Milli mənlik... Deməli, Hamılıq - mənlik, sənlik, oluq, bizlik, sizlik, onlarlıq...
Müxtəlif məkanlarda biri-birindən xəbərli-xəbərsiz çalışanların - xadiməlik, çilingərlik, suçuluq, əsgərlik, biznesmenlik, jurnalistlik, ədiblik, məmurluq edən böyük ümumun vahid mənəvi görəvi, ümummilli amalı...

Yazırlar, deyirlər, danışırlar ki, mənfi yüklü, bəd əməl-felli insanların, insanlığın “milliyyəti, vətəni yoxdur”; tutalım, oğru hər yerdə oğrudur. Amma bu əzəli-əbədi məsələnin az-az vurğulanan, “fağır”lığından fərqinə varılmayan müsbət tərəfi - “bəşəri antonim”i də məlum; doğru da hər yerdə doğrudur...
Sözügedən şüurun kamil daşıyıcılarından olan Mustafa Kamal Atatürk deyirdi: “İki Mustafa Kamal var: biri mən - ət və sümükdən ibarət müvəqqəti Mustafa Kamal. İkinci Mustafa Kamalı “mən” söz ilə ifadə edə bilmərəm. O, mən deyil, bizdir. O, məmləkətin hər guşəsində fikir, yeni həyat və böyük ideallar uğrunda mübarizə aparan ziyalı və savaşçı bir toplumdur. Mən onların arzusunu təmsil edirəm. Mənim etdiyim təşəbbüslər onların həsrətini çəkdiyi şeyləri həyata keçirmək üçündür. O Mustafa Kamal Sizsiniz, Hamınızsınız...”.

Bu hiss, bu duyğu...

Bu yazı-mövzunun hədəfi, əsas predmeti elə ali bir mənəvi nemət ki, (məşhur sovetlərin məlum “hamınındır, - heç kəsin deyil” məntiqinin əksinə olaraq) bütün cəmiyyətlərdə və dövrlərdə hamıya və hər kəsə məxsus. Bu elə bir doğal ali dərs, ümumetnik dəyər, ölkəvi-dövləti prioritet ki, heç bir ali məktəbdə xüsusi tədrisə, ali yığıncaqda məxsusi müzakirəyə, ali-milli məclisdə paraqraflanıb-paraflanmağa ehtiyacı yox. Bu elə dərki-qananlıq, “öylə sevgili-canan”lıq ki, heç kəs tərəfindən heç kimsəyə qısqanılmaz. Elə bir cövhərmisal anlaq iksiri, “böylə bir əql tədbiri” ki, - ustadı halal ana südü, qutsal ata geni, xural-qural dədə-baba eyiti, nağıl-noğul nənələr öyüdü. Bu, hər sürə dini mərasimlərdə eşitdiyimiz “Fatihə” surəsindəki “vələm yəlid, vələm yuləd” (“doğulmayıb və doğmur”) deyə də anılan ulu Tanrının Yer üzərində hər vaxt, hər saniyə olu balalara bəxş etdiyi ecazkar “istedad” - doğulduqları anda ana döşünə meyllənmə instinkti kimi ən əzəl, çox özəl, qənirsiz gözəl bir möcüzə!..
Hə, bəli, körpələrin o əzəl əməli ilə böyüklərin bu gözəl amalı arasında bir oxşarlıq var; birincilər anadan qidalanıb böyüyürlər, ikincilər ana Vətəndən. Birincinin - maddi qidanın adı süd, ikincinin - mənəvi qidanın adı pərvərlik.
Bu yazının başlığındakı iki sözdən birincisi - “milli” haqda daha bir-iki takt.
Sözsüz ki, son yüzilliklərdə böyük, zəngin salonlarda tez-tez işlədilən bu termin haçansa kasıb daxmalarda yaranıb. “Birevli”, “məhəlləli”, “elli” və s. kimi damdaxili, çəpəriçi, yurdçərçivəli fəxarət duyğularından rişələnib, ümumetnik soyun kökatma arealı, şüurun dərketmə əndazəsi böyüdükcə, dil də ən vacib, ən ümuməhəmiyyətli ifadələrini “pərakəndə”likdən “topdan”lığa çəkib ki, bunlardan biri və bəlkə də birincisi - “MİLLİ”!..
Çox-çox məsələləri, duyğuları, təsisatları şərafətləndirən bu terminə qoşulanlardan biri də - başlanışdan bəri imkani öygü və sevgilərlə qutlamağa çalışdığım “mənlik”dir ki, bunun inkişafında əxlaqi meyarların rolu əvəzsiz. Dərhal da qeyd edim ki, bunun tam “vəsfi” təkadamlıq, konkret desəm, mənlik deyil. Belədə dahilərin bu barəli fikir-düşüncələrinə keçmək gərək.

Amma yox...

daha beş-üç abzaslıq sözüm var.
Bu bənzərsiz keyfiyyətin haçan, haradan yol aldığı bəlli olmasa da, “yolüstü” bəhrələnib zənginləşdiyi qaynaqlar, məqamlar, əhvalatlar, hekayətlər, mənbə-məxəzlər məlumdur. Xalqımızın “Gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı” kimi həmişətəzə boyat-bayatı bəyannamələrindən, Dədə Qorqudumuzun “Mərə kafir!..” nidalarından, M.Hadinin “Yox millətimin imzası - imzalar içində” təəssüfündən, böyük millət mirzələrimizdən Sabirin “Əcnəbi göydə balonlarla uçur, Biz hələ avtomobil minməyiriz” ahından, Cəlilin “Anamın kitabı” adlı bədii abidə-ağısından, Mir Cəlalın “İtə ataram, yada satmaram!” kimi ümumxəlqi atom-notasından tanıqdır bu cür şüur, bu sayaq əxlaq əlamətlərimiz.
Bu dəm bir vaxt eşitdiyim bir olayla bağlı haşiyə çıxımına ehtiyac duydum.
Məlum Qarabağ savaşının qızğın çağlarında şəhid olmuş nişanlı... nakam bir gəncin yas mərasimi. Kişilərin dodaqları qıfıllanıb, qadınlarsa ağız-ağıza verib ağlaşırlar. Bu vaxt çəpərin o üzündə dayanan “humanitar” etiketli maşından dörd nəfər düşüb, çəkingən addımlarla həyətə keçirlər. İkisi əcnəbi (qadın fransız, kişi amerikalı), ikisi isə türkiyəli tərcüməçi - qadın və kişi. Hamı susub. Cari faciənin daş-qaya ağırlığı bu sükutu bir az da vahimələndirib. Nəhayət, ağlaşmaya ara verən qadınlar arasındakı fransız dili müəlliməsi ayağa qalxıb, qonaq xanımları “ağlaşma zalı”na dəvət edir. Bir qədər “major” pıçhapıçdan sonra “minor xor” təzədən başlayır. Türk qonaq ağır ağıları tərcümə etdikcə əcnəbi qonaq daha da büzüşür, üz-gözündəki avropafason ifadələri qarşısındakı şərqanə arvadların sir-sirfətlərindəkinə bənzətməyə çalışır. Şəhidin dümağ saçlı nənəsi ortalıqda əbədi uyuda olan nəvəsinin saçlarına baxıb-baxıb: “...başındakı bu qara tellər gözlərimə millər olsun, balam!” deyib, köşəyi ölmüş dəvə kimi bozlayanda, bayaqdan tərcüməçi ilə xısın-xısın danışan əcnəbi xanım səsini qısa bilmir: “Bu xalq şəhidinimi də belə ağlayır?!” Və “iş”i belə görən fransız dili müəlliməsi belə bir bayatı ağılayır:

Gəlin gedək güllüyə,
Güllüyə, bülbüllüyə.
Hərə bir söz söyləsin,
Qoy düzülsün cümlüyə...


Zənnimcə, bizim o ucqar kəndimizdəki o sadə fransız dili müəlliməmizi də “milli mənlik şüuru” universiadamızın layiqli “mən”lərindən hesab etmək olar. Həm də ona görə ki, o adi kənd orta məktəbi müəlliminin məsələyə o cür yanaşmasından sonra, özüm də şahidi olmuşam ki, o bölgədə şəhidlərimizi daha o sayaq - hədsiz ağrı-acı ağıları, ürəkparçalayan vay-şivənlə yox, “Vətən sağ olsun!” çağrılarıyla ağlayırlar...
Nəhayət, dahilərdən (o müəllimənin sözü olmasın) -

Gülləmələr...

Onlar min illərdi müxtəlif mövzularda deyiblər, deyirlər, deyəcəklər...
Yuxarıda az-çox hallandırdığım sözügedən terminin xalqımız tərəfindən yanaşdırılıb-qovuşdurulan bir cahanmiqyas şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin bir kəlamıyla ayaq vermək istəyirəm bu yarımbaşlığa: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən, ümummilli əxlaq təfəkkürümüzü necə mənimsətdiyimizdən asılı olacaqdır”.
Bu, “milli mənlik şüurunun inkişaf etdirilməsində əxlaqi dəyərlər” kimi əbədi motiv-mövzunun perspektivinə hesablanmış ümummilli bir xəbərdarlıq tezisi! Necə ki, bunun “retro”-bünövrəsini qədim yunan filosofu Epiktet qoymuşdu: “Hər bir cəmiyyətdə hər şeydən əvvəl elm və əxlaqı öyrənmək lazımdır”. Fransız yazıçı-tənqidçisi Marsel Sesuro da öz dövrünün (1871-1927) sözünü deyib: “Atalardan qalan ən gözəl miras əxlaqdır”. Onun çağdaşı - Uruqvay ədibi Xose Roda isə məsələni dəqiq elmlərdən birinə istinadla çözüb: “Yalnız həndəsədə deyil, əxlaqda da ən qısa yol düz yoldur”. Bütün dövrlərin ən işlək frazalar müəllifi Sokrat isə bəhs etdiyimiz bu böyük, geniş mövzunun baş obrazını daha yığcam şəkildə verir: “Pis əxlaq pis yaraya oxşayır - sağalsa da, izi qalır”. Şarl Perro da çox maraqlı deyib: “İnsanın fiziki boyu onun başından yerə qədər olan məsafə ilə, mənəvi boyu isə başından göyə qədər olan məsafə ilə ölçülür”. Sizcə, ayrıca bir fərdlə bağlı bu fiziki ölçünü hər bir millətin, xalqın mənəvi boy ölçüsüylə də müqayisə etmək olmazmı? Belə mənəvi ölçü-biçilərə məhəl qoymayan ictimai-siyasi sistemlər, milli ideyalar, layihələr isə əzəl-axır, ingilis yazıçısı Samuel Smaylsın “Milli mənlik şüurundan məhrum ən güclü top-tüfəng sahibi olan ölkə belə məhvə məhkumdur”, “Roma imperiyası əxlaqi dəyərlərə məhəl qoymadığı üçün dağıldı” kimi dahiyanə mühakimələrinin subyektləri olur. Alman filosofu Pyer Buast gündəlik fəaliyyətlərilə özlərini “təşkilat”, “toplum”, “xalq”, “millət” vahidlərində hesab edən, lakin şəxsi “mən” qəliblərindən çıxıb, milli şüur “mən”i anlayışı axarına düşə bilməyənləri və ya bunu istəməyənləri həriflərə, sözlərə bənzədib deyirdi: “Belə insanları ictimai-üslubi söz və cümlələrdə yerinə qoymadıqda, məna və məzmunlarını itirirlər”.
Əxlaq haqda müəllifləri məlum bu fikirləri bir “naməlum”u ilə bitirirəm: “Bir cəmiyyətin formalaşmış əxlaqını dəyişmək, kömürü qaraltmaq qədər çətindir”.
Mövzumuzun maya-məğzini, əlbəttə, tarixən tək elə sözlər, fikirlər deyil, həm də əməllər təşkil edib. Yəni, milli mənlik şüurumuzun təşəkkülündə Cavidanlıq, Babəklik, Koroğluluq, Nəbilik, Mehdi Hüseynzadəlik, Mübariz İbrahimovluqlar da çox önəmli örnəklər olub və olacaq. O ki qaldı siyasi əməllər, - Azərbaycan xalqı bu sarıdan da Tanrı qiymətləndirilmişlərindəndir. Hələ tam, axıradək araşdırıb milliləşdirə bilmədiyimiz tarix kitablarımızda bunlarla tanış olmuş və olmaqdayıq - bütün müsbətləri və kəm-kəsirlərilə birgə. Ancaq böyük rus filosofu N.Berdyayevin “Hər bir xalq haqqında onun tənəzzül dövrləri əsasında deyil, yüksəliş çağları əsasında fikir yürütmək lazımdır” fikrinə rəğmən, çağımızın siyasi, sosial-iqtisadi mənzərəsi belə deməyə əsas verir ki, hər gün hər yerdə gördüklərimiz, eşitdiklərimiz, müasir mədəniyyətimiz, sənətimiz həm də millətimizin milli mənlik şüurunun inkişafı üçün universal əxlaqi meyarlar məcmusudur. Dünyalarca məşhur V.Belinskinin məşhur “Öz vətəninə mənsub olmayan adam bəşəriyyətə də mənsub deyil” fikrinə dərindən diqqət yetirsək, buradakı passiv inkarın əksini yaşayan bir xalq olduğumuzu görərik. Bu xalqın, bu millətin gözəl keyfiyyətləri, yüksək şüur aləmi haqda çox qiymətli sözlər söyləmiş ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin saysız-hesabsız və dərin məzmunlu frazalarını böyük Atatürkün çox yığcam bir kəlamı ilə də ifadə etmək olar: “Görülən işlərin şərəfi mənə deyil, millətə aiddir...”

Epiloqvari...

Bütün digər sahələr, mövzular haqda da çox qiymətli fikirlər söyləmiş adıçəkilən və səhifə həcmi baxımından çəkilməyən dahilərin özləri haqda da çox dəyərli sözlər, frazalar işlədilib ki, onlardan biri də söz nəhəngi Balzaka məxsus: “Dahilər ucqarlarda doğulur, Parisdə ölür”. Yəni paytaxtlarda...
Bəyəm onlar “ölürlər”mi?..
Yox, maddi məzarlar bu “fiziki” həqiqətlərə susqun-susqun nə qədər işarətlər etsələr də, onlar və bütün digər mənəvi-əxlaqi dəyərlər, meyarlar bir çox ali millətlərdə olduğu kimi, bizim də milli mənlik şüurumuzda yaşamaqda!..

Tahir Abbaslı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir