Çağdaşları onu belə çağırırmışlar...

İllərlə tanıdığın adamın nömrəsini telefon kitabçanda qara çərçivəyə almaq adama ağır gəlir. O qədər ağır ki, sonralar onunla bağlı fikirləri beynində, ona dair yazası qələmi əlində daş parçası kimi gəzdirirsən. Yazmağa gücün, danışmağa heyin çatmır.
İndi Şəfiqə xanımla bağlı həmin ovqatdayam. Amma bir az da xatirələrin çoxluğundan, fikirlərimin dolaşıqlığından...


...Günlərin birində telefonuma zəng gəldi. Danışan onun qızıydı: “Şəfiqə xanım dünyasını dəyişib... Nömrənizi anamın kitabçasından tapdıq”, - dedi. Adətən pozitiv əhvala işləyən “tapdıq” sözü o an mənimçün çox uğursuz səsləndi. Çünki bu “tapmaq” “itirilmə”yə bir işarə idi. İtirdiyimizsə, milli sirkimizdə çalışmış ilk azərbaycanlı qadın - “Qaytağı”, “Gülgəzi”, “Vağzalı” kimi rəqslərimizi “kəndirbaz ipi” dediyimiz məftillər üzərində süzən, bütün Sovetlər Birliyini dolaşa-dolaşa Azərbaycanımızı təmsil edən Şəfiqə xanım Baxşəliyeva...
Onunla 2000-ci ildə tanış olmuşdum - Bakı sirkinə gedib, veteran sirk ustalarını axtardığım çağlarda. Həmin telefon nömrəsini orada vermişdilər və uzun illərin bayramlarında ona çox zəng etmişdim. Mən onun bayramlarını, ad gününü (2 sentyabr) təbrik edər, o isə hər dəfə uşaq kimi sevinərdi.
Tbilisi prospektində birotaqlı mənzildə yaşayırdı. O mənzilin səliqə-sahmanı öz yerində, üstəlik, Şəfiqə xanım o birotaqlı evdə tez-tez nəyinsə yerini dəyişər, nəyisə təzələyərdi - təkcə şəkillərdən savayı. Özünün və Azərbaycan sirk tarixinin əvəzolunmaz günlərinin təsdiqi və yadigarı olan şəkillər...
Tez-tez olduğum o evdə həmin albomu çox vərəqləmiş olsam da, Şəfiqə xanım hər dəfə o şəkilləri mənə “təzə pasient” marağıyla göstərər, az qala əzbərdən bildiyim tarixçələri yenidən danışardı. Amma... yaxşı ki, bu şəkillərə dönə-dönə baxmağa dəyərdi!
Azərbaycan sirkinin bu canlı əfsanəsi həmişə daha çox 15-16 yaşlarında zər-zibalı tüllər içində çəkdirdiyi fotolarına baxıb, “bax, mən beləydim!” - deyərdi. 50-60 il əvvəlki şəkillərinə indilərki çağlarının “qısqanc”lığıyla baxan bu xanımı bir qadın kimi anlamaq mənimçün elə də çətin deyildi; etiraf etməsə də, itirilmiş gəncliyinin, solmuş gözəlliyinin həsrət dolu nisgiliylə yaşayırdı Şəfiqə xanım...
Saçları həmişə boyalı, ənliyi-kirşanı yerində olardı. Xatirələri isə hər getdiyimdə süfrəyə düzdüyü şirniyyatlar qədər ləzzətli...
Hərdən Asəf Zeynallı adına Musiqi Məktəbinin vokal şöbəsində (Y.P.Muxinanın sinfində) təhsil almağından, Azərbaycan və rus dillərində romanslar oxumağından, “Koroğlu” operasında Nigarın partiyasını hazırladığından, Moskvaya getmək sevdasilə Nikitin qardaşlarının tikdirdiyi köhnə sirkə gəlişindən, dostlarından, qastrol səfərlərinin birində - Maqnitaqorskda olarkən akrobat Fikrətlə “zurna-qavallı bir kəbin kəsdirmə”lərindən, zəlzələ vaxtı Aşqabadda tamaşa göstərməklərindən də danışardı. “Sirk dünyasına guya yalnız Moskvaya getmək arzusuyla gəlmişdim. 1945-ci ildə qəzetlərin birində Azərbaycan milli sirkinin yaranmasıyla bağlı məlumat oxudum və gəldim bura. Böyük Moskvanı görüb, yenidən Bakıya - musiqi məktəbinə qayıdacaqdım. Amma məktəbə qayıtmadım. Şöhrət məni burada gözləyirmiş. Deyim ki, Moskvadakı ilk tamaşada çıxışım uğurlu alındı. Dahi Üzeyir bəyin rəhbərliyilə hazırlanan “Toy” tamaşasının rejissoru Soltan Dadaşov, baletmeysteri Əminə Dilbazi, rəssamı Həsən Mustafayev, bəstəkarı Soltan Hacıbəyov idi. 12 oğlan, 12 qızdan ibarət kollektivin arasından ayrıca üç qız da seçilmişdi - Qalya, Şura və mən”.
Bəli, “ulduz bacılar” adı altında çıxış edən bu qızlardan biri - məşhur pəhləvan, güləş üzrə 7 dəfə Azərbaycan çempionu Hacağa Baxşəliyevin ailəsində doğulan Şəfiqə sirkimizin tarixinə “ilk azərbaycanlı qadın” imzasını yazmış olur və elə ilk tamaşadan sirkə ömürlük bağlandığını anlayır. Bundan sonra saysız-hesabsız qastrollar, yaxın-uzaq şəhərlər...
Az qala gecə yarısına qədər çəkən söhbətlərimizdən heç birimiz yorulmaz və hər dəfə yenidən görüşmək arzu-niyyətilə ayrılardıq.
Sonuncu dəfə Şəfiqə xanım ağrılarından bir az çox danışdı, elə bil. Yaşla bağlı xəstəlikləri də vardı, amma yalnız ayağındakı ağrılardan şikayətlənirdi; uzun illər yüz minlərə zövq verdiyi tamaşalarda aldığı zədələrin “yadigarlarından”.
Şəfiqə xanım bütün ömrünü o əziyyətli səhnənin bu “ləzzətli” yadigarlarıyla yaşadı... Onlardan birini isə daha sıcaq bir sevgi, daha xoş bir təbəssümlə xatırlayardı. Sibirdə ikən məftildən “alayı cür” yıxılıb, özünü “dolayı cür” itirmədiyi, “bu da bir tryukmuş kimi” tamaşaçılara həmişəki ədayla baş əydiyi o olayı bir şur ilə danışardı ki! “Amma hiss edirdim ki, bu alqışlar əvvəlki alqışlara bənzəmir. Səhnə arxasına keçəndə sənət dostlarımın hamısı başıma yığışdı, həyəcanla halımı soruşdular. Əvvəl heç nəyin fərqinə varmadım. Amma, sən demə, bütün bədənim cızıq-cuzuqmuş. Yaramdan qan axırdı. Sadəcə, məftil üstdə oynadığım rəqsə o qədər aludə olubmuşam ki, bunu hiss eləmirmişəm. Tamaşaçılarsa məni həm rəqsimə, həm də cəsarətimə, sənət sevgimə görə birə beş qat alqışlayırmışlar...”
...Yenə sentyabrın 2-si - amma Şəfiqə xanımsız. Bu il Şəfiqə xanımın 85 yaşı tamam olur - amma o, yoxdur. Bu tarixçə, bu ad günü daha bizim üçündür. Özü də sizlərdən daha çox, sağlığında bir neçə kərə efirlərə, qəzetlərə yazmış mənimçün. Mən də ki, gördüyünüz (daha doğrusu, oxuduğunuz) kimi, sənətiylə bir ilkə imza atmış, xanımlığı, gözəlliyilə alqışlara, sevgilərə, gül-çiçəyə layiq olmuş bu maraqlı insanı, deyəsən, qədərincə xatırlaya və ağırlaya bilmədim...
Görəsən, məzarı üstünə gedib: “Ay bizim rəngarəng milli mədəniyyət tariximizə gözəl bir səhifə yazmış Şəfiqə xanım! Siz Azərbaycan sirkinin ilk şahzadəsi kimi həmişə könlümüzdəsiz”, - desəm necə...

Nəcibə Bağırzadə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar