Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbi (GƏM) 2008-ci ildə yaradılıb.

Məktəbin məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasında yaradıcı nəsli bir araya gətirmək, imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin ədəbi nümunələrinin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləməkdən ibarətdir.

Birinci məktəb 2008-2010-cu illər ərzində fəaliyyət göstərib və istedadlı gənclərin üzə çıxarılmasında, onların bir-birini tanımasında, ədəbi mühitə qaynayıb-qarışmasında böyük rol oynayıb. Onlardan ən istedadlıları Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib, Prezident təqaüdünə layiq görülüb. Bəziləri isə Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalının bir neçə nömrəsinin məsul redaktoru olublar.

Gənc Ədiblər Məktəbinin ilk koordinatoru mərhum gənc yazıçı Zərdüşt Şəfizadə idi. Onun və yazar dostlarının fəaliyyəti nəticəsində bu məktəb uğurlu bir yol keçə bildi. Hazırda məktəbin Azərbaycan mətbuatında tanınan və müəyyən dərəcədə özünə oxucu auditoriyası toplayan gənc qələm sahibləri var. Onların yaradıcılığının inkişafında, yazı təcrübələrinin artmasında GƏM-in rolu danılmazdır. Bu sırada adlarını çəkə biləcəyimiz ədəbi imzalar artıq cəmiyyətin bir sıra təbəqəsi tərəfindən qəbul olunur. Onlardan Pərvin Nurəliyeva, Qismət, Rəbiqə Nazimqızı, Vüsal Nuru, Qılman İman, Anar Amin, Cavid Zeynallı, Fərid Hüseyn və digərlərini misal göstərə bilərik. Qismət və Pərvin Nurəliyeva bu il Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülüblər. 2010-cu ildə isə GƏM-i bitirən məzunlar diplomla mükafatlandırılıblar.

Bu il müəyyən fasilədən sonra II Gənc Ədiblər Məktəbi yaradılıb. Düzdür, ara verilən üç il ədəbi meyarlarla baxdıqda elə də böyük zaman deyil, amma gəncləri düzgün istiqamətləndirmək, onlara dəstək olmaq baxımından önəmli müddətdir. Ötən dövrdə yaradıcılıq yolunda qədəmlərini yenicə atan gənclər meydana çıxıb. Təbii ki, onları ədəbi qurumlarla əlaqələndirmək, dəstək olmaq üçün yeni bir mərkəzə və ya məktəbə ehtiyac var idi. Bu ilin fevralında II Gənc Ədiblər Məktəbi ilk toplantısını keçirib. Görüşdə AYB-nin sədri, Xalq yazıçısı Anar, qurumun katibi Xalq şairi Fikrət Qoca, AYB-nin gənclər üzrə katibi Rəşad Məcid, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli və digər tanınmış ədəbi simalar gənc yazarlara uğurlar arzulayıblar, hər zaman onlara dəstək olacaqlarını bildiriblər. Gənc şair Emin Piri məktəbin koordinatoru seçilib.

Toplantıdan sonra gənc yazarlar özlərinin istəyi ilə bir sıra ədəbiyyat adamları ilə görüşlər keçirməyə, ustad dərsləri dinləməyə başlayıblar. İlk olaraq gənc yazarların şeir və nəsr əsərləri tanınmış tənqidçi Əsəd Cahangirə təqdim edilib. O, bütün yazıları təhlil etdikdən sonra mart ayında baş tutan görüşdə öz fikirlərini bildirib, gənc yazarlarla məsləhətlərini bölüşüb. Bundan sonra “Ulduz” jurnalının növbəti buraxılışı GƏM üzvlərinə, redaktorluğu isə Emin Piriyə tapşırılıb. Aprel ayında məktəbin bir neçə üzvü Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Gənc yazarlardan Emin Piri, Günel Eyvazlı, Leyla Şərifova, Könül Səidə, Vəlixan Abdullayev, Ramil Əhməd, Aysel Kərim, Eşqanə Babayeva, Nicat Zal Qaraxanlı, Elmar Vüqarlı, Dürnisə Əbdülhəsənova, Nərmin Azadgil, Dəyanət Əlizadə və Sara Selcana birliyin üzvlük vəsiqələri verilib. Xalq yazıçısı Anar gənc ədibləri təbrik edərək onlara uğurlar arzulayıb. Aprel ayında GƏM üzvlərinin “Ulduz” jurnalının baş redaktoru yazıçı-dramaturq Elçin Hüseynbəyli, may ayında yazıçı-publisist, millət vəkili Aqil Abbas və şair Əjdər Ol ilə görüşləri keçirilib.

Hər həftə “525-ci qəzet”in bir səhifəsi onların şeir, hekayə və digər yaradıcılıq nümunələrinə ayrılır. Hazırda məktəb üzvlərindən 30-a yaxın yazarın kitabı çap olunub. II GƏM üzvlərindən Ramil Əhməd, Cavid Sabiroğlu, Aqşin Evren, Arzu Hüseyn, Taleh Mənsur, Rüfət Axundlu, Günay Ümid, Könül Həsənqulu və digərləri artıq ədəbi mühitdə tanınırlar. Məktəbə yazarlardan əlavə gənc qiraətçilər, tənqidçi və ədəbiyyatşünaslar da qəbul olunurlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar