“Kuklaları hazırlayarkən bir müddət bu dünyadan ayrılıb, başqa dünyaya gedirəm.
O ərəfədə beynimdə o qədər ideyalar yaranır ki...”

Elmira Abbaslı Azərbaycanda müəllif kukla sənətinin banilərindəndir. Onun yaratdığı kuklalar bizə əsl nağıllar aləmini xatırladır, ötən illərin və əsrlərin rəvayətlərini pıçıldayır. Dəbdəbəli geyimdə olan “əsilzadə” kuklalar tamaşaçıda xoş əhval yaradır. Kuklaçı rəssamla ilk tanışlığımız bu ilin sentyabrında “Kukla” art qalereyasında “Sultanın istəklisi” adlı əsərinin təqdimat mərasimində olmuşdu. Sənətkarın bu əl işində valehedici gözəllik, yüksək ustalıq, sirli Şərq ruhu və incə kolorit bir arada əksini tapmışdı. Tarixi mövzu və Şərq motivləri onun yaradıcılığında xüsusi yer tutur.

Kukla aləminə maraq

Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, kuklaçı-rəssam Elmira Abbaslı bu sənətə hələ orta məktəbdə oxuyanda maraq göstərib. Kiçik yaşlarından dəbdəbəni və nağıllar aləmini çox sevib. Orta məktəbi bitirəndən sonra, 1980-ci illərdə, bu sənətlə məşğul olmağa başlayıb. Baxmayaraq ki, ali təhsil almaq üçün başqa bir sahəyə üz tutmuşdu: “Biz İçərişəhərdə yaşayırdıq. Hər bir azərbaycanlı xanımı kimi, mənim nənəmin də çox yaxşı tikmə qabiliyyəti vardı. Həmişə nə isə tikirdi. Bu mühitdə böyüməyim məndə də tikmə sənətinə böyük maraq yaratmışdı. Hətta orta məktəbdə oxuduğum vaxtlar özümə paltarlar da tikirdim. Məktəbi bitirib Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil oldum. Eyni zamanda yumşaq oyuncaqlar və müxtəlif tikmələr üzərində çalışırdım. Bacarığımdan xəbərdar olub bir neçə ildən sonra məni oyuncaq fabrikində işləməyə dəvət etdilər. Bir müddət orada rəssam-modelyer kimi çalışdım”.
Elmira xanım sadəcə tikmə işilə məşğul olmayıb, həmçinin müxtəlif eksperimentlər aparıb, kuklaların hazırlanma texnologiyasına dərindən yiyələnib: “Fabrikdə bir neçə il işlədikdən sonra gördüm ki, fikrimdə tutduğum ideyaları orada həyata keçirə bilmirəm. Sirli kukla aləmi məni özünə o qədər cəlb etmişdi ki, bu sahəyə dərindən yiyələnmək istəyirdim. İstədiklərimi həyata keçirmək üçün tariximizi, habelə kuklaların istehsalat prosesinə bələd olmaq üçün milli geyimlərimizi öyrənməyə başladım. Bu gün öyrəndiklərim köməyimə çatır”.
Kuklaçı-rəssam Tofiq İsmayılov adına Gənclərin Yaradıcılıq Evində yumşaq oyuncaqların hazırlanması dərnəklərinə rəhbərlik edib. Bu sahədəki qabiliyyətini nəzərə alıb ona 1983-cü ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçirilən Şərq xalça sənəti üzrə beynəlxalq simpoziumuna qatılacaq xarici qonaqlara hədiyyəlik milli geyimli kuklalar hazırlamağı təklif ediblər: “Bu təklif həyatımda böyük dəyişiklik yaratdı. Nəticədə 30-a yaxın milli geyimdə kukla yaratdım”.
İlk işlərini nənəsinə və böyüdüyü ecazkar İçərişəhərə həsr edən Elmira xanım hazırladığı kuklalar içərisində tarixi personajlara daha çox yer ayırıb. Əvvəllər kuklaları hazırlamaq üçün parçadan istifadə etsə də, sonralar plastik məmulatlara üstünlük verib. Həmsöhbətim deyir ki, kukla hazırlamaq üçün gərək heykəltəraşlığı, rəssamlığı, xarratlığı, zərgərliyi, psixologiyanı, həndəsəni biləsən. Həm saç ustası, həm də modelyer olmalısan.
Elmira xanım ilk dəfə 1985-ci ildə teatr və kino rəssamlarının əsərlərini əhatə edən sərgidə iştirak edib. 1987-ci ildə Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Finlandiyada fərdi sərgisi təşkil olunub. 1989-cu ildə isə Polşanın Krakov şəhərində keçirilən II Beynəlxalq Folklor Kuklaları Biennalesində bürünc mükafat qazanıb: “Həmin dövrdə sanki həyat daha da püxtələşməm üçün mənə yaradıcılıq laboratoriyaları açırdı. 1989-cu ildə “Buta” marionet teatrında “Arşın mal alan” tamaşasını hazırladıq. Tamaşa böyük maraqla qarşılandı. 1988-1991-ci illərdə bu teatrda geyim üzrə rəssam kimi çalışdım. 1994-cü ildə “Çeşmə” mədəniyyət mərkəzinin nəzdində Bakıda ilk dəfə olaraq özəl milli geyimlər muzeyini yaratdıq. Muzey qısa müddət ərzində çox populyarlıq qazandı. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri tez-tez muzeyə gəlirdilər. Təəssüf ki, bir neçə il əvvəl muzey fəaliyyətini dayandırmalı oldu”.
Ötən müddətdə rəssamın əsərləri müxtəlif sərgilərdə yer alıb: “1995-ci ildə BP şirkətinin Azərbaycan nümayəndəliyi “Xəzərneftqaz” beynəlxalq sərgisində bizim milli geyimli kuklalara ayrıca stend ayırdı. 2002-ci ildə Moskvada Puşkin Muzeyində sərgim keçirildi. Bu günə kimi əl işlərim ABŞ, Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrdə nümayiş olunub”.

Gerçəyə çevrilən xəyallar

Elmira xanımın yaratdığı kuklalar nadir sənət nümunələridir. Bu əsərlərdə sənətkar qəlbinin hərarətini, arzuların, düşüncələrin ifadəsini görürük. Əsərlərə tamaşa etdikcə insan xəyalən İçərişəhərin küçələrini gəzir, qədim diyarın tarixinə səyahət edir, sehrli nağıllar aləminin qəhrəmanları ilə bir dünyanı paylaşmış olur. Bütün bunlar sənətkarın uşaqlıq illərindən yaddaşına hopub qalan hadisələrin və yaşadıqlarının sənətdə təcəssümüdür.
2010-cu ildə kuklaçı-rəssamın İçərişəhərdə “Köhnə Bakı obrazları. İçərişəhər. XIX əsr” adlı kolleksiyası sərgilənib. Rəssam bildirir ki, kolleksiya "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təklifi əsasında hazırlanmışdı. İnternet sorğu nəticəsində köhnə Bakının 23 tipik personajından 12-si seçildi: “Obrazların xarakterlərini dəqiq müəyyənləşdirmək, xırda əşyaları, qədim çıraqları hazırlamaq, parçaları təkrarçılığa yol vermədən seçmək və onları dövrə uyğun olaraq "qocaltmaq” lazım idi. Bir sözlə, İçərişəhər böyük buket kimi bu kolleksiyada öz əksini tapmalı idi. Kolleksiyanı 10 aya başa çatdırdım. Kiçik karvansaranın "İncəsənət bağı”nda təqdimat keçirildi. Heydər Əliyev Fondunun təklifi ilə obrazların davamını hazırladım”.
Rəssamın sözlərinə görə, kolleksiyada hər obrazın öz adı var və bu adlar özlüyündə böyük məna kəsb edir. Adlar obrazları daha da canlandırır, onları başa düşmək imkanlarını genişləndirir. “Faytonçu Qorxmaz”, “Xan”, “Mirzə Abbas” və s. bu adlarla keçmişin ruhunu insanlara çatdırmağa müvəffəq olmaq mümkündür.
“Ağ dəvə” hekayəsinə isə rəssamın xüsusi sevgisi var: “Ağ dəvə” adi hekayə deyil. Mənim üçün "Ağ dəvə” haqqın simvoludur. Ağ dəvənin yanındakı bala dəvə onun davamçısı anlamını verir. Dəvənin önündə və arxasında mistik fiqurlar var. Həmin fiqurlar əbədiyyətin bələdçiləri kimi dəvəni müşayiət edirlər. Aşağıda isə məscidlər, sfinks və piramidalar, müxtəlif şəhərlər əks olunub. Dəvə keçdiyi bütün yerləri sanki işıqlandırır. Dəvənin belində balaca oğlan və Quran kitabı var. Oğlanın üzü isə realdır, mistik deyil. O, yenilik anlamındadır. “Ağ dəvə” 2005-ci ildə hazırlanarkən mənə ilk nəvəmi gətirdi. Məncə, insanlar öz gözəl fikirləri, ideyaları ilə həyatlarına rəng qata bilərlər. Hər şey insanın öz əlindədir. Qəzəb, qibtə içində yaşamaq mümkün deyil. İnsanın qəlbində həmişə məhəbbət, nur olmalıdır”.
Rəssamın son zamanlar yaratdığı əsərlər içərisində fəlsəfi mövzular üstünlük təşkil edir. Onların sırasında "Qüvvə verən şəhər”, "Məbədə yol”, "Nur”, "Məhəbbət” kimi kollajları və "Şəhrizad”, "Şah”, "Şirvanşahların quşları”, "Qədim şəhərin gözətçiləri”, "Rəqqasə” əsərlərini xüsusi qeyd etmək olar. “Şəhrizad” və “Şah” müxtəlif vaxtlarda hazırlansalar da, bir kompozisiya şəklində təqdim olunurlar.
Həmsöhbətimin fikrincə, kuklaların hazırlanma prosesində ən çətin mərhələ obrazın təsəvvürdə canlandırılmasıdır: “Kuklaları hazırlayarkən bir müddət bu dünyadan ayrılıb, başqa dünyaya gedirəm. O ərəfədə beynimdə o qədər ideyalar yaranır ki... Hazırda bu işlə məşğul olanların sayı çox azdır. Emalatxanam da yoxdur. İcarəyə götürdüyüm məkanda işləri hazırlayıram. Şagirdlərim bu işi sona qədər öyrənib başa çatdırmırlar. Müəyyən mərhələni öyrəndikdən sonra buradan ayrılırlar”.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar