Xalq poeziyası nümunələrindən söz düşəndə ilk olaraq əmək nəğmələri xatırlanır. Bu nəğmələr əməyə bağlılıq, iş prosesini yüngülləşdirmək, müəyyən mənada, həvəs oyatmaq məqsədilə ifa edilib. Əsasən əkinçilik, maldarlıq, ovçuluq zamanı istifadə olunub.

Əmək nəğmələri içərisində sayaçı sözləri xüsusi yer tutur. “Sayaçı” kəlməsi “sayalı olan, xeyir gətirən” mənasını daşıyır. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli araşdırmalarında yazır ki, “saya” fars dilində “kölgə” deməkdir. Məcazi mənası isə himayə, müdafiədir. Xalq arasında bu söz nemət, yaxşılıq, xeyirxahlıq mənalarında işlənir. Burada daha çox ev heyvanlarına məhəbbət, qayğı ifadə olunur:

Xırda-xırda çəpişlər
Otların başın dişlər.
Gedər, yaylağı gəzər,
Gələr, aranda qışlar.


Bu mahnılar arasında çobanlara da həsr olunan nümunələr var. Belə nəğmələrdə çoban təriflənir, işi-gücü, xeyirxahlığı və igidliyi haqqında söz açılır:

Göydə gəzən buludlar
Yorğanıdır çobanın.
Yastı-yastı təpələr
Yastığıdır çobanın.
Yumru-yumru qayalar
Yumruğudur çobanın.


Yaz-payız əkini zamanı və yaxud taxıl biçilib döyülərkən oxunan mahnılara “holavar” deyirlər. Tanınmış folklorşünas, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Azad Nəbiyev holavarlar haqqında yazır: “Çin, hind və skandinav xalqlarının folklorunda “ho” müqəddəs öküz (inək) toteminin adı olub. Türkdilli xalqların - Azərbaycan, uyğur, özbək folklorundakı mərasim nəğmələrində “ho”lar müqəddəs varlıq, səadət rəmzi kimi tərənnüm edilir. Holavar həm də müqəddəs varlıqlar haqqında mahnı mənasını daşıyır”.
Dahi bəstəkar Üzeyir Hacıbəyli xalq mahnılarımızın nota salınan nümunələri barədə belə yazır: “El mahnılarında Azərbaycan xalqının əhval-ruhiyyəsi və zövq musiqisi bəyan edilir. Həmin şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material da var. Onun musiqi, ədəbi, psixoloji və istərsə də etnoqrafik əhəmiyyəti çox böyükdür”.
Azərbaycan xalq mahnılarının toplanması işinə XIX əsrdə başlanıb. 1828-ci ildə şərqşünas A.Xodzko Azərbaycan xalq mahnılarını toplayıb nəşr etdirib. Onların əksəriyyəti tarixi mərasim və lirik mahnılar olub. XIX əsrdə P.Siyalski də “Səkkiz asiyalı mahnısı və bir ləzginka” adı ilə məcmuə çap etdirib.
XX əsrdə Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin əməyi xüsusi qeyd edilməlidir. Musiqişünas Əhməd İsazadə bu haqda yazır: “Xalq musiqisi həmişə Ü.Hacıbəylinin və M.Maqomayevin diqqət mərkəzində olub. Bu musiqinin inkişaf problemlərinə daim maraq göstərilməsi bəstəkarların xalq yaradıcılığına dərin məhəbbətinin ifadəsidir”. İki sənətkar 1927-ci ildə “Azərbaycan türk xalq mahnıları” toplusunu çap etdirirlər. Kitab 1985-ci ildə “El nəğmələri” adı ilə nəşr olunub. Həmin məcmuədə 33 xalq mahnısı yer alıb. Onlar əsasən lirik, məişət və əmək mahnılarından ibarət olub.
“Tutu nənəm” mahnısı sayaçı mahnılarına aiddir. Bu mahnıda sağıcı inəyi tərifləyir, hətta onu “qızıl”la da müqayisə edir. Ondan daha çox süd verməsini istəyir. Mahnının melodiyası mətnin məzmunu ilə demək olar ki, uyğun gəlir:

Qızıl inək, yiyən mənəm,
Sənə qızıl deyən mənəm,
Tutu nənəm, nənəm, nənəm,
Səni sağan mənəm, mənəm.


Bu mahnını Zülfüqar Hacıbəyovun topladığı material əsasında Üzeyir bəy nota alıb.
“Zəhmətin işığı” mahnısında cütçünün zəhməti təriflənir, tarlada gözlənilməsi vurğulanır:

Zəhmətin işığı
Gözlərdə yandı.
Nura boyandı.
Çiçəklər açıldı,
Quşlar oyandı.
Yürü, cütçü, yürü, cütçü,
Tarlan səni gözləyir.


“Şəfəq sökülərkən” mahnısında isə çobanın zəhməti öz əksini tapır. Çoban şəfəq sökülərkən sürüsü ilə dağlara qalxır. Mahnıda çoban hətta aslana bənzədilir. Bundan başqa, mahnıda təbiət mənzərələrinin gözəlliyi, dərələrin, ormanların tərifi, ümumiyyətlə, dan sökülərkən təbiətdə yaranan rəngarənglikdən danışılır.
Ümumiyyətlə, əmək mahnılarının mətnləri də maraqlı nümunələrdir. Bunların arasında əsasən lirik, kədərli, şən xarakterli melodiyaya malik mahnılar daha çox olur.
Ən qədim əkinçi nəğmələrində biçinçi və cütçülərin həyatı tərənnüm edilir. Son dövrlərin məhsulu olan və hər bəndi 4 misradan ibarət holavarlar bayatı şəklindədir:

Ala kəlim, bizə gəl,
Dağdan enib düzə gəl.
Dırnağının gözüylə
Qara düzü bəzə gəl.

Daha qədim dövrlərə aid olan ovçu nəğmələri də bu peşə ilə bağlı yaranıb. Nidalı, çağırışlı sözlərlə şifahi poeziyamıza daxil olub. Ovçu nəğmələri bir sıra hallarda tuluqda, tütəkdə çalınan havalarla müşayiət olunub:

Ova gedən,
Ovun tuş.
Ovun olsun
Maral, quş...


Əmək nəğmələri əsrlərdən keçərək xalqın dilində cilalanıb, daha ifadəli şəkil alıb, yaddaşlarda yaşayaraq günümüzə qədər gəlib çatıb.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar