Bu, bir tənhalıq nağılıdır
Heç kəsə tənhalıq arzulamasam da, bu, bir alın yazısıdır. Qaçılmazdır. Bəzən də ən böyük insan selinin içində belə özünü tək-tənha hiss edirsən. Bir var duyğularının ətəyindən yapışaraq özünü cəmiyyətdən təcrid etmək, bir də var həqiqətən tənha yaşamaq. Unudulmaz şairimiz Nüsrət Kəsəmənlinin dediyi kimi, bu təkliyin yaratdığı sükutun içində zaman sahilsiz olur. Sahilsiz zamanların diktəsi isə tənhalığın öz nağılını yaradır. Bilmirəm, yazıma nədən belə başladım? Bəlkə də keçirdiyim hisslərin təsirindən sözümü gizlədə bilmədim.
Bir qərinədən çoxdur ki, mən onu tanıyıram. Ötən əsrin 70-ci illərində «Azərbaycan müəllimi» qəzetində çalışdığım zamanlar Əminə Tuncay (o zaman Abbasova idi) tez-tez redaksiyamıza gələrdi. Özünəməxsus poetik dünyası var idi. Xüsusilə də mənsur şeirləri çox xoşuma gələrdi. Hətta bu barədə yazmışdım da. Həmişə şən ovqatda olan, içindəki qaynarlığı bütün hərəkətlərində, insanlara münasibətində özünəməxsus şəkildə büruzə verən Əminə Tuncay həssas təbiətli, ilhamlı, təbii bir xanımdır. Ali məktəbi bitirəndən musiqi aləminin içindədir. Pedaqoji fəaliyyətlə məşğul olub. 1992-ci ildə unudulmaz akademik Ziya Bünyadovun rəhbərliyi ilə «Muğamlarımızın fəlsəfi dünyası və tariximizdə musiqinin əhəmiyyəti» mövzusu üzrə dissertasiya müdafiə edib. 10-a yaxın kitabın müəllifidir. Həyat eşqli xanımın bu yaxınlarda «Adiloğlu» nəşriyyatında «Musiqi töhfələri» kitabı çapdan çıxıb. Yeni nəşrin elmi redaktoru akademik Vasim Məmmədəliyev, məsləhətçiləri Azərbaycanın tanınmış incəsənət xadimləridir. Bu kitab əslində tənha bir ömrün zamana meydan oxuyan töhfələridir. Bu töhfələrin hər sətrində böyük bir məhəbbət, həvəs, ciddi axtarış, mükəmməl şərh və vətəndaşlıq mövqeyi duyulur. Əslində mən bu kitabı musiqi dünyası haqqında bir dərslik kimi dəyərləndirirəm. Kitabdan təkcə oxucular məlumatlanmır, ondan Mədəniyyət və İncəsənət Universitetinin, Musiqi Akademiyasının, bu tipli kollec və məktəblərin tələbə və şagirdləri faydalana bilərlər.
Dahi Üzeyir Hacıbəyliyə müəllifin bəslədiyi dərin məhəbbət bir çox yazılarda öz əksini tapıb. Xüsusilə də Füzuli sözü ilə Üzeyir musiqisinin ünsiyyətindən doğan «Leyli və Məcnun» operası haqqında Əminə xanımın özünəməxsus fikir və qeydləri var. O, bu muğam operasını son dərəcə dəqiq və dürüst şərh edərək dahi bəstəkarın əsərdə işlətdiyi 25 muğamın hər birinin məna və mətləbini açmağa çalışıb. Bu muğamların müəllif tərəfindən verilmiş lüğəti təhlilini nəzərdən keçirərkən həqiqətən izahlardakı dürüstlüyə heyran qalırsan. Məsələn, «Rast» muğamı. Hərfi mənası dürüst, müstəqil, düzgün deməkdir. Müəllif yazır: «Şərq xalqları klassik musiqisinin 12 əsas muğamlarından biri. Qədim musiqişünaslar «Rast»ı muğamın anası adlandırmışlar. «Rast» muğamı nəinki adını və kökünü, səs düzümünü, hətta öz tonikasının Mayəsinin ucalığını belə zəmanəmizə qədər mühafizə edib saxlaya bilmişdir».
Əminə Tuncay Üzeyir Hacıbəyli yaradıcılığı ilə bağlı geniş tədqiqatlar apararaq dahi bəstəkarın musiqi ilə əlaqədar müxtəlif illərdə dərc edilmiş məqalələri haqqında müəyyən təfərrüatları da qələmə alıb. O cümlədən, Üzeyir Hacıbəyli ilə Səməd Vurğunun musiqi haqqındakı mülahizələrinin oxşarlığını da oxucuların diqqətinə çatdırıb. Üzeyir bəy haqqında mülahizələrə toxunan müəllif bildirir: «Bütün həyatını Azərbaycan musiqisinin inkişafına həsr edib, opera sənətinin əsasını qoyub. Onun simfonik musiqisinin eyni zamanda milli musiqi teatrının inkişafında da danılmaz rolu var. Şərqdə ilk musiqi teatrının professional kollektivlərinin yaradılması məhz onun adı ilə bağlıdır. 1931-ci ildə Xalq Çalğı Alətləri Orkestrini, beş il sonra isə ilk Azərbaycan Xor Kapellasını yaradıb. Onun milli musiqi kadrlarının yaradılmasında da rolu danılmazdır».
Dahi bəstəkara bəslənən məhəbbətin işığında Üzeyirdən dərs alan tələbələri, onun irsini qoruyan sənətkarlar haqqında da sanballı yazılar qələmə alan Əminə Tuncay «Koroğlu» operasının da Azərbaycan musiqi tarixində yeri barədə müxtəlif məqalələr qələmə alıb. Koroğlunun səhnə həyatını yaradan Bülbül haqqında da Əminə xanım bir məhəbbət nağılı danışır. Müəyyən məqamlarda da fikirlərini poetik dünyasından gələn misralarla oxuculara çatdırır:
Kim deyir, yatırsan indi məzarda,
Yox, sükut olmadı sənin qismətin.
Bülbüllər ilhama gələr baharda,
Sənsə Bülbülüsən əbədiyyətin.
Kitabda diqqətçəkən məqamlardan biri də xarici ölkə şərqşünaslarının, musiqiçilərinin Azərbaycan musiqisi haqqında fikirlərinin şərhidir. Bəzən bu fikirlərdə olan yanlışlıqları da müəllif oxucuların diqqətinə çatdırmağı unutmayıb. Kitabda oxuyuruq ki, XVII-XIX əsrlərdə fransız alimləri Azərbaycanla bağlı bəzi tədqiqatlarında maraqlı mülahizələr yürüdüblər. Məsələn, Ojjen Obenin fikrincə, Azərbaycan musiqisində sözsüz çalınan havalara rəng, sözlə çalınan havalara isə təsnif deyilir. Havaların ritmini isə nağara «təyin» edir.
Kitabın mündəricəsi həqiqətən çox genişdir. Onu əlinə alan hər kəs folklorumuzdan, aşıq sənətindən tutmuş qədim musiqi alətlərimiz haqqında məlumat ala bilərlər. Xüsusilə də şeypur, təbil, ud barəsində burada ətraflı bilgilər var. Azərbaycan yallıları, rəqsləri, xalq musiqi rəngləri, eləcə də mahnılarda tələffüz qaydaları, ahəng və avaz barəsində də müəllifin özünəməxsus axtarışları, fikir və mülahizələri var. Niyazinin, Qara Qarayevin, Əfrasiyab Bədəlbəylinin və başqalarının sənət xəzinəsindən də ləçəklər çəkməklə onların Azərbaycan musiqisində, mədəniyyətində əbədi nəqş etdirdikləri yeri barədə də Əminə xanım yazmağı unutmayıb.
Bir sıra mütəxəssislərin, sənətşünasların xalq mahnıları haqqında yazdıqlarını dəfələrlə oxumuşam. Elə özüm də bu ölməz incilər barəsində müəyyən axtarışlar aparmışam. Əsrlərin dizini qatlayan bu sənət nümunələrinin bəzən ifaçılar tərəfindən yanlışlığa məruz qalmasından yazmışam. Xüsusilə də unudulmaz Rübabə Muradovanın oxuduğu «Qaragilə» xalq mahnısı haqqında yana-yana bildirmişəm ki, mən uşaqlıqda Naxçıvanda bu mahnını el arasında belə eşitmişdim: «Gəlmişəm o taydan oyadam səni, Qaragilə, oyadam səni». Təəssüf ki, müğənnilər həmişə «Gəlmişəm otağına oyadam səni, Qaragilə» oxuyublar. Sevgilinin, nişanlının yatmış qızın otağına gəlməsi həm qadağan idi, həm də qəbahət sayılırdı. Elə indinin özündə də belədir. Əminə xanımın «Qaragilə» xalq mahnısı haqqında yazısını oxuyanda mülahizə və fikirləri çox xoşuma gəldi: «Qaragilə» mahnısı Arazın o tayında qalan sevgilisindən ayrı düşən Rübabə xanıma ithaf olunduğu haqqında söhbətlər yayılmışdı o zamanlar...»
O qədər dürüst, o qədər ünvana tuş gələn bir fikirdir ki, qəbul etməmək olmur. Çünki hər bir xalq mahnısının mayasında müəyyən bir həqiqət və tarixi hadisə gizlənir. Məsələn, «Küçələrə su səpmişəm» xalq mahnısı. Burada da ifaçılar yanlışlığa yol verərək belə oxuyurlar: «Küçələrə su səpmişəm, yar gələndə toz olmasın». Halbuki Manaf Süleymanov kitabında bu mahnının yaranma tarixini əsaslandıraraq bildirirdi ki, doğru olan budur: «Küçələrə su səpmişəm, türk gələndə toz olmasın». Bakını erməni işğalçılarından azad etmək üçün türk ordusu paytaxtımıza dəvət edilmişdi. O zaman da yerli əhali bu mahnını yaradaraq birağızdan oxuyublar.
Kitabda Əminə Tuncay haqqında qələmə alınmış yazılar da diqqət çəkir. Xanım qələm dostumuzun yaradıcılığı ilə bağlı vaxtilə maestro Niyazi, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Rübabə Muradova, Zeynəb Xanlarova, Əbülfət Əliyev, Habil Əliyev, İslam Rzayev, Arif Babayev, Elmira Rəhimova və başqa neçə-neçə qüdrətli sənətkarlarımız sevgi dolu ürək sözlərini dilə gətiriblər. Bu sırada qələm dostumuz Zülfüqar Şahsevənlinin «Köçündən ayrı düşən durna» adlı yazısında Əminə xanımın portreti sözlə çox gözəl yaradılıb: «Söz Əminə Tuncay üçün su, hava, Günəş kimidir. O, söhbət etdiyi insanları sözün işığına, sehrinə, haləsinə, nuruna bürüyür. Əminə xanımla söhbət edən hər kəs ətalətdən, süstlükdən sıyrılıb çıxır, öz yurduna, yuvasına, ana dilinə, musiqisinə bağlanır. Vətəninin bəndini, bərəsini, sınırlarını tanıyır. Bu, vətəndaşlıq yanğısı, böyük Azərbaycan sevgisidir. Dünyamızı dəniz kimi saf, riyasız, kinsiz, küdurətsiz görmək Əminə xanımın ən böyük arzusudur. Ləngərli danışığı, kükrəməsi, çılğın təbiəti ilə də elə dənizə bənzəyir».
Sözü ilə neçə-neçə yaradıcı şəxsin, sənətkarın taleyinə işıq saçan, onları yazıçı ömrünün əbədi qəhrəmanlarına çevirən, evinin divarlarında şəkillərini asan, hər dəfə ürəyində onlara «sabahınız və axşamınız xeyir» - deyir. Maraqlısı odur ki, onun nəğmələri çoxdur. Çünki sahilsiz zamanın sükutu bu tənhalığa düçar olmuş geniş ürəkli xanımın dünyasında elə bir ləngər qoparıb, təlatüm yaradıb ki, duyğuları susmaz, nağılları dayanmaz. Onun nə sözü, nə də özü kimsəyə bənzəyər. Bu bənzərsizliyə sahib olduğu üçün də əslində xoşbəxtdir Əminə Tuncay. Çünki bizi yaşadacaq söz həmişə var və var olacaq! Oxuculara da məsləhətim budur ki, yalnız öz qəlbinin dediklərini yazan, öz ürəyinin hökmünə baş əyən Əminə Tuncayı diqqətlə oxusunlar. Görün, bir bayatısında o, nə deyir:
Əzizim necə dağlar,
Qarşıda neçə dağlar,
Yetim yanağı bilir
Göz yaşı necə dağlar?!
Əslində, kövrəlməkdən heç qorxmaq da lazım deyil. Böyük Məmməd Araz belə deyirdi: «Kövrəklik olmayan yerdə heyrət, heyrət olmayan yerdə kəşf yoxdur». Şeirləri, qəzəlləri, hətta adi yazıları ilə belə qəlbimizi kövrəldən, ürəyimizi yuxaldan Əminə xanım! Baxmayaraq ki, sizi 30 ildən çox idi tanıyırdım, amma həqiqətən də söz insanın içinin ətridir. İndi daha yaxından bələd oldum sizə. Yeni kitabınız təkcə dərslik deyil, həm də dostlara, yaxınlara yaxşı dərs verir. Əlinə alıb sadəcə gözdən keçirmə. Oxu, oxu və məni tanı! Bil ki, mən Azərbaycan tarixini, ədəbiyyatını, musiqisini, insanını necə sevirəm. Bu baxımdan əlinə qələm aldığı gündən ürəyində böyük sevgi ilə bəslənən və bütün varlığına hopan Azərbaycan musiqisi, onun yaradıcıları Əminə Tuncay tərəfindən həmişə sevgi və dərin məhəbbətlə vəsf edilir. Sizə cansağlığı arzulayıram. Hərdən gileyləndiyiniz yuxa məqamlar ki var, saralmış kağız kimi arxivə verin! Əlinizdəki qələm ömrünüzün mənasını, məramını kağızlara naxışlasın! Siz mərd qadınsınız!
Flora Xəlilzadə,
Əməkdar jurnalist