xoşbəxt barmaqları yaralı qəlbinin ağrılarını ələ düşməyən yazı makinasında bölüşməyə tələsir ...
   Rüşdü müalicə olunsa da, vərəm xəstəliyi ona aman vermir, xoşbəxt ailə sevincindən məhrum olur. Üç ay davam edən ailə həyatının sonu faciə ilə bitir. Həyat yoldaşı Mediha xəstəlikdən vəfat edir. Böyük sarsıntı keçirən Rüşdü özünə qapanır. Son günlərini yaşayan şair əlacsız qalıb son şeirlərinin fəryadını kasıb mənzilinin divarlarına yazır. Bu səhnəni izləmək çox ağırdır... Rüşdünün nəfəsi, qəlbinin döyüntüləri soyuq divarlara can verir. Sanki divar dil açıb danışırdı... Medihanın ölümündən qırx gün keçir, bir gün Rüşdünün də ürəyi ayrılıq həsrəti ilə döyünməkdən yorulur.
   Keçən əsrin birinci yarısında türk şeir dünyasında iki şair imzası ulduz kimi parladı. İkinci Dünya müharibəsinin acı təsirləri, aclıq illəri şairlərin qəlbində məhəbbətin doğulmağına çəpər ola bilmədi. Təkcə bir çəpər vardı, o da xəstəlik. Müharibədə ölkələr arasında sonda sülh müqaviləsi bağlansa da, amansız xəstəlik isə öz qurbanına ümid əvəzinə yalnız ölüm hökmü verir. Müzəffər Teyyub Uslu da dostu kimi vərəmə yoluxarkən əlləri yerdən-göydən üzülür. Sevgilisinə xəstəliyi üzündən heç vaxt qovuşmayacağını dərk edir. O da dostunun acı taleyini yaşayır. “Qan” şeirində yazır:
   
   Şöyle bir etrafıma baktım,
   Baktım ki, yaşamaq güzeldi hala
   Mesela gökyüzü
   Maviydi alabildigine
   İnsanlar dalıp gitmişti
   Kendi alemine...
   
   Gənc şair üçün nə qədər ağır bir etiraf! O hər gün, hər saat ölümə addım-addım yaxınlaşır. Həyat işığı onun gözlərində daralır.
   Deyirəm ki, o qədər öz dövründə doğulmayan istedadlı, lakin ruhən qərib insanlar olub. Əgər bir yerə toplansaydılar onların sayı nə qədər olardı? Məncə, Yer kürəsində onların sayı bir neçə min olar, ya olmaz.
   Qəribədir, bəzən istedadlı insanların yaşadığı coğrafi ərazilər müxtəlif olsa da, oxşar taleləri bir-birinə sarmaşır. Bu filmə baxarkən, gənc bəstəkarımız Asəf Zeynallının (1909-1932) qısa, mənalı ömrünü xatırlamalı oldum. Üzeyir Hacıbəylinin ilk istedadlı tələbələrindən biri, milli romans janrının banisi gənc Asəf 23 il ömür yaşamışdır. Yoxsul bir ailədən çıxmasına baxmayaraq, öz üzərində çalışmış, Azərbaycanın musiqi tarixində özünəməxsus yer qazanmışdır.
   Təəssüf ki, onun da gənclikdə məhəbbət oxu daşa dəyir. Azərbaycanın ilk şərq pianoçu qadını Kövkəb Səfərəliyeva ilə nişanlanmaq ərəfəsində Asəf yatalaq xəstəliyinə tutulub vəfat edir. Onun ən böyük arzusu kənd və rayonları qarış-qarış gəzib xalq mahnılarını toplamaq, onları nota köçürmək, gələcək simfonik əsərlərində milli folklorumuzdan bəhrələnib istifadə etmək idi. Bu arzunu reallaşdırmaq istəyi onun sağlamlığı, həyatı hesabına başa gəlir.
   1932-ci ildə son günlərini yaşayır. Əlacsızlıqdan “Bakı” simfoniyasını yatdığı xəstəxananın palatasının divarında yarımçıq da olsa yazmağa başlayır. Hər dəfə qardaşı onu yoluxmağa gələndə deyir: “Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın”.
   Bəstəkarın Cəfər Cabbarlının sözlərinə yazdığı “Ölkəm” romansı Azərbaycanın şöhrət və gözəlliyini dünyaya bir daha bəyan etmək üçün ən gözəl bir əsərdir. Bunu film vasitəsilə həyata keçirmək heç vaxt gec deyil. Asəf Zeynallının qısa həyatında nail olduğu uğurlardan, yaradıcılığından, gənclik məhəbbətindən bəhs edən film çəkmək klip çəkməkdən daha önəmli bir işdir. Məncə, milli musiqi mədəniyyətimizin inkişafında öz parlaq izini qoyan gənc sənətkarımız öz ikinci həyatını dünya ekranlarında yaşamağa layiqdir. Asəfin son əsəri - divara həkk etdiyi “Bakı” simfoniyası susmamalıdır. Divar musiqili heykəl kimi nə qədər yaşadı, kim bilir? Rüşdü Onurun divar yazıları soyuq divardan mətbuata yol açdı. Asəf Zeynallının notları divardan hara köçdü? Ruhu nigarandır... Axı, o da türk şairləri kimi xoşbəxt yolun yolçusu olmayıb, ailə, övlad sevincini yaşamayıb...
   İstedadlı qələm sahibi Yılmaz Erdoğanın ərsəyə gətirdiyi “Kelebeğin rüyası” filmi nə yaxşı ki, doğuldu, yaşadı, sevildi. Şairin dediyi kimi, “ağlaya bilmemiz üçün gülen, güle bilmeyimiz üçün ağlayan” Yılmaz Erdoğan Rüşdü və Müzəffərin onlardan yaşca böyük olan dostu, şair Behcət Necatın alicənablığını, xeyirxahlığını, vətənpərvərliyini nəinki filmdə, bir daha öz şəxsi nümunəsində bugünkü həyatda yaşatdı. Və bizi də düşündürdü... Keçmiş sənətkarlarımız dünya səviyyəsində hansı filmlərdə necə tanınır?!
   Sonda demək istəyirəm ki, kəpənək “yuxu” görsə də, o gerçək olmaz. Çünki onun öz ömrü yuxu qədər qısadır. Lakin Yılmaz Erdoğanın zərif qanadlı “kəpənəyi” dünyanı dolaşdı və tamaşaçılara onun “yuxusunu” peşəkar türk yazıçısı və rejissoru kimi yoza bildi.
   Daş heykəllərə dönən dahi sənətkarlarımızın bir çoxu filmlərdə canlanıb danışmaq, ürək sözlərini bölüşmək üçün vallah, yaman darıxıblar... Bəlkə heykəllər də yuxu görür... Kaş ki, o yuxuları biz də yoza biləydik...
   
   Zöhrə Əsgərova,
   yazıçı-publisist