Və otuz il sonra “Göstərir Bakı!” - 1956

1926-cı il noyabrın 6-da Azərbaycan Radiosu ilk dəfə “Danışır Bakı!” dedi, 1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyası “Göstərir Bakı!” söylədi. Bunların ikisi birləşib “Radio və televiziya işçilərinin peşə bayramı günü”nə çevrildi. Elə həm də bütövlükdə xalqın “Söz-Göz” bayramına...

“Danışır Bakı!” Bu SƏSin 87 yaşı var. Bu SƏSin səsi 1044 ay öncə, 381060 gün əvvəl çıxıb. Bu ilk efir sədasının - ilk dövlət, hökumət SƏSimizin ilkini eşidənlər - yəni bu günə sağ qalanlar isə - ya bir olar, ya iki.
Onların biri haqda lap axırda danışacam, hələlik isə -

“Danışır Bakı!”

Yetmiş ilə yaxın bir sözü ağ, biri qırmızı, “doğdu günəş qırmızı” danışdırılan, iyirmi ildən çoxdur azad səs-avazla müstəqil istiqlalımızı danışan və bundan belə əbədən milli dövran-növrağımızı danışası “Danışır Bakı”mız!
Səsində ana dilimin mənzərə-mənzərə üslubları, təranələri, tembrləri var, Azərbaycan Radiomuz! Sən danışdıqca bütün varlığımla hiss edirəm ki, mən varam, mən azərbaycanlıyam! Son iki kəlmənin ümummillilik fəxarəti isə... ümummilli liderimizin nitqində səslənib. Bu sözlər heç bir diktorun, heç bir aktyorun, heç bir natiqin nitqində ulu öndərimizin dilində səsləndiyi qədər fəxarət və əzəmətlə səslənməyib: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Mənim səs, səda, avaz yaddaşım - Azərbaycan Radiosu! Səndə babalarımızın səsi, nənələrimizin nəfəsi var və onların hamısı bu gün də oyaqdır. Elə sən özün də babasan; ölkəmizin kütləvi elektron-informasiya məkanında sən yaşdası, sən başdası yoxdur. Sənin “fonoteka” adlanan zəngin səs-səda “kitabxana”nda hansı dahilərin, ədiblərin şifahi “əsər”ləri, hansı məşhurların, sadələrin, adilərin səs yadigarı yoxdur?! Bu lent yazıları astaca-ustufca bir düymə basımına bənddir ki, möhtəşəm musiqi, sənət, incəsənət əsərlərilə bərabər, onların müəlliflərinin, ifaçılarının, icraçılarının öz səsləri də eşidilsin. Bütün digər saxlanc qutularından fərqlidir həmin o köhnə dördkünc və müasir dəyirmi səs qutuları. Bunların vasitəsilə 1926-cı ildə - Sənin yarandığın ildə “Radio marşı”nı yazmış baba Müslüm Maqomayevin ardınca nəvə Müslüm Maqomayevi də dinləyə bilərsən. Üzeyir bəyin səsini - hər kəsə onun öz məşhur əsərləri qədər doğma təsir bağışlayan nitqini eşidə bilərsən. Səməd Vurğunu öz səsilə dinləyə bilərsən: “El bilir ki, sən mənimsən”...
Hər zaman ayıq, hər zaman oyaq Azərbaycan Radiosu!
Artıq 87 ildir ki, sən hamıdan tez oyanır və bizi himnimizlə oyadırsan. Kimlər, hansı məşhur isimlər işləməyib Sənin işgüzar qoynunda, labirintal, oynar-qaynar köşkündə! Sənin “baş redaktor” kreslolarında Rauf İsmayılov, Əbil Yusifli, Valid Sənani, Anar kimi qələmşahlar əyləşib. Rejissor pultların arxasında İsmayıl Xudaverdiyev, Rövşən Abdullayev, Nizami Yüzbaşov kimi - dolaşıq səsi havasından, yaraşıq sözü odasından tutan maestrolar işləyib. Həssas mikrofonların qarşısında Aydın Qaradağlı, Ramiz Mustafayev, Sabutay Quliyev kimi azmanlar dayanıb. Onlar “Danışır Bakı!” - deyəndə elə bilərdin, bax-bax, bu an Bakı özü dil açıb danışacaq! “Sabahınız xeyir!” - söyləyəndə elə bilərdin, bu gün ancaq və ancaq xeyir işlər olacaq. Bir vaxtlar bir şamaxılı dinləyici sənə belə bir məktub da ünvanlayıb ki: “A kişilər, vallah, Aydın Qaradağlının səsi gələndə nəfəsimizi alıb-vermək də çıxır yadımızdan. Qarılar pıçıltısın, arılar vızıltısın kəsir. Yellər dillənməmiş ağaclar yellənir, ot-əncər tellənir...”
Hə, bizim keçmiş və müasir, ən ağsaqqal və ən fəal Həmsöhbətimiz! Bu “həmsöhbət” kəlməmə bağlı bir xatirə gəldi yadıma. Sənin “Qızıl fond”undakı “radio-tamaşa”lardan birindəki (C.Cabbarlı - “Almaz”) Şərifin diliylə desəm, “hansı ki”, üç-dörd il öncə parkların birində sənin yaşıdın olan bir kişiylə həmsöhbət oldum. Beş-on dəqiqəlik dialoqumuzda Səni də xatırladıq. Dedi ki, onun cavanlıq dövrləri - hər ayın 26-da Bülbülün konserti, hər noyabrın 6-da radionun “ad günü” olardı. Gülümsünə-gülümsünə bunu da söylədi ki, o vaxtlar radioda danışmaq, intervü vermək indiki kimi “Petinin şoru” - yəni asan deyildi. Söylədi ki, o özü də uşaqlıqda bir kərə intervü verib, qışqıra-qışqıra deyib ki: “Ay dədəm vay, dədəm vay, Bakıya gəldi tramvay!..”
Hə, əziz Azərbaycan Radiosu! “Əziz”... Bu söz mənə çox tanış gəlir. Həə, axı, sən 87 ildir bütün Azərbaycana, bütün dünyaya məhz bu ifadə ilə xitab edirsən: “Sabahınız xeyir, əziz dinləyicilərimiz!”, “Axşamınız xeyir, əziz dinləyicilərimiz!..”
Gəlsənə, səninlə bağlı bu audio-“qələm verilişi”ni də elə həmin sözlərlə bitirək? (Yenə) “hansı ki”, bugünədək Sənin bütün verilişlərinin “tapşırması”ndan fərqli.
Beləliklə;
Sənə azad 87-ci ildönümündən əbədi azad ildönümlərinə doğru dürlü-dürlü verilişlər, zövqlü-zövqlü proqram və layihələrlə sərhədsiz efir yolları, əziz Azərbaycan Radiomuz!..
Sizə də uğurlar, əziz Radio dinləyiciləri və əziz “Mədəniyyət” oxucuları!..

Üzeyir Abbas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar