Sovet dövründə Bakının tarixi simasına daha da gözəllik bəxş edən çoxlu sayda binalar inşa edilib. Paytaxta xüsusi gözəllik verən, şəhərimizin memarlıq incilərindən olan “Hökumət evi” kimi tanıdığımız bina da bu qəbildəndir.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir tikiliyə ehtiyac duyulub. Layihə üzərində çalışan memarlar qarşısında isə böyük sosialist dövlətinin qüdrətini və parlaq gələcəyini özündə əks etdirən bina inşa etmək vəzifəsi qoyulub.
1932-ci ildə elan olunmuş müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər. Mütəxəssislər qeyd edirlər ki, onların layihəsi daha təkmil və əzəmətli idi. Lakin Moskvadan gələn münsiflər heyəti birinci yeri Lev Rudnevə veriblər. Beləliklə “Hökumət evi”nin memarları Lev Rudnev və Vladimir Munts oldu. Binanın inşası isə maliyyə çatışmazlığı və daha sonra II Dünya müharibəsinin başlanması ilə 1952-ci ilədək davam edib.
Sosialist quruluşunun əzəmətini nümayiş etdirməli olan “Hökumət evi” qotika memarlıq üslubunda inşa edilib. Layihənin ilkin variantında 13 mərtəbədən ibarət olması planlaşdırılan binanın sonradan 3 mərtəbəsi ixtisar edilir. Təsdiq olunmuş layihədə sonradan bir sıra nöqsanlar üzə çıxır. Belə ki, 1931-ci ildə dövlətin verdiyi qərara görə, Azərbaycanda tikilən memarlıq abidələrində yerli memarlıq xüsusiyyətləri əks olunmalı idi. Lakin rus memarının hazırladığı layihədə belə xüsusiyyətlər yox idi. Buna görə də binanın ilkin formasına bir sıra dəyişikliklər edilir, milli tağlar inşa olunur.
Binada gördüyümüz tağlar, sütunlar, sütun tavanlarının zirvələrinin forması Şirvanşahlar sarayının memarlıq üslubundan götürülüb. Təbii ki, burada oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də var. Şirvanşahlar sarayında tağlar sivri, “Hökumət evi”ndə isə qövsvaridir.
Binanın inşasında istifadə edilən tikinti materiallarının bir hissəsi SSRİ-nin müxtəlif yerlərindən gətirilib. II Dünya müharibəsində əsir götürülən alman əsgər və zabitləri də binanın inşasına cəlb olunub.
Bu binanın tarixi çox qədim olmasa da, zaman onu bir çox tarixi proseslərin şahidinə çevirib. 1988-ci ildə milli azadlıq hərəkatı məhz bu binanın qarşısında yerləşən Azadlıq (o vaxtkı Lenin) meydanından başlayıb.
Onu da qeyd edək “Hökumət evi” formasında dünyanın heç bir yerində ikinci belə bir bina yoxdur. 2010-cu ildə başa çatdırılan təmir işlərindən sonra “Hökumət evi” daha möhtəşəm görkəm alıb. Dənizə açılan panorama binaya xüsusi gözəllik bəxş edir. Axşam saatlarında bina xüsusi işıq effektlərinin hesabına daha da gözəlliyə qərq olur.
Fariz Hüseynov