UNESCO Hökumətlərarası Komitəsinin 8-ci sessiyası zəngin mədəni proqramı ilə də yadda qaldı. Dekabrın 6-da qonaqlar üçün İçərişəhərə tanışlıq turu təşkil olundu. Bələdçinin təqdimatını maraqla dinləyən, əlavə suallar verən qonaqlarımız tolerantlığın qədim zamanlardan hökm sürdüyü şəhərimiz haqqında xoş sözlər deməyi də unutmadılar.
Uqandanın UNESCO-dakı nümayəndəsi Vaumo Culiana Akoryo: “Bu mənim gülərüz insanların vətəni Azərbaycana, qədim və təkrarsız Bakıya ilk səfərimdir. Amma düşünürəm ki, bu, son olmayacaq. Çünki Bakı bütün varlığıma hakim oldu. Tarixi zənginlik, qədimlik, sivilizasiyanın ən üst inkişafı, mədəni müxtəliflik və ona münasibətdə səmimiyyət məni valeh etdi”.
Yaponiyanın sessiyadakı nümayəndəsi Şigeyuki Miyata: “Bakı kimi müasirliklə qədimliyin qovuşduğu şəhərlər əslində şərhlər, gözəl sözlər olmadan da, özü haqqında danışır, sanki nəğmələr deyir. Mən bu şərqi dilli şəhərə heyran oldum. Təbii ki, zəngin mətbəxinizi, qonaqpərvərliyinizi də unutmaq olmaz”.
Almaniya təmsilçisi Aditya Eiggert: “Hava limanında düşdüyüm andan insanlar, onların xoş çöhrəsi, daim səmimiyyətlə gülümsəyən gözləri, sevgi paylayan baxışları məni sadəcə ovsunlayıb. Məncə, bu cür insanların vətənini gəzmədən də onun haqqında təəssürat mükəmməl olar. İçərişəhərə gəlincə, sanki bir şirin nağılda, Şərq tilsimindəyəm. Burada hər detal nə isə pıçıldayır”.
Hindistan təmsilçisi Japarajan Vayalkara: “Azərxalça” istehsalat birliyində gördüyüm nümunələr, naxışların bənzərsizliyi məni valeh etdi. Hər biri ayrı bir zəriflik nişanəsidir. Sanki onlar zərif bir xanımın gözəl əlləri, nurlu gözləridir. Bu nümunələri yaradan xalq təbii ki, böyük zövqün daşıyıcısı, mədəniyyətin sahibidir. Bakıya ilk səfərim olsa da inanıram ki, mən bu mənalı mənzərələri bir daha görə biləcəyəm”.
Braziliyanın UNESCO-dakı nümayəndəliyinin ikinci katibi Adam Muniz: “Dünya müxtəlif mədəniyyətlərin təmsilçilərini birgə yaşadığı evdir. Bu dünya hamımızındır, ona görə də onu qorumaq, sevmək və hər kəsin mənəvi dəyərlərinə hörmətlə yanaşmaq lazımdır. Mədəniyyətlərarası dialoq, tolerantlıq kimi fikirlərin qlobal müstəviyə çıxdığı məqamda mən ölkənizin, şəhərinizin bu mənada mühüm bir nümunə olduğunu qeyd etməliyəm. Hələ əsrlər öncə bu şəhərdə məscidlərlə kilsələr, digər dini ibadət məkanları yanaşı fəaliyyət göstərib, müxtəlif mədəniyyətlərin yaşamasına münbit şərait olub. Bu mənada sizi alqışlayıram”.
Nepal təmsilçisi Racandra Kumar: “Şirvanşahlar sarayı, aşıq musiqisi və milli geyimlərinizə, şəbəkə sənəti nümunələrinə heyran olduq. Burada hər şey gözəl və təkrarsızdı. Musiqi, muğamlar, aşıqlar, onların geyim üslubu, ifaları çox fərqli və maraqlıdır. Qız qalası, onun tarixi haqqında bələdçinin danışdığı əfsanə məni çox təsirləndirdi. Azərbaycan gəzməli və çox şey öyrənməli ölkədir”.
Həmidə