İlham Rəhimli


(Əvvəli qəzetimizin 11, 13, 18 dekabr, 22, 24, 29, 31 yanvar tarixli nömrələrində)

Şair, jurnalist və bir neçə pyes müəllifi Əli Razi Şamçızadəyə (1886-1939) xitab.
Sual.
- Əli müəllim!
«Tuti» jurnalının 24 dekabr 1916-cı il tarixli sayında Cəlil Məmmədquluzadəyə açıq məktub yazmısınız. Məktubun əsas məzmunu bundan ibarətdir ki, Mirzə Cəlil «Ölülər» pyesi ilə millətimizi «aşağılayıb», ona təhqir yazıb, hədyan söyləyib. Məktubunuzda deyirsiniz ki, milləti bu yolla maarifləndirmək yanlışdır, pyesin mövzusu və ideyası bədiilikdən məhrumdur.
Əvvəla, Cəlil Məmmədquluzadənin «Ölülər» əsəri 1916-cı il oktyabr ayının 29-da Tağıyev teatrında («Şəhər teatrı» da yazılıb) Hüseynqulu Sarabskinin rejissorluğunda tamaşaya qoyulub. Əsas rolları da Mirzağa Əliyev (İsgəndər), Əliqulu Qəmküsar (Şeyx Nəsrulla), Ələkbər Hüseynzadə (Hacı Həsən ağa), Yunis Nərimanov (Kərbəlayı Fatma), Mirzə Muxtar Məmmədov (Şeyx Əhməd), Hüseynağa Hacıbababəyov (Nazlı) ifa ediblər.
Bilmək olmur ki, əsər və tamaşa haqqında fikrinizi nə üçün belə gec bildirmisiniz. Haradasa bunu başa düşmək olar. Amma bir mətləb məni rahatsız edib ki, istəyirəm ona aydınlıq gətirəsiniz.
«Ölülər» kimi kəskin satiralı əsərin göstərilməsi o dövr üçün böyük cəsarət və əsl sənət fədailiyi idi. Bakı ziyalılarının böyük maraqla qarşıladıqları və əksəriyyətin ürəkdolusu təqdir etdiyi tamaşa Sizi əsəbiləşdirib. Mətbuatda çıxış edib bildirmisiniz ki, Mirzə Cəlil xalqı təhqir edib. Hətta qəzəblənib yazmısınız ki, mən «Ölülər» kimi «zəif», «yararsız» pyesin müqabilində «Dirilər» pyesi yazacam.
Elə Sizin bu hirs-hikkəli mövqeyinizdən ilk sualım doğur:
Əfəndim, lütfən söyləyin, «Dirilər» pyesini yazdınızmı?..
Yazmısınızsa, həmin əsəriniz haradadır?..
Heç yerdə həmin əsərin adı çəkilmir. Bəlkə qələmə almısınız, amma üzə çıxarmaq istəməmisiniz?..
Həqiqətən belə bir pyesiniz varsa, bəs nə üçün indiyə qədər heç bir teatrda tamaşaya qoyulmayıb?..
Şamçızadə həzrətləri!
Nəzərinizə çatdırım ki, Mirzə Cəlilin «Ölülər»i, eləcə də «Anamın kitabı», «Dəli yığıncağı», «Danabaş kəndinin məktəbi» pyesləri, hətta bir sıra nəsr əsərlərinin səhnələşdirilmiş variantları (məsələn, «Qurbanəli bəy», «Danabaş kəndinin əhvalatları», «Quzu», «Nigarançılıq və sair) teatrlarımızın repertuarlarını, televiziyalarımızın ekranlarını bəzəyir.
Amma və di gəl ki, yazdığınız «İslam qiraətxanası», «Yaman qardaş» pyesləri 1920-ci ildən üzü bəri bir teatrın da repertuarında yer almayıb.

* * *
Yazıçı, ictimai xadim Yusif Vəzir Çəmənzəminliyə (1887-1943) xitab.
Sual.
- Yusif bəy!
1909-cu ilin əvvəllərində Bakı mətbuatı yazır ki, Siz «Nişanbazlıq» adlı üç məclisdə komediyanızı yazıb qurtarmısınız. Görkəmli tədqiqatçı Qulam Məmmədli isə yazır ki, «komediyanın arxivdə saxlanılan nüsxəsində əsərin iki məclisi yazılıb, üçüncü məclis yarımçıq qalmışdır».
Hamıya məlumdur ki, həyatda və xüsusən yaradıcılığınıza münasibətdə çox prinsipial və ciddi olmusunuz. Deməli, pyesiniz hazır olmasaydı, mətbuata xəbər sızmazdı. Həmçinin Qulam müəllimə inanmamaq da mümkün deyil, çünki o, son dərəcə məsuliyyətli tədqiqatçı idi.
Deyə bilərsinizmi, pyesin tamamlanmış üçüncü pərdəsi necə olub?
İtibmi, yoxsa onu sonradan yenidən işləməyi qərara almısınız, ancaq buna nail ola bilməmisiniz?

* * *
Xalq artisti, pedaqoq və dramaturq Hacıağa Abbasova (1888-1975) xitab.
Sual.
- Hörmətli Hacıağa müəllim!
XX əsrin əvvəllərində müxtəlif teatr truppalarında aktyorluq edən Azərbaycanın səhnə fədailəri arasında iki-üç nəfər təhsil görmüş adamdan biri Siz idiniz. Həm aktyorluq edir, həm də pedaqoji fəaliyyət göstərirdiniz. Petrovski portda (indiki Mahaçqala) pedaqoji təhsil almışdınız, Yasnaya Polyanaya gedərək dahi yazıçı Lev Tolstoyla görüşmüşdünüz. Bunları ziyalılığınızı yada salmaq üçün xatırlayıram.
Bakıda rus dilində çıxan «Cigit» satirik jurnalı hər təzə sayında iki rəsm verirdi: Qarapet və Zərbala. Qarapet Bakı taciri Ambarsum Ambarsumovun, Zərbala isə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin prototipi kimi təqdim olunurdu. 1911-ci ildə Bakıdakı Mayılov teatrında (bugünkü Opera və Balet Teatrı) növbəti müsamirə qurulmuşdu. Təntənəli müsamirənin maskarad hissəsində çəmbərəkəndli dostunuz Həsən Qarapetin, Siz isə Tağıyevin qrim-geyimində ora getmisiniz. Hacı Zeynalabdinin dostu, şəhər qradonaçalniki Pyotr Martınov da həmin maskaradda olub. Oyunbazlığınızdan xəbər tutan girdavoylar Sizi Martınovun yanına aparıblar. Qradonaçalnik təhər-töhrünüzə baxıb və soruşub:
- Deyin görək, Bakıya Şollar suyu nə vaxt gələr?
İkiniz də bir ağızdan demisiniz:
- Tezliklə şəhər susuzluqdan qurtarar.
Öz xatirələrinizdə yazdığınıza görə, o, bufetə dəvət edərək, hərənizə bir bakal pivə alıb və deyib:
- Qızım Sonyanın canına and olsun, bu gün sizə Allahın rəhmi gəldi. Əgər cavabınız mənə xoş gəlməsəydi sizi buradan düz qazamata göndərəcəkdim.
Hacıağa müəllim!
Nəinki Bakıda, Azərbaycanda, hətta o vaxtkı cəmi Rusiya imperiyasında hörmət-izzəti yüksək olan Hacı Zeynalabdin Tağıyevi məsxərəyə qoymaqda niyyətiniz nə olub?
Belə cəsarətli idinizsə, bəs onda Martınovun hüzurunda Zeynalabdin Tağıyevin əməlinə niyə ehtiram göstərərək «tezliklə şəhər susuzluqdan qurtarar» demisiniz? (Bilirdiniz ki, Şollar suyunun Bakıya çəkilişində Hacının xüsusi xidmətləri var və Martınov da sualı verəndə bunu nəzərdə tutmuşdu).

* * *
Azərbaycan Maarif Komissarı, həvəskar aktyor Dadaş Bünyadzadəyə (1888-1938) xitab.
Sual.
- Yoldaş Bünyadzadə!
1921-ci il noyabr ayının 14-də maarif komissarı kürsüsündə belə bir sənəd imzalamısınız. «Xalq Maarif Komissarlığı böyük xalq şairi Sabirin və həyatının son günlərinədək Azərbaycan xalqının xeyrinə və inkişafına xidmət etmiş aktyor Ərəblinski yoldaşın xidmətlərini nəzərə alaraq, bu yoldaşların hər ikisinin heykəlini qoymağı qərara alır. Bu məqsədlə lazım olan vəsaiti ələ gətirmək üçün bu il noyabrın 20-də dövlət teatrında «Leyli və Məcnun» oynansın və hasil olan məbləğin hamısı heykələ sərf edilsin.
Göstərilən tamaşanı təşkil etmək üçün Hüseyn Cavid, Abbasmirzə Şərifzadə, Əbdürrəhim bəy Haqverdiyev, Müslüm bəy Maqomayev və Sultanməcid Qənizadədən ibarət komissiya təşkil edilsin».
Nəzərinizə çatdırım ki, noyabr ayının 20-də «Leyli və Məcnun» deyil, Hüseyn Cavidin «Şeyx Sənan» faciəsi göstərildi.
1922-ci ildə Mirzə Ələkbər Sabirə indiki Sabir bağında primitiv bir heykəl qoyuldu. Heykəlin müəllifi Yakov Keylixis idi. 1958-ci ildə bu abidə yenisi və daha keyfiyyətlisi ilə əvəzləndi (heykəltəraş Cəlal Qaryağdı). Hüseyn Ərəblinskinin heykəlindən isə səs-səmir çıxmadı.
Siz həvəskar aktyor kimi əsasən 1912-1918-ci illərdə Mirzə Muxtar Məmmədov, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə, Hacıağa Abbasov kimi sənətkarlarla müxtəlif teatr truppalarında çıxışlar etmisiniz. Hətta «Qanlı həyat» adlı pyes də yazmısınız.
Bəs, görəsən, necə oldu ki, sovet Azərbaycanında müxtəlif illərdə maarif, ərzaq, torpaq komissarı, Azərbaycan Dövlət Plan Komitəsinin sədri, Azərbaycan Xalq Komissarları Sovetinin sədr müavini kimi mötəbər vəzifələr tutan bir şəxsin imzaladığı sənəd unuduldu?
Hakimiyyətin yüksək pillələrində olduğunuz 17 ildə niyə Hüseyn Ərəblinskini bir daha xatırlamadınız?
Qəbiristanlığın bir hissəsi sökülüb yol çəkilərkən Ərəblinskinin məzarı yerlə yeksan olanda nə üçün bir tədbir görmədiniz?
Bugünkü Milli Dram Teatrı 1924-cü ildən 1933-cü ilə kimi Dadaş Bünyadzadə adına Türk Dövlət Dram Teatrı adlanıb. Heç olmasa bunun xatirinə həyatı faciəli ölümlə bitən qüdrətli səhnə ustasının xatirəsini heykəllə əbədiləşdirmək mümkün idimi?
Mümkün deyildisə, bu müşkül nədən ibarət idi?
Yox əgər mümkün idisə, bəs belə olan təqdirdə bunu nə üçün etmədiniz?

* * *

Xalq artisti, görkəmli aktyor və rejissor, Abbasmirzə Şərifzadəyə (1891-1938) xitab.
Birinci sual.
- Abbasmirzə qədeş!
Xeyli vaxt idi xaricdə teatr təhsili almaq arzusunda idiniz. 1916-cı ilin oktyabr ayında Bakıda fəaliyyət göstərən teatr fədailərinin iştirakı ilə iclas keçirilib. İclasa sədrliyi dramaturq, aktyor, tərcüməçi və jurnalist Mehdi bəy Hacınski edib. Həmin yığıncaqda bir məsələ müzakirə olunub: Xarkov şəhərində sənətkar-pedaqoq İlinin rəhbərlik etdiyi teatr studiyasına bir azərbaycanlı aktyorunu göndərmək. Müzakirələrdə yekdilliklə qərara alınmışdır ki, 3 illik həmin kursa aktyor və rejissorluqda kifayət qədər təcrübə toplamış istedadlı gənc Abbasmirzə Şərifzadə göndərilsin.
«Açıq söz» qəzeti 19 oktyabr 1916-cı il tarixli sayında bu məsələni işıqlandırıb. Qəzet yazır ki, aktyora maddi yardım göstərmək üçün noyabrın əvvəllərində bir tamaşa göstərilsin və hasil olan pul Şərifzadəyə verilsin. Hətta bu məqsədlə cəmiyyətin üzvlərindən Sadiq bəy Qocayev və A.Dadaşov adama 100 manat, Babayev 50 manat veriblər.
Noyabrın 18-də «Müdiriyyət» truppası Tağıyev teatrında bu məqsədlə Abbasmirzə Şərifzadənin benefisinə (şərəfinə) Əbdülhəq Hamidin «Tariq ibn Ziyad» faciəsini oynayıb. Tariq rolunda Siz çıxış etmisiniz. Hətta səhnə əsərinin sonunda elə tamaşaçıların gözü qarşısında sənət dostlarınızla vidalaşmısınız.
Amma və di gəl ki, Xarkov səfəriniz baş tutmayıb.
Böyük həvəs və marağınız olduğu halda, Xarkova təhsilə getməməyinizin səbəbi nə idi?
Bəlkə elə həmkarlarınızdan kimlərsə bu xeyirxah cəhdə mane oldular?
Elədirsə, onlar kimlərdir?

İkinci sual.
- «Nicat» və «Səfa» mədəni-maarif cəmiyyətlərinin teatr truppaları fəaliyyətlərini dayandırmamışdan bir il əvvəl Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyli qardaşları «Müdiriyyət» teatr dəstəsi yaratmışdılar. 1917-ci il oktyabr ayının 18-də Sizin rəhbərliyinizlə «Müsəlman artistləri ittifaqı» təsis olundu. İttifaqın məramnaməsi çox zəngin və əhatəli idi.
Azərbaycan teatr məkanında, eləcə də milli təhsil tariximiz ərzində ilk dəfə həmin il dekabr ayının axırlarında teatr studiya-məktəbini məhz «İttifaq» açdı. Hələ siniflər tam tərtib edilməmişdi, sənət müəllimləri sonadək müəyyənləşməmişdi. Bununla belə, bütün işləri Abbasmirzə Şərifzadənin rəhbərliyi ilə görülən studiya-məktəb fəaliyyət göstərirdi.
1918-ci ilin martında erməni daşnaklarının Bakıda törətdikləri vəhşiliklər, soyqırımı nəticəsində məktəb-studiya da işini dayandırdı. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Siz də məktəb-studiyanın fəaliyyətini bərpa etmək üçün «Açıq çöz» qəzetinin 6 oktyabr 1918-ci il tarixli sayında məktub dərc etdirdiniz. Məktubda yazılıb:
«Fəqət Bakıda türklük aləmini pərişan edən mart hadiseyi müsəffəsi qayeyi amalım olan həmin cavan məktəbin qapanmasına dəxi bais oldu. İndi isə Bakı şəhəri Azərbaycan hökumətinin paytaxtı olduğundan və hər bir işlərimiz yenə də əvvəlki və bəlkə əvvəlkindən də artıq müntəzəm bir hala düşməyə başladığından məzkur məktəbin açılması və hökumət tərəfindən bu barədə maddi müavinət göstərilməsi üçün məktəbin məramnaməsi ilə bərabər Azərbaycan hökumətinin Maarif Nəzarətinə (nazirliyinə - İ.R.) tərəfimdən ərizə verilmişdir.
Hal-hazırda başqa nəzarətlərdən işi çətin, vəzifəsi müqəddəs olan Maarif Nəzarəti pərişan bir hala qalan səhnəmizin tərəqqi etməsini həmin məktəbin açılmasında görüb mənim yenə təzədən arzuya nail olmağıma müavinət göstərəcəklərinə əminəm.
Türk səhnəsinin aktyoru Abbasmirzə Şərifzadə».
Cənab Şərifzadə!
Xalq Maarif Komissarlığı Sizin məktubunuza yazılı cavab vermədi: nə «hə», nə də «yox».
Hər halda maraqlanıbsınız, məktubunuz nazirlikdə işləyən məmurlardan kimə çatıb. Deyə bilərsinizmi həmin şəxs məktubunuzun üstünə nə dərkənar qoyub?
Yox, əgər məktubunuz maarif komissarı Nəsib bəy Yusifbəyliyə çatıbsa, onun bu işi həll etməməyinin səbəbi nə idi?
Heç olmasa 1919-cu il oktyabr ayının 24-də bugünkü Milli Dram Teatrının dövlət təsisatında açılışı günü təntənədə iştirak edən Nəsib bəyə bu barədə sual verdinizmi?
Həmin açılışda baş rejissor, həm də «Azərbay və Can» (İsa bəy Aşurbəyli) tamaşasında Osman Nuri rolunun ifaçısı kimi çıxış edən Abbasmirzə Şərifzadə cənab nazirə sual verdisə, onun cavabı nə oldu?

Üçüncü sual.
- Maarif Nazirliyinə məktubla müraciət edəndən üç ay sonra Bakıda fəaliyyət göstərən səhnə həvəskarlarının böyük əksəriyyətinin iştirakı ilə yığıncaq keçirilib. «Azərbaycan» qəzeti yazır ki, 1919-cu il fevral ayının 18-də keçirilən iclas Hacıağa Abbasovun sədrliyi ilə keçib. İştirakçılar ötən il dünyalarını dəyişən sənət dostlarının xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. «Azərbaycan artistlər ittifaqı»nın qısa zaman kəsiyində fəaliyyəti barədə Abbasmirzə Şərifzadənin məruzəsi dinlənilib.
İclasda ittifaqın yeni idarə heyəti təsdiqlənib. Sədr - Abbasmirzə Şərifzadə, həmsədr - Hacıağa Abbasov, xəzinədar - Müslüm Maqomayev, katib - Məmmədəli Sidqi. Heyət üzvləri Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Rza Darablı, Panfiliya Tanailidi və başqaları seçiliblər.
Ay Mirzə!
Axı həmin vaxt «Müdiriyyət» fəaliyyət göstərirdi. Ərəblinski oranın baş rejissoru, Sarabski, Darablı aparıcı aktyorları idi. Siz özünüz də «Müdiriyyət»in faciə və dramlarında oynayırdınız. Hətta bu iclasınızdan bir ay əvvəl Sarabski axşam «Müdiriyyət»in «Leyli və Məcnun» operasında Məcnun (dirijor Müslüm Maqomayev), fevralın 3-də Hacıağa Abbasov «Ər və arvad»da Kəblə Qubad, fevralın 14-ə Sizin rejissorluğunuzda Hüseyn Ərəblinski «Ağa Məhəmməd şah Qacar»da Qacar rollarını oynayıblar.
Belə olan halda «Müsəlman artistləri ittifaqı»nın fəaliyyətinin bərpasına ehtiyac vardımı?
Əgər ehtiyac vardısa, bəs onda nə üçün «İttifaq»ın səmərəli fəaliyyəti olmadı?
Məgər bu addım yenə də Azərbaycan aktyorlarının birliyini parçalamağa yeni meydan açmırdımı?

(Ardı var)







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar