Sürünərdən (“İlan”dan) estafetlənib mələrə (“Qoyun”a) dördəmləyən At ili...

İlləri simvolizə edənlərin hamısının reqlament meydanı - bir gün fərqilə - eyni (365-366) olsa da, “At”ın ab-havası bir ayrı cür, alayı tür. Yəni məsələ tək elə sürətdə deyil, həm də onun əsl insanlara bənzər sədaqətində, tarixi qəhrəmanların etiraf etdikləri qeyrətində, aqillərin bəyanladıqları hikmətindədir.

Hesab edək ki, bu söhbət hələ təkərin ixtira edilmədiyi qədim dövrlərin birində düşüb və biz bugünkü bahalı maşınlarda yol gedərkən etdiyimiz qazanc dialoqları əvəzinə, tutalım, Qazan xanın növbəti el təəssüblü yürüşü ilə bağlı gap edirik...
Amma elənçik söhbətlərlə bu yazını hədəfdən yayındırmayaq deyə, mətləbə keçibən belənçik deyək ki, yol yoldaşın yaxşı olanda dünyanın o başına haçan çatdığından xəbərsiz, yaman olanda isə... mübtədasız olursan. Yəni, bəxtinə ikincisi düşübsə, yanındakının olması ilə olmamasının bir fərqi yox (və hələ bunun mənfi saldosunu demirəm).
Əsas mətləb də bu ki, öncəgörənlər “institutu”nun “il”lər “şöbə”si əməkdaşlarının verdiyi məlumatlara görə, At ili insanlara qeyri-sabitlik gətirəcək. Amma dərhal da yazırlar ki, 2014-də səyahətpərəstlərin turizm arzularını reallaşdırmaq şansları çox olacaq. Deyirlər ki, bu İLdə doğulanların əksəriyyəti şən xasiyyətli və çox məşhur adamlar olurlar. Pul qazanmağı da, xərcləməyi yaxşı bacarırlar. Ağıllı və fəhmlidirlər. Lakin həddən çox danışırlar. İstedadlıdırlar, işləri rəvan gedir, şıq geyinməklə, habelə sərbəst davranmaqla diqqəti cəlb edirlər. Qürrəli, öz qədrini biləndirlər. Hissiyyatlarına toxunulduqda hər şeyi unutmağa qabildirlər. Əyləncələri və böyük məclisləri xoşlayırlar. Hadisələrin mərkəzində olmağı sevirlər. Çox müstəqildirlər, - nadir hallarda məsləhətlərə qulaq assalar da, öz bildikləri kimi hərəkət edirlər.
At ilində doğulanlar (əsasən də yaradıcı, qeyri-adi şəxsiyyətlər) üçün bu il xüsusilə rahat keçəcək. Ancaq bu insanlar öyünməməlidirlər. Çünki - gah yorğa, gah dördəm gedən bir canlının adıyla rəmzlənən bu İL gözlənilmədən sürpriz çapışlar, yeni xəbərlərlə gəlir.
Atlar hiyləgərliyi, qeyri-səmimiliyi, haqsızlığı sevmirlər.
2014-cü ildə ən yaxşı talisman göy, taxta at və nal ola bilər. Bir şərtlə ki, insanlar həqiqətən onların gücünə inansınlar.
At ilinin baş ünsürü sudur. 2014-ü qeyri-stabil il kimi proqnozlaşdıran astroloqlar insanları plan əsasında hərəkət etməyə, ehtiyatlı olmağa çağırıblar.
Populyar, şən, ünsiyyətcil və cazibədar olan At həm də müdrikdir, istedadlıdır, hər şeyi özü şəxsən etməyi xoşlayır.
At sevgiyə görə hər şeyi kənara atıb, ətrafdakılara fikir verməyə də bilər. At ilində doğulanlar həm də çox əsəbi, özlərindən tez çıxan olurlar. Bu səbəbdən də onlar ətrafdakılarda özlərinə qarşı inamı itirirlər.
2014 qismətli At ili iki element tərəfindən simvolizə edilir: od və üzərində ağac. Qarşıladığımız il bu elementlərin çox da sülhsevər olmayacağı ehtimallıdır. Bu elementlərlə sakit, rahat bir 2014-cü il gözləmək olmaz.
Bu qəşəng, cazibədar İlin məşhur isimləri var: 1906-da Səməd Vurğun, Dmitri Şostakoviç, 1918-də Qara Qarayev, Mehdi Məmmədov, 1930-da Toğrul Nərimanbəyov...
Bu sıranı çox uzatmaq olar. Odur ki, siyahını yekunlaşdırıb sözümü aşağıdakı xitabla bitirmək istərdim: -

Ay At...

səni sərmeydanda abideyi-heykəlləşdirərik, - əgər bizi bu davadan qurtarsan! Qızıldan-bürüncdən monumentləşdirərik. Qoç Koroğlunun Keçəl Həmzəyə dediyi “Səksən min kotana, kala da vermə!” hayqırtısının milyon misli qədər dəyərləndirər, Qaçaq Nəbinin “...heç at keçmədi” deyilən Boz Atı kimi totemləşdirərik, - əgər müvəqqəti, qondarma “dığa Stepanakert”in alnına doğma “Xankəndi - 2014” möhür-nalı yapa bilsən!..
Şou əhlindən də dönə-dönə xahiş edərik ki, telekanalların dönə-dönə xahiş-təkliflərinə məhəl qoymayıb efirlərə bir qədər az çıxsınlar ki, onlar da məcbur-məəttəl qalıb, bu savaş qoxulu günlərdə sizin cıdırlarınız, kişnərtiləriniz, Qır At, Dür At, Boz At kökəniniz haqda da proqramlar hazırlasınlar...

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar