Oktyabrın 22-də Muzey Mərkəzində “7-ci mərtəbə” adlı sərgi və eyni adlı kataloqun təqdimat mərasimi keçiriləcək. Bu sərginin və kataloqun çap edilməsi ideyası 2010-cu il yanvar ayının 15-də mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən nazir müavini Ədalət Vəliyevin Rəssamlar İttifaqının Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən yaradıcılıq emalatxanalarında görüşü zamanı yaranıb.
Binanın 7-ci mərtəbəsində yaradıcılıq fəaliyyəti ilə məşğul olan rəssamlar incəsənətimizin xəzinəsinə öz layiqli töhfələrini verir, keçirilən bir çox beynəlxalq və respublika əhəmiyyətli sərgilərdə iştirak edərək, milli mədəniyyətimizin təbliğinə xidmət göstərirlər. Azərbaycan və dünya təsviri sənətinin ənənələrindən yaradıcı surətdə faydalanan bu rəssamlar şərti olaraq 7-ci mərtəbə rəssamları adlandırılır. Sərginin adı şərti olaraq, rəssamların emalatxanalarının yerləşdiyi 7-ci mərtəbədən götürülüb.
Sərgidə Namiq Məmmədov, Tofiq Qəzənfərov, Yavər Sultanov, Rüfət Salamov, Məmməd Mustafayev, Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Emin Əsgərov, Nadir Bayrışov, Fikrət İbrahimli, Elxan Muradzadə, Aydın Tağıyev, Tarverdi Quliyev, Natiq Səfərov və Bəhram Xəlilovun əsərləri nümayiş etdiriləcək.
Hər bir rəssamın əsərlərindəki fərqli rənglər, obrazlar, hiss və duyğular Azərbaycan incəsənətinin ənənələrinin zənginliyindən, müasir rəssamlarımızın geniş dünyagörüşü, incə zövqü və məharətindən xəbər verir.
Sərgi oktyabr ayının 28-dək davam edəcək.
Kataloqdakı əsərlərin fotoşəkillərinin çəkilişi, kataloqun dizaynı və tərtibatı Əməkdar rəssam, fotoqraf-dizayner Tahir Məmmədov tərəfindən aparılıb.