“Bakıda Torqovı küçəsində şamaxılı tacir Tağıyevin əzəmətli mülkünün altında, Hacı Rəcəblinin bir məhəlləni tutan nəhəng mülkü (indiki “Vətən” kinoteatrı) ilə üzbəüz dükanda şəhərdə ən məşhur şirniyyatçılardan olan bir alman hər növ şirniyyat satardı. Moskvadan, Peterburqdan, Varşavadan, Parisdən mal alardı. İrili-xırdalı şokolad qutularının bəzəyi, görkəmi insanı cəlb edərdi, xoş ətir verərdi”.
Yazıçı Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından bu sətirlər XIX əsrin 90-cı illərinə aiddir. Bu gün şirniyyat süfrələrimizin, toy-bayram xonçalarının vazkeçilməz qənnadı məmulatı olan, uşaqdan böyüyə hər kəsin dadına tamah kəsildiyi şokolad Azərbaycana o illərdə gəlib çıxmışdı. Beləcə milli şirniyyatlarımızın arasında təzə dad və əcnəbi ad özünə yer etmişdi. Hərçənd bu bahalı məhsul yalnız zənginlərin damağına dad verirdi. Elə şokoladın tarixi də yüksək mənsəb sahiblərinin süfrələrindən başlayıb. Şirniyyat olaraq dünyaya Avropadan yayılsa da, şokoladın vətəni uzaq Amerikadır.
“Tanrıların qidası” süfrələrə necə yol tapdı?
Hələ eramızdan əvvəl Meksikada mayya, sonralar isə astek qəbilələrində həmişəyaşıl kakao (şokolad) ağacının barından - meyvənin şirəsindən və ovudulmuş paxlasından içki hazırlayardılar. Tərkibinə istiot və digər ədviyyat qatılan içki qəbilə başçısının süfrəsinə verilərdi, başqalarının ondan dadması mümkün deyildi. Çox sonralar, XVIII əsrdə İsveç bioloqu Karl Linneyin şokolad ağacına verdiyi elmi ad (“Theobrama cacao” - yunanca “Tanrıların qidası kakao”) da sanki buna işarə idi. Şokolad sözünün isə astek dilindən (chocolatl - köpüklü su) alındığı ehtimal edilir.
XVI əsrdə ispanlar Amerikanı zəbt edəndən sonra şokolad Avropaya gəlib çıxdı. Lakin onun populyarlığı İspaniyada deyil, İtaliyada başlandı. XVII əsrdə italyan qənnadıçıları şokolad içkisinin geniş istehsalını təşkil etdilər. Amerikada acı tamlı olan və soyuq içilən şokolada Avropada şəkər tozu əlavə edir və isti halda içirdilər. XIX əsrin əvvəlində Avropada şokolad bumu yaşanırdı. Fabriklər açılır, reseptura təkmilləşirdi. Şokolada fındıq ovuntusu, şəkərlənmiş meyvə, şərab, hətta pivə qatırdılar. Bu arada hollandiyalı kimyaçı Konrad van Hoyten şokolad plitəsinin reseptini hazırladı. Şokolad ləzzətli içkidən günümüzdəki şirniyyata çevrildi. 1875-ci ildə isveçrəli Daniel Peter şokolada süd tozu qatdı. 1879-cu ildə isə o, Anri Nestle ilə birgə gələcəyin məşhur şirkətinin təməlini qoydu.
Rusiyaya şokolad XVIII əsrin ikinci yarısında II Yekaterina zamanında gəlmişdi. XIX əsrdə “Abrikosov fabriki” (indiki “Babayev fabriki”), tacir Lenovun sonralar “Rot Front” kimi tanınacaq fabriki və alman Teodor Eynemin əsasını qoyduğu, sovet dövründə “Qırmızı Oktyabr” adı ilə SSRİ-nin şokolad sənayesinin flaqmanına çevrilən fabrik fəaliyyətə başlamışdı.
Azərbaycanda qənnadı sənayesi tarixindən
Azərbaycanda qənnadı istehsalının təşəkkül tapması XIX əsrin birinci yarısına təsadüf edir. Bu peşədə çalışanlar əsasən yerli şirniyyat növləri hazırlayırdılar. Mənbələrdə bildirilir ki, XIX əsrin 40-cı illərində Şamaxıda 2, 80-90-cı illərdə Nuxa (Şəki) şəhərində 10-dan, Bakıda 30-dan çox qənnadı müəssisəsi olub. Qida sənayesinin bu sahəsi XX əsrin əvvəlində geniş vüsət alır. AMEA-nın Tarix İnstitutunun əməkdaşı X.Vəliyeva qeyd edir ki, 1903-cü ildə Bakıda 41 kiçik qənnadı müəssisəsi fəaliyyət göstərib. 1888 və 1912-ci illərdə əcnəbilərə məxsus iki fabrik fəaliyyətə başlamışdı və burada 30-40 fəhlə işləyirdi. 1911-1912-ci illərdə isə Bakıda əcnəbi sahibkara məxsus şokolad istehsal edən müəssisə olub (BDU-nun xəbərləri. Humanitar elmlər seriyası. №3. 2013).
Lakin həmin müəssisələrin istehsal həcmi və məhsul çeşidi haqqında mənbələrdə məlumat yoxdur. Bununla belə, ötən əsrin əvvəlində Bakıda qənnadı istehsalçılarının kifayət qədər geniş şəbəkə formalaşdırdığını demək olar. 1917-ci ildə şəhərdə dəyirmançılar, çörəkçilərlə yanaşı, şirniçilərin də həmkarlar təşkilatı fəaliyyət göstərirdi.
Keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycanda da qənnadı sektorunun inkişafı 1930-cu illərə - sənayeləşmə dövrünə təsadüf edir. Həmin dövrdə Bakıda biskvit və karamel fabrikləri tikilir. Azərbaycanda sənayenin ümumi məhsulu 1940-cı ildə 1937-ci ildəkinə nisbətən 21 faiz artdığı halda, qənnadı məmulatı istehsalı 31 faiz artmışdı (Mənbə: Azərbaycan tarixi. Yeddi cilddə. VI cild. Bakı. "Elm". 2008).
Konkret şokolada gəlincə, sovetlərin ilk dövründə şokolad burjua həyat tərzinin qalığı hesab edilirdi, həm də bahalı olduğu üçün kütləvi istehsal halını almamışdı. Hərçənd yüksək kalorisi olan, orqanizmə güc gətirən bu məhsulun dəyərini sovetlərdə də yaxşı bilirdilər. II Dünya müharibəsində Bakıdan cəbhəyə neft məhsulları, silah-sursat, geyim, ərzaqla yanaşı, əsgərlər üçün şokolad da göndərilirdi. Şokolad istehsalının qida sənayesinin bir sahəsi kimi təşəkkül tapması 60-cı illərdə başlandı. Sovet hökumətinin qəbul etdiyi ərzaq proqramında münasib qiymətə kütləvi şokolad istehsalına da yer ayrılmışdı. 1973-cü ildə Gəncə qənnadı fabrikinin işə başlaması ilə şokolad istehsalı da artdı. Müəssisənin illik istehsal gücü 36 min tona çatırdı. “Çinar” şokoladları çay süfrələrinin, sovqatların bəzəyi idi. Ümumilikdə 70-80-ci illər Azərbaycanda sənayenin bir çox sahələrinin yüksək inkişaf dövrü idi. Bu, qənnadı sektorunda da özünü göstərirdi. 1982-ci ildə respublikada 86 min ton qənnadı məmulatı istehsal edilmiş, 1985-ci ildə bu göstərici 94,9 min tona çatmışdı (Azərbaycan tarixi. VII cild. Bakı. "Elm". 2008). Məhsulun bir hissəsi ittifaq respublikalarına göndərilirdi.
1991-ci ildə SSRİ-nin süqutu iqtisadi-ticarət əlaqələrini zəiflətdi, qənnadı sənayesi üçün xammal idxalı kəskin azaldığından Azərbaycandakı müəssisələr də dayanmaq həddinə gəlmişdi. 90-cı illərdə qənnadı məmulatlarına tələbat daha çox kənardan - Rusiya, Ukrayna, Türkiyə və s. ölkələrdən idxal hesabına ödənilirdi. 1994-cü ildə topdansatış mərkəzi kimi fəaliyyətə başlayan “Veysəloğlu” şirkəti də respublikaya qida məhsullarının idxalı ilə məşğul olurdu.
Şirin-şəkər aləmə bir “Ulduz” gəldi
Yerli məhsul istehsalı üçün dövlətin dəstəyi ilə yanaşı, özəl sektorun təşəbbüskarlığı da zəruri idi. 2001-ci ildə “Veysəloğlu” şirkətinin “Ulduz” şokolad fabrikinin açılması bu təşəbbüskarlığın nəticəsi idi və qənnadı sektorunun inkişafına təkan verdi. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1996-cı ildə ölkədə 21,5 min ton qənnadı məmulatı istehsal olunduğu halda, 2001-ci ildə bu rəqəm 31,9 min, 2002-ci ildə 37 min, 2011-ci ildə 44,1 min tona çatmışdı. Şəkər qatılmış şirniyyat məmulatlarının pərakəndə satışı 2002-ci ildə ölkə üzrə ticarətin 2,61 faizini təşkil edirdisə, 2008-də 4,79 faizə, 2013-də 6,07 faizə çatıb.
Bu artımın əldə olunmasında “Ulduz” fabrikinin də mühüm payı var. Fabrik qənnadı sektoruna yeni keyfiyyət və yeni dad gətirdi. “Ulduz”un məhsulları tez bir zamanda istehlakçılar tərəfindən sevildi. Keyfiyyət, zövqoxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyəli xidmət müştəri məmnuniyyəti üçün həlledici amillər oldu.
“Ulduz”un keyfiyyətli şokolad və karamelləri bir çoxlarımızda yerli qənnadı məmulatlarına münasibətdə formalaşan stereotipləri də aradan qaldırdı. Bu məhsullar artıq nə çeşidinə, nə də keyfiyyətinə görə xarici məhsullardan geri qalmır, əksinə, onlarla rəqabət aparır. Təsadüfi deyil ki, bu gün "Ulduz" fabriki "Ritm", "Tango", "Xonça", “Seasons”, “Sema”, “Wedding” və digər adda məhsulları ilə xarici bazarda da nüfuz qazanıb. Fabrikin məhsulları Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İsrail, İraq, Əfqanıstan - ümumilikdə 20-dək ölkəyə ixrac olunur.
Texnoloji avadanlıqların daim yenilənməsi “Ulduz”u qida sektorunda aparıcı müəssisələrdən birinə çevirib. Almaniya, Belçika, İtaliya kimi ölkələrin şokolad istehsalçılarının təcrübəsi öyrənilərək fabrikdə ən müasir avadanlıqlar quraşdırılıb. 2014-cü ildə “Topnut” markalı draje və “Cırtdan”, “Freş”, “Alpinmilk”, “Villi” markalı karamel xətlərinin işə salınması ilə istehsal daha da genişlənib. Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqramdan artıqdır. Müəssisədə 600-ə yaxın işçi çalışır. İşçilərin peşəkarlığının artırılmasına böyük əhəmiyyət verilir, kurslar, təlimlər təşkil edilir.
Görülən işlərin nəticəsi beynəlxalq peşəkarlıq sertifikatlarında da özünü göstərir. FSSC 22000 (Qida Təhlükəsizliyi Sistemi Standartı), PAS 220 (Qida İstehsalçıları üçün Yeni Qida Təhlükəsizliyi Standartı) standartları “Nestle”, “Unilever”, “Danone” kimi qabaqcıl dünya şirkətləri tərəfindən hazırlanıb və “Ulduz” Azərbaycanda ilk olaraq bu sertifikata layiq görülüb. Dünyada qida sektoru üzrə tanınmış satış şəbəkələrinin (“Carrefour”, “Tesco”, “Migros” və s.) tələb etdiyi İSO 10002:2004 (Müştəri Məmnuniyyəti Standartı) və BRC (British Retail Concertium, İngilis Pərakəndəçilər Birliyi Standartı) standartlarını da respublikamızda birinci olaraq “Ulduz” fabriki qazanıb. 2010-cu ildə iqtisadi artım göstəricisinə görə fabrik “Azeri Business Award” Milli Mükafatına (“İlin xalq markası” nominasiyası) layiq görülüb. “Tango” şokoladı “Caspian Energy İntegration Award - 2010” mükafatının nominantı olub. 2013-cü ildə fabrik Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilən qida təhlükəsizliyi üzrə “Platin” fərqlənmə nişanı ilə təltif olunub.
Fabrik beynəlxalq sərgilərdə də Azərbaycan məhsulunu yüksək səviyyədə təqdim edir. Moskvada “Prodekspo-2009” sərgisində 57 ölkədən 1850 şirkət arasında “Ulduz”un şokoladları innovasiya müsabiqəsinin qızıl medalına layiq görülüb. Ötən dövrdə fabrik Türkiyə, Almaniya, Hollandiya və Birləşmiş Ərəb Əmirliyində sərgilərdə uğurla təmsil olunub, bu il Moskvada və Tehranda daha iki beynəlxalq qida sərgisinə qatılıb.
Sevgi ilə sizlər üçün...
Bu devizlə fəaliyyət göstərən fabrikin direktoru Vüsal Şərifov deyir ki, əsas məqsəd yerli və xarici bazarda beynəlxalq standartlara cavab verən geniş çeşidli məhsullar təqdim edərək “Ulduz”u qənnadı sektorunda markaya çevirməkdir: “Belçika əhalisinin sayı təxminən Azərbaycanın əhalisi qədərdir. Onlar dünyanın hər yerinə şokolad ixrac edirlər. Biz niyə bunu bacarmayaq? Məqsədimiz budur. "Ulduz"un dünya markasına çevrilməsi təkcə şirkətimizin deyil, bütünlükdə ölkəmizin uğuru olacaq”.
Direktor insanlarda şokolad mədəniyyətini formalaşdırmaq üçün müxtəlif aksiyaların keçirildiyini də diqqətə çatdırır. Müəssisənin media ilə əməkdaşlığı, jurnalistlər üçün açıq qapı tədbirləri də bu qəbildəndir: “Bundan əlavə, məktəblilərin və bağça uşaqlarının fabrikə ekskursiyalarını təşkil edirik. Onlar şokoladın necə hazırlanması ilə tanış olurlar”.
Fabrikin yeni çeşid məhsullarında milli dəyərlərə də xüsusi diqqət verilir. "Cırtdan" konfetləri milli nağıl qəhrəmanını uşaqlara daha da sevdirir, "Xonça" şokoladları dadı ilə yanaşı, milli adını da müxtəlif ölkələrdə süfrələrə daşıyır.
Bu gün şokolad ləzzəti, çeşidi ilə dünyada ən çox yayılan şirniyyat növüdür. Hətta 11 iyul - “Dünya şokolad günü” qeyd olunur. Fərəhli haldır ki, şirniyyat dünyasında Azərbaycan məhsulu olaraq tanınan, populyarlaşan bir “Ulduz” da var.
Vüqar Əliyev
Yazı Azərbaycan Mətbuat Şurası və “Ulduz” şokolad fabrikinin “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusunda müsabiqəsinə təqdim olunur.