Amma o, gözəl muğam ifaçısı və müəllim oldu

Mədəniyyət tariximizdə klassik muğam xiridarlarımızın bənzərsiz ənənələrini yaşadan sənətkarlardan biri də xalq arasında Malıbəyli Həmid və Segah İslamın davamçısı kimi tanınan Musa Şuşinski olub.

O, 1893-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. Atası dabbağ Fərhad oğlunu oxutmaq istəmirdi. Ancaq qohum-əqrəbanın, qonum-qonşuların tənəsindən çəkinərək Musanı şəhər məktəbinə qoyur. Lakin iki il sonra fikrini dəyişir. Sənətini oğluna öyrətmək məqsədilə onu məktəbdən çıxarır və yanında işlədir.
Sonralar gənclik illərini xatırlayan Musa Şuşinski deyib: “On yaşım tamam olanda məktəbə getdim. Ancaq ikinci sinifdən sonra atam məni məktəbdən çıxardı. Dedi: “Bəsdir, oxuduğun! Molla olmayacaqsan ki, gəl mənə kömək et. Bir sənət öyrən!” Dabbağlıq sənətini öyrəndim. İyirmi yaşıma qədər atamın yanında işlədim. Buna baxmayaraq istəyim musiqiçi olmaq idi. Çünki gözümü açıb məhəllə toylarında Cabbar Qaryağdıoğlunu, Keçəçioğlu Məhəmmədi dinləmişdim. Onların gözəl oxumaları məndə xanəndəlik sənətinə böyük maraq yaratmışdı. Cabbar Qaryağdıoğlunun və Keçəçioğlu Məhəmmədin qrammofon vallarına saatlarla qulaq asardım. Sonra dükanda dəri aşılayarkən öz-özümə zümzümə edərdim. Bir gün dükanda heç kəs yox idi. Mən özüm üçün oxuyanda, demə, dayım - xanəndə Məmmədqulu dükanın yanında durub mənim oxumağıma qulaq asırmış. Bu hadisə mənim xanəndə olmağıma səbəb oldu. Dayım evdə bir xeyli mənimlə məşğul oldu. Sonra özü ilə bir toy məclisinə apardı. Mənə də oxumaq üçün söz verildi. İlk dəfə idi ki, toyda oxuyurdum. Cabbar Qaryağdıoğlunun qrammofon vallarından öyrəndiyim “Heyratı”, “Kürdü” və “Arazbarı”nı, Keçəçioğlu Məhəmməddən öyrəndiyim “Bayatı-Qacar”ı, Şəkili Ələsgərdən əxz etdiyim “Rahab”ı oxudum. Sonralar məşhur qarmon ifaçısı Abutalıb və Ağalar ilə şəhərin digər məhəllələrində məclislərində iştirak etdim...”.
Beləcə, dabbağ oğlu muğam ifaçısı kimi tanınmağa başlayır. 1912-ci ildə Musa “Qarğa” ləqəbi ilə tanınan qarmonçu Məşədi Müseyib ilə Gəncəyə gedir. Orada Məşədi Müseyibin vasitəsilə Əbdülbaqi Bülbülcan, Malıbəyli Həmid, Məşədi Cəmil Əmirov kimi dövrünün görkəmli musiqiçiləri ilə tanış olur. Daha sonra onlarla dostluq əlaqəsi yaradır.
Musa Şuşinskinin ustad xanəndə kimi püxtələşməsində Malıbəyli Həmidin böyük xidməti olur. O, xatirələrində bu barədə yazıb: “Hörmətli müəllimim Həmiddən “Rast”, “Orta segah”, “Humayun”, “Şüştər” muğamlarını tam dəsgah şəklində öyrəndim. Sonra mənim ikinci müəllimim tarzən Məşədi Zeynal olub. Məşədi Zeynal ilə Həmidin öyrətdiyi muğamları çalıb-oxumaqla muğam musiqisinə yiyələndim”.
Musa Şuşinski 1915-ci ilədək əvvəl Məşədi Cəmil, sonra tarzən Mədrüs və kamançaçı Şuşalı Böyükkişi ilə Gəncə, Qarabağ və Şəki mahallarında toy şənliklərində iştirak edir. Məlahətli səsi, şirin guşələri dinləyiciləri valeh edir. Şöhrəti elləri aşır. 1916-cı ildə Musa Şuşinski “Auditoriya” klubu tərəfindən Tiflisə dəvət edilir. Burada məşhur müğənni Seyid Şuşinski ilə birlikdə konsert verir. Konsertdə tarzən Rzabalanın müşayiətilə “Rast” muğamını məharətlə ifa edir və dinləyicilərin rəğbətini qazanır.
Musa Şuşinski Azərbaycan teatr sənətinin inkişafında da xidmətlər göstərib. O, Tiflisdə yaşadığı illərdə (1916-1920) “Auditoriya” klubunda Əli Qurbanov, Ələkbər Seyfi, İbrahim İsfahanlı kimi məşhur artistlərlə opera və operetta tamaşalarında Kərəm, Sərvər, Əsgər rollarında çıxış edir. Araşdırmalarda göstərilir ki, o dövrün teatr afişalarında Musa Şuşinskinin adına tez-tez rast gəlinir. 1919-cu il iyunun 26-da Tiflisdə “İttihad” müsəlman dram cəmiyyəti Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını tamaşaya qoyur. Sərvər rolunu Musa Şuşinski oynayır.
1920-ci ildə Musa Şuşinski Gəncəyə qayıdır, burada yeni yaradılan xalq teatrında Məşədi Cəmil Əmirov, Malıbəyli Əsgər və Bülbül ilə birlikdə çalışır. 1921-1922-ci illərdə “Təbliğat qatarı” ilə Gəncə mahalının bir çox yaşayış məntəqələrində olur. Zəhmətkeşlər qarşısında zəngin repertuarla çıxışlar edir.
Eyni zamanda Gəncənin xalq teatrında opera artisti kimi çıxış edir, təzə açılan musiqi məktəbində muğam dərsi deyir. Çox keçmir, fəal təbliğatçı və maraqlı sənətkar kimi diqqəti cəlb edir. 1932-ci ilin yayında Üzeyir Hacıbəyli onu Bakıya dəvət edir. O zaman məşhur bəstəkarın rəhbərliyi ilə şəhərin “Rote Fahne” (indiki Nizami adına) parkında “Şərq konsertləri” təşkil olunub. Musa Şuşinski də Bakı tamaşaçıları qarşısında çıxış edir. Daha sonra Dövlət Filarmoniyasında muğam konserti verir.
Görkəmli müğənni Bakıya ikinci dəfə 1947-ci ildə Dövlət Radio Verilişləri Komitəsi tərəfindən dəvət olunur. Radioda tarzən Hacı Məmmədovun müşayiəti ilə bir neçə muğam və təsnif oxuyur.
Musa Şuşinski Azərbaycan musiqisinin mahir təbliğatçısı olub. Uzun illər Gəncə Dövlət Filarmoniyasında və teatrında xanəndə-artist kimi çalışır. 1957-ci ildən ömrünün axırına kimi şəhər musiqi məktəbində müəllimlik edir. Görkəmli xanəndə 1971-ci il yanvarın 25-də Gəncədə vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar