Külli-Qarabağın abi-həyatı
           Nərmə-nazik bayatıdır, bayatı...
   
   Zaman-zaman yurdumuzun hər bölgəsində rəngarəng bayatılar qoşulub, dillərdə, yaddaşlarda yaşayıb, folklor xəzinəmizə çevrilib. Onların hər biri yarandığı şəraitə, mühitə uyğun cilalanaraq dərin fikir və duyğu ifadə edib, bədii-estetik zənginliyinə görə seçilir və məzmunca müxtəlifdir. Hiss və duyğulara hakim kəsilən belə nümunələrdən biri Qarabağ bayatılarıdır.
   
   Qarabağ bayatısı ifadə tərzi və məna çaları ilə digər bölgələrimizin bayatılarından fərqlənir. Bu şeriyyətdə şəxsin can yanğısı və həsrət duyğusu poetik bir dillə çağlayır. Qarabağ həm də musiqi, sənət beşiyi olduğundan söylənilən bayatılar, dərin məna-ifadə çalarları ilə yanaşı, melodik ritm və harmoniyası ilə diqqət çəkir...
   Araşdırmalarda göstərilir ki, qədim əlyazmalarda xeyli Qarabağ bayatısı toplanıb. Onlar fonetik və qrammatik cəhətdən arxaikləşib, ancaq ifadələrin bu bölgənin ləhcəsinə uyğun gəlməsi və bu nümunələrin orta əsrlərin ədəbi məhsulu olması əsrlərin dərinliklərindən gələn poetik qəlb çırpıntılarından xəbər verir. Bu da Qarabağ torpağında ulularımızın ruhunun ecazkarlığı ilə səsləşir. Bu elin qəlbi zərb-məsəllər, lətifələr, nağıllar, dastanlar, xüsusilə də bayatılar qaynağıdır. Çünki bu elin söz sərrafları hər kəlmənin ritmini tutmağa çalışıb, ən sadə ifadəni özünə uyğun nota kökləməklə sözü musiqili poetik axara salıb... Qarabağ bayatıları Quba, Balakən, Şəki, Şamaxı, Qazax, Şəmkir və s. bölgələrdən toplanan bayatılarla müqayisə olunarkən, oxşarlıqla bərabər, bənzərsizlik də müşahidə olunur:
   
   Yaylığının zəri var,
   Butası var, zəri var.
   Qoyduğun naxışların
   Ulduza bənzəri var.
   
   Şəki bölgəsindən toplanan bu bayatıda sənət nümunələri, naxışların, bəzək əşyalarının əhval-ruhiyyəsinin sədası duyulur. Şamaxı bölgəsindən toplanan bayatılarda isə fəlakət, zəlzələ kimi qorxunc təbii hadisələr yaşayır:
   
   Bu yerlərdə quş durmaz,
   Dərdli başda huş durmaz.
   Eli dağılan bəndənin
   Bədənində baş durmaz.
   
   Qarabağ bayatıları isə qəlb çırpıntıları, ayrılıq həsrəti üzərində köklənib. Məna və məzmununda Qarabağ hadisələri, qəriblik, vətən həsrəti ayrı-ayrı variantlarda kədərli bir avazla səslənir...
   Tarixdən məlumdur ki, zaman-zaman yadelli qəsbkarlar vətənimizin dilbər guşəsi Qarabağa göz dikiblər. Şuşa qalasına, Cıdır düzünə, Gəlin qayasına kəc baxıblar. Məhz bu səbəbdən tarixin müxtəlif dövrlərində bu yerlər döyüş meydanına çevrilib. Ulu babaların həsrətli qəlblərində dərdləri qövr edib:
   
   Qarabağda talan var,
   Zülfün üzə salan var,
   Gedirsən, tez qayıt gəl,
   Gözü yolda qalan var.
   
   Bütün bunlar Qarabağı çapıb-talayan qəsbkarların pis əməllərindən xəbər verir. Bu bayatılarda işlədilən “talan var” ifadəsi xalqın mənəvi dünyasından ucalan fəryadın əks-sədasını göstərir. Bu, Şamaxıdan toplanan bayatılardakı “tar-mar” ifadəsinə bənzəsə də, eyniyyət təşkil etmir. Çünki təbii fəlakətin dağıtdığı Şamaxı ilə yadelli qəsbkarların talan etdiyi Qarabağın taleyi fərqlidir. Ona görə də Qarabağ bayatılarında soyğunçuluğun, haqsızlığın ifadəsi var.
   Qarabağdan toplanan bayatıların əksəriyyətində giley-güzar, ahu-zar yaşayır. Bu bayatıların maraqlı xüsusiyyətləri çoxdur və hər birinin bir neçə variantına rast gəlmək olur. Bu da zamanın, bəzən şəxsin əhval-ruhiyyəsinin dəyişməsi ilə səciyyələnir. Daha doğrusu, şəraitə uyğun şeirdə forma və məzmun dəyişikliyi yaranır.
   
   Kötəl suyun lilləndi,
   İgidlər güllələndi,
   El-obadan ayrıldım,
   Lal ürəyim dilləndi.
    * * *
   Ellər, mən yaralıyam,
   Vətəndən aralıyam,
   Yurdumda düşmən qaldı,
   Haqqımı almalıyam.
   
   Bu bayatıda bir məqam - Kötəl çayının suyunun bulanması ifadəsi heç də yersiz səslənmir. Çünki Qarabağ ellərində işlədilən qarğışlarda “suyun bulansın” ifadəsi var.
   
   Əziziyəm xarı-bülbül,
   Bir gün ağla, bir gün gül,
   Qərib ellərdə gəzincə,
   Vətənində vuruş öl.
   
   Xarı-bülbüllə çağlayan-qanadlanan, həm də kədərlənən bu bayatıda vətən aşiqi ölümü yurdsuz yaşamaqdan üstün tutur. Aydındır ki, gül-bülbül məfhumu bayatı janrının əsas qayəsidir. Ona görə də tarixən dərdli-məlallı aşiqlər gülü, bülbülü özlərinə həmdəm biliblər. Söz yox ki, aşiq vətən üçün darıxdıqca yurdun ən səfalı yerlərini xatırlayır. 

   Əziziyəm Qarabağa,
   Qar yağıb Qarabağa,
   Qarabağ talan olub,
   Kimlər düşüb qabağa.
   
   Onu da qeyd edək ki, bayatı sözünün etimologiyası maraqlıdır. Bu ədəbi janrın adı qədim oğuzların Bayat soyundan götürülüb. Çox qədim çağlardan Qarabağda bu ada daha böyük hörmətlə yanaşılıb, elin ən ağır günlərində xatırlanıb. Məhz buna görə də Qarabağın tarixində baş verən hər bir kədərli hadisə bayatıların məna və məzmununda ifadə olunub...
   Qarabağ tarixin hər dönümündə yadelli qəsbkarların diqqət mərkəzində olub. Talanlara, dağıntılara məruz qalıb. Elin müdrik ağsaqqal və ağbirçəkləri dərdlərini sözə, musiqiyə, daha çox qəm-kədər yüklü bayatılarda ifadə edib. Bu gün də nisgil dolu bu bayatılar Qarabağın dərdindən xəbər verir.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar