İlham Rəhimli

İllərdir bu suallar «yaddaşımdan əl çəkmir», özümdən asılı olmayaraq, onları xatırlamalı oluram. Bu intizardan nisbətən xilas olmaq üçün fikirləşdim ki, heç olmasa sualların özünü qələmə alıb bir az təskinlik tapım.

(Əvvəli qəzetimizin 11, 13, 18 dekabr, 22, 24 yanvar tarixli nömrələrində)


Qüdrətli aktyor və rejissor Hüseyn Ərəblinskiyə (1881-1919) xitab.

Birinci sual.
- Dostunuz, aktyor və rejissor Hüseynqulu Sarabski «Köhnə Bakı» (Bakı, «Yazıçı», 1982, səh. 76) kitabında Sizin, Əbülfət Vəlinin və özünün 1907-ci ilin ortalarında «İslamiyyə» mehmanxanasına gedib Tiflisdən Bakıya gəlmiş Əbdürrəhim bəy Haqverdiyevlə görüşməyinizdən bəhs edir. O yazır:
«Əbdürrəhim bəylə görüşəndən sonra o, bizi təbrik etdi:
- Uşaqlar, gözünüz aydın olsun, «Ağa Məhəmməd şah Qacar» əsərinin icazəsini almışam.
Ərəblinski: - Çox da icazə almısan. Oynamaq üçün gərək aktyor olsun, aktrisa olsun, teatr olsun, paltar olsun, quruluş olsun, məşq üçün yer olsun... necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa.
Əbdürrəhim bəy: - Hüseyn, mən səndən bunu gözləməzdim. Sən aktyorsan, zəhmət çəkib məşq edərsən, Ağa Məhəmmədi olduğu kimi oynayarsan, xalq səni alqışlayanda hamısı yadından çıxar. Amma, Hüseyn, sənin canın üçün Ağa Məhəmməd nə sənin rolundur. Səni qoymuşam qabağıma, Ağa Məhəmmədi yazmışam.
Bu sözlər Ərəblinskiyə bərk toxundu:
- Mən məgər belə çirkinəm ki, məni ona oxşadırsan? O tövr qan içən cəllada! Dünyada adam qurtarmışdı məni oxşatmağa?
Papağı ilə ağacını götürüb acıq eləyib getdi.
Əbdürrəhim bəy dalınca: - Hüseyn! Hüseyn! - deyə çağırdı. Ərəblinski qulaq asmayıb getdi. - Canım, bu nə iş idi oldu, mən onu incitmək istəmirdim. Mən Hüseynin xətrini çox istəyirəm. Onun sınıb getməsi yaxşı olmadı, - deyə, Əbdürrəhim bəy dilləndi.
Dedim: - Eybi yoxdur, biz onun könlünü alarıq».
Bu hadisənin üstündən bir neçə gün keçəndən sonra Sarabski öz evində quzu qonaqlığında sizi barışdırıb.
Zatən, Əbdürrəhim bəydən inciməyinizə heç bir səbəb yox idi axı?
Hətta incisəniz belə, Sizdən yaşlı, kifayət qədər məşhur yazıçıdan küsüb otağı tərk etməyə hacət vardımı?
Axı, Nadir şah, Otello, Gavə rolları kimi Ağa Məhəmməd şah Qacar da Sizin parlaq sənət uğurunuz olub.
Pyesi oxumadan nə üçün bədgüman olmusunuz?
Oxumuş, ziyalı aktyorsunuz. Əcəba, bəyəm bilmirdiniz ki, dünya dramaturgiyasında aktyora, onun yaradıcılıq imkanlarına görə obraz yazan ədiblər çox olub?
Haqqınızda yazılanlardan bilirik ki, ümumiyyətlə, dost-tanışlardan tez-tez küsüb-barışırmışsınız. Yeri gəldi-gəlmədi məşqlərdə, hətta adi söhbətlərdə, yaş fərqinə baxmadan, hamının üstünə qışqırırmışsınız.
Cənab Ərəblinski!
Bu qışqırmaqlarınızın, bu küsməklərinizin səbəbi nə idi?

İkinci sual.
- Tiflisdə çıxan «Zakavkazye» qəzeti 1908-ci il iyul ayının 4-də belə bir məlumat çap edib. «Əbdürrəhim bəy Haqverdiyev Şekspirin «Hamlet» faciəsinin tərcüməsini bitirmişdir. «Kral Lir»in tərcüməsinə başlamışdır. «Hamlet» gələn mövsümdə Bakıda oynanılacaqdır. Hamlet rolunda Hüseyn Ərəblinski çıxış edəcəkdir».
Mətbuat «gələn mövsüm» deyəndə elə 1906-cı ilin sentyabr-oktyabr aylarında başlayacaq teatr mövsümünü nəzərdə tutur. Nə həmin il, nə də sonrakı illərdə «Hamlet» faciəsi tamaşaya qoyulmadı və Siz də Hamleti oynamadınız.
Nə üçün tərcümə hazır olandan sonrakı 11 il ərzində, bütün cəhdlərə baxmayaraq, «Hamlet» tamaşaya qoyulmadı? (Ərəblinski 1919-cu ildə qətlə yetirilib - İ.R.).
Axı, Siz bu rolu oynayacağınızı dəfələrlə bəyan etmişdiniz. Hətta müxtəlif müsamirələrdə, o cümlədən 1911-ci ilin aprel ayında Moskvada olarkən «Hamletin «Qəbr, ya səbr» («Olum, ya ölüm») monoloqunu ehtirasla söyləmisiniz. 1908-ci il dekabrın 12-də oynanılan «Əmir Əbül Üla» tamaşasının afişa və proqramlarında belə bir elan var. «Gələcək tamaşa: «Leyli və Məcnun», «Hamlet, Danimarka hökmdarı». Deməli, əsər üzərində hətta məşqlər də gedib.
Mustafa Mərdanov Sizin haqqınızda xatirələrində yazır: «Hüseyn Ərəblinski 1910-cu ildə Şekspirin «Hamlet» əsəri ilə tamaşaçıları tanış etmək xəyalına düşdü. O, «Hamlet»in tərcüməsini Əbdürrəhim bəy Haqverdiyevdən alıb, əsərin üzərində yaradıcılıq işi apardı. Ərəblinski «Hamlet»in Azərbaycan dilinə olan tərcüməsini müxtəlif rus tərcümələri və ingilis dilində olan orijinalı ilə yoxlatdırıb, onun düz gəlməyən və çətin anlaşılan, səhnəyə uyğun olmayan yerlərini Haqverdiyev və başqa Azərbaycan ziyalıları ilə razılaşıb düzəldirdi.
Hüseyn Ərəblinski «Hamlet»i əzbər bilirdi».
Əcəba, bəs «Otello» (Uilyam Şekspir), «Qaçaqlar» (Fridrix Şiller), «Vətən» (Namiq Kamal), «Dəmirçi Gavə» (Şəmsəddin Sami), «Sultan Osman» (Fransua Volter), «Müfəttiş» (Nikolay Qoqol), «Yəhudilər» (Yevgeni Çirikov), «Əlmənsur» (Henrix Heyne) kimi mürəkkəb tərcümə əsərlərini tamaşaya hazırlayan və baş rollarda çıxış edən Hüseyn Ərəblinskinin «Hamlet»i hazırlamasına nə əngəl ola bilərdi?

Üçüncü sual.
- «Məzəli» satirik jurnalı 10 oktyabr 1915-ci il sayında rəssam Əzim Əzimzadənin karikaturasını çap edib. Şəklin altında bu mətn yazılıb: «Teatrda pərdə qalxandan sonra məşhur artist Ərəblinski küsmüşdü.
- Bir az dayanın görək Ərəblinskini yola gətirmək olarmı?»
Belə hallar həm Bakıda, həm də Tiflis, Aşqabad qastrollarında dəfələrlə olub.
Bu rəsmdə söhbət harada oynanılan və hansı tamaşadan gedir? («Məzəli» jurnalındakı rəsm çıxmazdan əvvəl ay yarım ərzində bir dəfə səhnəyə çıxmısınız. Oktyabr ayının 2-də Tağıyev teatrında («Şəhər teatrı» da yazılıb) S.Lanskoyun «Qəzavat» dramının tamaşasında Əhməd bəyi oynamısınız. Hər halda daha düzünü özünüz bilərsiniz).
Küsüb-inciməyinizin səbəbi nə idi?
Əsasən kimə və niyə acıq eləmişdiniz?
Sonra səhnəyə çıxmaq üçün könlünüzü kim aldı?

Dördüncü sual.
- Sənət dostlarınız Hüseynqulu Sarabski (Rzayev), Cəmo bəy Hacınski, Sadıq bəy Hacınski, Əhməd bəy Hacınski və Siz 1915-ci il oktyabr ayının 15-də Bakı qradonaçalnikinə ərizə yazıb şəhərdə «Müsəlman dram cəmiyyəti» yaratmağa icazə istəmisiniz. Məktub-müraciətinizdə yazmısınız ki, libretto və dramlar çap edəcək, nümunəvi əsərlərə mükafat verəcəksiniz. Aktyor kursları təşkil etmək əsas məramlarınızdan idi.
1916-cı il fevral ayının 29-da şəhər bələdiyyəsi icazə məktubu imzalayıb. May ayının 22-də ilk iclasınız olub və Sadıq bəy Hacınski idarəyə sədr, Miryaqub Mehdiyev sədr müavini, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Bağır bəy Məlikov, Cəmo bəy Hacınski, Əhməd bəy Hacınski, Sidqi Ruhulla, Gülsabah xanım, Gülbahar xanım və daha bir neçə şəxs idarə üzvləri seçiliblər. İlk tamaşanız Tağıyev teatrında («Şəhər teatrı» da yazılıb), 1916-cı il noyabrın 4-də göstərilən «Əmir Əbül Üla» (Hüseyn Bədrəddin və Məhəmməd Rüfət) əsəri olub. Bunun ardınca Nəriman Nərimanovun «Bahadır və Sona» (15 dekabr) dramının tamaşası oynanılıb. Sonra da başınız qarışdı «Neft və milyonlar səltənəti» filminə çəkilməyə. Truppa, rəsmi elan edilməsə də, dağılmaq həddinə çatdı.
1917-ci il yanvarın 26-da Səkinə Axundzadənin təbdilində «Zülmün səmərəsi» («Lakme») tamaşasını «Nicat» truppası ilə oynamısınız. Az sonra Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının «Müdiriyyəti»ndə baş rejissor vəzifəsini tutumusunuz.
Əcəba, bəs onda nə üçün «Müsəlman dram cəmiyyəti» yaratmağa qərar vermişdiniz?
Qərar vermişdinizsə və məqsədinizdə israrlı idinizsə bəs onda nə üçün aktyor kursları açmadınız, libretto və pyes çap etmədiniz, heç kəsə mükafat vermədiniz?
İşin başqa bir tərəfi. Siz bu iddiada və istəkdə olanda Bakıda «Nicat» və «Səfa» truppaları, Hüseynqulu Sarabskinin yığma aktyorlardan ibarət mövsümi fəaliyyət göstərən opera və operetta artistləri dəstəsi vardı. «Müdiriyyət» fəaliyyətə 1916-cı ilin sentyabr ayından əzmlə və zəngin opera, operetta, dram, faciə, komediya əsərlərindən ibarət repertuarla fəaliyyətə başlamışdı.
Bu təqdirdə onsuz da pərakəndə halda olan aktyor qüvvələrini parçalamağa hacət vardımı?

Beşinci sual.
- Hüseyn Quliyev adlı gənc bir dostunuz olub. 1916-cı ildən tanıdığınız bu teatr həvəsli (təvəllüdü 1900-cü ildir) cavan yaxşı xətti olduğu üçün pyeslərin üzünü səliqəli köçürməkdə Sizə yardımçı olub. Hərdən tamaşalarda epizod rollar oynayıb. Sonrada təhsil alaraq hüquqşünas işləyib. O, Hüseyn Ərəblinskiyə həsr olunmuş «Səhnə andı» xatirələr kitabında (Bakı, «Yazıçı», 1982, səh. 114) verilmiş «Hamımızın sevimlisi» məqaləsində yazır:
«Bir axşam «Nadir şah» dramı oynandığı yerdə mən kütləvi səhnədə iştirak edirdim. Kim isə Hüseyni çaşdırmaq məqsədi ilə ağ kağızı Nadir şaha - Hüseyn Ərəblinskiyə verdi. O, özünü itirmədi, kağızı alıb baxdı, ağ olduğunu görüb Mirzə Mehdi xan rolunu oynayan artistə tərəf uzadıb dedi:
- Al bu məktubu oxu!
Artistin dili dolaşdı, özünü itirib dedi:
- Qibleyi-aləm, çeşməyim evdə qalıb!
Pərdə salındıqdan sonra məktubun yazılan nüsxəsi bir artistin cibindən çıxdı. Sonralar mən həmin hadisəni onun yadına salanda deyərdi:
- Bu hələ yüzdə biridir!”
Hüseyn bəy!
Bu riyakarlığı edən aktyor kim idi?
Deyirsiniz ki, bu, sizə qarşı fitnəkarlığın «yüzdə biridir». Deyə bilərsinizmi, bunu niyə edirdilər?
Edənlərin arxasında kimlər dururdular?

Altıncı sual.
- Həmin Hüseyn Quliyev öz xatirələrində bunu da yazır:
«Bakıda Mustafa Hacı Əbdülbağı oğlu adlı bir zərgər vardı. Hüseynin oyununa aşiq idi. O, qaş yerində Hüseynin şəkli qazılmış bir üzük düzəltmişdi. Bir çoxları həmin üzükdən alıb taxırdılar.
O üzükdən biri də məndə vardı».
Ərəblinski cənabları!
Sizin də bir müddət taxdığınız, lakin sonradan barmağınızda görünməyən həmin üzüyü kimə bağışlamışdınız?
Yox, əgər üzüyü evdə saxlamışdınızsa, onu kim götürmüş olar?
Bilirik ki, ölümünüzdən sonra həyat yoldaşınız Asiya xanım evdən çıxarılıb. O, Kaministaya (indiki Bəşir Səfəroğlu) küçəsində bir mənzil kirayələyib. Sonralar aktyor Ələkbər Hüseynzadəyə ərə gedib və bir müddət Aşqabadda yaşayıblar. Qohum-əqrəbanız ananız Pəri xanımı da evdən çıxarıblar və o, bacınız Dürsədəfgilə köçüb. Mənzilinizin əşyaları isə amansızlıqla yağmalanıb.
Bəlkə də həmin üzük elə o məqamda oğurlanıb?

* * *
Görkəmli şair, dramaturq Hüseyn Cavidə (1882-1941) xitab.

Birinci sual.
- Cavid Əfəndi!
Milli Dram Teatrına 1922-ci ildə dörd yeni pyes təqdim etmişdiniz. «Afət» həmin il 14 apreldə (quruluşçu rejissor Abbasmirzə Şərifzadə), «Uçurum» 2 iyunda (quruluşçu rejissor Aleksandr İvanov), «Şeyda» 15 dekabrda (rejissor Aleksandr İvanov) oynanıldı. «İblis» təkrar quruluşda göstərildi.
Teatrın kollektivi «Peyğəmbər» dramınızı tamaşaya hazırladı. Əsər üzərində yaradıcılıq işi tamamlandı. Ancaq tamaşa səhnədə göstərilmədi. Səbəbi də mətbuatda açıqlanmadı.
1924-cü il fevral ayının 2-də görkəmli ədəbiyyatşünas-alim, dostunuz Əziz Şərifə göndərdiyiniz məktubda yazırsınız:
«Pək möhtərəm Əziz Şərif!
Əlan poçtla yeni tərtib edilmiş «Peyğəmbər»i zakaznoy olaraq sənə göndərirəm. Təbii, mütaliə edib, bir vaxt nöqteyi-nəzərini yazarsan. Lakin bir rica edəcəyəm. Burada oynanılmadığı kimi, oradakılara da rast gəlsəniz, oynanılmamasını tənbih və tövsiyə edəsiniz. Şimdilik mən razı olmayıram. Sonra gələcək illərdə baxarsız...
Qardaşın Cavid».
Ustad!
«Yeni tərtib edilmiş» ifadənizdən belə çıxır ki, pyes üzərində sonradan işləmisiniz. Əlavələriniz və ixtisarlarınız nədən ibarət olub?
«Peyğəmbər»in Bakıda oynanılmasına Siz icazə verməmişdinizsə, bəs pyesin məşqləri nə üçün bir neçə ay çəkib?
Yox əgər Siz əsərin oynanılmasını istəyirdinizsə, bəs onda tamaşanın hasilə gəlməsinə kim mane oldu?
Bəlkə o dövrdə teatrın baş rejissoru Aleksandr Tuqanovun pyes üzərində yaradıcılıq işi, tamaşa üçün müəyyənləşdirdiyi ideya, rejissor məqsədi Sizi qane etməyib?
Həmin dövrdə Tiflisdə yaşayan, mətbuat və nəşriyyat sahəsində çalışan Əziz Şərifə nə üçün yazırsınız ki, pyesiniz hələlik tamaşaya qoyulmasın?

İkinci sual.
- Sualımın əvvəlində mətləbə bir az aydınlıq gətirmək üçün 1930-cu illərin mətbuat səhifələrindən bəzi məlumatları xatırlatmaq istəyirəm.
Dövlət Dram Teatrının direktoru Hacıbaba Nəzərli «Teatr mövsümünün açılışı» məqaləsində yazır: «Firdovsinin yubiley günlərinə təsadüf etdiyindən, bunu nəzərə alaraq, mövzusu Firdovsinin «Şahnamə»sindən alınmış Cavidin «Səyavuş» əsəri ilə açılacaqdır...
Cavidin yazmaqda olduğu «Şəhla» pyesi də oynanılacaqdır». («Kommunist» qəzeti, 30 sentyabr 1934-cü il).
«Dramaturq Hüseyn Cavid bu il dram teatrı üçün «Şəhla» adlı pyes yazır. «Şəhla» sosializm quruluşu cəbhəsində aktiv quruluşçu türk qadınının mübarizəsini əks etdirəcəkdir» («Ədəbiyyat qəzeti», 20 noyabr 1934-cü il).
Teatrın baş rejissoru Aleksandr Tuqanov müsahibəsində deyir: «Teatrın repertuarına Hüseyn Cavidin «Şəhla» əsəri də daxildir» («Kommunist» qəzeti, 6 sentyabr 1935-ci il).
«Dövlət teatrı bu il daha hazırlıqlı və daha yaxşı qüvvə ilə öz mövsümünü açır... Hüseyn Cavidin «Şəhla» adlı yeni pyesi göstəriləcəkdir» («Ədəbiyyat qəzeti», 27 oktyabr 1935-ci il).
«Hüseyn Cavid qurultaydan sonra iki pyes yazmışdır. Biri sovet tələbələri həyatından «Şəhla», ikincisi «Ömər Xəyyam» («Na rubeje Vostoka» qəzeti, 7 noyabr 1935-ci il. Tiflis).
«Hüseyn Cavid «Şəhla»sını yazmışdır» («Ədəbiyyat qəzeti», 12 dekabr 1935-ci il).
Məncə gətirdiyim sitatlar yetərlidir.
Elə də sualımın canı:
Cavid Əfəndi!
«Şəhla» pyesinin ya tamamlanmış, ya yarımçıq mətni hardadır?

Üçüncü sual.
- Azərbaycan yazıçılarının 1934-cü ilin iyun ayında keçirilən birinci qurultayında məşhur rus dramaturqu Vsevolod Vişnevski öz çıxışında Sizin yaradıcılığınıza yüksək qiymət vermiş, qayğıya böyük ehtiyacınız olduğunu söyləmişdir. Hətta onu da söyləmişdir ki, Hüseyn Cavidin əsərləri müxtəlif xalqların dilinə tərcümə edilməlidir. Rus səhnəsində Cavid kimi dramaturqların toxunduqları mövzulara ehtiyac var.
Onun söylədiklərinin mətbuata çıxmasının qarşısını kimlər aldılar?
Elə həmin dövrdə Sizə qarşı mətbuatda və yığıncaqlarda ədalətsiz hücumların ilk təşkilatçıları kimlər oldular?

(Ardı var)