Daimi gənclik, milli güvənclik, çal-çağırlı dinclik...
   
   Cümhurçularımız bu qənaətə ordumuzun yarandığı gündən - 26 iyun 1918-ci ildən xeyli əvvəl gəlmişdilər. O günlərdən ki, hələ bir ay öncə - mayın 28-də qaçılmaz səbəb və maneələrdən gedib Tiflisdə elan etdikləri hakimiyyət eşelonunu doğma Vətəninə gətirə bilmirdilər...
   
   Vətənə gətirilə bilməsə də, artıq protokollarda, rəsmi çıxışlarda, xəlqi söhbətlərdə “demokratik cümhuriyyət”, “milli hakimiyyət”, “hürriyyət” kimi ifadələr işlədilirdi. Azərbaycan xalqı “Yaxın Şərqdə ilk demokratik respublika!” qürurunu yaşayırdı. Ancaq əbədi milli maneəmiz olan ermənilər də öz məkrli fəaliyyətlərində!
   Bəli, 1918-ci il iyunun əvvəlində Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Xalq Komissarları Soveti” əksəriyyəti ermənilərdən ibarət 20 minlik döyüşçü ilə Cümhuriyyətimiz əleyhinə savaşa başlamışdı. Yaxın məqsəd milli hökumətin Tiflisdən Gəncəyə gəlməsinə mane olmaq, uzaq hədəf isə, ümumiyyətlə, bu məmləkəti azadlığa, istiqlala həsrət qoymaq idi. Lakin əzəli-əbədi qan-can qardaşımız Türkiyə ordusunun 5-ci diviziyası Gümrü-Dilican-Ağstafa yolunu döyüş zəfərilə keçərək, Azərbaycan hökumətinin Gəncəyə gəlişini təmin etdi. İyunun 16-da Gəncədə qərarlaşan milli hökumət həmin diviziyanın və general Əliağa Şıxlinskinin başçılıq etdiyi Azərbaycan (müsəlman) milli korpusu əsasında Qafqaz-İslam Ordusunu təşkil etdi. İyunun 26-da isə ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul edildi. Beləliklə, Azərbaycan Milli Ordusunun təməli qoyuldu. İdeolojicə ermənilərin təşkil və başçılıq etdiyi sovet-bolşevik düşmənlərə qarşı iki həftə davam edən qanlı döyüşlər Azərbaycan-Osmanlı qoşunlarının qələbəsilə başa çatdı. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti” istefa verməyə məcbur oldu. Lakin avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi” diktaturası qismində mürtəce bir qurum yaradıldı. Bundan 10 gün sonra Cümhuriyyət hökuməti ölkədə ümumi səfərbərlik elan edib, sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma keçdi. Şəhər, çox çətinlik və müqavimətlərə baxmayaraq, alındı. Sentyabrın 17-də hökumət Bakıya köçdü...
   Deməli, Ordu, Ordu, Ordu! Xalqın qədd-qaməti, əmin-aman yaşamağa haqqı olan ümumiyyətin vuran qolu, istiqlaliyyətin təməl yolu. Yaşca daimi gənclik, mahiyyətcə milli güvənclik, nəticə etibarilə çal-çağırlı, hay-haraylı dinclik!
   Nə olsun ki o vaxtlar - yaranış çağlarında 4 min əsgər və zabitini şəhid verdi, bəlalı başı Yuxarı Qarabağ savaşına qatıldığından 1920-ci ilin aprelində şimal tərəfdən edilən hücumla Cümhuriyyətimiz məğlubiyyətə uğradı, ləğvindən sonra 15 generalı güllələndi, komandirlərinin əksəriyyəti repressiyalara məruz qaldı, yetmiş il sonra ilk Qarabağ savaşından qələbəsiz qayıtdı...
   Bunlar Səndən qoca ölkələrdə, əhali, ərazi, iqtisadi-siyasi sarıdan Səndən qüdrətli dövlətlərdə də olub, Ordum! Hazırda region lideri Ordum! Tezliklə Qələbə sədalı Ordum!..
   Əvvəlki hallar, qalmaqallar fələyin saydıqlarıdır. Sən öz saydığını say, Ordum!
   
   Bir, iki! Bir, iki! Bir, iki!..
   
   Bir, iki! Bir, iki!.. Vəssalam? Milli boynumuzda haqqı o qədər çox olanların hesabı, say-sanaması bu qədər? Özü də həsb-hesablı gizirindən “inteqral” generalınadək?! Bəyəm qoruduqları içərisindəki körpələrdən, yenicə dil açan bəbələrdən də az saya bilir, - artıq 95 yaşlı bu dədələr, bu ərənlər, düşmən qarşısına sinə gərənlər!?.
   Ahəngdar əsgər addımlarını bir daha xatırlayaq. Düzümü hər hansı qatardan, səsi istənilən sədadan, ləzzəti hər təəssüratdan üstün addımları.
   Güman ki, xoş təəssürat axarına düşdünüz. Hələ çoxunuz emosiyaya varıb, bir oxucu-vətəndaş “komandirliyi” də etdiniz: “Bir, iki!” Hələ bəlkə aranızda “Heyratı”dan, “Cəngi”dən, “Koroğlu” uvertürasından çınqı alıb alışanlar da oldu - inşallah.
   Hər şeydə bir ahəng var, ritm var. Bax, artıq, xəyalımızda çağlayan addım səsləri də onlardan biri...
   Dünya ahənglər üstə köklənib.
   Yenə xatırlayaq: mənzil başına tələsən dəvə karvanını, qatarları, gəmiləri, təyyarələri xatırlayaq. Cürbəcür uçar-qaçarı yada salaq və yenidən qayıdaq “kor-kobud” əsgər çəkmələrindən qopan səslərə. Bu nizamlı, bu savaşqan səs-səda da mənzil başına tələsir.
   Haradır bu vuruşqan yürümənin mənzil başı? Nədir bu ümummilli ritmin hədəfi? Əlbəttə, Qələbə!.. Qələbə isə, bəlkə də Vətən savaşında gözlənilən qədər heç nədə vacib, həlledici deyil. Ancaq, axı, hər belə doğma ritmə qarşı gələn yad sədalar da məhz o əzmlə səslənir. “İki güləşəndən biri yıxılmalıdır” məntiqindən yanaşsaq, deməli, qarşıda məğlubiyyət ehtimalı da var. Bəs, iki güləşəndən yıxılanı yox, yıxanı olmaq üçün nə etməli? Təkcə hərbi hazırlıqmı? Yox, buna qalsa, hərbi xidmət müddətini 5-10 ilə uzadıb hər şeyə nail olmaq olardı. Bizcə, qələbə döyüşməyən çoxluğun, yəni mülki adamların döyüşən azlığa - hərbçilərə münasibətindən, sayğı və məhəbbətindən daha çox asılıdır. Yeri gəlmişkən, vaxtilə hər hansı problemilə bağlı müraciət edən müharibə veteranına “səni cəbhəyə mənmi göndərmişdim?!” deyən bəzi məmurlarımızı xatırlayaq və peşəsindən asılı olmayaraq, hər birimiz Vətən əsgərinə münasibətimizin haqq-hesabını çəkək. Görəsən traktorçu, müəllim, icra başçısı, biznesmen, şair və sair görəvli soydaşlarımız “bilirlərmi” ki, sabah savaş başlasa, məğlubiyyətlərdən qurtulmağın yeganə yolu əsgər çəkmələrinin döyəclədiyi yoldan keçir?!.
   Bir, iki! Bir, iki!
   Ağıllı xalqlar tarixən məhz bu səslərin hesabına qüdrətli olublar. Xalqlar var ki, əsgər getməyən oğlana qız vermir. Amma... bizdə bəziləri öz zəriflərini övladını “əsgərlikdən saxlamaq” imkanı olmayan “hərif”lərlə yaxınlıq etməkdən çəkindirir. Belələri gecələr layla çalır, gündüzlər “Cırtdan”dan danışır, “millət”dən yazıb, “qeyrət”dən pozur, alış-verişli verilişlər verir, yalnız “ey yar, ey yar”, “daley-daley” zəngulələriylə qürrələnir. Xalqlar da var, qışın sazağında, yayın qızmarında təpik döyüb məğlubedilməzlik öyrənən övladlarının şəninə simfoniyalar yaradır. Bütün bunlar dama-dama göl olur və nəhayət, bu yazının başlığında ehtiva olunan məsələnin o yan-bu yanlığına - milli qalibiyyət və ya məğlubiyyət mədəniyyətinə çevrilir. Bunlar beyin-baş işidir.
   Ayaq səslərinə qayıdaq: Bir, iki! Bir, iki!..
   Ötən 95 ilin ortasında 70 il “raz-dva!” kimi eşitdiyimiz bu nidaların “bir, iki!” çeviriminə qocalarımızın qulaqları gec alışsa da, gənclərimizin ayaqları tez öyrəşdi. Ancaq, təəssüf, bəzi sələflərimizin dillərindən var da gəlmir ki, yeri düşdükcə öyüb-öfkələsin öz xələflərini. Demirlər, xoş halınıza, bizim ayaqlarımız özgə dilin əmrləri ilə atılardı, qulaqlarımız təşəkkürü, sör-söyüşü başqa dildə eşidirdi, qəhrəmanlığımız çox vaxt başqa xalqın adına yazılırdı. Yad bir qoşun üzərinə başqa bir yad ordunun nəfinə “urra”lanırdıq. Hələ... ay oğul, bilirsənmi, bu “urra!” sözü bizim nitqimizdən yaranıb?! Bəs necə?! “Ur-raa” - yəni “vur haaa!..”
   Bir, iki! Bir, iki! Bir, iki!..
   Daha nə yoxdur bu səslərdə?! Hətta poeziya da var...
   Azad olmayan hər hansı bir ölkənin şairi elegiya da yazmırsa, qalanları sözün əkəsi yox, kilkəsidir. Məğlub əsgərin anası ağıdan savay nə söyləyə bilər ucadan?..
   Deməli, bu səslər əzm, qürur, yüksək emosiyalar poeziyasıdır!
   Bir, iki!..
   İrəliyə doğrudur bu səslər. Qələbənin yeganə ünvanı, yeganə mənzil başı “irəli!”dir.
   Ancaq “tarixi” işimiz elə gətirib ki, gərək oraya - geriyə də səfər edək.
   Təkcə ötən yüzilliklə öz gör-görkəmini dörd dəfə (çar, ADR, sovet və indiki) dəyişməli olub Azərbaycan əsgəri. Əlinə silah götürüb Vətənqoruma dərsinə yiyələnməli olan əsgər yaşlı Azərbaycan gəncləri Laçın meşələrində nadir qızıl palıdları qırmaq, arabalarla Yevlax dəmiryoluna daşımaq kimi işlərə vadar edilib (Çar hökumətinin mülki ahılları isə o palıdlardan öz Ermitajına, Tretyakov qalereyasına parket döşəməkdə, hərbçi cahılları dünyaya yiyələnmək elmini mənimsəməkdə)...
   “Məktəbə gedəndə neçə alacaqsan?” Əksər anaların öz çocuqlarına verdiyi suallardandı. Pis deyil. Qoy uşaq “2”-“3” ilə “4”-“5”in fərqini, ata-ananı fərəhləndirməyin yollarını, sabahın məsuliyyətini erkən yaşlarından öyrənsin. Amma niyə “əsgər olanda tüfəngini necə saxlayacaqsan”, “zabitinin zabitəsini necə ucaldacaqsan”, “düşmənə necə dov gələcəksən” və sair bu kimi suallar da verilməsin fəsil-fəsil sabahların kişilərinə?
   Nədən “böyüyəndə kim olacaqsan” sualımıza “polis”, “prokuror”, “jurnalist”, “zərgər” deyən övladlarımıza özlərindən böyük tostlar söyləyib, hərbçi olmaq istəyənlərə dodaq büzək?!.
   Bir, iki! Bir, iki!
   Bu saylarla Qələbə mədəniyyətimizin yaranmasına mane olan elementləri də saymaq olar, əsgər çəkmələrindən qopan səsi ümummilli nəbz kimi öyərək, özgür əmin-amanlıq mədəniyyətinə yiyələnmək də!
   Deyirəm, hərdən özlüyümüzdə bu səslərin bəstəkarı və ifaçısı olan Vətən əsgərinə münasibətimizin haqq-hesabını da çəkək. Bu səsləri canı-dildən seviriksə, müvəqqəti məğlub əsgərlərimizi də sevək. Yox, əgər bu məğlubiyyət bizimçün “bağ da bostan kimidir”sə, dilimizi dinc qoyaq, - yeri gəldi-gəlmədi onları qınamayaq. Əgər tamam laqeydiksə, bu məğlubiyyət ana südü kimi “halalımız” deyilmi?..
   Bir, iki! Bir, iki!..
   Bu say bizimçün bütün ədədlərdən ən sayğılısı, bütün miqdarlardan ən qədirlisi! Bütün mahnıların nəqarət şəriki, “ən sadə, mürəkkəb cümləmizin əzəl mübtədası”!..
   
  Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar