Bakı kəndlərinin turizm mərkəzinə çevrilməsi üçün böyük potensialı var

Son illər Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin şəhər və kəndlərinin, eyni zamanda paytaxt Bakının və onun qəsəbələrinin siması dəyişir, yeniləşir. «Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı» və «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı», eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahələr üzrə dövlət proqramları paytaxtda irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, quruculuq-abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoyub.

Heydər Əliyev Fondu da bu istiqamətdə həyata keçirilən layihələrə öz dəstəyini göstərir. Fondun qayğısı nəticəsində, Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli-mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm işlər görülüb.

Rayonda geniş tikinti-quruculuq işləri aparılır

Sabunçu rayonu paytaxtın ən böyük rayonlarından biridir. Bakının qədim tarixə malik 10 qəsəbəsi bu rayonun ərazisində yerləşir: Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran və Bilgəh. Rayon ərazisində ümumilikdə 234 min nəfərə yaxın əhali yaşayır.
Qəbul edilmiş dövlət proqramları çərçivəsində rayonda geniş tikinti-quruculuq işləri həyata keçirilir. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası nəticəsində Sabunçu rayonu ərazisində yol-nəqliyyat infrastrukturu təkmilləşdirilib, əhalinin su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı təmin edilib, yeni sosial obyektlər tikilib, mövcud binalar əsaslı təmir edilib, sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi sahəsində mühüm işlər görülüb.
Rayonda ötən dövr ərzində 1 məktəb və 5 tədris korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi tikilib, 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə ocağında əsaslı təmir işləri başa çatdırılıb. Onların hamısı müasir avadanlıqlarla təchiz edilib. Hazırda 1 uşaq bağçası, «Muğam evi» və «Gənclər evi»nin tikintisi, 4 məktəb, 4 uşaq bağçası, 1 səhiyyə müəssisəsi və 1 mədəniyyət evinin əsaslı təmiri davam etdirilir.
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən müharibə və əmək əlillərinə də xüsusi qayğı göstərilir. Ötən il Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın (Qocalar evi) əsaslı təmiri və yeni korpusunun tikintisi başa çatdırılaraq, ölkə başçısının iştirakı ilə istifadəyə verilib. Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin, sosial sığınacağın və gözdən əlillər üçün tədris-bərpa mərkəzinin tikintisinin 2014-cü ildə yekunlaşdırılması nəzərdə tutulur. Ötən il Maştağa-Nardaran və Pirşağı-Kürdəxanı qəsəbələrinin ərazisində tikilən 3 mini-futbol və idman meydançaları gənclərin istifadəsinə verilib. Eyni zamanda ilin sonunda Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsində 200 yerlik Peşə Reabilitasiya Mərkəzinin yenidənqurma və əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.
Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 saylı məktəbin köhnə binası sökülərək yerində müasir tələblərə cavab verən üçmərtəbəli təhsil ocağı inşa edilib. Hazırda fond tərəfindən həmin qəsəbədə 226 saylı uşaq bağçası üçün üçmərtəbəli binanın inşası yekunlaşmaq üzrədir. Bakıxanov qəsəbəsində «Asan Xidmət»in inzibati binası tikilib və bu il fəaliyyətə başlayacaq. Hazırda bu qəsəbədə Sabunçu Rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi üçün binalar, Heydər Əliyev adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma ilə yanaşı, Heydər Əliyev Mərkəzinin inşası davam etdirilir.

Mədəniyyət obyektlərinin təmir-bərpasına xüsusi diqqət yetirilir

Dövlət proqramları çərçivəsində Sabunçuda mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində də bir sıra əhəmiyyətli layihələr həyata keçirilib, milli-mədəni irsimizin qorunması və inkişaf etdirilməsi istiqamətində ciddi nəticələrə nail olunub. Rayonun qəsəbələrində fəaliyyət göstərən mədəniyyət obyektlərində təmir-tikinti işləri aparılıb, digər obyektlər üzrə isə işlər davam etdirilir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçi-mühəndisi Nərmin Əliyevanın sözlərinə görə, idarənin tabeçiliyində 184 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Bunlardan 25 müəssisə Sabunçu rayonu ərazisində yerləşir. Bu müəssisələrin 4-ü musiqi məktəbi, 8-i mədəniyyət evi və 13-ü kitabxanadır.
N.Əliyeva dedi ki, 2006-2007-ci illəri əhatə edən dövlət proqramına əsasən 3 müəssisə - 4 və 10 nömrəli musiqi məktəbləri və Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı filialı əsaslı təmir olunub: «2011-2013-cü illəri əhatə edən proqram çərçivəsində isə 3 mədəniyyət müəssisəsi - Nardaran qəsəbə klubu, Sabunçu MKS-nin 9 saylı filialı və Maştağa qəsəbəsində yerləşən Hacıağa Abbasov adına Mədəniyyət evi əsaslı təmir olunub. Sabunçu rayonunda 13 kitabxana fəaliyyət göstərir: MKS-nin 11 filialı, M.Şəhriyar və M.Dilbazi adına iki müstəqil uşaq kitabxanası.
Dövlət proqramları çərçivəsində qəsəbələrdə mədəniyyət mərkəzləri inşa olunur ki, onların da tərkibində həm kitabxana, həm də mədəniyyət evi fəaliyyət göstərir. Bu da sırf əhalinin rahatlığının təminatı üçün edilib”.
Həmsöhbətimiz bildirdi ki, 2014-2016-cı illəri əhatə edən dövlət proqramında Sabunçu rayonu ərazisində 7 mədəniyyət müəssisəsinin təmir və bərpası nəzərdə tutulur. Bu sırada Bakıxanov qəsəbəsindəki musiqi məktəbinin, Nardarandakı 27 nömrəli uşaq musiqi məktəbinin, Zabrat qəsəbəsində 350 nəfər tutumu olan mədəniyyət mərkəzinin tikintisi həyata keçiriləcək: «Maştağa qəsəbəsində Hacıağa Abbasov adına Mədəniyyət evinin tikintisi yekunlaşdırılacaq. Nardaran qəsəbə klubu üçün kitabxana ilə birlikdə yeni bir bina tikilir. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə Pirşağı qəsəbəsində mədəniyyət evi tikilib. Bilgəhdəki mədəniyyət evinin və kitabxananın yerləşdiyi binaların texniki vəziyyəti qənaətbəxş deyil. Yeni qəbul edilmiş dövlət proqramı ilə burada yeni mərkəzin tikintisi həyata keçiriləcək».
N.Əliyeva onu da qeyd etdi ki, Sabunçu rayonu ərazisində yerləşən 25 mədəniyyət müəssisəsinin 75 faizi 2014-2015-ci illərdə yüksək şəraitli binalarla təmin olunacaq. Bütün bu işlərdə Sabunçu Rayon İcra Hakimiyyəti idarəyə hər zaman dəstək olur: «2010-cu ildə iki kitabxana - Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Zabratdakı 28 May adına uşaq kitabxanası və Balaxanıdakı M.Ə.Sabir adına kütləvi kitabxana İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunub. Pirşağı qəsəbəsində yerləşən mədəniyyət evinin binası hər şərait yaradılsa da, qazlaşdırması ilə bağlı problemlər vardı. Bu işdə də İcra Hakimiyyəti kömək edir. Zabratdakı Əvəz Paşayev adına Mədəniyyət evi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində fəaliyyət göstərsə də, 2013-cü ildə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təmir olundu. Yeni mədəniyyət müəssisələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması, onların kommunikasiya sisteminin qurulması istiqamətində İcra Hakimiyyəti bizə yaxından kömək edir».
Sabunçu Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Atəş Verdiyev bildirdi ki, 2006-2007 və 2011-2013-cü illər üzrə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası çərçivəsində rayon ərazisində yerləşən bir çox mədəniyyət müəssisələri üçün yeni binalar tikilib, bəzilərinin binaları isə əsaslı təmir olunub. Bu binaların qaz, işıq, su, kommunikasiya xətlərinin çəkilməsi İcra Hakimiyyəti tərəfindən həyata keçirilir: «Sabunçu RİH bu proqramların icrasının həyata keçirilməsində birbaşa iştirak edir. Çünki vətəndaşların gündəlik rahatlığı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Bu siyasəti yerlərdə davam etdirmək isə bizim borcumuzdur».

Turizmin inkişafı üçün kompleks tədbirlər görülməlidir

Sabunçu rayonu ərazisində görülən işləri bu rayondan deputat seçilmiş Fazil Mustafa da təqdir edir. Onun sözlərinə görə, rayon ərazisində yolların abadlaşdırılması, körpülərin, yaşıllıqların salınmasına xüsusi diqqət ayrılır: «Müəyyən infrastruktur obyektlərinin tikilməsi, «Asan Xidmət»in yaradılması istiqamətində də yeni addımlar atılır. Binaların görünüşü tamamilə dəyişdirilib. Yollar xeyli genişləndirilib. Əhalinin su nasosları ilə təchiz olunmasında böyük irəliləyişlər var. Ərazinin qazlaşdırılması problemi xeyli səviyyədə həll olunub. Düşünürəm ki, «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası ilə digər problemlər də həll ediləcək».
Məlumdur ki, Bakının ən qədim və zəngin tarixə malik kəndlərinin əksəriyyəti Sabunçu rayonunun ərazisində yerləşir. Azərbaycanın son illər bütün dünyada yeni bir turizm istiqaməti kimi tanınmasını və ölkədə bu sahənin inkişafına dövlət səviyyəsində çox böyük diqqət yetirilməsini nəzərə alsaq, bu kəndlərin maraqlı bir turizm mərkəzinə çevrilməsi, onların turistlərə təqdim olunması istiqamətində hansı işlərin görülməsi məqsədəuyğundur?
Millət vəkili qeyd etdi ki, turizm mərkəzləri yalnız bir qala, məscid və yaxud tarixi tikililərlə tanınmır. Bunun üçün ən vacib şərtlərdən biri də həmin mərkəzlərdə turistlərin istirahətinin təmin edilməsi üçün infrastrukturun yaradılmasıdır: «Sosial infrastrukturların qurulması, ictimai-iaşə sisteminin mükəmməl işləməsi lazımdır. Çünki turistlər tarixi abidələrə baxmaqla kifayətlənmirlər, onlar əyləncə, istirahət istəyirlər. Düşünürəm ki, Sabunçu rayonu ərazisində dəniz sahili boyu imkanlardan da yararlanmaq olar. Burada çimərlik turizmini inkişaf etdirmək olar. Kompleks olaraq nümunəvi çimərliklərin salınması mümkündür. Bu olarsa, gələn turistlər həm Bakı kəndləri ilə tanış olarlar, həm də istirahət edə bilərlər. Bu, ölkəmiz üçün də faydalı olar”.

Fəxriyyə Abdullayeva

Yazı Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar