Cəmiyyətin tanınmış simaları hansı kitabları oxuyurlar?

Kitab bilik mənbəyidir. Orta məktəb illərində müəllimlərimizin və valideynlərimizin dilindən ən çox eşitdiyimiz ifadə bu idi. Sonralar anladıq ki, kitab sadəcə bilik mənbəyi deyil. O, eyni zamanda insanın mənəvi dünyasını zənginləşdirir, onu saflaşdırır, dünyagörüşünü artırır, həyata baxışını dəyişdirir. Hətta elə kitablar var ki, insanın həyatında ciddi dönüşlərə səbəb ola bilir.

Bir reallıq da var ki, cəmiyyətin heç də bütün təbəqələri kitab oxumur. Bəzi insanların işi, peşəsi kitabla sıx bağlıdır, elələri də var ki, ondan, ümumiyyətlə, uzaqdır. Amma müxtəlif sənət sahibləri var ki, mütaliə onların hobbisidir.

Biz də fərqli peşə sahibi olan bir neçə tanınmış şəxs arasında qısa sorğu keçirdik. “Son oxuduğunuz kitab hansıdır və oxucularımıza nə oxumağı tövsiyə edərdiniz” sualına aldığımız cavablardan aydın oldu ki, hər bir kəs öz sənətinə, işlədiyi sahəyə aid kitabları oxumağa daha çox üstünlük verir.

Fuad Poladov (aktyor, Xalq artisti):

- Mütaliəni çox sevirəm. Amma son vaxtlar işlərim bir qədər çox olduğuna görə bədii ədəbiyyat oxuya bilmirəm. Yarım ildir Qacar rolu (Şah Qacar” tamaşası, Akademik Milli Dram Teatrı - red.) üzərində işlədiyimdən əlavə kitab oxumağa vaxtım qalmayıb. Bu müddət ərzində daha çox tarixi kitablar oxumuşam. Xüsusilə XVIII-XIX əsrlərdə hakimiyyətdə olmuş İran şahları, Nadir şah haqqında, Azərbaycan tarixi ilə bağlı digər kitablara üstünlük vermişəm. Amma Azərbaycan və dünya ədəbiyyatı ilə həmişə yaxından maraqlanıram, oxuyuram. Bilirsiniz, zövqlər müxtəlifdir və hər insanın öz maraq dairəsi var. İnsanlar öz zövqlərinə uyğun kitabları oxuyurlar. Azərbaycan yazıçılarından Kamal Abdulla və məşhur türk yazıçısı Orxan Pamuk mənim son vaxtlar mütaliə etdiyim yazarlardır. Ən çox sevdiyim yazıçı isə Ernest Heminqueydir.

Ramiz Quliyev (tarzən, Xalq artisti):

- Musiqiçi olduğuma görə ən çox oxuduğum musiqi ilə bağlı əsərlərdir. Eyni zamanda müxtəlif mövzularda kitablar oxumağı sevirəm. Dahi şəxsiyyətlərin ibrətamiz nəsihətlərini mütaliə edirəm. Artıq neçə illərdir ki, Nizami Gəncəvinin əsərlərini təkrar-təkrar oxumaqdan yorulmuram. Detektiv janrda yazılan əsərlər də məni çox maraqlandırır. Dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin bir çox kitablarını oxumuşam. Şeir, poeziya həvəskarıyam. Klassiklərimizi, Bəxtiyar Vahabzadəni, digər şairlərimizi oxuyuram. Hər kitabı oxuyub sona çatdıqdan sonra sanki daxilən bir qədər də zənginləşirəm. Düşünürəm ki, kitab insan həyatında çörək qədər əhəmiyyətli bir vasitədir. Kitab bizim mənəvi qidamızdır. Ona görə də mən xüsusilə gənclərimizə kitab oxumağı, kitablarda yaxşı nə varsa, mənimsəməyi tövsiyə edirəm.

Sabir Rüstəmxanlı (Milli Məclisin deputatı, Xalq şairi):

- Mənim oxu tərzim çox qarışıqdır. Çünki çox vaxt paralel şəkildə bir neçə kitab oxuyuram, jurnallarda çıxan bədii əsərlərə baxıram. Mənim çox böyük kitabxanam var. Bəzən ovqatıma görə bir kitabı axtaranda əlimə başqa bir kitab keçir, başlayıram oxumağa. Son vaxtlar işlədiyim bir yazı ilə bağlı XX yüzilliyin əvvəllərində yaşayıb-yaratmış klassiklərimizin əsərlərini mütaliə edirəm. Hazırda oxuduğum isə German Melvilin dənizçilərin və köpəkbalığı ovçularının həyatından bəhs edən «Mobi Dik» romanıdır. Eyn zamanda, qədim sivilizasiyalarla bağlı araşdırmaçıların kitablarını, folklor nümunələrimizi, türkiyəli müəllifin hürufilik, dərvişlik və xalq ədəbiyyatı ilə bağlı əsərlərini oxuyuram.

Kitablar dünya mədəniyyətinin, söz sənətinin yol işarələridir. Homerdən başlamış bu günə qədər kitablarsız mədəniyyət tarixini təsəvvür etmək mümkün deyil. Hər kəs həm dünya ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatını oxumalıdır. Bu bir təməldir. Bu təməlin üzərində insan mədəniyyəti, ədəbiyyatı, ümumilikdə dünyanı daha yaxşı dərk edə bilir.

Bu gün gəncləri postmodern ədəbiyyat, çağdaş poeziya, həmçinin cəmiyyətin ənənəvi davranış formalarına qarşı olan əsərlər cəlb edir. Amma milləti millət edən estetik-ədəbi, mədəni-mənəvi dəyərlər kompleksi, bir sistem var. O sistemi bilmədən insan öz ədəbiyyatını, mədəni irsini, öz xalqını dərk edə bilməz. Azərbaycan türklərini millət edən müəyyən dəyərlər var və bunları əsrlərdən-əsrlərə keçirən kitablar mövcuddur. Bu cəhətdən mən “Dədə Qorqud” dastanı kimi kitabları oxumağı tövsiyə edərdim.

Mənsum İbrahimov (xanəndə, Xalq artisti):

- Sənətimlə əlaqədar olaraq şeir və qəzəl kitabları oxuyuram. Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid və digər klassiklərimizin əsərləri daima mənim stolumun üstündədir. Evdə çox böyük kitabxanam var. Bu kitabların içərisində dünya ədəbiyyatı nümayəndələri ilə yanaşı, tanınmış Azərbaycan yazıçı və şairlərinin kitabları var. İmkan edən kimi onları mütaliə edirəm.

Qənirə Paşayeva (Milli Məclisin deputatı):

- Çox kitab oxuyuram. Son oxuduğum türkiyəli müəllif Ümit Meriçin «İçimdəki cənnətə yolçuluq» kitabıdır. Son vaxtlar daha çox təsəvvüfə dair kitabları oxuyuram. Bu mövzuda bundan əvvəl də Seyid Yəhya Bakuvinin «Şəfa əl-əsrar» kitabını oxumuşam. Hər gün mütaliə edirəm. Ona görə də oxuculara kitab oxumağı tövsiyə edirəm. Hansı mövzuda kitab seçmək isə onların öz marağına uyğun olmalıdır. Amma mən hər azərbaycanlıya, müsəlmana Qurani-Kərimi mütləq oxumağı tövsiyə edərdim. Bu gün dinlə əlaqəsi olmayan anlayışları gənclərimizə təlqin etməyə çalışanlar var. Gənclərimiz Qurani-Kərimi oxusalar, belə mənfi təsirlərin altına düşməzlər. Oxuduğum və çox təsirləndiyim kitablardan biri də Həzrəti Mövlananın «Məsnəvi»sidir.

Ümumiyyətlə, Azərbaycan klassiklərinin əsərlərini oxumağı tövsiyə edərdim. Çünki bizim klassiklər bütün dünya ədəbi fikrinə misilsiz töhfələr veriblər. Dünya ədəbiyyatının da uğurlu nümunələrini mütaliə etmək faydalı olardı. Bu gün də yaxşı yazarlarımız, şairlərimiz var. Bu məsələdə konkret sərhəd qoymaq mümkün deyil. Sadəcə, hər kəsi kitab oxumağa çağırıram. İnsanı zənginləşdirən tək vasitə kitab oxumaqdır.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar