Zəngin ənənələrə, özəlliklərə malik Fransa mətbəxi hazırda dünya kulinariyasında məxsusi yer tutur. Təsadüfi deyil ki, UNESCO-nun mədəni irs siyahısına daxil olan fransız kulinariyası bu ölkənin əsas vizit kartlarından biridir. Fransanın kulinariya evləri, məşhur aşpazları və onların hazırladıqları yeməklər artıq dünyada brendə çevrilib.

Mayın 31-də Bakıda ilk dəfə keçirilən Fransa kulinariya festivalının da məqsədi bu özəlliklərin təqdimatı idi. “Fairmont Baku” hotelində (“Flame Towers” - “Alov qüllələri”) gerçəkləşən tədbir həm də maraqlı konsert və əyləncəli proqramla da yadda qaldı.
Tədbiri Fransanın Azərbaycandakı səfiri Paskal Mönye açaraq qonaqları salamladı və belə bir tədbirin Bakıda keçirilməsindən məmnunluq duyduğunu dedi: “Azərbaycana ilk dəfə şəxsi səfərlə 2011-ci ilin noyabrında gəlmişəm. İkinci dəfə altı aydan sonra bu ölkəyə səfir kimi gəldikdə bu qısa müddətdə belə böyük dəyişikliyin, inkişafın şahidi oldum. Bu sürətli inkişaf mənə çox vaxt Yaponiyanın paytaxtı Tokionun 70-ci illərdəki inkişafını xatırladır. Hər dəfə şəhərə gələndə bir yeniliyin şahidi olursan. Azərbaycan sürətlə dəyişən, inkişaf edən ölkədir. Əlbəttə, dəyişikliklər məftunedicidir və hər dəfə gördükdə insanı təsirləndirir. Azərbaycanda mədəniyyətin ən müxtəlif sahələri inkişaf edir. Fransada da belədir. Bu ölkə öz zəngin mətbəxi ilə də dünyada tanınır”.
Səfir bildirdi ki, kulinariya da mədəniyyətin bir hissəsidir: “Mən bir məqamı da aşkar etmişəm ki, Azərbaycanda və Fransada yeməyi gözəl təqdim etməyi bacarırlar”.
Sonra Fransa mətbəxinin təqdimatı başlandı. Bu təqdimatın özəlliyi ondan ibarət idi ki, ölkənin iki məşhur baş aşpazı yemək nümunələrini tədbirin gedişində hazırlayaraq qonaqlara təqdim edirdilər. Jan Lük Amann və onun iki həmkarının bişirdikləri ləziz təamlar fransız mətbəxinin yüksək səviyyəsini nümayiş etdirdi.
Layihənin rəhbəri Natalya Marzoyeva isə tədbirin əhəmiyyətindən danışdı: “Bakıya gələn fransalı şef aşpazlar kulinariya vasitəsilə bu ölkənin mədəniyyətini təqdim edirlər. Biz bu festivalla demək istəyirik ki, kulinariya mədəniyyətin zəngin bir qoludur. Eyni zamanda hər dəfə bu festivala bir yeni detal əlavə edib onu kompleks halda təqdim edirik. Məsələn, moda və kulinariya və ya kino, opera və kulinariya. Bu dəfə isə Bakıya beynəlxalq müsabiqələr laureatı, kinoaktrisa, televiziya aparıcısı, model Anna Zaytsevanı dəvət etmişik”.
Layihə rəhbərinin sözlərinə görə, milli mətbəx hər bir ölkənin qonaqlara təqdim olunan ilk vizit kartı sayıla bilər: “Hər hansı bir şəhərə getdiyimizdə hava limanından ilk olaraq bir restorana getmək, mədəniyyət, incəsənət nümunələri ilə tanışlıqdan öncə nə isə yemək, içmək istəyirsiniz. Bu ölkənin mədəniyyəti ilə ilk tanışlıqdır. Məsələn, mən də Bakıya ilk gəldiyim gün restorana gedib Azərbaycan mətbəxinin dadına baxmaq istədim. Hətta hər bir ölkənin kulinariyası onun insanlarını tanımağa da kömək edir. Biz masa arxasına toplaşırıq, yeyirik, söhbət edirik və masa arxasında müxtəlif insanlar bir-biri ilə tanış olurlar. Düşünürəm ki, hər bir problemi masa arxasında həll etmək olar. Yemək zamanı gözəl ünsiyyət yaranır”.
N.Marzoyeva Bakını və Azərbaycan mətbəxini bəyəndiyini də dilə gətirdi: “İki gündür ki, Bakıdayam. Şəhəri, insanlarını, mətbəxini çox sevdim. Dənizkənarı bulvar, şəhərin görünüşü çox möhtəşəmdir. Bu layihə çərçivəsində Azərbaycanla da əməkdaşlıq etmək istərdik”.
Tədbirin yadda qalan anlarından biri də, beynəlxalq müsabiqələr laureatı, vokal ifaçısı Anna Zaytsevanın biri-birindən gözəl ifaları idi.
Gərgin iş qrafikinin olmasına baxmayaraq, tədbirdə iştirak etməyə razılıq verən sənətçinin fikirlərini də öyrəndik: “Layihə rəhbərliyi mənə zəng edib bu festivalın mahiyyətini izah etdikdən sonra dərhal qəbul etdim. Ümumiyyətlə, mən yeməyi çox sevirəm və düşünürəm ki, bu da mədəniyyətin bir hissəsidir. Pis hallardan biri odur ki, insanlar teatra, kinoya getmir və hər kəs internetin qarşısında əyləşib. Yemək mədəniyyətini insanlar öz gözəl hissləri ilə yaradır və bunu internetlə dadmaq mümkün deyil”.
Artıq ikinci dəfə Bakıya gələn Anna paytaxtımızın bir Avropa şəhərinə bənzədiyini söylədi: “Bakı çox sürətlə müasirləşir. Bura birinci dəfə “Eurovision” mahnı yarışması zamanı gəlmişdim. O vaxtdan iki il ötüb, amma şəhər elə çox dəyişib, gözəlləşib ki... Çox istərdim ki, gələcəkdə Bakıda konsert proqramı ilə çıxış edim”.
Sonra tədbirdə maraqlı lotereya oyunu keçirildi, qaliblər mükafatlandırıldı. Bakıda ilk dəfə keçirilən Fransa kulinariya festivalında iştirakçılar bu ölkənin zəngin mətbəx mədəniyyəti ilə daha yaxından tanış olub mənalı istirahət edə bildilər.

Mehparə