Tanınmış tədqiqatçı-yazar, Qarabağ müharibəsi veteranı Kərim Həmdulla oğlu Dünyamalı 1953-cü ildə Quba rayonunda ziyalı ailəsində anadan olub. 1981-ci ildə Kiyev Rəssamlıq Məktəbini bitirib. T.Şevçenko adına Kiyev Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
Ağac üzərində və yağlı boya ilə işlədiyi əsərləri 1981-1982-ci illərdə Kiyevdə “Xalq yaradıcılığı birliyi”ndə nümayiş etdirilib. 1981-ci ildə burada Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği məqsədilə “Azəri” adlı dərnək yaradıb.
1991-ci ildə, Vətənin ağır günlərində Ukraynada ali təhsilini bitirmədən doğma yurda qayıdır, könüllü Qarabağ cəbhəsinə yollanır. 1992-ci ildən ordumuzun xüsusi təyinatlı əlahiddə taborunda zabit kimi xidməti fəaliyyət göstərir. Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Laçın, Ağdərə, Xocavənd, Tərtər rayonları ətrafında gedən döyüşlərdə iştirak edir. Sonralar müharibədə iştirakçısı olduğu, müşahidə etdiyi hadisələri qələmə alır.
1995-ci ildə ordu sıralarından ehtiyata buraxılan Kərim Dünyamalı müxtəlif mətbuat orqanlarında çalışıb. O, 2006-cı ildə Azərbaycan Yazıçılar Birliyinin, 2009-cu ildə Dünya Azərbaycanlıları Konqresinin üzvlüyünə qəbul olunub. Tarixi-sənədli povestlərdən ibarət 10 kitabın müəllifidir.
Yazıçı ilk olaraq xüsusi təyinatlı taborun döyüş yolundan bəhs edən “Qələbəni odlu qəlb əldə edir”, ”Min gün cəbhədə” sənədli povestlərini nəşr etdirib. 1918-1920-ci illərdə erməni-bolşevik birləşmələrinin Qubada törətdikləri vəhşilikləri, düşmənə qarşı müqavimətin təşkilində Əli bəy Zizikskinin rolunu “Qana boyanmış illər” adlı tarixi povestində qələmə alıb. O, dövrünün böyük şəxsiyyəti, övliya kimi tanınan İbrahim Əfəndinin kəşməkəşli həyatını “Bir soyun taleyi” kitabında işıqlandırıb.
Müəllifin Quba tarixində Zizik kəndinin əhəmiyyətindən bəhs edən “Yaddaşlarda qorunan tarix: arxivlərin lal sükutu...”, Azərbaycanın Milli Qəhrəmanı Albert Agarunovun həyat və döyüş yolunu əks etdirən “Vətən elin evidir” kitabları da oxucular tərəfindən maraqla qarşılanıb.
Kərim Dünyamalının detektiv janrında qələmə aldığı, çekist İldırım Poladovun “ASALA” erməni terror təşkilatının üzvlərinə qarşı apardığı mübarizəsinə həsr olunmuş “Ölməzlər: kod adı 598” povesti də aktuallığı ilə diqqət çəkir.
Onun yaradıcılığı alim, şair və yazıçılar tərəfindən yüksək qiymətləndirilib. Professor Nazif Ələkbərli yazıçının əsərləri haqqında yazır: “Qana boyanmış illər”, “Bir soyun taleyi”, “Min gün cəbhədə” sənədli povestlərini oxudum. Ruhum heyrət və həyəcan təlatümündə silkələndi”. Yazıçı-publisist Aydın Tağıyev K.Dünyamalının kitabına yazdığı ön sözdə onun xidmətlərini belə xarakterizə edir: “Xain erməni qonşularımız torpaqlarımıza yağı kimi göz dikdikləri, təcavüz etdikləri o günlərdə söz pəhləvanları dillərinə güc verdilər. Kərim Dünyamalı isə səssiz-səmirsiz, hay-küysüz əlinə silah alıb doğma torpağın müdafiəsinə qalxdı...”
Avqustun 31-də Kərim Dünyamalının 60 yaşı tamam olur. Bu günlərdə daha iki kitabı ilə oxucuların görüşünə gələcək. Biz də qələm dostumuzu təbrik edir, cansağlığı, iman kamilliyi və yeni yaradıcılıq uğurları arzulayırıq.
C.Albantürk,
R.Mahmudov