Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının fövqündə parlaqcasına dayanan görkəmli ədibimiz və teatr xadimimiz, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyevin 13 may 2013-cü il tarixində Akademik Milli Dram Teatrında yetmiş illik yubiley təntənəsi çox sadə şəkildə, lakin ictimaiyyətin isti münasibəti və böyük sevgisi ilə, əsl sənətkara layiq məhəbbətlə keçirildi.

Ən mühümü isə bu idi ki, təbriklərdən sonra dramaturqun “Sənətkarın taleyi” tamaşasının növbəti premyerası oynanıldı və bu da tədbirə çox böyük möhtəşəmlik gətirdi, dolğun bir rəng qatdı. Görkəmli ədib xalq yazıçısına layiq, həqiqi bir məhəbbətlə, sənətkarcasına qarşılandı və alqışlandı.
İl 2013, gün 13 may. Belə bir seçilmiş tarixin qovşağında, bir də baharın dodaqlarında yalnız və yalnız təbəssüm oynayan zamanında ömrün müdriklik çağına yetişmək tək-tək insanlara nəsib olur desəm, əminəm ki, hər kəs mənimlə razılaşar. Hər kəs mənimlə onda da razılaşar ki, ömrünü bütünlüklə Tanrının bir tək seçilmişlərə nəsib etdiyi bir ucalığa həsr etmiş hər seçilmişə də belə bir xoşbəxtlik nəsib olmur...
Mən uzun illər Elçinin yaradıcılığını araşdıran bir alim kimi onun yaradıcılığında şəxsiyyəti ilə həmahəng olan bir incə məqamı yazılarımda həmişə bu və ya digər formada açmağa çalışmışam.
Yazıçı Elçin - İnsan Elçin.
Bütün yaradıcılığı boyu çox incə qırmızı xətlə həqiqətin yoluna işıq salan Elçin; insan meyarını yüksəkdə tutan və cəmiyyətin diqqətini bu məsələdə ehtiyatlı olmağa çağıran Elçin; böyük vətəndaş və yüksək duyğularla xalqına, millətinə, vətəninə, dövlətinə sədaqətlə bağlı olan səmimi Azərbaycan övladı Elçin; teatr sənətinin böyük təəssübkeşi, ümumilikdə mədəniyyətin və incəsənətin əsl hamisi və qayğıkeşi olan Elçin; hələ sovet ideologiyasının qılıncının hər iki tərəfinin də iti kəsdiyi bir zamandan özgürlüyümüzü can-dildən arzulayan, “Vətən cəmiyyəti”ndə fəaliyyət göstərərkən bu istiqamətdə daima çalışan, dünya azərbaycanlılarının arasında əlaqələr quran, vətənə məhəbbət eşqi aşılayan və müstəqilliyimizə qovuşduqdan sonra müstəqilliyimizi bütün varlığı ilə sevən və ona vicdanla, ləyaqətlə xidmət göstərən, əsl azərbaycanlı keyfiyyətinin ali göstəricisi miqyasına nümunə olacaq qədər yüksələn Elçin.
Yazıçı Elçin - tənqidçi Elçin.
Yaratdıqları ilə ədəbi kəhkəşanda yeni nəfəsi, ruhsal ovqatı ilə, şirin dili və özünəməxsus manerası ilə parlaqcasına seçilən, bir gecənin içinə min illərin təxəyyül dünyasını yerləşdirə bilən, ədəbi tilsimi ilə oxucunun idrakına sirayət edən Elçin; publisistik yazılarında, istər ədəbi, istərsə də teatr tənqidi barədə olan fikir dünyasında bənzərsiz bir məktəb yarada bilən, ədəbi yazılarını öz tənqid maşınında yoğuran, həm də yazdığı tənqidləri həssas yazıçılıq qüdrətinin ovqatı ilə cilalayan Elçin; nəhayət, fitri istedadı və fövqəladə zəhməti sayəsində böyük ədib zirvəsinə yüksələn, Azərbaycan ədəbiyyatının görkəmli simaları sırasına ucalan Elçin...
Tədbirdə çıxış edən gözəl alimimiz Nizaməddin Şəmsizadə publisist Elçinlə yazıçı Elçini müqayisələndirərkən təxminən belə bir fikir söylədi ki, Elçin publisistikasına yazıçılıq fəhmi ilə qüdrət qatan bir ədəbiyyat adamıdır. Bəli, bu, həqiqətən də belədir, lakin bunun daha başqa bir sirri də ondadır ki, Elçin yazıçılıq fəhmi ilə publisistikasına qüdrət gətirirsə, publisistik qüdrəti ilə də yazıçılıq fəhmini özünütənqid kəsəri ilə zənginləşdirə bilir. Məncə, belə demək doğru olar ki, Elçin bütün hissləri və duyğuları ilə yazıçıdır və bütün ruhu ilə publisistdir, eyni zamanda Elçin bütün varlığı ilə ədəbiyyat adamı olduğu kimi, üstəgəl, son dərəcə təəssübkeş teatr xadimi və vicdanlı dövlət adamıdır. Elçin böyük anlamda mükəmməl insandır.
Yubiley ərəfəsində Elçin müəllimi təbrik üçün qəzet səhifələrində çoxlu sayda təbriklər və müxtəlif xarakterli yazılar dərc olundu. Belə bir addımı mən də düşünürdüm, lakin fərqli bir təbrikə hazırlaşırdım. Elçin müəllim haqda çapa verdiyim kitabın sürprizi ilə təbriklərə qatılmağı nəzərdə tutmuşdum, lakin mətbəə gecikdirməsi məni məyus etdi. Amma düşündüm ki, bu məyusluq bir o qədər də kədərli deyildir. Nəzərə alsaq ki, ömrünün 71-ci baharına qədər Elçin müəllimin yubiley ilidir, demək ki, il boyu hər an təbrik etmək olar. Gecikmək heç də “var olmamaq” demək deyildir. Əsas olan odur ki, Elçin Əfəndiyevə qarşı olan səmimi münasibətim yalançı populistlikdən çox-çox uzaqda dayanır və bu həqiqi səmimiyyət elə həqiqətən də səmimi hisslərin həqiqətidir.
Bu fikrin təsdiqi “Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi” adlı elmi monoqrafiyamın ilk səhifəsində yer alan müəllif sözündə bütün dolğunluğu ilə öz əksini tapır: “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyevin anadan olmasının 70 illik yubileyi ərəfəsində monoqrafiyam əsasında çap etdirdiyim, müstəqillik dövrü Azərbaycan teatrının inkişafında Elçinin müstəsna xidmətlərini aydınladan bu kitab ədibə böyük hörmət və ehtiramımın təzahürüdür”.
...Nəhayət, kitab işıq üzü gördü. O andakı sevincimin həddi-hüdudu barədə danışmaq istəmirəm. Çünki belə sevinc hissləri sözlə çətin ifadə olunur. Yeddillik zəhmətin nəticəsində könlümə dolan ruh yüksəkliyi qanad açıb məni ağlımın dərk edə bilmədiyi ənginliklərə uçurdurdu. Kitabın sevinci ilə bərabər təbrikə hazırlaşdım. Lakin nədənsə birdən-birə məndə belə bir hiss baş qaldırdı ki, öz zamanından sonra çiçək açan ağacın meyvəsi soyuqlara düşdüyü üçün yetişə bilmir. Odur ki, fikrimi dəyişdim və belə bir orijinallığa qərar verdim ki, mən böyük ədibi hamıdan fərqli formada, yetmişin başlanğıcında deyil, sonunda, yetmiş birin başlanğıcına keçiddə, ömrünün yeni baharına qədəm qoyduğu ərəfədə təbrik edəcəyəm. Bununla da içimdəki “öz zamanından sonra çiçək açan ağacın meyvəsi soyuqlara düşdüyü üçün yetişə bilmir” sindromunu “Tanrının qüdrəti ilə yetişə bilir!” hikməti ilə alt-üst edəcəyəm. Bu işıqlı düşüncələr və nurlu fikirlərlə ucadan səslənirəm:
Əziz və hörmətli Elçin müəllim! Ömrünüzün yetmişinci son baharından yetmiş birinci ilk baharına qədəm qoyduğunuz məqam münasibətilə Sizi rəhbərlik etdiyim C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ilə birlikdə bağrıma basıb öpür və Sizə, böyük yaradıcılıq zirvəsinə yüksəltdiyiniz sənətkar ömrünün ucalığında sönməz ilham, cansağlığı, uzun ömür arzulayıram!

Hörmətlə,
İftixar
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi