“Geri dön, bir daha gəl. Hər kimsən, bundan öncə və hər nə isən, yenə gəl. İstər yüz kərə tövbə etmiş ol, istər yüz kərə pozmuş ol tövbəni. Ümidsizlik qapısı deyil bizim qapımız, necəsən, elə gəl!”
   Yüz illərdi Mövlana Cəlaləddin Ruminin ümid qapısı, söz qapısı hər kəsin üzünə açıqdı. Yüz illərdi, bu qapıya üz tutan bir daha dönmək istər, bir kərə dönən yenə dönmək istər.
   Səkkiz əsrdir, Mövlananin söz dünyası hər kəsi öz sehrinə, cazibəsinə salır. Səkkiz əsrdir, kimsə nə yorulur, nə usanır.
   1207-ci ildə Xorasanın Bəlx şəhərində dünyaya gələn Cəlaləddin Rumi Mövlana olana qədər uzun, çox uzun bir yol keçəcək, mütəfəkkir, şair, müəllim kimi insanı insana sevdirəcəkdi. 25 min beytdən ibarət “Məsnəvi”si hələ sağlığında ona böyük şöhrət qazandıracaq, müasirləri onun barəsində “peyğəmbər deyil, amma kitabı var” deyəcəkdilər. Oxunan kitab da elə “Məsnəvi” olacaqdı. 30 min beytdən ibarət “Divan-i Kəbr” əsəri də “Məsnəvi” kimi Şərqi dünyaya tanıdacaq və səkkiz əsrin tamamında Mövlana dünyanı yenidən heyrətləndirəcəkdi.
   “Ədalət hər şeyi layiq olduğu yerə - ayaqqabını ayağa, papağı başa qoymaqdı” - deyən Mövlana haqqa, həqiqətə, ədalətə doğru yol getdikcə “Allaha məhəbbətim elmin nəticəsindədi”, - deyirdi.
   Mövlana həyatı, yaşam tərzi, düşüncəsi, təfəkkürüylə elə möhtəşəm qaladı ki, əsrlər adladıqca söz səltənəti nə tükənər, nə azalar. Mövlana elə bir nurdu ki, işığı hər kəsə yetər.
   “Ya olduğun kimi görün, ya göründüyün kimi ol!”. Ucalıqda olan Mövlana insanı layiq olduğu ucalıqda görürdü. İnsanlığın yolu Mövlanaya doğrudu. Çünki Mövlananın yolu “ən böyük həqiqət” dediyi bilik, təfəkkür, sənət və eşq yolu ilə Allaha qovuşmaq istəyənlərin yoludu. Bu, dünyanın əbədi yoludur...
   
   Təranə Vahid






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar