Bakı Salsa Festivalı
Novruz bayramı günləri paytaxtımızda müxtəlif incəsənət tədbirləri ilə yadda qaldı. Belə tədbirlərdən biri - “Badi-Kubə Salsa” məktəbinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “Hyundai Auto Azərbaycan” şirkətinin dəstəyi ilə keçirilən Beynəlxalq Bakı Novruz Salsa Festivalı da şəhərimizə təşrif buyuran qonaqlara və paytaxt sakinlərinə əsl bayram ab-havası, yaz təravəti bəxş etdi. Martın 21-dən 23-ə qədər davam edən tədbir Dövlət Bayrağı Meydanı ilə üzbəüz yerləşən istirahət məkanlarının birində təşkil olunmuşdu. Biz də tədbiri işıqlandırmaq məqsədilə üz tutduq festivalın keçirildiyi məkana.
Latın Amerikası rəqslərinin həvəskarları bir arada
Zala daxil olanda özümüzü sanki hansısa Latın Amerikası ölkəsində hiss etdik. Musiqi sədaları altında dünyanın müxtəlif yerlərindən gəlmiş gənc cütlüklər sərbəst proqram şəklində öz rəqslərini ifa edirdilər. Burada hər kəsin ortaq dilinin, ünsiyyət vasitəsinin salsa rəqsləri olduğu parlayan gözlərdən hiss olunurdu. Bir qədər davam edən sərbəst proqram daha sonra öz yerini Fransadan gəlmiş Terri və Sesilin ustad dərslərinə verdi. Gənclərə bu rəqsin sirlərini öyrədən təlimçilər öz dərs proqramını daha çətin icra olunan hərəkətlər üzərində qurmuşdular. Gənc rəqqaslar isə göstərilən hərəkətləri həvəslə təkrar etməyə çalışır, bütöv rəqs formasında icra etməyə səy göstərirdilər. Biz isə təlimçilərlə gəncləri baş-başa qoyub respublikanın Əməkdar artisti, “Badi-Kubə Salsa” məktəbinin yaradıcısı, eyni zamanda müəllimi Sənan Hüseynli ilə söhbətləşdik. Özü haqqında məlumat verən müsahibim festival və digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşdü.
Salsa improvizasiya rəqsidir
- Öncə onu deyim ki, 23 il Azərbaycan Dövlət Rəqs Ansamblında çalışmışam. Fəaliyyətim əsasən milli rəqslərlə bağlı olsa da, bununla kifayətlənmək istəmədim, Latın Amerikası rəqslərini öyrənməyə başladım. Türkiyədə, ABŞ-da, Meksikada dərslər aldım. 2001-ci ildə ilk dəfə Azərbaycanda “Badi-Kubə Salsa” məktəbinin əsasını qoydum. Bal və salon rəqsləri kimi tanınan salsa sosial rəqs olduğundan ictimaiyyət tərəfindən böyük marağa səbəb oldu. Əsasən həvəskarlar üçün nəzərdə tutulan rəqslərə peşəkar rəqqaslar da müraciət etməyə başladı. Artan marağı nəzərə alaraq biz də fəaliyyətimizi genişləndirməyə çalışdıq, öz komandamızla dünyanın müxtəlif ölkələrində təşkil olunan festivallara, müsabiqələrə qatıldıq, Azərbaycanda yarışlar keçirdik. İndiyə kimi iki dəfə ölkə, bir dəfə Bakı çempionatı təşkil etmişik. Beynəlxalq dərəcəli təlimçi və hakim kimi bir çox ölkələrdə təşkil olunan yarışlara, festivallara tələbələrimlə birgə qatılıram. Bizim ifa etdiyimiz salsa rəqsləri bir çox yönləri ilə tamaşaçıların diqqətini çəkir. Buna səbəb isə qurduğumuz rəqslərdə milli rəqs elementlərimizdən istifadə etməyimizdir. Hətta beynəlxalq dərəcəli hakimlər, təlimçilər bu istiqamətin davam etdirilməsini, daha da təkmilləşdirilməsini arzu etdiklərini bildirirlər. Təbii ki, bütün bunlar da bir müəllim və rəqqas kimi məni çox sevindirir.
- Fransalı təlimçilərin ustad dərslərini bir qədər müşahidə etmək imkanımız oldu. Sadə tamaşaçıda Latın Amerikası rəqslərinin bir-birini təkrarladığı təəssüratı yaranır. Salsa bir rəqs kimi nə ilə fərqlənir?
- Ümumiyyətlə, Latın Amerikası rəqsləri iki yerə bölünür, bal və sosial rəqslər. Salsa ikinciyə aiddir və Meksikanın, Kubanın, bir çox Cənubi Amerika ölkələrinin folklor rəqsləri hesab olunur. Həm bal, həm də sosial rəqslərdə bir çox oxşarlıqlar olsa da, əsas fərq ondan ibarətdir ki, salsada rəqs qabaqcadan qurulmur, rəqqaslar hansısa hərəkətlərin ardıcıllığını əzbərləmirlər. Bu bir növ cütlüklərin improvizasiya rəqsləridir. Onlar necə hiss edirlərsə, bir-birini necə qavrayırlarsa elə də rəqs edirlər. Bu isə o deməkdir ki, tərəf-müqabillər bir-birilərini nə qədər yaxşı başa düşürlərsə, rəqs də bir o qədər mükəmməl alınır, baxımlı olur. Bu rəqsdə aparıcı tərəf kişidir. O, xanımın rəqs imkanlarına bələd olmalı və onu yönləndirməyi bacarmalıdır. Bu baxımdan rəqsin gözəlliyi, ahəngliyi kişidən və onun xanımı necə yönləndirməsindən asılıdır. Xanım da öz növbəsində müəyyən peşəkarlığa sahibdirsə, o zaman mükəmməl rəqsin ortaya çıxacağı şübhəsizdir.
- Gələk Bakı Novruz Salsa Festivalına. Bu ideya necə yarandı və qarşınıza qoyduğunuz məqsədə nail ola bildinizmi?
- Biz əslində Bakıda beynəlxalq salsa festivalının keçirilməsini çoxdan istəyirdik. Dünyanın bir çox ölkələrində qatıldığımız hər festivalda bu fikir ağlımızdan keçirdi. Ancaq müəyyən səbəblərdən bu arzunu reallaşdıra bilmirdik. Nəhayət, bu il belə bir ideya ilə çıxış etdik. İstədik ki, bu festival həm şəhərimizin adını daşısın, həm də Novruzla əlaqəli olsun. Daha bir məqsədimiz isə dünya salsa həvəskarlarını, təlimçiləri paytaxtımızla tanış etmək, bu gözəllikləri onlara da göstərmək idi. Məkan olaraq Dövlət Bayrağı Meydanının ətrafını seçməyimiz də təsadüfi deyil. Müxtəlif ölkələrdən dəvət olunmuş salsa həvəskarları dünyanın ən hündür bayrağının ətrafında toplaşdılar, Novruz tonqalına, buradakı bayram ab-havasına bələd oldular. Sağ olsunlar, Mədəniyyət və Turizm Nazirliyi, eyni zamanda “Hyundai Auto Azərbaycan” şirkəti təşkilati məsələlərdə bizə kifayət qədər yardımçı oldu. Biz də çalışdıq ki, festivalın proqramı zəngin olsun. Bu məqsədlə Bakıya həm salsa həvəskarlarını, həm də tanınmış təlimçiləri dəvət etdik. Onlar burada ustad dərsləri keçdilər, özlərinin hazırladıqları şou proqramlarla çıxış etdilər. Festivala qatılan ölkələrin sayı da az olmadı. Türkiyədən, Ukraynanın müxtəlif şəhərlərindən, Gürcüstandan, Birləşmiş Ərəb Əmirliklərindən, Belçikadan və digər Avropa ölkələrindən qruplar festivala qatılmaq məqsədilə Bakıya gəldi. Onları bələdçilərlə təmin etdik, şəhərin gəzməli, görməli yerləri ilə tanış oldular, milli mətbəximizdən daddılar. Bildiyim və ünsiyyətdə olduğum qədərilə onların əksəriyyəti ilk dəfədir ki, şəhərimizə gəlirlər və təəssüratları da olduqca müsbətdir.
“Çox təəssüfləndik ki, niyə indiyədək Bakıya gəlməmişik”
Biz də öz növbəmizdə qonaqlardan Bakı Salsa Festivalı, ustad dərsləri və digər məqamlarla bağlı təəssüratlarını almaq istədik. İlk həmsöhbət olduğumuz fransalı təlimçilər Terri Toliyo və Sesil Ovid Bakıda olmaqdan məmnunluqlarını ifadə etdilər.
- İlk dəfədir ki, Azərbaycana, Bakıya gəlirik. Şəhəriniz olduqca gözəldir. Dəniz sahili, bulvar möhtəşəmdir. Buradan, Bayraq Meydanın ətrafından şəhərinizə gözəl mənzərə açılır. Bakıya gələndən sonra çox təəssüfləndik ki, niyə əvvəl bura baş çəkməmişik. İnsanlarınız çox mehribandır, bizi gülərüzlə qarşıladılar. Yeməklərinizdən də daddıq, çox xoşumuza gəldi. O ki qaldı, festival və ustad dərslərinə, onu deyə bilərəm ki, sizin rəqqaslar çox istedadlıdırlar. Həm peşəkar səviyyədə rəqs etməyi bacarırlar, həm də yenilikləri tez mənimsəyirlər. Bizim burada təşkil etdiyimiz ustad dərsləri ən çətin rəqs hərəkətləri üzərində qurulmuşdu. Bununla belə onlar rəqsin öhdəsindən ustalıqla gəldilər. Festivalın təşkilati məsələləri də yüksək səviyyədə təşkil olunub. Gündüzlər hər dəfə bir təlimçinin ustad dərsi keçirilir, axşamlar isə şou proqramlar təşkil olunur. Bağlanış tədbirində biz təlimçilər də öz rəqs proqramımızla çıxış edəcəyik, daha sonra sərbəst şou proqram olacaq.
Türkiyəli təlimçi Osman Aydın, ukraynalı təlimçilər Olqa Prixodko, Anna Anichenko, Oleq Sokolov da festival və şəhərimizlə bağlı ürək sözlərini, xoş təəssüratlarını bölüşdülər.
Sadiq Musa