Yazıçı-publisist Flora Xəlilzadənin “Yazdıqlarım” çoxcildliyinin “Mədəniyyət-mənəviyyat” adlı ikinci kitabı işıq üzü görüb

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Flora Xəlilzadənin ilk cildi 2011-ci ildə işıq üzü görən “Yazdıqlarım” kitabının ikinci cildi çapdan çıxıb. İstedadlı qələm sahibi yeddi cilddə nəzərdə tutduğu silsilə nəşrin ilk cildini “Ədəbiyyat-əbədiyyət” adlandırmışdı. “Elm və təhsil” nəşriyyatında çapdan çıxan ikinci cild “Mədəniyyət-mənəviyyat” adlanır.

Müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araza ithaf olunan kitaba Xalq yazıçısı Elçin “Qələmin qazancı” adlı geniş ön söz yazıb. Nəşrin redaktoru Elnur Allahverdioğludur.
Kitabda mədəniyyətimizin unudulmaz himayədarı, ulu öndər Heydər Əliyevin yaradıcı insanlara göstərdiyi diqqət və qayğı, eləcə də Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəni irsimizin qorunması və təbliğinə verdiyi böyük töhfələr ətraflı şəkildə işıqlandırılıb.
Kitabı vərəqləyirəm - tanış simalar, tanış surətlər... Mədəniyyətimizə xidmət etmiş insanların hər biri haqqında yüksək peşəkarlıqla qələmə alınmış yazılar. Uzun illərdir yaradıcılıqlarına müəyyən qədər bələd olduğumuz, hörmətlə yanaşdığımız dahi sənətkarlarımızın sözlərdən çəkilmiş dolğun portretləri bizi bu kitaba daha da bağlayır.
Mədəniyyət, incəsənət xadimlərimiz haqqında zaman-zaman sənədli filmlər çəkilir, qəzet və jurnallarda jurnalist araşdırmaları, müxtəlif məqalələr dərc edilir. Bu kitabda Azərbaycanın mədəniyyət sahəsində çalışan insanlar haqqında yazılmış məqalələrin ayrıca yeri var. Çünki bu yazılar Flora Xəlilzadə təfəkkürünün, onun yaradıcı insanlara obyektiv yanaşmasının, rəğbətinin məhsuludur. Müəllifin qeyd etdiyi kimi, “haqqında söz deyəcəyin qəhrəmanını dəlicəsinə sevməlisən”. Bu həqiqətən də belədir. Əgər Flora xanım haqqında yazdığı şəxsiyyətləri bu qədər sevməsəydi, onların yaradıcılığına yaxından bələd olmasaydı, yazıları belə uğurlu, oxunaqlı alınmazdı.
Onu bu məqalələri yazmağa sövq edən hər şeydən öncə sənətə, sənətkara, mədəniyyətə və incəsənətimizə olan sevgisidir. Müəllif kitabın girişində oxuculara deyir: “Mədəni mühitin müxtəlif problemləri məni də düşündürüb. İmkan tapdıqca bu məsələlərə də öz münasibətimi bildirməyə çalışmışam... Ola bilər ki, bir insan haqqında müxtəlif müəlliflər yazmış olsunlar. Hər müəllifin sözü özünə məxsusdur. Hər yazarın qəhrəmanına öz münasibəti, öz duyğuları var”.
Kitabı vərəqlədikcə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına xidmət edən müxtəlif sənət adamlarının taleyi və sənəti bir çələng kimi oxucuların qəlbinə yol tapır. Görkəmli ədib, Xalq yazıçısı Elçin, musiqi mədəniyyətimizin korifey simaları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Ağabacı Rzayeva, Aqşin Əlizadə, Elza İbrahimova, ustad xanəndələrdən Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova və başqalarının həyat və yaradıcılığı haqqında peşəkar sözü ilə rastlaşırıq.
Tanınmış fırça ustaları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Azərbaycan səhnəsinin unudulmaz aktyor və rejissorları Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Adil İsgəndərov və bu gün mədəniyyətimizin keşiyində duran sənətkarlar haqqında məqalələr də böyük maraqla oxunur. Onu da qeyd edək ki, müəllifin müxtəlif illərdə bu insanların bəzilərinin yaradıcılığına həsr etdiyi kitablar da oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Nəşrdə müəllifin ayrı-ayrı şəxsiyyətlər haqqında yazıları ilə yanaşı, mədəni mühitin müxtəlif problemlərini özündə əks etdirən məqalələri də toplanıb. Doqquz bölmədən ibarət olan kitabda müəllif sözlə musiqinin vəhdətini, səsin qüdrətini, aktyor oyunun bədii çalarlarını, rəngin sözdə təcəssümünü, sözün sazı, rübabı və naxışlarını qələmə alıb.
Müəllif sözlərin əlvanlığından, parlaqlığından istifadə edərək söhbət açdığı qəhrəmanının əsas xarakter keyfiyyətlərini inandırıcı boyalarla oxucuya çatdırıb ki, bu yazılara tablo kimi baxan oxucunun gözləri yorulmur, əksinə, müxtəlif talelərin sorağına düşür, keçmişə boylanır.
Kitab ensiklopedik xarakter daşıyır və müəllifin yaradıcılıq hesabatı da sayıla bilər. Mədəniyyət tariximizdə iz qoyan insanlar haqqında araşdırma yazılar eyni zamanda gələcək nəsillərə böyük bir hədiyyədir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar