Rusiyanın Xalq artisti Natalya Seleznyova kino və teatrda onlarla rol oynasa da, onu tələbə Lida obrazı ilə tanıyır və sevirlər
   
   Kinorejissor Leonid Qaydayın “I” əməliyyatı və Şurikin başqa macəraları” filmi sovetlər dönəmində, elə indinin özündə də ən çox maraqla izlədiyimiz ekran əsərləri sırasındadır. Bu kinonovellaların birində Lida rolunu canlandıran Natalya Seleznyova da yaddaşlardan silinmir. Gözəl aktrisa istər şəxsi həyatda, istərsə də sənətdə, demək olar ki, bütün arzularına çatıb.
   
   Rusiyanın Xalq artisti Natalya Seleznyova 1945-ci il iyunun 19-da Moskvada dünyaya göz açıb. Atası fotoqraf, anası isə rəssam olub. Uşaqlıqdan teatra, kinoya maraq göstərən Natalya orta məktəbi bitirdikdən sonra Şukin adına Teatr Məktəbinə daxil olur. 1966-cı ildə məktəbi bitirdikdən sonra Moskva Akademik Satira Teatrında aktrisa kimi fəaliyyətə başlayır.
   Kinoya 1953-cü ildən çəkilməyə başlayıb, ən böyük uğuru isə Leonid Qaydayın 1965-ci ildə çəkdiyi məşhur “I” əməliyyatı və Şurikin başqa macəraları” kinoalmanaxında Lida obrazı olub. Aktrisa sonralar Leonid Qaydayın daha iki filmində - “İvan Vasilyeviç peşəsini dəyişir” (1973) və “Ola bilməz”də (1975) maraqlı obrazlar yaradıb. Ancaq bunların heç biri Lida obrazını unutdura bilməyib. “I” əməliyyatı və Şurikin başqa macəraları” komediyasının ekranlara çıxmasından sonra Natalyanın pərəstişkarları get-gedə artır. Hətta çəkiliş zamanı aktyor həmkarları ona sevgilərini elan edirdilər. Lakin Natalya onların heç birini ciddi qəbul etmir.
   Aktrisa ailə xoşbəxtliyini 1968-ci ildə rejissor Viktor Xramovun “Xəlifə leylək” filminin çəkilişlərində tapır. 23 yaşlı Natalya filmdə Şahzadə, gələcək həyat yoldaşı Vladimir Andreyev isə Xəlifə roluna çəkilir. Sonralar aktrisa etiraf edir ki, Vladimirlə tanışlığında ilk baxışdan qarşılıqlı məhəbbət olub. Tezliklə onlar nikah kəsdirirlər, bir il sonra Yeqor adında oğlanları dünyaya gəlir.
   Natalya Seleznyova və Vladimir Andreyev hazırda evliliklərinin 45-ci ilini yaşayırlar. Aktrisa deyir ki, ailədə birgə addımlamaq qarşılıqlı hörmətdən keçir. Bu yoxdursa, onda ailə xoşbəxtliyindən danışmağa dəyməz. Yeri gəlmişkən, gözəlliyi ilə bir çoxlarını heyran edən aktrisa bununla heç vaxt öyünməyib, həmişə sadə olub. 1981-ci ildə Rusiyanın Əməkdar artisti, 1996-cı ildə isə Xalq artisti adına layiq görülüb. 2012-ci ildə isə Krasnodar şəhərində Politexnik Universitetinin qarşısında məşhur film qəhrəmanlarının şərəfinə Şurik və Lidanın heykəli qoyulub.
   Sənətkar ailəsində böyüyən Yeqor isə aktyor olmaq, valideynlərinin yolunu davam etdirmək istəməyib. Orta məktəbi qızıl medalla bitirdikdən sonra MDBMİ-yə daxil olaraq diplomat peşəsini seçib. Hazırda öz ailəsi ilə Almaniyada yaşayır, iki oğlu var. Natalya Seleznyova hesab edir ki, onların sənət yolunu hələ erkən yaşlarda aktyorluq istedadını göstərən nəvəsi Alyoşa davam etdirəcək.
   68 yaşını tamamlayan aktrisa vaxtını bağ evində həyat yoldaşı ilə birlikdə keçirməyi xoşlayır. Gül-çiçək əkməyi, evini gül-çiçəklə bəzəməyi çox sevir.
   
   Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar